Üzeyirin, Müslümün sənət bağında...

 

Sentyabrın 18-i iki böyük Azərbaycan bəstəkarı - Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin doğulduqları gündür. Bu münasibətlə filologiya elmləri doktoru Elnarə Akimovanın bu yaxınlarda Mədəniyyət Nazirliyinin sifarişi əsasında "Şərq-Qərb" nəşriyyatında çapdan çıxmış "Müslüm Maqomayev" kitabından bir hissəni təqdim edirik.

Elnarə AKİMOVA

 

Bu düz sözdür, ürəklər

            Musiqisiz olmayıb, olmaz,

Üzeyirin, Müslümün sənət bağında

            bircə gül solmaz.

 

Süleyman Rüstəm

 

Müslüm Maqomayev Azərbaycan musiqi mədəniyyətində təkrarsız istedadı ilə xüsusi yer tutan dəyərli simalardan biridir. Onun qısa və narahatlıqla keçən ömür yolu, mühit nadanlarına və şiddətli xəstəliyinə qarşı göstərdiyi mübarizə əzmi dəyərli sənətkarı yolundan sapdırmamış, çoxyönlü yaradıcılıq nümunələrinin ərsəyə gəlməsinə mane olmamışdır.

Əlli iki illik bir zaman çərçivəsinə sığan ömürdən bəzi ştrixlərə diqqət edək: yaradıcılığa başladığı dönəmlərdə dostu və qohumu Üzeyir Hacıbəylinin yaratdığı teatr truppasının rəhbəri olmuş, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şeyx Sənan" operalarına, "O, olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarına dirijorluq etmişdir. Müslüm Maqomayevin ilk irihəcmli musiqi əsəri 1916-cı ildə yazdığı "Şah İsmayıl" operasıdır. "Şah İsmayıl" milli operamızı Avropa operasının texniki cəhətdən inkişaf etmiş formaları ilə əlaqələndirmək baxımından ilk təşəbbüs sayılır.

Müslüm Maqomayev "Nərgiz" operası, "Azərbaycan çöllərində", "Azad olunmuş Azərbaycan qadınının rəqsi", "Dərviş", "Şəlalə", radio marşı kimi simfonik əsərlərinin, "Ceyranı", "Turacı", "Çeçen rəqsi" oyun havalarının, "Bahar", "Bizim kənd", "Mazut ordusu" kimi mahnıların müəllifidir.

O, Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "1905-ci ildə" tamaşalarına musiqi bəstələyib. Üzeyir Hacıbəyli ilə birgə "Azərbaycan türk el nəğmələri" məcmuəsini tərtib edib, 300-dən artıq Azərbaycan xalq mahnı və rəqs havalarını nota alıb.

Xalq yazıçısı Anar yazır: "Musiqi tariximizin görkəmli xadimi mövqeyində dayanan Müslüm Maqomayev bəstəkar, dirijor, şəxsiyyət, fərd, insan kimi - yaşadığı illərin, dövrün məhsuludur, bəhrəsidir. Həm də bu dövr - uçurumla aralanmış iki parçaya bölünüb - inqilabdan əvvəlki və sonrakı illər. Müslüm Maqomayev ömrü-nün inqilabdan qabaqkı səhifələri - Qori Seminariyası, Üzeyir Hacıbəyli ilə tanışlıq, dostluq. Əyalətdə müəllimlik, Bakıya gəlib qəti surətdə musiqi aləminə daxil olması, dirijorluq fəaliyyəti və nəhayət, bir bəstəkar kimi başıbəlalı debütü - "Şah İsmayıl".

Sənət insanlarına yüksək qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyev 1995-ci ildə böyük bəstəkarın anadan olmasının 110 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı Sərəncam  (16 sentyabr 1995) imzalayır.  Düz bir il sonra - 1996-cı ildə reallaşan bu yubiley tədbirində Heydər Əliyev özü də iştirak edir və "Böyük bəstəkarın xatirəsi qəlblərdə əbədi yaşayacaqdır" kimi fikirlərlə bu şəxsiyyətin mənəvi haqqının əbədi bərpasına nail olur. Bəstəkarın yaradıcılığına eyni dəyərli və müstəsna münasibət on il sonra verilən yeni bir qərarla -  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin (20 sentyabr 2005) Sərəncamı ilə gerçəkləşir. Silsilə məqalələr, dissertasiyalar, sistemli yanaşmaların nümunəsi olan kitablar yazılmağa başlayır. Müslüm Maqomayev irsi çağdaş tarixin və sənətin əbədi hərəkətdə olan dövriyyəsinə qatılır.

