Qardaşımın ölümü onu ata kimi sarsıtsa da, insan kimi, yazıçı kimi heç vaxt sarsıtmadı...

 

Ədəbiyyat adamları, onların övladları, yaxınları ilə bağlı hazırladığımız "Kürsü" layihəsinin ilk qonağı Azərbaycan ədəbiyyatında özünəməxsus yeri, dəst-xətti, üslubu olan xalq yazıçısı Sabir Əhmədlinin qızı filologiya üzrə fəlsəfə doktoru Yaqut Quliyevadır.

Sabir Əhmədlinin ömrünün son illərini yaşadığı mənzilin qapısına çatanda qəribə hisslər keçirirdim. Onun bu evdə yazıb qələmə aldığı əsərlərindəki sətirlər, qəlbinin ağrısı, yanğısı ilə ilmə-ilmə toxuduğu cümlələr gözlərimin önündə dirilib, canlandı. İtirdiyi torpaq uğrunda əvvəl qardaşını, daha sonra isə oğlunu qurban verməsi və bu itkilərlə vətənpərvər yazıçı, ziyalı kimi barışsa da, canından, qanından qopan insanların yoxluğuna heç vaxt alışa bilməmək nisgilinin gətirdiyi narahatlıqlar, ağrı-acılar, əqidəsi uğrunda əyilmədən apardığı mücadilələr hamısı bu evin divarları arasında onun yazıçı qəlbinin süzgəcindən keçib ağ vərəqlərin səhifəsinə düzülmüşdü.

Sabir Əhmədlinin yaşadığı bu ev, buradakı iş otağı mənim üçün doğma, müqəddəs məkan idi. Ora daxil olanda yazıçının yaşadığı ürək ağrılarını xatırladıqca doluxsundum. Amma bu böyük insanın yaşadığı ləyaqətli yazıçı ömrü, əzəmətli, alnıaçıq şəxsiyyət həyatı məni kövrəklikdən çəkindirdi.

Qapını bizə Yaqut xanımın özü açsa da, qonaqpərvərliyi ilə xoşgəldin edən Sabir Əhmədlinin gəlini Aytən Əhmədova və Yaqut xanımın həyat yoldaşı, professor Tərlan Quliyev də söhbətimizin iştirakçısına çevrildilər.

- Sabir Əhmədli məhsuldar yazıçı olub. Günün xeyli hissəsini də yazı prosesinə ayırırdı. İş prosesi necə idi?

- Atam hər gün işdən gələndən sonra bir-iki saat dincəlib iş otağına keçərdi. Yadıma gəlir ki, özü üçün kofe dəmləyib içər və xüsusən də gecələr işləyərdi. Səhər isə həmişəki vaxtda işə yollanardı.

"İnostrannaya literatura" jurnalının 60-70-ci illərdə çıxan bütün nömrələrinə, "Novıy Mir" jurnalına abunə yazılmışdı. Mütaliə də edirdi. Amma lap çox etmirdi. Çünki yazıçı üçün mütaliəni bir az ehtiyatlı sərhəd hesab edirdi. O düşünürdü ki, yazıçının unikallığı onun özünəməxsusluğunda olur və həddindən artıq mütaliə yazıçını başqa yazıçıların təsiri altına sala bilər. Amma bizə daima mütaliə etməyi tövsiyə edirdi. Qardaşım da, mən də onun kitabxanasına dərs oxumaq adı ilə girirdik, amma daha çox bədii kitablar oxuyurduq (gülür).

- Özünün xüsusilə sevdiyi yazıçılar kimlər idi?

- Bütün rus, Avropa klassiklərinin hamısını oxumuşdu. Amma rus ədəbiyyatından ən çox sevdiyi yazıçı Vasili Şukşin idi. Həmişə də deyirdi ki, o, təmiz rus deyil, Sibirdə anadan olub, qanında türk qanı var.

Biz atamın kövrəldiyini, ağladığını heç vaxt görməmişdik. Bircə dəfə onun kövrəlməyini elə Şukşinin ekranlaşdırdığı "Qırmızı kalina" filminin  sonluğunda görmüşdük.

