Xoşbəxtliyin dəyəri...

 

hekayə

 

ƏDƏBİYYAT ÜZRƏ 1988-Cİ İLİN NOBEL MÜKAFATÇISI:

Nəcib MƏHFUZ.

 

Misirli yazıçı, ssenarist, dramaturq. 1911-ci ildə Qahirədə, məmur ailəsində anadan olub. Adını məşhur misirli həkim Nəcib Paşa Nəhfuzun şərəfinə qoyublar. Bacı və qardaşları özündən xeyli böyük olduğundan, uşaqlıqda onlarla isti münasibəti olmayıb. Yazıçının əsərlərinin əsas qayəsini uşaqlıq və gənclik xatirələrinin yaddaşda qalmış obrazları təşkil edir. Onun "Midaqq döngəsi", "Qahirə trilogiyası", "Fəvvarə və məzar" romanları bu qəbildəndir. Nəcib Məhfuz Qahirə Universitetində ali fəlsəfə və ədəbiyyat təhsili alıb. Orta məktəbdə riyaziyyatı və dəqiq elmləri yaxşı bilib. "Sərsəmlik pıçıltıları" adlı ilk kitabı 1938-ci ildə çap olunub. Onun ardınca bir neçə tarixi romanı ("Xeopsun müdrikliyi", "Rodopis Nubiyskaya", "Fiv mübarizəsi") işıq üzü görüb. Yazıçı 1950-ci illərdən etibarən Avropada məşhurlaşmağa başlayıb. "Qahirə trilogiyası" maraqla qarşılanıb. 1960-cı illərdən etibarən onun yaradıcılığında ciddi dəyişiklik baş verib, hekayələr yazıb. "Oğru və itlər", "Allanın dünyası", "Payız və bildirçin", "Yol", "Dilənçi", "Nildə boşboğazlıq", "Bal ayı" və s. kitabları milyonlarla oxucunun diqqətini çəkib. XX əsr ərəb nəsrinin formalaşmasında böyük xidmətləri olan Nəcib Məhfuz 1988-ci ildə ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb. Mükafat yazıçıya "yaratdığı ərəb hekayəsində bütün insanlıq üçün böyük əhəmiyyət kəsb edən yüksək romantizm və rəngarəng bədii çalarlara görə" təqdim olunub. Yazıçı 2006-cı ildə Misirin paytaxtı Qahirədə dünyasını dəyişib.

 

Qulluqçu Anisi otağa ötürdü. Həmişə olduğu kimi, azyaşlı şagirdi Toto artıq onu orada gözləməliydi. Lakin otaqda heç kəs gözə dəymirdi. Anis kresloya çöküb divardan asılmış rəsmlərə baxdı. Bura gəldiyi on gün ərzində Toto ilk dəfə idi dərsə gecikirdi. Müəllim qulluqçunu səsləməyə hazırlaşırdı, elə bu vaxt qapı arxasından yüngül addım səsləri eşitdi. Qoltuğunda kitablar, əlində dəftər tutmuş oğlan otağa girdi. Anis ciddi, məzəmmət dolu nəzərlərlə oğlana baxanda yanaqlarındakı göz yaşlarını gördü, oğlanın çənəsi həyəcandan əsirdi.

- Nə olub sənə - narahatlıqla soruşdu.

Sanki bu sual sel qarşısını kəsən bəndi vurub dağıtdı, uşaq hisslərini boğa bilmədi. Göz yaşları yenidən yanaqlarını islatdı.

- Tiza... məni vurdu! - oğlan içini çəkərək cavab verdi. - Ataynan savaşıb. Hələ də söyüşürlər.

Anis bu sözlərdən hər şeyi başa düşdü, əlavə şərhə ehtiyac yox idi, amma oğlan kədərli, qısa hekayətini özü müəlliminə nağıl etməyə başladı. Ana 8 il əvvəl doğuş zamanı həyatını itirib. Toto onun son övladıdır. Ata 2 il sonra Tiza ilə ailə qurub. Totonun 4 bacısı ərə gedib və o, bütünlüklə ögey ananın himayəsi altında qalıb. Tiza ilə ata hər xırda şey üstə savaşır və deyəsən, bu qovğa heç vaxt bitən deyil. Oğlan and-aman edirdi ki, atanın bu məsələdə zərrə qədər günahı yoxdur. Heç vaxt dava-dalaşa birinci başlamır, cavab verməyə məcbur olanda isə taleyinə lənət oxuya-oxuya söz-söhbətə son qoymağa çalışır. O ki qaldı Tizaya - sakitləşməklə arası yoxdur, elə hey çığır-bağır salır, söyüş söyür.