"İstedadlı musiqiçi, qabiliyyətli bəstəkar, pedaqoq və ictimaiyyətçi Müslüm Maqomayev Azərbaycan incəsənəti tarixində haqlı olaraq fəxri yer tutur", - dahi bəstəkar Üzeyir bəy Hacıbəyli belə yazır, belə müəyyənləşdirir qaynar və çoxcəhətli həyatının 30 ilini Azərbaycan mədəniyyətinə və maarifinə həsr etmiş unudulmaz bəstəkarın mövqeyini. Üzeyir bəy "Bəstəkarın yaradıcılığı" adlı məqaləsi bu bənzərsiz sənətkarın həyat və yaradıcılığının bütöv mənzərəsini bitkin ştrixlərlə göz önünə gətirən ilk zəngin və tutarlı qaynaqdır.

1900-cü ilin avqust ayının 29-da Qoroznı dağlılar məktəbinin baxıcısı bir məktub - təqdimat göndərmişdi Qori müəllimlər Seminariyasına. Seminariya rəhbərliyinə acizanə şəkildə bildirmişdi ki, mənim idarə etdiyim məktəbi bitirmiş azyaşlı Əbdül Müslüm Maqomayevi sizə təqdim edərək ilk imtahan qarşısında onu idarə etdiyiniz Seminariyanın pansonerləri sırasına qəbul etmənizi Siz zati-alilərdən xahiş etməyi özümə şərəf bilirəm. Bu, o zaman idi ki, gələcəyin dahi bəstəkarı Üzeyir bəy Hacıbəyli həmin Seminariyanın hazırlıq kursunda oxuyurdu... Yollar və arzular eyni məkana götürmüşdü onları - Üzeyir bəyi və Müslüm Maqomayevi. Burada dostlaşmış, bir-birinə inanmış və fikir, əqidə qardaşlarına çevrilmişdilər. Dörd il sərasər eyni seminariyanın divarları arasında eyni duyğuların əsiri olmuşdular. Tale oxşarları, əkizləri kimi; hər ikisi eyni ilin eyni günündə dünyaya göz açmışdı - 18 sentyabr 1885-ci ildə. Düz 14 il sonra Qori Müəllimlər Seminariyasında üz-üzə gəlmişdilər. Tələbə yoldaşlığı dostluğa, qardaşlığa, sonra qohumluğa çevrilmişdi. İllər sonra Üzeyir bəy və Müslüm Maqomayevlə yaxın qohum olan Əli Terequlov o unudulmaz seminariya illərini xatırlayıb yazacaqdı: "Avazla oxumaq və skripkada çalmaq dərsləri Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, mənim və bir sıra başqa yoldaşlarımızın xüsusilə xoşuna gəlirdi. Biz təkcə skripka ilə kifayətlənməyib, nəfəs alətlərində də çalmağı öyrənmək qərarına gəldik. Üzeyir baritonu seçdi, Müslüm klarneti. Bizim məşğələlərimiz müvəffəqiyyətlə keçdi. Altı-yeddi aydan sonra bizi seminariyanın orkestrinə qəbul etdilər".

Xatirələrdə Müslüm Maqomayevin çox çalışqan, zəhmətkeş olmasından, gözəl şəkil çəkməsindən, fərqli musiqi alətlərində çala bilməsindən bəhs olunur. Həm də gözəl nitq sahibi, natiq imiş... Skripkada, pianoda çalmağı, rəsm çəkməyi daha çox xoşlarmış. Müslüm bəyin yaxın dostu, bacanağı Polad Qasımovun qızı Adilə xanımın xatırladıqlarıdı: "Bir də görürdük ki, Müslüm əmi, Üzeyir bəy və bir də Hüseyn Cavid durub gəldilər evimizə. Müxtəlif mövzularda uzun-uzadı söhbətlər edərdilər. Yaradıcılıq planlarından danışardılar... Biz uşaqlar Müslüm əmini çox sevərdik".