Sabir müəllimin toxunan, belə deyək də, ən incə yeri müharibə mövzusu idi. Bu da təbii ki, qardaşı Cəmil Əhmədovun Böyük Vətən müharibəsinə gedib qəhrəmanlıqla həlak olmasından qaynaqlanırdı. Mənim yadıma gəlir ki, Krasnodarda  Cəmilin döyüş yoldaşları ilə  görüş olanda atam qardaşımla birlikdə oraya getmiş, sonralar məktublarını toplayaraq Cəbrayılda öz təşəbbüsü ilə tikdirdiyi ev muzeyinə vermişdi. Cəbrayıl işğal olunandan sonra o, Cəmil Əhmədovun məktublarını gətirmədikləri üçün hamıdan incimişdi.

Atam axırıncı dəfə Cəbrayıla avqustun 18-də Məhəmmədlə  gedib-qayıtmışdılar. 23-də isə rayon işğal olunmuşdu. Cəbrayılın işğal olunacağına inanmırdı. Yoxsa, elə özü rayona gedəndə də məktubları götürə bilərdi.

- Yaqut xanım, "Yazılmayan yazı", romanı özünün yazdığı kimi çap olundu, ya hansısa redaktələr oldu?

- Özü yazanda bəzi yerləri redaktə edib mənə verirdi. Mən də onları kompyuterdə yığıb gətirəndən sonra oxuyurdu.

O, həmişə bizə məsləhət görərək deyirdi ki, - yazı prosesində heç vaxt özünüzü redaktə etməyin. Düşünməyin ki, filan şeyi yazaram, çap etməzlər və ya yaxşı alınmaz. Ürəyinizdən nə keçirsə, onları yazın. Nə vaxt ki, yenidən həmin yazıya qayıdacaqsınız, artıq o zaman redaktə işi ilə məşğul olun. Amma yazı prosesində heç vaxt özünüzü qısmayın.

- Sabir müəllimi xüsusən gənclər çox sevirdilər...

- Atam, ümumiyyətlə, gənclərlə ünsiyyəti xoşlayırdı. "Ədəbiyyat qəzeti"ndə işləyəndə də gənc yazarları, şairləri çağırırdı, dairəvi masa təşkil edirdi. Onlara deyirdi ki, ədəbi proses haqqında danışın, fikirlərinizi, iradlarınızı, gələcək barədə arzularınızı bildirin. Heç bir redaktə olunmadan hamısı qəzetdə çap olunacaq. Ümumiyyətlə, o, cavanlara azadlıq verməyin, yenilikçiliyin tərəfdarı idi. Kəşf olunan hansısa yenilikdən xəbərsiz qalmasını özü üçün böyük qüsur hesab edirdi. Ömrünün son illərində o, özünə kompyuter almışdı. Onu öyrənənə qədər  çətinliklər çəksə də, öyrənməyə nail olmuşdu.

Atamın müsahibələrinin birində belə bir fikir vardı ki, gənc nəsli danan, onları görməzdən gələn yaşlı nəsil züryətsizdir. Yaşlı nəsil gedirsə, mütləq onun ardınca gənclik gəlməli və həmin gedənlər də gənclərin inkişafı üçün şərait yaratmalıdırlar.

O, yaltaqlığı, kiminsə qılığına girməyə çalışan adamları sevmir, şəxsiyyət kimi qəbul etmirdi. Misal üçün, bizə kitabxanasından oxumaq üçün kitab verəndə Ernest Heminqueyin kitabını seçib deyirdi ki, bu yazıçı müharibə iştirakçısı olub əsər yazıb, kiminsə dilindən eşitiklərini yox. Müharibədən, əsgərdən yazmaq üçün gərək yazıçı heç olmasa bir gün gedib həmin əsgərlə səngərdə otursun, onun nə yeyib içdiyini görsün, düşüncələrindən, ürəyindən nələrin keçdiyini hiss etsin.

- Atanızla ata-övlad münasibətindən əlavə dost ola bilmişdiniz?

- Cavanlıqda heç bir dostluqdan söhbət gedə bilməzdi. Bizimlə çox ciddi, pərdəli davranırdı. Evimizdə həmişə ciddi rejim olardı. O, işdən gələndən sonra tam sakitlik hökm sürürdü. Onun sakitliyinin keşiyində isə anam durardı.

İndi biz öz uşaqlarımızı çox ərköyün böyüdürük. Amma mənim yadıma gəlmir, mən nə vaxtsa atama zəng vurub deyim ki, işdən gələndə mənə filan şeyi al gətir. Bu, mümkün deyildi. Bu kimi məsələləri həm anam tənzimləyirdi, həm də biz, sovet dövrünün uşaqları müstəqil böyüyürdük.

