Əslində, atam 46 yaşında

dünyasını dəyişmişdi...

 

"Kürsü" layihəsinin bugünkü qonağı heç vaxt unudulmayan, gözəl şairimiz, 47 yaşında dünyasını dəyişən Eldar Baxışın oğlu, aktyor Tural Ağayevdir.

 

- Tural bəy, mən bildiyimə görə, atanız rəhmətə gedəndən sonra siz yaşayış yerinizi dəfələrlə dəyişməli olmusunuz...

- Atamdan sonra ailə vəziyyətimiz çox pis oldu. Mənim on altı yaşım vardı. Evdə də heç kim işləmirdi. Elə o vaxtdan hər cür çətin işdə işləməyə başladım.

Atamın sağlığında iki evimiz vardı. Bir evimiz üçotaqlı idi. Həmin otaqların hər üçü kitabla dolu olardı. O, rəhmətə gedəndən sonra hər iki evimizi satmalı olduq. Həm yas xərclərini qarşılamalı, həm məzarını götürməli idik. Düzdür, atam rəhmətə gedən ərəfədə dostları köməklik edirdilər. Amma heç kimə gedib demək olmazdı ki, atamın qəbrini götürməliyik, mənə filan qədər pul verin... Ona görə də sonrakı həyatımızda kirayə evlər dövrü başlandı. Təxminən on dörd il kirayələrdə yaşadıq.

- Bildiyimə görə, böyük kitabxanası olub...

- Elədir, onun çox böyük kitabxanası vardı. Mütaliə etməyi sevirdi. Atam ölümündən sonra səkkiz ev dəyişdik. Hər dəfə bir evdən o birinə köçəndə onun kitabxanasından nə qədər kitab it-bat oldu. İndi hardasa minə yaxın kitabı qalıb.

Atamın Sərraf adlı xalası oğlu vardı. Onunla münasibəti çox yaxşı idi. Onların qəribə, məzəli bir kitab paslaşmaları da olardı. O, həmişə bizə gələndə atamın kitablarından götürüb qoynunda gizlədərdi. Qapıdan çıxanda atam onun götürdüyü kitabları tutub əlindən alıb təzədən yerinə qoyardı. Atam bütün kitablarının əvvəlindən, bir də ortasından iki vərəqə özünün imzasını atırdı. Sərraf əmigilə gedəndə bir-bir axtarıb öz kitablarını tapırdı.

- Bir oğlunu itirmişdi. Sizinlə münasibəti necə idi?

- Atam sərt adam idi. Amma uşaqları çox sevərdi. Biz ailədə üç uşaq olmuşuq. Sonra qardaşım Anday beş yaşında rəhmətə getdi. Ondan sonra bir qardaşım da doğuldu. Atam ona da Anday adını verdi. O qardaşım da zahirən eyni ilə rəhmətə gedən qardaşıma bənzəyir. Yadıma gəlir ki, biz xəstələnəndə, nəsə olanda dərhal əl-ayağa düşərdi, çox pis olardı. Əslində, sərtliyi ilə yanaşı, həm də danışıb-gülən adam idi.

Mən çox dəcəl olmuşam. Amma heç vaxt onun məni danladığını və ya vurduğunu xatırlamıram. Uşağı tərbiyə üsulu bir az başqa cür idi. Məni qarşısında oturdub o qədər danışırdı ki, deyirdim kaş vurardı, gedib yatardım.

- Eldar müəllim ən çox kimlərlə dostluq edirdi?

- Qasım Qasımzadə, Ramiz Rövşənlə dostluq edirdi. Amma sizə deyim ki, ümumilikdə onun ətrafı çox fərqli idi. Taksi sürücüsü, fəhlə, həkim, şair, yəni hər təbəqədən dostları vardı. Atam insanları sənətinə, peşəsinə görə heç vaxt fərqləndirməzdi. Həm də özü məclis adamı olduğundan şənliyi, deyib-gülməyi və ən əsası azadlığı sevirdi. İndi məşhur olan ədəbiyyat adamlarının hamısı bizim evdə qonaq olublar. Düzdür, biz onların yalnız üzünü görürdük. O, evdə qonaq olanda uşaqların ortalıqda dolaşmasını xoşlamazdı.

