Görkəmli dilçi-türkoloq 

 

Görkəmli dilçi-filoloq, türk dünyasında imzası yaxşı tanınan Əhməd Bican Ərcilasunun anadan olmasının 75 ili tamam olur. Gözəl insan və  qüdrətli elm xadimi kimi tanınan Əhməd Bican Ərcilasun 8 fevral 1943-cü il tarixdə Türkiyə Cümhuriyyətinin ziyalılar şəhəri kimi tanınan qədim İzmir  şəhərində dünyaya gəldi. Edrəmit liseyini 1963-cü ildə başa vurararaq elə həmin ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsi Türk Dili və Ədəbiyyatı ixtisasına qəbul oldu. Burada Əhməd Cəfəroğlu, Rəşid Rəhməti Arat, Ali Nihat Tarlan, Məhmət Kaplan, Faruk Kadri Timurtaş, Məhərrəm Ergin, Ömər Faruk Akün kimi müəllimlərdən dərs aldı. Eyni zamanda məşhur tarixçi Zəki Vəlidi Toğan və İbrahim Kafesoğlunun da dərslərini dinləyərək 1967-ci ildə universiteti əla qiymətlərlə başa vurdu. Elə həmin 1967-ci ildə  Ərzurum Atatürk Universiteti Ədəbiyyat fakültəsi Türk dili və ədəbiyyatı bölümündə assistent olaraq işə başladı. Bu bölümdə Türkiyə türkcəsi qrammatikası, Osmanlı Türkcəsi və Gök türkçə dərsləri verdi. 1971-ci ildə "Kars ili ağızları -səs bilgisi-" mövzusunda  dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini aldı. Doktorluq işində, Azərbaycanda dialektologiya sahəsində nəşr edilmiş əsərlərdən də istifadə edərək Azərbaycan şivələri ilə Qars vilayəti şivələrini müqayisə etdi. Sonralar həmin dissertasiya işi TDQ nəşriyyatında çap olundu. Qars bölgəsindəki araşdırmaların nəticələrindən biri "Arpaçay köylərindən dərləmələr" kitabı oldu (Ankara,1976). Burada Qars vilayətinin indiki Arpaçay rayonundan toplanmış dialektoloji mətnlər öz əksini tapmışdır.

1971-ci ildə Hacettepə Universiteti Sosial və İdari Bilimlər fakültəsi Türk dili və ədəbiyyatı bölümünə müəllim olaraq işə qəbul olunan Ərcilasun bu bölümdə də Türkiyə türkçəsi qrammatikası, Osmanlı türkçəsi, Gök türkçə, Eski uygurca, Çağatayca, Anadolu və Rumeli ağızları kimi dərslər verdi. 1972-1973-cü illərdə 18 aylıq əsgərlik xidmətini başa vurub elmi fəaliyyətə başladı. 1976-1977-ci illərdə 14 ay müddətlə Amerika Birləşmiş Ştatlarının Seattle şəhərində bulunan University of Washington'da qonaq araşdırıcı olaraq işlədi. Burada araşdırmalar apararkən bir yandan da Ilse Laudə Cirtautasın Özbəkçə Alpamış Dastanı haqqındaki doktora dərslərini izləmiş. Altay nəzəriyyəsinin tanınmış nümayəndələrindən Nikolas Poppe ilə bir neçə dəfə fikir mübadiləsi apardı. 1979-cu ildə "Qutadqu-bilik"də feil" əsəri ilə dosent elmi adını aldı. Burada XI əsr türk dili və ədəbiyyatının dəyərli nümunəsi olan "Qutadqu-bilik" abidəsinin qrammatik quruluşu və xüsusilə feillər  dil tarixi aspektində tarixi dialektologiya baxımından ətraflı şəkildə araşdırılmış, bu tədqiqat işi  1984-cü ildə nəşr olunmuşdur.