Müəllim şagirdini həvəssiz dinləyib, qısa şəkildə təəssüfünü bildirdi, dəftəri götürüb dərsə başladı. Nə həmin gün, nə də ondan sonra bir daha bu mövzuya qayıtmadılar.

Lakin günlərin birində dərs vaxtı qapı açıldı və gənc, gözəl bir qadın salamsız-kəlamsız içəri girdi. Müəllim kitabı bir kənara qoyub nəzakətlə ayağa qalxaraq, qəfil ziyarətçiyə heyrətlə nəzər saldı. Onu qadının gəncliyi və gözəlliyindən çox, səmimiyyəti, azad təbiəti və ən çox da müəllimə görə ədəb qaydalarına yaraşmayan açıq-saçıq rəftarı təəccübləndirdi. Əynində dirsəklərinə qədər qolları və sinəsinin yuxarı hissəsi açıq olan yüngül, ipək penüar vardı. Anis heyrətdən çaşıb qalmışdı, onun düşüncələrində qadın bu görkəmdə yad kişi qabağına çıxa bilməzdi. Elə bildi şagirdin ərə getmiş bacılarından biridir. Qadın nəvazişlə Totonun çənəsindən tutub oxşayanda, düşündü ki, deyəsən, gümanında yanılmayıb. Müəllimə müraciətlə:

- Xahiş edirəm, əyləşin, - deyən qadın onunla üzbəüz oturdu. - Necədir, oğlan hazırlaşa bilir?

- Çalışqan oğlandır, - Anis cavab verdi. - Son iki həftə ərzində qrammatikadan da, oxudan da xeyli irəli gedib. Bircə, tanış olmadığı yeni sözləri öyrənməkdə çətinlik çəkir.

Qadın mehribanlıqla gülümsünərək dərsi davam etməklərini istədi. Gənc müəllim onun dərsin gedişatında iştirak etmək istəyini anladı. Odur ki, bu təklifdən qaça bilməyəcəyini başa düşüb, hirsindən dili dolaşa-dolaşa növbəti tapşırığı Totoya başa salmağa başladı. Altdan-altdan qonağa baxanda qadının ona dikilmiş baxışları ilə qarşılaşdı. Ağlından keçdi ki, yəqin, qadın onun nitqinə diqqət kəsilməyə çalışır, odur ki, özünü yığışdırıb daha münasib və gözəl ifadələrdən istifadə etməyə çalışdı, lakin oğrun baxışları yenidən qadının əynindəki penüara zilləndi. Anisin həyəcanı daha da artdı və tez gözlərini ondan çəkdi.

Gənc qadın onların yanında çox vaxt keçirmədi, bir qədər sonra üzrxahlıq edib, otağı tərk etdi. Anis qəfil qonağı heyrət dolu baxışları ilə yola salıb Totodan:

- Bacın idi? - xəbər aldı.

Oğlan inkar əlaməti olaraq başını yellədib soyuq səslə:

- Tiza, - dedi.

- Tiza - müəllim heyrətlə bir də soruşdu.

- Bəli, - cavab verən Toto, narazılıqla ona baxdı.

Anis özünü ələ almağa çalışdı, artıq sual vermək istəməsə də gözlənilməz ziyarəti ağlından çıxara bilmədi. Gizədəki evinə qayıdarkən, Totoya dərs deməyə gəldiyi ilk gün şagirdin atası ilə görüşünü xatırladı. Kişinin siması yadına düşdü. Yaşlı, yekəqarın kişi idi, balaca başı dazlaşmış, boynunun arxasında qalan seyrək saçlarına dən düşmüşdü. İri burnunda çiçək yaralarından yadigar qalmış çopurlar görünürdü. "Hər şey aydındır, - Anis fikirləşdi. - Ridvan bəyin - ehtiyatda olan polis zabitinin - altmışa yaxın yaşı var, amma arvadına 24 yaş zorla verərsən. Yazıq Toto elə bu səbəbdən zəhər dadan aşkar və sirli, üstəlik, dağıdıcı ailə həyatının mərkəzində qalıb...".

