Lal

 

Hekayə

 

Qatar vağzaldan çıxanda uşaq stəkanı döşəməyə vurub qırdı. Anası uşağın başını sığallayıb, "Belə eləmə", - dedi.  Uşaq anasının dediyini anlamadı. Ana da çox dərinə getmədi. Uşağın yaşı çox olsa da, dil açmamışdı. Baxışları da laldı. Qatar qaranlıq tunelə girəndə uşaq ağladı. Səsi iniltiyə oxşayırdı, yalvarışa da. Qatar işığa çıxana qədər uşaq beləcə inildədi. Uşağın xəstə olduğunu anlamış sərnişinlər bir-bir başqa vaqonlara keçdilər. Gözlərini yumub oturacağa yayxanmış kürən oğlandan savayı vaqonda heç kəs qalmadı. Beləcə bir neçə iskələni keçdilər. Qatar Keşləyə çatanda ana mürgüləyən oğlanın qoluna toxunub: "Beş dəqiqəlik uşağa baxa  bilməzsən?" - soruşdu. Oğlan əsnəyə-əsnəyə: "Baxaram" - dedi. Ana ayağa qalxanda gözü oğlanın yaşından böyük görünən əllərinə sataşdı. Oğlan əllərini irəli uzadıb: "Mənim deyil, atamındı" - dedi.

Ana zarafatı baxışıyla dəyərləndirib siqaret çəkmək üçün tambura çıxdı. Uşaq gözlərini oğlandan çəkmirdi. Sinəsi körük kimi xırıldaya-xırıldaya gülürdü. Oğlan içinə hopan bu gülüşdən nədənsə utandı. Uşağın gülüşü ovqatını dəyişirdi, qanını  qaraldırdı. Anası geri dönənə qədər uşaq gözlərini oğlandan çəkmədi. Baxışlar oğlana daş kimi dəyirdi; böyrünü-başını əzirdi.

Ananın səsi xırıldayırdı.

"Kimdən belə küsmüsən?"

Oğlan gözləmədiyi sualdan çaşdı. Dinməyib, başını aşağı saldı.

Ana əliylə oğlanın başını yuxarı qaldırıb: "Onda mən neynim?" - soruşdu.

Onlar qatardan birlikdə endilər. Oğlan uşağı evə qədər qucağında gətirdi. Evdə onlar ananın çaldığı pianoya qulaq asıb peçenye yedilər. Uşaq tez yatdı. Ana uşağı qucağına alıb yataq otağına keçdi. Oğlan ananın olduqca gözəl olduğunu ancaq uşaq yatandan sonra gördü. Uşaq yuxulayan kimi ana yuxudan ayıldı. Divana oturub ayaqlarını altına yığdı. Oğlandan: "Sevdiyin qız-zad var?" - soruşdu. Oğlan səsi əsə-əsə, yalandan: "Əlbəttə, var" - pıçıldadı.

Ana oğlanın yalan danışdığını anlayıb: "İçində mahnı necə? - soruşdu.

- Oğlan: "Xeyr, mahnı yoxdur" - dedi.

Uşaq yuxudan oyanmasın deyə, ana pıçıltıyla nəğmə oxuyurdu. Onun da gözlərində uşağın gözlərində olan o tüstülü qaranlıqdan nəsə vardı.

Sonra gecə düşdü...

Səhər erkən oyanmış uşaq anasının ayaqlarını ovxalayırdı. sevgi dolu gözləri ilə anasını qucaqlayıb yatmış kürən oğlana baxırdı. Oğlan gözlərini uşağın səsinə açdı. İllərdir danışa bilməyən uşaq qəribə səslər çıxara-çıxara nəsə demək istəyirdi. Gözlərinin şəkli, xırıltılı nəfəsi, əllərinin əsəbi yeni söz yaradırdı. Uşaq əl-qoluyla nəsə danışa-danışa çarpayını silkələyirdi. Tərpəntidən gözlərini açıb heyrətlə Allahdan dil istəyən uşağına baxan ananın gözləri yaşarmışdı. O, uşağını bircə gecədə dilləndirmiş oğlana göydən enmiş mələk kimi baxırdı.

Sonra ana süfrə hazırladı.

Onlar səhər yeməyi yeyəndə ana oğlandan çarpayıda axşam hansı tərəfdə yatmaq istədiyini soruşdu.

Oğlan: "Fərq etməz. Təki sənin yanında olsun", - dedi.

bunu deyəndən sonra anladı ki, illərdir içindəki boşluq da uşaq kimi dil açıb. Dünənindən üşənən oğlan çevrilib qorxa-qorxa uşağa baxdı. Uşağın gözlərində elə bir işıq vardı ki, bu işığın kölgəsi altında bütöv bir ömrü  yaşamaq olardı...

 

Orxan FİKRƏTOĞLU

 

Ədəbiyyat qəzeti.- 2018.- 13 yanvar.- S.3.