Sabir müəllimlə dostluğumuz onun yaşlı dövründən başladı. Biz ailə qurandan, uşaqlarımız dünyaya gələndən sonra yavaş-yavaş ona sözümüzü deyə bilirdik, zarafatlaşırdıq.

(Söhbətin bu yerində Tərlan müəllimə müraciət edirəm)

- Tərlan müəllim, son dövr əsərlərində Sabir müəllim nəvələrindən, yaxın qohumlarından, sizdən də bəhs edir, maraqlı müşahidələrini qeyd edirdi. Qohum kimi sizinlə münasibəti necə idi?

- Normal səviyyədə idi. Sabir müəllim "Ədəbiyyat qəzeti"ndə redaktor olmamışdan əvvəl qəzetlə əməkdaşlıq edirdim. Amma qohum olandan sonra o qəzetlə get-gəlim kəsildi. "Azərbaycan dili və əruz" adlı yazı və bir dostumuzun kitabı haqqında resenziya yazmışdım. İstəyirdim ki, "Ədəbiyyat qəzeti"ndə çap olunsunlar. Amma o yazıların heç biri orda çap olunmadı.

"Azərbaycan dili və əruz" haqqında yazımı bu günə qədər özümün ən yaxşı elmi yazılarımdan biri hesab edirəm.

- Yaqut xanım, bu kimi söhbətlərin pərdəarxası olurdu?

- Heç vaxt. Söhbət harda baş verirdisə, elə orda da qalırdı. Çünki biz hamımız onun xasiyyətini bilirdik. Tərlan müəllimi ilk dəfə atamın yanına mən göndərmişəm. Biz onda Akademiyada işləyirdik, atam da nəsr şöbəsinin müdiri idi. Onda atam Tərlan müəllimin savadını, dünyagörüşünü çox bəyənmişdi. Yeri gələndə başqalarının yanında müdafiə də edirdi. Amma qəzetdə baş redaktor olandan sonra nəinki Tərlan müəllimi, bizim heç birimizi ora yaxın qoymadı. Biz də onun qoyduğu qaydalarla nəinki hesablaşırdıq, onları qorumağa çalışırdıq. İstər sağlığında, istərsə də indi yaratdığı yola xələl gəlməsinə imkan verməmişik.

Bir dəfə ona "Novıy Mir" jurnalından suallar yollamışdılar. Orda belə bir sual vardı ki, qəhrəmanlığı necə başa düşürsünüz? Atam həmin suala belə cavab yazmışdı: "Yaşadığımız dövrdə insanın öz mənəvi keyfiyyətlərini qoruyub-saxlaması elə əsl qəhrəmanlıqdır".

- Tərlan müəllim, sənət müstəvisində mübahisələriniz olurdu?

- "Ədəbiyyat qəzeti" həmişə nüfuzlu qəzet olub. Bizim elmi mühitdə olan ziyalılarımızın bir çoxu tanınmaqlarına, məşhur olmalaqrına görə məhz həmin qəzetə borcludurlar. Və siz təsəvvür edin ki, Sabir müəllim orda baş redaktor işlədiyi üç il müddətində, elə ondan əvvəlki fəaliyyət dövründə də mənim orda beş-altı məqaləm çap olunub. Yəni mənim o qəzet vasitəsilə tanınmağım üçün Sabir müəllim heç bir şərait yaratmadı. Bizim bu barədə mübahisələrimiz əlbəttə olurdu. Misal üçün, Sabir müəllim deyirdi ki, Füzuli haqqında elmi məqalələr niyə "Ədəbiyyat qəzeti"ndə çap olunmalıdır? Bunun üçün elmi məcmuələr var və s.

- Tərlan müəllim, bəzi elm adamları, oxucular Sabir müəllimin dilinin çətinliyindən, qəlizliyindən şikayətlənirlər. Sizin bu fikrə münasibətiniz maraqlıdır...