Ərcilasun 1983-cü ildə Qazi Universiteti Qazi eğitim fakültəsi Türk dili və ədəbiyyatı tədrisi bölümü müdürü təyin edildi. 1983-cü ildən etibarən bu bölümdə çağdaş Türk dilləri və ədəbiyyatları üzərinə bir çox magistr  və doktorluq dissertasiyalarına elmi rəhbər oldu. Özbək, qazax, qırğız, Tatar, Uyğur və s. türk dilləri üzrə ixtisaslaşan ilk gənc elm adamlarını yetişdirdi. 1986-cı ildə professor elmi adını alan Ərcilasun yenə Qazi universitetində Fənn-ədəbiyyat fakültəsində Türk dili və ədəbiyatı bölümünü təşkil etdi. 1986-1991-ci illər arasında Qazi Universiteti mətbuat yüksək okulu müdiri oldu.

1983-cü ildə Türk dil qurumu üzvü seçilən Ərcilasun həm də 1993-cü ilin sonuna qədər Qurumda idarə heyətinin üzvü olmuşdur. 1986-cı ildə Daşkənd şəhərində keçirilən PİAC-ın növbəti konfransında iştirak etmiş Ərcilasun bu toplantıda Türk dünyası və bu arada Azərbaycan türkoloqları ilə tanış olmuş və elmi əlaqələri genişləndirmişdir. Türk dünyası ilə elmi əlaqələr 1988-ci ildə Bakıda davam etmişdir. Belə ki, Sovet - Türk kollokviumlarının birincisi 1988-ci ildə Bakıda təşkil edilmiş və Ərcilasun da burada məruzə etmişdi.

Bəziləri 1980-ci illərin əvvəlini Türkiyə elmi ictimaiyyəti üçün uğursuz hesab edirlər.Çünki Sovetlər birliyi artıq dağılmaqda, türk dünyası ilə əlaqələrin inkişafı üçün münbit şərait yranmaqda idi. Amma Türkiyə türkoloqları bu işə tam hazır deyildi.Ona görə də 1980-ci illərin əvvəllərində Türkiyədə  çoxçildlik (10 cilddən ibarət) "Böyük türk klassikləri" əsərinin nəşr olunması bu boşluğu  doldurmaq üçün çox önəmli bir addım oldu. Əvvəllər "Qutadqu-bilik" abidəsini tədqiq etmiş Ərcilasun bu çoxcildlikdə "Başlanğıcdan XIII əsrə qədər türk ədəbiyyatında nəzm və nəsr: Qaraxanlı dövründə türk dili və ədəbiyyatı" kimi mühüm bir bölmənin müəllifi idi.

1980-ci illərin sonları, 1990-cı illər günümüzədək Ərcilasun yaradıcılığında çox mühüm bir dövr olmuşdur. Məsələ bundadır ki, məhz bu dövrdə türk dünyası üzrə Türkiyədə barmaq ilə sayılacaq üç-dörd sanballı mütəxəssislərdən biri sayılan Ərcilasun ortaq türk dil, ədəbiyyat və mədəniyyətinin inkişafı üçün böyük töhfələr vermişdir.

Əhməd Bican Ərcilasun 1990-cı ildə, Türkiyə Radio Televiziya Qurumu tərəfindən çəkilən 12 bölümlük "Altaylar" adlı sənədli filmin müəlliflər heyətində də yer aldı. Türkiyənin tanınmış alpinistlərindən prof. dr. Məcid Doğru və türkoloq Osman F. Sərtqaya ilə birlikdə bu sənədli filmdə məsləhətçi kimi fəaliyyət göstərmişdir. Sənədli filmin mətnini də Ərcilasun hazırladı. "Altaylar" sənədli filminin çəkimləri üçün 45 gün Monqolustanda, 15 gün Çində qaldılar. Ərcilasun yol qeydlərini "Monqolustan və Çin günlüğü" adı ilə nəşr etdirdi.

Ərcilasun, o dövrün mədəniyyət naziri Namiq Kamal Zeybəkin dəvəti üzərinə "Qarşılaşdırmalı türk dilləri lüğəti"ni hazırlayacaq heyətin sədri oldu və Türk dünyasından gəlmiş elm adamları ilə birlikdə çalışaraq bu lüğəti hazırladı və nəşr etdirdi (1991-1992).

