Bütün divarları da qovacam otaqdan

atacam sobaya ayaqyalın qaranlıqları...

Qoy göy üzünə əlim çatsın,

Qoy görünsün tənhalığın fahişə bədəni,

utansın bakirə tanrılar.

...Yoruldum külqabıda küçələri yandırmaqdan,

yoruldum qucağımdakı gecələrə boylanmaqdan...

Hər kişi vurulduğu qadına qədər diriymiş,

sonrası isə Vətən kimi yaşamaq...

Çətir tut ovuclarının üstünə

İslanır şam işığı,

ürpənir tabutdakı saatın kəfgiri...

 

Hələ əlim çatmır alnımı söykədiyim pəncərəyə...

Axı ayrılıqdan gözlərimiz yox, ayaqlarımız kor oldu.

Hələ üşüyürəm əllərinin doğum günündə

Axı qapı açan da olmaz qapını döyən yağışa.

Saçlarını dara məktubların üstünə, bir az da ayrılaq,

bir az da...

 

Bilirsənmi...

İntiharların qarımadığı fəsildə

bütün ağaclar -müharibə,

bütün adamlar Tanrı şəklidi.

Quşları qanadları qoymaz intihar etməyə,

kişiləri isə özünü yandırdığı gün...

Əlvida!

Qaçıram qollarıma tərəf

Bəlkə sənlə görüşəm, qadın adam!..

 

Emil RASİMOĞLU

 

Ədəbiyyat qəzeti.- 2017.- 13 yanvar.- S.15.