- Mən indi təzədən Orta əsr ədəbiyyatını, Nəsiminin, Həbibinin, Həqiqinin əsərlərini oxuyuram. Və görürəm ki, misal üçün, Nəsiminin dili ilə ondan bir az sonrakı illərdə yaşamış Həqiqinin dilində nə qədər böyük fərq var. Yəni Nəsiminin istedadının böyüklüyü ona imkan verib ki, dildən geniş şəkildə istifadə etsin. Amma tutaq ki, Həqiqidə bu alınmayıb. Halbuki, hər iki şairin müraciət etdiyi mövzular da, yazdıqları dil də, ideyalar da eyni olub. Amma Nəsiminin dilinin zənginliyi onu bizə başqa cür tanıdıb, sevdirir. Və Nəsimi təfəkkürünün böyüklüyü onun dilində meydana çıxır.

Sabir müəllimin yaradıcılığına qayıdıb onunla aşağı-yuxarı həmyaşıd olan yazıçıların da yaradıcılığına nəzər salanda, görürəm ki, onun dili çox zəngindir. O biri yazıçıların dili Sabir müəllimin dilindən çox fərqli və sadədir. Həmin mətnlər publisistikadan seçilmir. Azərbaycan dilinin potensialı, çoxqatlılığı, canlılığı Sabir Əhmədlinin əsərlərində ortaya çıxır.

Mən Sabir müəllimin dilini Azərbaycan ədəbiyyatında bir sənətkarın dili ilə müqayisə edərdim. Onun üslubundakı etnoqrafikliyi, dilindəki canlılığı ancaq Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" əsəri ilə müqayisə edə bilərəm. Sabir müəllim də Şəhriyar kimi xalqın ruhunu məhz öz dili vasitəsilə canlı şəkildə oxucuya təqdim edirdi. Canlı xalq dili, enerjisi də məhz budur.

- Yaqut xanım, Sabir müəllim əsərlərini yazarkən kiminləsə fikir mübadiləsi aparırdı?

- O, yazanda çalışırdı ki, ana dilimizi təmiz saxlasın. Bəzən qədim türk sözləri barədə akademik Tofiq Hacıyevə zəng vurub, onunla məsləhətləşirdi. Dil haqqında onun bir fikri vardı ki, "dil təfəkkürün məhsuludur. Amma ünsiyyət yaratdığı qədər də ünsiyyətə mane olur. Yazıçılığın ən böyük çətinliyi ondadır ki, yazıçının  fikirləri tərcümə zamanı itir."

İndi hərdən mən Cəbrayılı arzulayanda onun əsərlərini götürüb oxuyuram. O qədər gözəl təsvirlər var ki, elə bilirəm ki, Cəbrayıldayam.

Onun əsərlərini rus dilinə tərcümə edən bir qadın vardı. Atam onunla telefonla danışsa da, nigaran qalırdı. Axırda Moskvaya getməli olurdu ki, onunla birgə işləyib Azərbaycan dilində demək istədiklərini rus dilində də oxucuya çatdıra bilsin. O, həmişə əsərin təsir gücünün tərcümədə itməsindən şikayətlənirdi.

- Ən çox kimlərlə dostluq edirdi? Onlar atanız rəhmətə gedəndən sonra onu xatırladılar?

- Öz yaşıdlarından İsmayıl Şıxılı, Məmməd Araz, Əli Kərim, Bəxtiyar Vahabzadə atamı çox istəyirdilər. Onlar da atamla yaşıd olduqları üçün onun ölümündən əvvəl, ya da sonra dünyadan köçdülər. Amma indi də ədəbi fəaliyyətlə məşğul olan ağsaqqal və gənclərdən Sabir Rüstəmxanlı, Aqil Abbas, Şərif Ağayar, İradə Musayeva həmişə onu xatırlayırlar, haqqında yazırlar.

Atam, ümumiyyətlə, sadə, el adamları ilə dostluq etməyi çox sevirdi. Həmişə deyirdi ki, mənə tənqidçinin fikrindən çox sadə oxucunun fikri daha maraqlıdır.

- Cəbrayıl işğal olunanda, hansı hisslər keçirirdi?

- Ağdam işğal olunandan sonra biz hamımız narahatlıq keçirirdik. Mən hərdən deyirdim ki, əgər Ağdam gedibsə, Cəbrayıl da işğal oluna bilər. O, isə mənə acıqlanırdı ki, Cəbrayıl heç vaxt işğal oluna bilməz.