Ərcilasun 1992-ci ildə Qazi Universiteti Fənn-Ədəbiyyat fakültəsində bir bölüm daha qurdu: Çağdaş Türk dilləri və ədəbiyyatları bölümü. Qazi Universitetində qurduğu üç bölümdə də bakalavr, magistr və doktora səviyəsində dərslər verdi. Daha öncə verdiyi dərslərə əlavə olaraq Türk dili tarixi, Türk dillərinin müqayisəli qrammatikası kimi dərslər də vermişdir.

Əhməd B.Ərcilasun Türk dünyasının Latin əlifbasına keçməsi çalışmalarında aktiv rol oynadı və 34 hərfi işarəli ortaq çərçivə əlifbanı hazırladı. Bu layihə Azərbaycan dilçiləri tərəfindən də bəyənildi və az bir düzəlişlə Azərbaycanda tətbiq olunması haqqında qərar verildi. Uzun müddətli hazırlıq işlərindən sonra ulu öndər Heydər Əliyevin fərmanı ilə 2001-ci ilin avqust ayının birindən etibarən ölkəmizdə latın qrafikalı Azərbaycan əlifbasına keçildi.Onu da qeyd edək ki,bu qrafika 1929-39-cu illərdə istifadə olunmuş variantdan xeyli təkmil idi və Türk dünyasının əlifba birliyi ideyasının həyata keçirilməsinə xidmət edirdi. Bu sahədə Ə.B.Ərcilasunun bir neçə kitabı da işıq üzü gördü: Bugünkü türk əlifbaları (Ankara,1977), Örnəklərlə bugünkü türk əlifbaları (Ankara,1990). Bu yaxınlarda yubilyarın bu strateji məsələyə yenidən qayıtdığını da müşahidə etdik (Yeni çağ qəzeti 01.10.2017)..Məsələ bundadır ki, 2017-ci ilin ortalarında Qazaxıstanda yeni latın qrafikasına keçid haqqında dövlət səviyyəsində qərar verilmiş və ölkə dilçiləri yeni əlifba layihəsini təsdiq ounmaq üçün parlamentə təqdim etmişlər. Ə.Ərcilasunun fikrincə çox təəssüf ki, Qazaxıstanın əlifba layihəsi Türkiyə, Azərbaycan və Türkmənistanın əlifbalarından çox fərqlidir və bu ümumtürk əlifba birliyi ideyasından çox uzaqlaşmaq deməkdir. Müəllif bu layihəyə öz etirzaını bildirmək üçün mətbuatda "Alfabeye Stalin'den daha büyük kötülük" adlı məqalə ilə çıxış etmişdir. Həmin məqaləsində əlifba layihəsində 25 hərfi işarənin qəbul olunmasının nəzərdə tutulduğunu, çəngəlli samit hərflərin qoşa hərfi işarə ilə işlədilməsinin  təklif edildiyini (ğ,ş,ç,j,ə,ö,ü yerinə gh, sh, ch, zh, ae, oe, ue)  müəllif qəbuledilməz  hesab edir.Yeni əlifba məsələsində bu layihənin Qazaxıstanda irəliyə doğru yox, geriyə doğru addım olacağını, əlifba məsələsinə Stalindən də daha betər zərbə vuracağını vurğulayır.