Əslinə qalsa, həyat təcrübəsi az olan, insan xarakterlərindən yaxşı baş çıxarmayan tələbə Anisin özünün də Totoya müəllimlik etməsi hələ çox tez idi. Ridvan bəyin xanımı gözəlliyi, gəncliyi və sərbəst rəftarı ilə ona xoş təsir bağışlamışdı.

Növbəti dərsdə Anis yerini tutub, yenicə məşğələyə başlamışdı ki, Tiza özünü yetirdi. Bu dəfə də gözəlliyi, səliqəsiz geyimi və cazibəli görünüşü ilə diqqət çəkirdi. Qadın bir qədər oturandan sonra qalxıb işlərini görməyə getdi, sonra yenidən qayıtdı və bu, bir neçə dəfə təkrar olundu. Bir məqamda özünü dərsin gedişatını izləməyə çatdıran qadın guya təsadüfən müəllimin yanında əyləşdi. Anisə elə gəldi ki, Tizanın ayaqları onun dizinə toxunur - onlar bir-birlərinə çox yaxın idilər. Anis gedəndə qadın əl verib sağollaşdı və Tizanın xoş ətri bir müddət onun ovcundan çəkilmədi. Evə qayıdandan sonra da həyəcan və ehtirasdan özünü ələ alıb mühazirələrini yaza bilmədi. Nəhayət, yumruğunu yazı masasına çırpıb, uca səslə, həyəcanla dedi: "Ya ağlımı itirmişəm, ya da məni tilsimləyiblər!".

Sonrakı günlərdə Anisi Ridvan bəyin evinə daha çox ev sahibəsinin ehtiras dolu cazibəsi çəkib aparırdı. Artıq qadının dərslərdə iştirak etməsini həyatın ona bəxş etdiyi xoşbəxtlik kimi qəbul edirdi. Hər dəfəsində Tizanın yeni bir üstün keyfiyyətini kəşf edir, az qala ağlını itirirdi. Ridvan bəyin gözəl xanımı isə ona açıq-aşkar maraq göstərir, şimşək kimi çaxan aşiq gözləri ilə Anisə baxmaqdan çəkinmir, onu yandırıb-yaxır, sanki yarıçılpaq bədənini nümayiş etdirməkdən zövq alırdı. Gənc müəllim onun yaxınlığında olarkən dünyada hər şeyi unudurdu.

Bir dəfə məşğələyə gələndə otaqda yalnız ev sahibəsini gördü. Anis yerinə keçib şagirdini xəbər aldı, amma, əslində, Totonun gecikməyi onun ürəyindən idi.

- Toto atası ilə bir yerdə Zamalekə, bacısına baş çəkməyə gedib. Qız xəstələnib, - Tiza izah etdi.

Müəllim evi belə tezliklə tərk edəcəyini düşünüb pərt oldu, ayağa qalxdı.

- Hara gedirsiz?

O, qapıya işarə etdi.

- Haradan gəlmişəm ora.

- Yox! - qadın atəş saçan baxışlarını ona zilləyib, etiraz əlaməti kimi başını yellətdi.

Anisin ürəyi şiddətlə döyünür, nəfəsi kəsilirdi. Həyəcan və çaşqınlıq içində yerində donub qalmışdı. Sonra heç nə demədən, ətrafında olanları görmədən Tizanı müşayiət etdi...

O gündən sonra ev sahibəsi daha məşğələlərdə oturmurdu. Sadəcə gün təyin edir, kənar şahidlərdən ehtiyat etmədən baş-başa görüşə biləcəkləri yeri ona deyirdi, vəssalam. Anis ağlını başından alan ehtirasla onun şəlalə kimi çağlayan qoynuna atılmağa tələsir, kar və kor adamlar kimi müqavimət göstərməyə gücü çatmırdı.