İlk və son sevgi - Badicamal. "Əziz Badyuşa! Yeni iliniz mübarək! Arzu eləyirəm ki, neçə belə illəri şən və gümrah qarşılayasınız. Necə dolanırsınız? Qroznıdan nə yazırlar və nə yeniliklər var? Burada möhkəm şaxtadır və qar yağır..."

2 yanvar 1904-cü ilin məktubudur. Bu məktub yazılanda Müslüm artıq seminariyanın dördüncü sinfində oxuyurdu. Məktubu-məktuba calayırdı. Atdığı hər addımı, gördüyü işləri ən incə detalına qədər Badigülcamala yazırdı:

"...Sirrimiz barədə indi yaza bilmirəm, yalnız sizin icazənizdən sonra yazacağam. Ancaq hər halda ümidim güclüdür və onu heç nə qıra bilməz... Məncə siz darıxırsınız. Ancaq bu, keçəridir..."

Ümidlə yazırdı. Üzeyir bəy çox-çox sonralar Müslümlə bərabər keçən həmin anları belə xatırlayacaqdı: "İndiki kimi xatirimdədir; Müslüm bizim aramızda ən yaxşı skripkası və qaboyçalan idi. Seminariyada tez-tez onun kimi şagirdlərdən ibarət sinfonik və nəfəsli orkestrin konsertləri təşkil olunurdu. Əlbəttə, heç bir konsert istedadlı, musiqini bütün qəlbiylə sevən Müslümsüz keçmirdi. Artıq 18 yaşlı gənc ikən Müslüm Maqomayev orkestrdə baş musiqiçi idi və tez-tez dirijoru əvəz edirdi. Bilirsiz, seminaristlərin çoxu musiqiyə qızğın həvəs göstərsələr də, incəsənətlə ciddi məşğul olmaq niyətində deyildik. Həyat başqa şeylər barədə düşünməyə vadar edirdi - dolanışıq imkanları, bir parça çörək haqqında düşünməyə məcbur edirdi həyat..."

Bütün sevdiklərinə sonacan vəfalı qalmışdı Müslüm bəy. Buna unudulmaz qeydləri, gündəliyində yer alan sətirlər, uzaq ellərdən doğma ünvanlara göndərdiyi teleqram və məktublar şahidlik etməkdədir...

"Şah İsmayıl" operası: ilk böyük uğura aparan yol. Müslüm Maqomayevin "Şah İsmayıl" operasına dolğun qiymət verənlərdən biri ümummilli lider Heydər Əliyev olmuşdur: "Müslüm Maqomayevin bu mövzuya müraciət edərək belə gözəl opera yazmasının incəsənət üçün əhəmiyyəti böyükdür, həmçinin böyük tarixi, siyasi əhəmiyyəti var". Bəs bu qüdrətli sənət nümunəsi meydana çıxması bəstəkara hansı çətinliklər və mənəvi üzüntülər hesabına başa gəlmişdi?

Sabunçuda müəllim işləyərkən qaynı Hənəfi Terequlov Müslüm bəyə "Səadət" məktəbində onunda birgə işləyən bir nəfər haqqında söz açır. Bu, ara-sıra şeir də yazan Mirzə Qədir İsmayılzadə (Mikayıl Müşfiqin atası) idi. Opera yazmaq həvəsinə düşübmüş. Hənəfi Terequlov görüşdürür onları. Danışıb razılığa gəlirlər. "Şah İsmayıl" operasının bünövrəsi belə qoyulur...

"Şah İsmayıl" səhnə təcəssümü tapana qədər Müslüm Maqomayevə dəyən mənəvi zərbələr az olmamışdır. 1916-cı ilin dekabrıdır. Müslümün gözlədiyi an gəlib yetişib. "Şah İsmayıl" yaxın günlərdə oynanılacaq. Tağıyev teatrında operanın ilk tamaşasının olacağı barədə afişalar artıq küçələri bəzəyir. Az, lap az vaxt qalır. Sevinir Müslüm bəy. Əsərin uğurlu alınması barədə əvvəlcədən tərif dolu məqalələr çap olunur. Bax elə bu məqamda sarsıdıcı xəbər qapını döyür: "Tağıyev teatrı yanıb!"...