Prof. dr. Əhməd B.Ərcilasun 1993-cü ilin  sonunda Türk Dil Qurumunin sədri təyin olundu. Qurumun sədri olduğu 7 il ərzində Türkologiya və Türk dünyası ilə əlaqədar bir çox toplantılar təşkil etdi; Türk dünyasında düzənlənən toplantılara Türk Dil Qurumunun iştirakini təmin etdi. Türk Dil Qurumunun akademik bir Qurum halına gəlməsi üçün böyük əmək sərf etdi. Bunun üçün elmi çalışma və yayınlara sürət verdi. Türkologiyanın təməl əsərlərindən bir çoxunun Qurum tərəfindən yayınlanmasını təmin etdi. Bir çox layihə başladaraq tarixi qrammatika və lüğətlərin, Türk dünyası dastanlarının nəşr edilməsinə nail oldu. Bu dövrdə alim Türk dünyasının Türkiyə Cumhuriyyətinin elmi inkişafında göstərdiyi xidmətləri ümumiləşdirən bir neçə məqalə yazdı. Bundan əlavə, Türk dünyasının dil və ədəbiyyat məsələlərindən bəhs edən onlarla məqalə qələmə aldı. Burada Dədə Qorqud dastanları, Oğuz xaqan dastanı, qırğızların Manas dastanı,  Hüseyn Cavidin dili haqqında yazdığı məqalələr xüsusilə diqqəti cəlb edir. Ə.Ərcilasun bu elmi məqalələri toplayıb tərtib edərək "Türk dünyası üzərinə incələmələr" (Ankara,1998) adı ilə nəşr etdirmişdir.

2001-ci ildə Türkiyə-Qırğızistan Manas Universitetində öyrətim üyəsi, bölüm başqanı və dekan əvəzi olaraq işlədi. 2002-ci ildə Türkiyəyə dönən Ərcilasun Qazi Universiteti Ədəbiyat fakültəsi Türk dili və ədəbiyyatı bölümündəki işinə davam etdi. Onu da qeyd edək ki, Ərcilasun XXI əsrin ilk illərindən etibarən özünü sırf elmi yaradıcılığa verdi Elə bu illərdə (2004) çoxdan üzərində işlədiyi "Başlanğıcdan XX yüzyıla türk dili tarixi" kitabını hazırlayıb "Akçağ" nəşriyyatında çap etdirdi.

Bu monoqrafiya-dərslik Türkiyədəki ali məktəblərin türk dili və ədəbiyyat bölümü müəllim və tələbələrinin stolüstü kitabı kimi bu gün də böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, hələ XX əsrin 50-60-cı illərində İstanbul Universitetinin professoru məşhur türkoloq, həmyerlimiz Əhməd Cəfəroğlu iki cildlik "Türk dili tarixi" monoqrafiyasını ilk dəfə qələmə almışdır. Ə.Cəfəroğlu bir çox dünya dillərini bildiyinə görə o dövrün verdiyi imkanlar səviyyəsində ilk dəfə bir türk düşüncəsi ilə belə bir mükəmməl əsər yaza bilmişdi. Amma məsələ bundadır ki, həmin kitabda müəllif bəzi hallarda mövzudan kənara çıxırdı, digər tərəfdən isə ömür vəfa etmədiyinə görə müəllif ancaq XVI əsrə qədərki ümumtürk dilinin tarixini əhatə edə bilmişdi. Ona görə də bu sahədə müəyyən boşluq yaranmışdı. Ə.Ərcilasunun "Başlanğıcdan XX yüzyıla türk dili tarixi" monoqrafiyası məhz həmin boşluğu doldurmağa, Türkiyə türkoloqlarının ehtiyacını ödəməyə xidmət edirdi. Ə.Bican Ərcilasun Ə.Cəfəroğlunun xidmətlərini də qeyd etməklə artıq  XXI əsrdə türkologiyanın inkişafı səviyyəsində türk dili tarixini yenidən araşdırmağın zərurət halını aldığını göstərir. Ona görə də bu kriteryalar əsasında və türkologiyanın yeni elmi nailiyyətləri səviyyəsində yazılan bu dərslik-monoqrafiya nəşr olunan kimi elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı və indiyə qədər bir neçə dəfə təkrar nəşri həyata keçirilmişdir. Müəllif 15 fəsildən ibarət olan kitabında ümumiləşdirmələrə, elmiliyə, faktlara, türkologiya elminin son nailiyyətlərinə geniş yer vermişdir. Kitabda çox öyrənilən mövzulara həcm nəzərə alınaraq az yer verilmiş, az öyrənilmiş mövzuların tədqiqinə daha çox yer ayrılmışdır.Məsələn, müəllif burada məhz bu səbəbdən göy türk abidələrinin öyrənilməsinə az yer ayırmış, ancaq qədim uyğur abidələri və cağatay dili abidələrinin tədqiqinə daha çox yer vermişdir.