- Həmin dostlar onun ölümündən sonra sizi xatırladılar, gəlib-getdilər?

- Yox. Amma mən bunu da normal qəbul edirəm. İnsan xislətidi. İnsanın insana münasibəti əşyaya olan münasibətdən uzağa getmir.

- Eldar Baxışın kim olduğunu nə zaman dərk etdiniz?

- Açığı, o, sağ olanda, lap elə dünyasını dəyişəndən sonra da onun kim olduğunu o qədər də dərindən dərk etməmişəm. Təxminən 25-26 yaşımdan sonra bildim ki, mən kimin oğluyam. Ona qədər onu ancaq bir ata kimi bilirdim. Amma indi atam haqqında daha çox düşünürəm, onun kimliyinin fərqinə varıram. Xəttini başa düşmək çətin olsa da arada açıb əlyazmalarına, çap olunmayan şeirlərinə baxıram.

- Çap olunmayan şeirləri çoxdur?

- Kiril əlifbası ilə yeddi kitabı çap olunub. Bir də iki il əvvəl Slavyan Universitetində bir qrup tələbə "Sərçə balası" adlı balaca kitabını nəşr etmişdilər. Çap olunmamış şeirləri var. Çünki hələ xeyli əlyazması qalıb. Amma bibimin və anamın dediklərinə görə o, son vaxtlar bir roman yazırmış. Bu haqda atam özü bibimə deyib. Yəqin ki, əlyazmalarının arasında həmin roman durur...

Arada nəşriyyatlardan kitab çap etmək təklifləri gəlir. Amma mən istəyirəm ki, bu işlə birbaşa özüm məşğul olum. Sadəcə, bu vaxt və mənim üçün cəsarət tələb edən iş olduğundan məşğul ola bilmirəm. Yəqin ki, bir gün o cəsarəti özümdə tapıb onun şeirlərini çap etdirəcəm.

- Onun şeirlərində azadlıq, üsyankarlıqla yanaşı, həm də arzularının yerinə yetməməsi, puç olması ilə bağlı bir nisgil vardı. Xoşbəxt olduğu məqamları hiss etmişdiniz?

- O, insan idi. Həyatın hər anını da insan kimi yaşayırdı. Bəzən bizim hamımızda olduğu kimi, onun da ruh halı dəyişirdi. Yazıçı, şair ruhən yıprananda, ovulub-töküləndə pozitiv şeylər yaza bilmir. Görünür, atamın da həyatında elə dövrlər olub ki, siz deyən şeirləri də elə həmin məqamlarda yaranıb. Amma atam çox xoşbəxt və pozitiv adam idi. Hər şeyi, hətta ona qarşı olunan pisliyi, düşmənçiliyi də normal qəbul edirdi. Ona qarşı pislik edən adamlara qarşı heç vaxt dağıdıcı fikirdə olmazdı. Onun bu xüsusiyyəti mənə də keçib.

- Bu xüsusiyyəti həyatının ən faciəvi anında da özünü büruzə verir. Oğlu Andayı vuran adamı bağışlayır...

- Elədir. Atam onu bağışladı. Cavan oğlan idi. Həmin hadisədən bir həftə sonra toyu olacaqdı. Hərəkətində cinayət tərkibi olduğu üçün həbs olunmuşdu. Amma atam onun tutulmasına razı olmadı. Sonra nənəm, anam, bibilərim, hamısı pis reaksiya verdilər. Amma, məncə, atam düz etmişdi. Mən də olsam, bağışlayardım. Atam xəstə olan ərəfədə, səhv etmirəmsə, o adam bir neçə dəfə gəlib atama baş çəkmişdi.