Aradan 3 il keçir. 1919-cu ildi; martın ilk günləridi. "Şah İsmayıl"ın premyerasına barmaqla sayılacaq qədər günlər qalıb. Yenə də sevinc içindədi Müslüm bəy. Ancaq yaxın ətrafına, dost-tanışa əvvəlcədən xəbər belə çatdırmayıb. Elə bil ürəyinə damıb ki, həlledici, lap son məqamda nəsə xoşagəlməz bir hadisə baş verəcək... Elə də olur. Xəbər gətirirlər ki, Hüseyn Ərəblinski qətlə yetirilib. Bütün cismi, düşüncələri, ruhu sarsılır Müslüm bəyin. Ərəblinskinin qətl xəbəri ona dərindən təsir edir.

Tamaşanın premyerası ləğv edilmir... Premyera başlar-başlamaz bir nəfər səhnəyə çıxıb təklif etdi: "Ağalar, rica edirəm ayağa qalxıb böyük aktyorumuz Hüseyn Ərəblinskinin xatirəsini bir dəqiqəlik sükutla yad edək".

Akademik Rafael Hüseynovun "Yaşıl yarpaq" əsərində oxuyuruq:: "Bütün salon qalxır ayağa. Müslüm onsuz da ayaq üstədir; pult arxasında dayanıb. Martın 7-dir. Bu gün Hüseyn Ərəblinskini torpağa tapşırıblar. Bu gün "Şah İsmayıl"ın premyerasıdır".

Müslüm bəy özünün yaratdığı "Şah İsmayıl"a hədsiz dərəcədə vurğun imiş. Çox sevirmiş bu əsəri və həmişə özü dirijorluq edərmiş. Hələ 1924-cü ildə "Kommunist" qəzetində dərc edilən "Bizim incəsənətimiz" və "Türk operası haqqında" adlı məqalələrində Müslüm Maqomayev yazırdı ki, bizim operamız zəifdir, ibtidai bir haldadır: "Türk səhnəsində musiqi əsərləri vermiş türk işçilərindən heç birisi heç vaxt öz əsərlərinin kamil olduğunu idda etməmişdir, onlar deyirlər ki, bu bizim birinci addımlarımızdır. Zənnimcə, biz doğru yol ilə gediyoruz; sadədən ağıra..."

Akademik Zemfira Səfərova yazır: "Lakin Müslüm Maqomayev bilirdi ki, Avropa musiqisi də birdən-birə yaranmamış və bu təkamülə tədriclə, ağır və tikanlı yollar keçdikdən sonra gəlib çıxmışdır". Müslüm bəyin özünün də yazdığı kimi, "daim xor olmadığı, orkestr bulunmadığı, balet olmadığı halda, həmçinin, hər dəfə pyesi məşqsiz və hüsni ittifaqda bir məşğələ keçirmək təklif edildiyi halda, tərəqqi ola bilərmi? Əlbəttə yox!"

Üzeyir bəy M.Maqomayevin "Şah İsmayıl" operasından bəhs edərkən qeyd edir ki, gözəl musiqi materialı və süjetin dramatik ifadəliliyi əsərin böyük şöhrət qazanmasına səbəb olmuşdur: "Şah İsmayıl" Azərbaycanın o zamankı musiqi həyatında improvizə olunmuş milli operanı Avropa operasının texniki cəhətdən inkişaf etmiş formaları ilə əlaqələndirmək sahəsində ilk təşəbbüsdür".

Musiqişünas Qəmər İsmayılovanın fikridir: "Şah İsmayıl" operasının birinci redaksiyasında muğamat improvizasiyaları Ü.Hacıbəylinin ilk operalarında olduğu kimi, burada da əsas yer tuturdu. Söz yox ki, bəstəkarın bu üslubda opera yaratmasına əsaslı səbəblər var idi. O zamankı Azərbaycan tamaşaçılarının mürəkkəb opera formalarını dinləməyə hazır olmadığını və musiqili teatra yenicə cəlb olunan xalqın zövqünə yaxın olan musiqiyə müraciət etmənin zəruri olduğunu Maqomayev nəzərdə tutmaya bilməzdi". Jurnalist Azad Şərifin də məqaləsində oxuyuruq: "Müslüm Maqomayevin "Şah İsmayıl" operası yerli motivlər üzərində, muğamlarımızdan geniş istifadə olunmaqla yazılmışdı. Bu əsər Şərq və Qərbi birləşdirmək yolunda ilk cəhd idi.".