Bu kitabdan bir qədər sonra Ərcilasun türkologiya sahəsində daha ağır və mühüm bir işin altına girdi. O, prof. dr. Ziyad Akkoyunlu ilə iyirmi il öncə başladıqları "Divani-lüğət-it-türk" tərcüməsini 2008-ci ildə yenidən ələ aldı. Ərcilasun və Akkoyunlu çalışmalarını 2011-ci ildə tamamlayıb 2014-cü ildə Türk Dil Qurumunda bir cild şəklində nəşr etdilər. Məlumdur ki, dünya dilçiliyində tarixi-müqayisəli metodun ilk nümunəsi olan M.Kaşğarlının "Divani-lüğət-it-türk" abidəsi türk dilçiliyinin XI əsrdə meydana çıxmış ən önəmli əsəridir. Bu əsər uzun müddət diqqətdən kənarda qalmış, ilk dəfə ancaq 1915-1917-ci illər arasında Kilisli Müəllim Rifət tərəfindən nəşr edilmişdir. Bu əsərin türkcə tərcüməsi isə 1939-41-ci illər arasında üç cild şəklində İstanbulda işıq üzü görmüşdür.Əsəri türk dilinə Besim Atalay tərcümə etmişdir. Onu da qeyd edək ki, Besim Atalay nəşrində sözlərin oxunuşu və türkcəyə tərcüməsində çoxlu səhvlərə yol verilmişdir. Bundan əvvəl hələ 1937-ci ildə Bakıda bu əsərin tərcüməsi Səid Xocayev tərəfindən həyata keçirilib nəşrə təqdim olunmuş, ancaq alimin güllələnməsi ilə əlaqədar nəşr olunmamışdır. Sonralar bu əsərin tərcüməsi bir neçə ölkədə tərcümə edilərək nəşr olunmuşdur.. Bunların içərisində ən mükəmməli 1982-85-ci ildə Amerika Harvard Universitetinin nəşriyyatında çap edilmişdir.İngilis dilinə tərcümə edilmiş bu əsəri Robert Dankoff və Cames Kelli hazırlamışlar.Ə.Bican Ərcilasunun Ziyad  Akkoyunlu ilə birlikdə hazırladığı yeni nəşrdə əvvəlki nəşrlərdəki bütün xətalar düzəldilmiş,yeni tədqiqat metodu əsasında abidənin tam mətni hazırlanmış, bu sahədəki problemlər demək olar ki, aradan qaldırılmışdır.

Ə.Bican Ərcilasun türk dillərinin qrammatikasının öyrənilməsi istiqamətində də xeyli iş görmüşdür. Belə ki,"Türk dillərinin müqayisəli qrammatikası" adlı kollektiv əsərinin "Feil" bölməsi Ərcilasunun qələmindən çıxmışdır (Ankara,2007). Burada türk dillərindəki feil kateqoriyası tarixi-müqayisəli aspektdə zəngin dil materialı əsasında araşdırılmışdır.

Əhməd Bican Ərcilasun 67 yaşını doldurduğu 2010-cu ildə ali məktəb müəllimlərinin yaş senzi qanununa görə Qazi Universitetindən təqaüdə ayrıldı. Buna baxmayaraq Universitetdə bir neçə il daha magistrant və doktorantlara dərs verdi.

Universitetdə 20 ildən bəri rəhbərlik etdiyi "Pərşəmbə seminarları"na Ərcilasun bugün də davam etməkdədir. Eyni zamanda "Dil araşdırmaları" adlı elmi jurnalın təsisçisi və baş redaktorudur. Elmi araşdırmalara ara verməyən Ərcilasun bir yandan da çeşidli universitetlərdə konfranslar verməkdə, konqre və simpoziumlara qatılmaqdadır. 