Ancaq Cəbrayıl da alınandan sonra çox sarsılmışdı. Onun işə getdiyi yolda yataqxana vardı, orda qaçqınlar məskunlaşmışdılar. Hər gün işə gedəndə onların yaşantılarını, çətinliklərini görüb, öz içindən keçirib, əzab çəkirdi. Həmişə deyirdi-burda böyüyən uşaqların vətəni yataqxana pilləkənləri, səkiləridirsə, onlarda vətənpərvərlik hissi necə formalaşacaq?!

Söhbətin bu yerində Sabir Əhmədlinin iş otağına keçirik. Divar boyu qoyulan şkafda yazıçının mütaliə etdiyi kitablarla yanaşı, öz kitabları sıralanıb. Otağın yuxarı tərəfində pəncərənin önündə qara kreslo və yazı masası üzərində isə kompyuter var. Sağ tərəfdəki şkafda isə yazıçının iri portreti, çərçivəyə salınmış başqa bir şəkli və onunla yanaşı 1994-cü ildə Murovda şəhid olmuş oğlu Məhəmmədin 10-cu sinifdə çəkdirdiyi, sonra isə məzarına vurulan şəkli qoyulub.

- Yaqut xanım, qəribə bir tale paralelliyi var. Sabir müəllimin qardaşı Cəmil Əhmədov rəhmətə gedəndən sonra Sabir müəllim valideynləri ilə birgə qardaşının həmişəlik çıxdığı evdə, ata yurdunda yaşaya bilməyib başqa yerə köçürlər. Məhəmməd şəhid olandan sonra da o, bu yerdəyişməni bir də ata kimi yaşamalı olur...

- Məhəmməddən sonra onlar o evdə qala bilmirdilər. Atam elə bil ordan küsmüşdü. Mən bir az ərköyün olduğum üçün hərdən qardaşımın, anamın deyə bilmədiklərini atama deyirdim. Onlar hələ ordan köçməzdən əvvəl atama dedim ki, - bəlkə bu evi tərk etməyəsiniz. Axı bu evdə qardaşımın nəfəsi, sənin otağındakı pəncərənin pərdələrində onun əl izləri var. Ancaq onlar heç biri mənimlə razılaşmırdılar. Hər ikisi də deyirdilər ki, biz o uşaqdan sonra bu evdə yaşaya bilmirik.

Atam həm fiziki, həm də mənəvi cəhətdən möhkəm, ideyası, həyat kredosu uğrunda axıra qədər getməyi bacaran adam idi. Məhəmmədin şəhid olmağı onu ata kimi sarsıtsa da, insan kimi, yazıçı kimi sarsıtmadı. O, çox vətənpərvər insan idi. Ömrünün son gününə qədər qardaşımın ölümünə tərəddüd keçirtmədi. Həmişə anama ürək-dirək verirdi ki, sənin oğlun çox böyük iş uğrunda gedib. Onlar nə qədər təklikdə qalanda əzab çəksələr də bunu kimsəyə hiss etdirməzdilər.

- Amma "Axirət sevdası" əsərində yazıçının oğlunun ölümünə görə yaşadığı təəssüfü, heyifsilənməni hiss etməmək olmur...

- Kamil Vəli həmişə deyirdi ki, "Axirət sevdası" əsərini oxuyan adam üçün bir neçə ürək lazımdır ki, əsərdəki ağrı-acıya dözə bilsin. İndi görün Sabir müəllim bu əsəri yazanda nələr çəkib."

Həmin kitabdan bizim hamımızın evində var. Atam özü avtoqrafla bizə bağışlamışdı. Mən o kitaba kənardan baxanda özümü pis hiss edirəm, yaxınlaşa bilmirəm. Elə bilirəm ki, ona  yaxınlaşsam, kitab məni yandırar. Hərdən götürüb oxumaq istəyirəm, sonra Məhəmmədin həlak olmasından, əsgər tabutlarından bəhs edən sətirləri görəndə pis oluram, oxuya bilmirəm.

Orda nəql etdiyi əhvalatların, hadisələrin hamısını atam öz gözləri ilə görmüşdü və gördüklərini də qələmə almışdı. Ata kimi əlbəttə ki, bu itkiyə heyifsilənirdi. Amma yazıçı kimi yox.

Məhəmməd 1970-ci ildən idi. Böyük qardaşımdan on yaş, məndən isə səkkiz yaş balaca idi. Anam işə gedəndə o uşağı elə biz qardaş-bacı birlikdə saxlayırdıq.