- Qardaşınız rəhmətə gedəndən sonra sizi qucağına alıb "oğlum, mən artıq öldüm" - demişdi. Həmin sözlər onun sonrakı həyatında özünü büruzə verirdi?

- Mənə elə gəlir ki, o, bunu məcazi mənada demişdi. Ruh halı necə olubsa, ağlına gələn sözləri də deyib. Əlbəttə ki, ağır hadisə idi. İndi mən valideyn olandan sonra atamı daha yaxşı başa düşürəm. O da övladlarına bağlı adam idi. Bəzən evə gec gəlsə də, bizi yuxudan qaldırıb üzümüzdən öpüb deyirdi - ata qurban, bu gün neyləmisiniz? Nə işlə məşğul olmusunuz? Belə bir insanın həyatında övlad itkisi olursa, nə qədər pozitiv insan olsa da, müəyyən bir zaman kəsiyində bədbəxtliyi hiss edir. Görünür, məni də qucağına alıb o sözləri deyəndə pis vəziyyətdə olub. Amma, məncə, o, zamanla bu ağrının altından çıxdı. Beşyaşlı uşağın xatirələri axı o qədər də dərin, qalıcı olmur. Amma sonralar Anday üçün çoxlu şeirlər yazdı...

- Atanızın xəstələnməzdən əvvəlki günləri yadınızda necə qalıb?

- Xəstəlikdən əvvəl çox sağlam həyat tərzi keçirib. Hər səhər mütləq on qram zeytun yağı qəbul edirdi. Müxtəlif otlardan, ədviyyalardan çay dəmlətdirib içirdi. Amma içkini də sevirdi. Bu yaxınlarda atamın bibimdə olan şəkillərini götürdüm. Ordakı şəkillərdən biri Qasım Qasımzadənin bağında çəkilib. Mən də onda atamla bağda idim. Həmin şəklə baxanda yadıma düşdü ki, o gün atamgil çox içmişdilər. Hətta mən heyrət etmişdim ki, zəhər kimi arağı niyə bu qədər çox içirlər.

Amma sağlam adam idi. Zəhərlənən günü də evə gətirəndə halı yaxşı idi. Vəziyyəti sonradan pisləşməyə başladı.

- Zəhərlənəndən sonra nə qədər yaşadı?

- Bir il. Amma ona da yaşamaq demək olmur. Həmişə yorğan-döşəkdə olurdu. Hərəkət etmədiyi, yeyə bilmədiyi üçün də arıqlamağa başladı. Xəstəxanada, ev şəraitində nə qədər müalicə alsa da, heç bir köməyi olmadı. Həkimlərin diaqnozu isə zəhərlənmə idi. Əslində, bir az tez üstünə düşsəydi, bəlkə də heç nə olmazdı. Sadəcə olaraq özünə çox arxayın adam idi. İnanmırdı ki, ona nəsə ola bilər. AzTV-də işləyirdi. Bir gün bizim köməkliyimizlə işə getdi. Orda qapıya çatmamış zəncir vardı, onu adlayıb keçməliydi. Biz kənardan ona göz qoyurduq. Gördük ki, o zənciri adlamağa onun taqəti çatmır. Elə həmin gündən sonra anamın, bibilərimin təkidi ilə onu xəstəxanaya göndərə bildik. O gündən iki gün ötməmiş də yatağa düşdü. Beş aya yaxın xəstəxanada yatdı, heç bir irəliləyiş olmadı. Həkimlərin konsilumundan sonra qərar belə oldu ki, süni preparatdan zəhərlənib. Daha sonra dövlət tərəfindən Mərkəzi Klinik Xəstəxanaya köçürüldü. Ordakı konsilumdan sonra həkimlər dedilər ki, qida zəhərlənməsindən xəstələnib. Vəssalam. Elə son diaqnozu da bu cür oldu.