Əhməd Bican Ərcilasunun son əsəri 2016-cı ildə "Dərgah" Yayınlarında çıxan "Türk Kağanlığı və Türk Bengü Taşları"dır. Bu əsər runologiya tarixində böyük elmi əhəmiyyət daşımaqdadır.Məlumdur ki, Ərcilasun göytürk yazılı abidələrinin tədqiqi ilə uzun illərdir yaxından  məşğul olur. Bu zəhmətkeş alim yuxarıda qeyd etdiyimiz kimi 45 gün Monqolustanda ezamiyyətdə olmuş, Orxon və Yenisey abidələrini bilavasitə yerindən görüb təhqiq etmiş, bu külliyyatı dərindən araşdırmışdır. Bizcə, "Türk kağanlığı, türk bəngü taşları" monoqrafiyası bu uzunmüddətli axtarışların yekunu kimi meydana çıxmışdır. Üç bölmədən ibarət olan monqrafiyada I bölmədə göytürklərin tarixi ilk dəfə Çin mənbələri və türklərin göytürk abidələrindəki öz söylədikləri əsasında araşdırılmışdır.

II bölümdə göytürk abidələrinin tarixdə və bu gün öyrənilməsi məsələsi araşdırılmış, bu yazılı abidələr türklərin ilk dil və ədəbiyyatının materialı kimi təhlil edilmişdir. Kitabın III bölməsi daha çox diqqəti cəlb edir. Burada Kül təgin, Bilgə xaqan və Tonyukuk abidələrinin tam  orijinal mətni, transkripsiyası və türkcəyə tərcüməsi verilmişdir. Bu bölmənin ən diqqətəlayiq məziyyəti ondan ibarətdir ki, burada yeni düzəltmə, oxuma və tərcümə təşəbbüsləri həyata keçirilmişdir.

Əhməd Bican Ərcilasun elmi fəaliyyət ilə yanaşı ədəbi-bədii yaaradıcılıqla da məşğul olur, romanlar qələmə alır. İlk nəşri Ötükən, ikinci nəşri "Akçağ" yayınları arasında çıxan "Gülnar" romanında Daşkənddəki Altaistika konfransından izlər vardır. Akçağ yayınları arasında ikinci dəfə nəşr olunan postmodern səciyyəli "2BA - Bədən Beyin Akımı" romanında qəhrəmanın 2BA adı verilən ruhu tarixin müxtəlif dövrlərində dolaşır. "Türkün Kayıp Kitabı - Ulu Han Ata" adlı üçüncü romanı da Akçağ yayınlarından çıxmışdır. Ərcilasun bu romanını çox qədim bir türk əfsanəsi üzərində qurmuşdur.

Xalqımızın yaxın dostu olan Ə.B.Ərcilasun Azərbaycan dili və ədəbiyyatında xüsusilə müstəqillik illərində gedən ədəbi prosesləri dərindən izləyir, bu ədəbiyyatın Türkiyədə fədakar təbliğatçılarından biri də Ə.B.Ərcilasundur. O, Rüstəm Behrudi yaradıcılığının Türkiyədə tanınmasında müəyyən iş görmüş, şairin bədii yaradıcılığı haqqında sanballı məqalələrlə mətbuatda çıxış etmişdir. Bir neçə dəfə Azərbaycanın qonağı olmuşdur. Təsadüfi deyildir ki, görkəmli türkoloq 2014-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə fəxri doktor  adına layiq görülmüşdür.

Görkəmli türkoloq Əhməd Bican Ərcilasunu anadan olmasının 75 illiyi münasibətilə ürəkdən təbrik edir, bu dünya şöhrətli böyük alimə cansağlığı və bol yaradıcılıq uğurları arzu edirik.

 

Əbülfəz QULİYEV

AMEA-nın müxbir üzvü

 

Ədəbiyyat qəzeti.- 2018.- 13 yanvar.- S.14-15.