Belə... əsl sənət mücadiləsi başlanmışdı və Müslüm bəy bu mücadilənin önündə gedənlərdən biri idi; daha böyük əzmkarlıqla çalışırdı. Xüsusilə "Şah İsmayıl" üzərində yenidən işləyirdi. Nəticə belə oldu ki, 1924-cü ilin aprelində "Şah İsmayıl" iki-üç illik fasilədən sonra yenidən tamaşaya qoyuldu.

"Nərgiz", yaxud "biz özümüz güləcəyik"! "Nərgiz"lə bağlı ilk rəsmi sənəd 1934-cü il iyunun 11-də bağlanıb. Maqomayev və M.S.Ordubadi Dövlət Opera teatrı üçün türk dilində "Nərgiz" operası yazmağı öhdələrinə götürürlər.

Üzeyir bəyin "Bəstəkarın yaradıcılığı" məqaləsində "Nərgiz"lə bağlı oxuyuruq: "...Nərgiz" operası formaca milli, məzmunca sosialist Azərbaycan incəsənətinin tarixi qələbələrinin parlaq ifadəsi idi ". Üzeyir bəyin "Nərgiz"ə olan münasibəti bu idi. Bu aydın münasibət dostluqları boyunca kimsəyə Üzeyir bəylə Müslüm Maqomayevin arasına girməsinə imkan vermir.

...29 iyun 1935-ci il. Müslüm bəy həmin günün axşamı müalicə üçün Kislovodska yola düşməlidi. Yola düşməzdən əvvəl Rudolfla görüşmək istəyir. Alınmır. Axşam qatarıyla Kislovodska yola düşür. Sevimli Badyuşundan uzaqdaydı. "Nərgiz"in aqibətindən nigaran idi. Sentyabr ayı ümid qapısı kimi açılır ömrünə... Halı yaxşılaşır. Azacıq dirçələn kimi yenidən qayıdır "Nərgiz"ə. Partituranın bəzi yerlərində düzəliş etməyə başlayır, bəzi yerləri yenidən işləyir. Və göndərir Tuqanova. Elə həmin günlərldə Ginzburqdan teleqram alır; "Nərgiz"i oktyabrın 1-də tamaşaya qoymaq istəyirlər.

Növbəti günləri də bu fikirlə yola verir. Sentyabrın 29-da Müslüm bəy həkimlərin təkidi ilə Xarkova yola düşüb, professor Faynşmidtin yanında olur. Professor hərtərəfli yoxlamadan sonra təəssüfünü bildirir: "Xəstəlik öz işini görüb. Vəziyyət təhlükəlidi". Müslüm bəy isə canından çox operanın hayındadı. İzah etmək, başa salmaq istəyir ki, yaxın günlərdə tamaşaya qoyulacaq operasının hazırlıq işləri onsuz keçinə bilməz... Dünyagörmüş professor isə öz peşəsinə xəyanət etmir. Həqiqəti söyləyir: "Bu sizə həyatınız bahasına başa gələ bilər..."

Bunu deyir və üstəlik Bakıya, Böyük Opera və Balet Teatrının rəhbərliyinə teleqram da ünvanlayır: "Sizin teatrın bəstəkarı və dirijoru vətəndaş M.M.Maqomayev səhhətinə görə (ciyərlərin ikitərəfli açıq, irinli fəal vərəmi) təcili olaraq bütün işləri dayandırmalı və Suxumidə uzun müddət iqlim-sanitariya müalicəsi ilə məşğul olmalıdır". 3 oktyabr 1935-ci ildə göndərilib bu teleqram.

Oktyabrın 14-də isə Azərbaycan SSR-in 15 illiyinin təntənələrinin qeyd edilməsi ilə əlaqədar Mərkəzi Komitədə büro iclası keçirilir.  "Opera teatrının direktoruna şəxsən göstəriş verilir ki, tamaşa dekabrın 23-də göstərilməlidir. Nəyin bahasına olursa-olsun. Çünki 15 illik təntənəli şəkildə dekabrın 24-də keçiriləcək".