Lakin bir axşam görüşdükləri evi tərk edərkən gənc oğlan təsadüfən başını qaldırıb ətrafa baxdı və gördüyü dəhşətdən sanki damarlarındakı qan dondu. Ayaqları bir-birinə dolaşdı, az qala yıxılacaqdı. Qonşu evlərinin pərvazının altından iti addımlarla keçib, küçənin tinini burulandan sonra ayaq saxlayıb bir də geri boylandı. Ümid edirdi ki, gözləri onu aldadır, amma yox. Bir qədər əvvəl tərk etdiyi evin eyvanına baxanda yenidən Ridvan bəyin yumru, daz başını gördü. Əyninə geniş ərəb donu geymiş ev sahibi rahatca kresloda oturub qəzet oxuyur, arabir üzünə qonan milçəkləri qovurdu... O, bura necə gəlib çıxmışdı? Özü də ev paltarında!.. Ridvan bəy Anis onun arvadının yanında olarkən qayıtmışdı? Nə əcəb onları görməyib? Nədən birbaşa yataq otağına keçməyib? Bəlkə paltarlarını dəyişmək üçün?.. Yoxsa Anis Tizanın yanına gedəndə artıq o, evdə imiş? Əgər belə idisə, bəs Tiza onu qarşılayanda nədən bu qədər sakit idi?.. Yaxşı, hər şey bir yana qalsın, bəs o özü nə üçün ev sahibinin yaxınlıqda olduğunu hiss etməmişdi? Bəs Anis evi tərk edəndə Ridvan bəy onu nə əcəb görmədi? Dünyadan xəbərsiz Anis əmin-arxayın, heç bir təhlükə hiss etmədən evdən çıxıb getmişdi... Allahım, məni böyük bir rüsvayçılıqdan qurtardın!..

Qəribə bir hiss keçirirdi, sanki yuxudan oyananda özünü dibsiz uçurumun kənarında görmüşdü, məhkəmə və həbsxananın dəhşətlərini düşündükcə ürəyi həyəcandan əsirdi. Özünü bu göz qaraldan yüksəklikdən yıxılmaqdan zorla qurtarmışdı. Əminliklə qət etdi ki, bu axmaq məhəbbəti içində boğacaq. Artıq Ridvan bəyin evinə gedib oğlu ilə məşğul olmaq ona ürək ağrısı və əzabdan başqa bir şey vermirdi.

Tizanın isə unudulub atılmış qadın rolu oynamaqla barışmaq fikri yox idi və iki gün sonra yenidən məşğələ otağına gəldi. Dərs boyu mənalı baxışlarını ondan ayırmadı, ruhuna dolmuş kədər, qədərsiz həsrət bütün vücudunu sarmışdı. Dərs qurtarandan sonra onu qapıya qədər ötürüb birbaşa soruşdu:

- Niyə gəlmirsən?

Anis pıçıltıyla keçən dəfə gördüklərini söyləyib, dediklərinin qadına necə təsir etdiyini dəqiqləşdirmək üçün onun gözlərinin içinə baxdı. Lakin əksinə, Anisin dediklərindən Tizanın tükü də tərpənmədi və qadının bu arxayınlığı Anisi daha çox narahat etməyə başladı.

- Gözünə görünüb! - qadın qəzəblə dedi.

Anis nə söyləsə də Tiza onun dediklərinin hamısını təkzib edirdi.

- Sadəcə, yaxşı fantaziyan var! - səbrini boğa bilməyib fikrini tamamladı. - Səni gözləyəcəm. Orda danışarıq.

Onun inadkarlığı qarşısında aciz qalan Anis gələcəyinə söz versə də ürəyində bir daha bu evin kandarından içəri ayaq basmayacağını qət etdi.

Beləcə, bir həftə keçdi. Cümə günü axşam dostları ilə bir yerdə kirayələdiyi evin qapısı döyüldü. Qarşısında Ridvan bəyin şişman fiqurunu gördü. Kişi dəstəyi fil sümüyündən olan çəliyə söykənib dayanmışdı. Anisin bədənini soyuq tər basdı, ürəyi şiddətlə döyündü, ağlından bir fikir keçdi: Müəllimdən qisas almaq fikrinə düşən Tiza hər şeyi açıb ərinə deyib və kişi də bura onunla haqq-hesab çürütməyə gəlib. Araya ümidsiz bir sükut çökdü. Anis qorxa-qorxa qarşısındakı adamın üzünə baxır, gəlişinin səbəbini onun gözlərindən oxumaq istəyirdi. Ridvan bəy savaş yox, xoş niyyətlə gəlmiş adam kimi təbəssümünü gizlətmədən ona baxdı. Salamlaşaraq müəllimin əlini sıxdı. Hələ də özünə gəlməyən cavan oğlan qeyri-iradi olaraq görüşdü. Sonra qapıdan geri çəkildi, ağzının suyunu udub, donquldandı:

- Buyurun, keçin, içəri, xahiş edirəm!