O, çox gözəl, ucaboy, yaraşıqlı, həyatsevər oğlanıydı. Onun gözəlliyini fotoqraf əks etdirə bilməzdi. Atam da surətpərəst olduğu üçün hündürboy, qamətli, göyçək adamları sevərdi. Anam həmişə deyirdi ki, mənim balamı göz apardı. O, həyətə çıxan kimi hamı başına yığışırdı. Məktəbdə ən savadlı uşaq idi. Moskva Poliqrafiya İnstitutuna qəbul olunandan sonra gedib orda bir az oxudu. Sonra atam dedi ki, yox e, elə bil uşaq yadlaşır. Qayıtsın Bakıda oxusun. Məhəmməd ordan çıxandan sonra təzədən burda AZİ-yə qəbul olundu. Gündüzləri işləyib, axşamları dərsə gedirdi.

- Elə həmin kitabda Sabir müəllim evinin kandarına çatanacan Məhəmmədin ölümünə inanmır. Sizcə yazıçı fəhmi də onu aldatmışdı, ya qara xəbəri evə çatana qədər özündən uzaqlaşdırmaq istəmişdi?

- O, fəhmli, ayıq adam idi. Əlbəttə ki, oğlunun ölümü atamın ürəyinə dammışdı. Sadəcə, özündən uzaqlaşdırıb, qəbul etmək istəməmişdi. Hətta anam da dəfn vaxtı deyirdi ki, bəlkə bu mənim oğlum deyil. Amma dayım da, qardaşım da Məhəmmədin üzünü görmüşdülər. Dayım Məhəmmədin cibindən çıxan, anamın qardaşıma verdiyi Quranı anama gətirmişdi.

Atam sonralar deyirdi ki, Məhəmmədin həlak olduğu yerdə də arxada gizlənənlər, Murova getməyənlər vardı. O, da istəsəydi getməzdi. Amma bunu etməmişdi.

Biz hamımız o oğlanı çox istəyirdik. Atam elə bilirdi ki, Məhəmməd onun nəvəsidir. Heç birimizə göstərmədiyi mehribanlığı ona görstərirdi. Atam onu çox sevirdi.

- Amma o dövrdə Sabir Əhmədlinin onu müharibədən saxlamaq imkanları da olub...

- Sabir müəllim, onu heç vaxt müharibədən saxlamazdı. Elə Məhəmmədin özü rəhmətlik atama deyirdi ki, bu qədər cəbhə bölgələrinə gedirsən, əsgərlərlə görüşürsən, heç sənə sual vermirlər ki, oğlanların niyə müharibədə deyil? Atam da demişdi ki, belə bir sual verməyiblər, amma verə bilərlər.

- Bu, həm də Sabir Əhmədlinin sizə təlqin etdiyi vətənpərvərlik ruhundan, verdiyi tərbiyədən irəli gəlirdi.

- O, daima evdə vətənpərvərlik ruhunda təbliğat aparırdı. Cəmil Əhmədovun şəkli həmişə evimizdə kitab rəfində olub. O, iyirmi yaşında həlak olmuşdu. Biz əmimin yaşını ötəndən sonra hər ad günlərimizdə bizə deyirdi: "Siz artıq filan qədər Cəmildən böyüksünüz. O, isə iyirmi yaşında görün, nə qədər böyük qəhrəmanlıqlar edib." Atam bizi elə ruhda tərbiyə etmişdi ki, Məhəmməd müharibəyə getməyə bilməzdi.

- Yaqut xanım, atanızla bağlı ən çox nələri xatırlayırsınız?

- Atam sevgiylə yaşayan, yeyib-içməyi, gəzməyi xoşlayan ürəyiaçıq kişi idi. Ailəsini, uşaqlarını çox sevirdi. Mən ailə qurandan sonra Etibarın yoldaşı Aytən onlara qız oldu. O da Aytəni çox istəyirdi.

Atamla bağlı yadımda nə qalıbsa, hamısı mənim üçün əziz xatirədir. Axırıncı dəqiqəsinə, onu xəstəxanaya aparana qədər hər şeyi xatırlayıram.

 

Söhbətləşdi: Samirə Əşrəf

 

Ədəbiyyat qəzeti.- 2018.- 1 sentyabr.- S.16-17.