Yuxarıdan verilən bu göstəriş öz işini görür və teatr rəhbərliyi var gücü ilə hazırlıq işini sürətləndirir. Bütün imkanlar səfərbər olunur. Artıq Müslüm bəyin bütün göstərişləri, istəyi qeyd-şərtsiz yerinə yetirilir. O, dirijor Aleksandr Lvoviç Klibsonu özünə köməkçi götürür.

İşlər qaydasındadı... Amma bu əngəlləmələr... Ən xırda işlər zamanı belə nəzərə çarpır, heç nədən qanqaraldıcı sözə-söhbətə səbəb olur. Biri elə afişa ilə bağlıdı; tamaşa Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyinə hədiyyə kimi hazırlanıb. Rəsmən! Ancaq bu barədə afişalarda heç bir məlumat, qeyd belə yoxdur. Bu, Müslüm bəyi çox əsəbiləşdirir. O qədər ki, dekabrın 15-də operada "Nərgiz"lə bağlı keçirilən istehsalat müşavirəsini yarımçıq tərk edir...

Dekabrın 19-da gündəliyinə qeyd etdiyi sətirlərdi: "Səhhətim heç yaxşı deyil. Çox zəifəm. Məşq yaman ağır keçdi. Üstəlik, axşam "Şah İsmayıl"a dirijorluq etməli oldum. Professor Faynşmidtin sözlərini xatırlayıram: "Operanı tamaşaya qoymaqla məşğul olsanız, bilin ki, həyatınızla oynayırsınız".

Bəli, həyatım üçün belə bir risklə mən operanı səhnəyə çıxarıram. Qoy Faynşmidt deyən kimi olsun. Ancaq operanı mən axıra çatdırmalıyam və ondan sonra Suximiyə sanatoriya-kurort müalicəsinə getmək olar. Görünür, "dostlar"a bizə gülmək qismət deyilmiş. Biz özümüz güləcəyik!"

Nə olduğunu bilirdi Müslüm bəy. Xorkovda, Kislovodskda üzünə söyləmişdilər. Amma "Nərgiz" sevdası bütün xəbərdarlığa, yasaqlara üstün gəlmişdi. İnanırdı qələbə çalacağına.

"Tanrım, bu dəfə də sən mənə güc ver", - düşünür Müslüm bəy.

Bütün əngəllərə baxmayaraq "Nərgiz" səhnədəydi, doğulmuşdu və səsi, sədası çox uzaqlara yayılırdı. Aida Hüseynova haqlıdı: "Əlbəttə, "Nərgiz" operası istər konsepsiya, istərsə də bədii nəticə baxımından Ç.Hacıbəylinin iki il sonra səhnəyə qoyulmuş "Koroğlu"su ilə bir səviyyəyə qoyula bilməz. Lakin buna baxmayaraq "Nərgiz" operasının mərhələli rolu danılmazdır. O, milli operanın inkişafında yeni dövrə keçidi işarə vermiş, ümumiyyətlə, milli musiqinin artan kamilliyini, bəstəkar yaradıcılığının ən mürəkkəb formalarını mənimsəmək iqtidarında olmasını təsdiq etmişdir... "Nərgiz" operasının ümumi təkamül yoluna cəlb olunmuşdur. Belə ki,  Maqomayev niyyətlərinin varislik axarı F.Əmirovun "Sevil" operasına aparıb çıxarır".

Ömrə vida: sayılı günlər, son anlar. Azacıq rahatlıq, təskinlik tapan kimi yalnız yaradıcılıq planları haqqında düşünürdü; Abxazıstanın Gülripş  qəsəbəsində! Müalicəsini davam etdirmək üçün gəlmişdi buradakı sanatoriyaya. Baldızı qızı Nigar xanımın xatirələrindəndi: "Son görüşümüz 1937-ci ildə oldu. Atamızla getmişdik. Müslüm əmi çarpayıda uzanmışdı "ağır-ağır nəfəs alır, yavaş səslə danışırdı..."

...1937-ci ildə 52 yaşında əbədiyyətə qovuşdu Müslüm Maqomayev. Yarımçıq arzuları, gerçəkləşdirmək istədiyi ideyaları qaldı; böyük şairimiz Hüseyn Cavidin "İblis" faciəsinə opera yazmaq istəyirdi. Əcəl imkan vermədi. Yaşasaydı da həyatdakı iblislər imkan verməyəcəkdilər. "Xalq düşməninin əsərinə opera yazır" damğası vuracaqdılar.