Bəy içəri keçsə də tələsdiyini söyləyib oturmadı, dedi ki, Anisi ziyarət etməkdə məqsədi kefini soruşmaqdı. Gəlmədiyindən narahat olub, oğlu ilə məşğul olmağa ara verməyinin səbəbini bilmək istəyir. Cavan oğlan üzrxahlıq etdi, imtahanların yaxınlaşdığını bəhanə edib, bir an belə vaxt itirmədən hazırlaşmağa ehtiyac duyduğunu bildirdi. Lakin bəy onun bəhanələri ilə razılaşmadı, üzrxahlığını qəbul etmədi. Sakitcə Anisdən xahiş etdi ki, dərslərə davam etməyi məsləhətdir. Gənc bir daha buna imkan tapa bilmədiyini söylədi, lakin bəy bu dəfə də onun fikirlərini qəbul etmədi. Sonra Anisə doğru bir addım atıb israrla təkrar etdi:

- Mütləq gəlin. Totonun buna ehtiyacı var. Nə vaxt imkan tapsaz, gəlin... mütləq gəlməlisiz... gəlməyiniz vacibdir.

Son sözlərini deyərkən gözlərini gəncin üzünə dikdi. Bu baxışlar və səs tonu Anisin heyrətini artırdı, maraq ona güc gəldi. Qoca bir qədər susub əlavə etdi:

- Siz Totoya lazımsız, mənim də, ailəmin də buna ehtiyacı var. Sözümü yerə salmayın. Siz mütləq gəlməlisiz...

Ridvan bəy qızardı, ağlamağa hazırlaşan uşaq kimi alt dodağı, çənəsi əsdi. Anisin cavabını gözləmədi, çevrilib otağı tərk etdi. Oğlan əvvəlki kimi yerindən tərpənmirdi, beynində dolaşan qarmaqarışıq fikirlər onu lap çaşdırmışdı.

Bu qəfil ziyarətdən sonrakı həftə Anis üçün ürək ağrısı ilə yadda qaldı. Ürəyi qadına qovuşmaq həsrəti ilə çırpınan, xoş fiziki həvəs və dəli ehtirasla aşıb-daşan, sakitliyə, sülhə təşnə savaş meydanına çevrilmişdi. O, içindəki murdar günahlara müqavimət göstərmək iqtidarında olan güclü iradə və ağıl sahibi idi. Sakitliyə və hüzura ehtiyac duyğusu tərəddüdlərinə qalib gəldi: bir həftə sonra nəfsini boğa bildiyini hiss etdi. Tədricən bədbəxt Ridvan bəyin evini, onun şıltaq və gözəl arvadını unutmağa başladı. Onların obrazı yaddaşının dərinliyinə ilişib qalmış uzaq, qəribə xatirəyə çevrildi.

May ayı idi. Anis bir dəfə imtahanların nəticəsini öyrənmək üçün fakültəyə gedəndə kimsə zarafatla çəliyini irəli verib, onun yolunu kəsdi. Başını qaldıranda kafedən çıxan Ridvan bəyi gördü. Dostu yaxınlıqdakı maşının yanında dayanıb, onu gözləyirdi. Gənc tələbə pərtliklə salam verdi. Onlar keçmişi xatırlamadan bir neçə kəlmə ilə hal-əhval tutdular. Ayrılarkən qoca səs tonunu dəyişdi. Səsində təvazökarlıq və ürək ağrısı hiss olunurdu. O dedi:

- Eh, cavan oğlan, heç vaxt bədbəxt insanlara gülmə. Hardan bilirsən, sabah sənin taleyin necə olacaq. Unutma, ilk baxışdan insana qəribə görünən hər şeyin arxasında nəsə bir səbəb dayanır. İnsanları mühakimə etmə, gördüklərindən nəticə çıxarmağa çalış. Bəlkə, sən də nə vaxtsa göz yaşlarına hakim ola bilməyəcəksən... Nə isə, Allah sizi xoşbəxt eləsin...

Ridvan bəy əlini yelləyib qətiyyətlə addımladı, gedərkən belini dik tutmağa çalışırdı, arxasınca baxanda hiss olunurdu ki, bu adam hərbçidir.

 

Nəcib MƏHFUZ

 

Tərcümə etdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2018.- 27 oktyabr.- S.30-31.