SALAM

 

Ey yalın

ancaq yanlış bir addım atmayan ayaqlar,

salam...

 

Salam,

ey qabar tökən,

amma heç vaxt çörəyə çatmayan əllər...

 

Ey ikiqat olub da bir hüzurda əyilməyən bellər,

salam...

 

Halımıza ağlamayan gözlər,

sizi salamlayıram...

 

KÖK

 

Bir dağ zirvəsinə işləyən köküm

həm yerin təkinə gedir...

çoxdu köklərim-

arzu-bir kök,

ümid biri,

sevgi digəri...

kökümüz su içir

ən gur alovdan,

ən iti yanan oddan da...

evimin divar daşına,

qapımın dəmir cəftəsinə,

hətta

pəncərədən içəri süzülən gün şüasına

işləyən köküm...

saçaq-saçaq köklərim-

bir palıd kökü,

bir zanbaq kökü,

bir sünbül kökü...

ayı, ulduzları, günəşi göydə

                       saxlayan köklər var yəqin...

isti bir salama uzanan əlim,

əyilən başım,

haqq deyə çarpan ürəyim-

bunlar da köküm...

atəşdə bir köküm, suda bir köküm,

atəş bir köküm, su da bir köküm...

torpağa kök atmaq deyirəm ha,

elə bu torpaq ana köküm-

kökümdən kök ayrılır,

gövdə ayrılır,

budaq ayrılır...

insan

özü özünün köküdü həm

görürəm... yazı masam-

mən ona da kök atmışam...

 

NEMƏT...

 

Bir addım atırsan ha,

nemətdi,

nemətdi hər dəfə

nəfəs alıb-verməyin ...

Sağına kölgə, soluna gün düşür-

nemət,

min-min güldən qismətinə bir gül düşür-

lap çox nemət...

Nemət bil xoş qılığını, təbəssümünü,

dilləndirirsən bir qəlbin sarı simini-

nemət...

Süfrəndə quru çörək, yavanlığı bir baş soğan,

gedirsən, gedirsən

dönmürsən doğru bildiyin yoldan...

Şirin-şirin gülümsəmən, salamın,

haqqa əbədi inamın-

nemət...

aparsan, gətirsən,

bax, bu dünyada qoyub, götürsən,

nemət...

 

Gecə nemət,

gündüz nemət,

bir ovuc su - bir ovuc okean,

                        bir ovuc dəniz, nemət

şeir ən əziz nemət!..

 

KÖHNƏ BAYATI

 

Köhnə bayatıdı desəm sənə,

Köhnə bayatıdı ən təzələr ...

Köhnə bayatıdı bu şeir, qardaş,

Köhnə bayatıdı bu nəğmələr ...

 

Yeni bir səs, nəfəs... köhnə bayatı...

Həmişə çətindi təzəni görmək...

Axı, zamandan hünər sayılıb

Ağla qaradakı təzadı görmək...

 

Köhnə bayatıdı de, göyə səslən,

Köhnə bayatıdı de, yerə səslən...

Səsin çatmayacaq öz qulağına,

Min kərə haraylan, min kərə səslən...

 

Ən alt qata enib lap üstə çıxmaq,

Min ilin sözü ... köhnə ki olmaz...

Köhnə bayatıdı deyib durursan;

Şeirin təzəsi, köhnəsi olmaz...

 

***

 

...Hər kəs

mütləq ömründə bir dəfə

"evrika!"qışqırır

bir Bisütun çapır ocağı üçün

ürəyindən od götürür

dərinlərə baş vurub incilər tapır

ancaq üzünə həmişə örtülü qalır

arxasında o adamın özü olan bir qapı...

 

KÖLGƏ

 

...Bax, gün işığı da

sanıram kölgədi üstümüzdə,

yaxından-uzaqdan

bir dua, bir xoş söz ...

 

kölgə...

bir tikə çörəyin... kölgəsinə heç qaçdınmı sən,

bir qurtum suyun... kölgəsinə uçdunmu...

 

mən

bilsən, qədər çox-

bir yarpağın kölgəsini istəyirəm.

kölgə torpağın üstünə düşür,

mən üstümdə bu torpağın

                        kölgəsini istəyirəm...

yer altında kökün kölgəsi var,

yer üstə ağacın,otun üstünə düşər...

 

***

 

ağacdakı yarpağın

yerə düşən yarpağa dediyini eşitdim:

-bax,sən artıq xoşbəxtliyə qovuşdun...

 

NECƏ OLUR...

 

Hərdən

boş-boşuna

xəyallar quranda da

dizimə, qoluma güc yığılır...

Necə olur,

çiynimə heç yük almadan

cavabdehliyini daşıyıram ağır bir yükün...

Bir atəşböcəyinin

mənə verdiyi işıq ümidindən

güc aldığım var...

Əyilib yerdən götürdüyüm bir ovuc torpaq

bir ovuc gücdü-

çoxdan çox...

Necə olur,

bir çaya

baxa-baxa

ürəyimə sanki güc axır,

üstümə düşüb bədənimdə gücə çevrilir

gün işığı

bütün bunların içində

gücsüzlüyüm-

bu, necə olur...

 

ÇÖRƏK KƏS…

 

Təndirdən evəcən

bir damcı yolda

analarımız hər gördüyünə-

uşağa, böyüyə

ürəkdən bir "çörək kəs" deyərdi:

ay qonşu, çörək kəs,

ay filankəs, ay bəhmənkəs

çörək kəs

süfrələrin bərəkəti,

ağzımızın ləzzəti ondandı yəqin;

görünür, tabağın dolu olmasından öncə

dolu olması gərək qəlbin

…"çörək kəs"…göz gülər,

üzdə sevinc işarardı.

o bir kəlmədə

bir dünya məhəbbət vardı;

təndirin həniriynən hənirlənən,

təzə çörəyin ətriylə

            ətirlənən o sözlər, sözlər

Çörək kəs, necə bir sevgi,

Çörək kəs, necə bir sayğı,

Çörək kəs, yəni toxluq olsun,

yəni olmasın bir-birindən küsənlər,

bir-birinin çörəyini kəsənlər

 

Biləsuvar

 

Şakir XANHÜSEYNLİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 20 yanvar.- S.30.