 

***

 

Müslüm bəyin sevimli oğlu, həmişə "Mamus" deyə əzizlədiyi Maqomed 1942-ci il avqustun 17-də cəbhədə oğlunun doğulması xəbərini aldı. Uşağa babasının - görkəmli bəstəkar Müslüm Maqomayevin adını qoydular... Dünya musiqi tarixində yeni bir möcüzə səs - Müslüm Maqomayev planeti  doğuldu.

Müslüm Maqomayevin Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi, gətirdiyi yeniliklər hansı cəhətləri ilə seçilir? Böyük sənətkardan bəhs edən tədqiqatçılar, sənətçinin həmkarları, müasirləri bunu daha çox xalq musiqisinə bağlılığı ilə əlaqələndirmişlər. Sənətşünaslıq doktoru İmruz Əfəndiyeva Müslüm Maqomayevin 2011-ci ildə çap olunmuş biblioqrafiyasına yazdığı ön sözdə bəstəkarı belə səciyyələndirir: "Azərbaycanda ilk professional qəhrəmanlıq və vətənpərvərlik mövzusunda yazılmış mahnıların müəllifi Ü.Hacıbəylidirsə ("Qızıl əsgər" marşı), M.Maqomayev ilk zəhmət mahnılarının müəllifidir". Xalq artisti, bəstəkar Tofiq Quliyevin, musiqişünas Nərgiz Şakirzadənin, şair Vaqif Bəhmənlinin, yazıçı-publisist Mustafa Çəmənlinin də tədqiqatlarında qeyd edildiyi kimi, hansı janrda yazırsa-yazsın bəstəkar həmişə Azərbaycan xalq musiqisinə arxalanmış, xalq melodiyalarından bəhrələnmişdir. Bu sahə onun yaradıcılığında xüsusi bir yer tutur.

Üç yüzdən artıq mahnı və xalq melodiyası toplamışdı Müslüm Maqomayev. "Gözəlim", "Əsgərani", "Ceyranı", "Turacı", "Şur təsnifi", "Gəl-gəl", "Mahüzər" və s. bu sıradandır. Kimlər oxumayıb bu mahnı və melodiyaları?.. Unudulmaz Bülbül "Küçələrə su səpmişəm", "Durna" mahnılarını oxuyub.

Dinləyirik və çox vaxt bilmirik ki, bu unudulmaz xalq mahnısına yeni nəfəs, yeni ömür verən Müslüm Maqomayev olub. Ya elə Hüseynqulu Sarabskinin sevə-sevə oxuduğu "Qalalı" mahnısı... Müslüm bəy qoymamışdı unudusun bu mahnı. Sonralar dünya şöhrətli müğənni Rəşid Behbudovun ifasında lentə alınmışdı. İndi radio dalğalarında, mavi ekranda tez-tez Rəşid Behbudovun dilindən eşidirik. Özünəməxsus bir şuxluqla oxuyur görkəmli müğənni: "Qalalıyam ey, qalalı..."

Xalq mahnılarını toplamaq, xanəndələrin səsində lentə almaq və sonradan onların üzünü köçürmək işində onun yaxın köməkçiləri ustad tarzənlər Qurban Pirimov, Əhmədxan Bakıxanov olmuşlar.

Şəxsi arxivində saxlanan və Xalq maarif komissarlığına ünvanladığı bir məktubunda belə yazır Müslüm Maqomayev: "Türk xalq mahnı və melodiyalarına xüsusi əhəmiyyət verilməlidir. Bu məsələ hələ də donuqdur. Unutmaq olmaz ki, türk milli harmoniyası məhz elə bu məsələdən çox-çox asılıdır..."

Ötüb keçmiş hər şey... Arxada qalmış! Ancaq o işləri ki, Üzeyir Hacıbəyli və Müslüm Maqomayev görmüşdü, şöhrəti sabahlarda yaşayır.

 

Elnarə AKİMOVA

 

Ədəbiyyat qəzeti.-2018.- 22 sentyabr.- S.16-17.