- Özünə xəstəliyi yaxın qoymayan adam, ölümü yaxına buraxdı?

- Son dövrlər yaddaşı itməyə başladı. Mən həmişə deyirəm ki, mənim atam 1996-ci ildə yox, 1995-ci ildə, elə ilk dəfə xəstəxanaya düşən gün dünyasını dəyişib. O, bircə dəfə qanı yuyulanda ayılıb hamını tanımış, həminki adam olmuşdu. Ondan sonrakı vaxtlarda heç kimi tanımırdı, heysiz, hərəkətsiz, həmişə ya uzanıqlı, ya da əlil arabasında olurdu. O qədər hərəkətsiz qalmışdı ki, bütün əzələləri də iflic olmuşdu. Ölməklə o, canını qurtarmışdı.

- Yaddaşını itirmək Eldar Baxış üçün ən ağır zərbə olmalıydı. Yaddaşı nə zaman ona xəyanət etdi?

- Xəstəliyi şiddətlənməmişdən əvvəl həmişə həyata pozitiv baxırdı, ümid edirdi ki, sağalacaq. Ayılanda həmişə deyirdi ki, yataqdan qalxacam, filan işləri edəcəm və s. Hərəkətdə olmağı sevən adam idi.

Ölümündən iki ay əvvəl yaddaşı tamamilə itdi. Heç kimi tanımırdı.

Bir dəfə əli ilə kitabı işarə edib göstərdi. Kitabı verdim. Sonra işarə ilə qələm istədi. Qələmi də əlinə götürüb kitabın birinci səhifəsini açdı. Təxminən bir misralıq nəsə yazdı. Amma sonra baxdıq, heç kim heç nə başa düşmədi yazdıqlarından. Yazı yaddaşı da itmişdi...

- Eldar Baxışın son gününü necə xatırlayırsınız?

- Həmin günü mən o biri evimizdə idim. Atamın vəziyyəti pis olduğundan, evdə qonaq, gələn-gedən çox olduğundan elə pal-paltarlı yatmışdım. Səhər vaxtı bibimqızı gəlib məni yuxudan oyatdı, dedi ki, dayı rəhmətə getdi. Mən gedib evə girəndə gördüm ki, doğrudan da ölüb (susur)...

Amma iki gün əvvəl atama görə qohumlarımızla dalaşmışdım. Mən də həmin günləri çox əsəbi, aqressiv olmuşdum. Çünki bir il ərzində atamın xəstəliyi ilə bağlı o qədər pis şeylər yaşamışdıq ki, əsəblərimiz sıradan çıxmışdı. Son günləri, saatları idi. Artıq can verirdi. Evə gələndə gördüm onu götürüb yerdən üzü qibləyə tərəf uzadıblar. Onu yaşaya-yaşaya, üzü qibləyə görəndə çox pis oldum, əsəbiləşdim. Sonra qaytarıb təzədən atamı yatağına uzatdılar. O, hələ ölməmişdi, hələ sağ idi. Amma ona səmtini göstərmişdilər ki, bax, sən belə gedəssən.

- Atanız 47 yaşında dünyasını dəyişib. Onun öldüyü yaşa çatmaqdan ehtiyat etmirsiniz?

- Yox. Əksinə, mən o yaş dövrünü gözləyirəm. Onunla bir yaşda olmağın necə bir hiss olması mənim üçün çox maraqlıdır. Bəlkə də on il bundan əvvəl belə düşünməzdim. Amma indi belə fikirləşirəm. Hərdən onun qələmi, şeirləri, fotoları olan şkafı açıb baxıram. Sonra isə bağlayıram. Ona aid olan əşyalara toxunmaq istəmirəm. Ürəyim gəlmir...

 

Söhbətləşdi:  Samirə ƏŞRƏF

 

Ədəbiyyat qəzeti.- 2018.- 15 sentyabr.- S.6-7.