Ritmin və ahəngin harmoniyası  

 

Yusif Həsənbəyin 85 illiyinə

 

Əməkdar incəsənət xadimi Yusif  Həsənbəy keçən əsrin 50-ci illərində ədəbiyyata gələn, öz şair fərdiyyətini isə 60-cı-illərdən başlayaraq təsdiqləyən, uzun onilliklər - altmış ildən artıq bir zaman müddətində məhsuldar yaradıcılıq axtarışları aparan, özünəməxsus üslubu, poetik dəsti-xətti ilə seçilən qələm sahiblərindən biridir. Onun ilk mətbu şeiri 1954-cü ildə "Azərbaycan" jurnalında işıq üzü görüb. "Təhsildən qayıdarkən" adlı bu şeir dövrün yaradıcılıq təcrübəsini və axtarış meyillərini kifayət qədər nümayiş etdirirdi. Şeirdə ifadə olunan fikrin və ideyanın real gerçəkliklərin, canlı surətlərin iştirakı ilə verilməsi dövrün yaradıcılıq ənənəsindən irəli gəlirdi.

60-cı illərdən başlayaraq Yusif Həsənbəyin yaradıcılığı yetkinlik və kamillik mərhələsinə qədəm qoyur. Təsadüfi deyil ki, şeirə və ümumən yaradıcı düşüncəyə həmişə ciddi və tələbkarlıqla yanaşan xalq şairi Rəsul Rza yerli və mərkəzi (keçmiş ümumittifaq) mətbuatında dərc etdirdiyi məqalələrində o dövrün ümidverən gənc ədəbi qüvvələri sırasında Yusif Həsənbəyin də adını çəkir, imzasını xatırladır. Əlamətdar haldır ki, Yusif Həsənbəy ustad sənətkarın bu etimadını doğrultmuş, şeirin çətin yollarında uzun illər özünəməxsus səbr və təmkinlə addımlamış, ədəbi ictmaiyyətin və çoxsaylı oxucuların rəğbətini qazanan əsərlərlə dövri mətbuat səhifələrində çıxış etmiş, kitabları nəşr olunmuş, belə bir fasiləsiz təmas və ünsiyyətdə öz şair "məni"ni təsdiqləmişdir. Onun poeziya haqqında, şeirin ecazkar sənət və yaradıcılıq hadisəsi olmaq xüsusiyyəti barədə düşüncə və təəssüratlarında bunun real əlamət və təzahürü görünməkdədir. "Poeziya" adlı poetik məramnamə xarakterli şeirində şair öz sənət kredosunu belə bəyan edir:                     

 

Üzünü hər çatana

Göstərmə, poeziya.

Demirəm yollar kəsib,

Baş üzənə, nadana,

Hətta adi bir gölə,

Bir quşa daş atana

Göstərmə, poeziya.

 

Səni çıraqla gəzim

Azsan, daha da az ol.

Yazılsan, sən Füzuli

Mərtəbəsində yazıl.

 

Yusif Həsənbəyin yaradıcılığında lirika aparıcı yerlərdən birini tutur. Şairin rübabi şeir çələngində lirik hisslər, sevgi və məhəbbətlə süslənmiş duyğusal düşüncələr axarı özünün əlvan palitrası ilə seçilir. Burada Vətən, yurd sevgisi bütün sevgilərin fövqündə dayanır. Doğma el-obadan öz başlanğıcını götürən böyüyərək geniş miqyas alan Vətən sevgisinin əsasında ritorik tərənnümdən tamamilə uzaq olan konkret anlayışların, predmetlərin dayanması Yusif Həsənbəy poeziyasının ararıcı məziyyətlərindən biri kimi üzə çıxır. Əgər 70-80-ci illərdə şair dünyanı təşvişə, əndişəyə salan atom hədə və təhdidlərindən, tarixin və insanlığın Xirosima faciələrindən vətəndaşlıq narahatlığı ilə söz açırdısa, bundan tamamilə fərqli bir mənzərəni: Qarabağın xoşbəxt, qayğısız günlərini, sadə insanların həyat eşqini, qurub-yaratmaq əzmini vəcdlə, ehtirasla tərənnüm aparıcı mövqe qazanırdısa, iyirminci yüzilliyin sonlarına doğru milli ədavətin, yersiz ərazi və torpaq iddiaları ilə şər və məkr girdabına sürüklənən bədnam qonşuların bəd əməlləri, bu dilbər guşənin başının üstünü zaman-zaman alan qara buludlar  Qarabağın nisgilli taleyindən dolayı yaşantılar, narahat anlar da vətəndaş duyğusu və təəssübkeşliyi ilə dilə gətirilir. Bu, həm də şairin yaradıcılığında ictimai məzmun və mündəricənin yeni çalar və keyfiyyətləri kimi üzə də çıxır:                                                               

 

Dağıdılmış yuvamdı Qarabağım!

Al qumaşı Paris salonların işıq saçan

İndi şöləsi korun-korun işaran

Sısqa bir şamdı Qarabağım!

 

Nümunə gətirdiyimiz bu həyəcandan, təlaşdan yoğrulan misralar Yusif Həsənbəyin "Cənnətin bağlı yolları" adlı poemasındandır. Onun Vətən coğrafiyasında boya-başa çatdığı Qubaya, füsunkar təbii gözəllikləri ilə insanı heyrətləndirən Xaçmaz və Nabran kimi bu bölgəyə yaxın ərazilərə məxsus lövhələrin, insanı ülviyyətə, mənəvi ucalığa çağıran mənzərələrin sözlə çəkilən tablolarına da rast gəlmək olur. Bu şairin məhəlli düşüncədən çox uzaq olan böyükhərfli Vətən obrazının poetik təcəssümünün bütövlüyünə, tam halda təqdiminə hesablanan bir cəhd kimi dədəyərləndirilə bilər. Saf isani hisslərin,sevgi və məhəbbət kimi ülvi duyğuların tərənnümü də şairin yardıcılığında mühüm yerlərdən birini tutur. Belə lirik düşüncələr silsiləsinin bir mətn olaraq nəğmə, mahnı effektinə çevrilmə imkanları Yusif Həsənbəy poeziyasının başqa bir mahiyyətindən xəbər verir. Şairin "Mahnılar" kitabını nümunə göstərmək kifayətdir ki, bu sahədə müəyyən təsəvvür yaradılsın. Mahnılarında da şairin Vətən, yurd sevgisi, insanı sevgi dolu bir həyat yaşamağa səsləyən məqamlar qabarıq nəzərə çarpır:                                  

 

Arzu sənin

Dilək sənin,

Nəğmə dolu

Ürək sənin.

 

"Bakı"adlı mahnının nəqərat hissəsi

 

Və yaxud:

Yaşıl çəmənə

Döşənib xalı,

Qızlar oynayır

Əli xınalı.

Yel əsdirir

Örpəyi, şalı...

 

"Xoşbəxt olsunlar"adlı mahnının nəqəraq hissəsi

 

Maraq doğuran bir cəhət də odur ki, mahnı mətnlərindəki nəqərat hissələrinin çox vaxt elə müəllif tərəfindən birbaşa, bəstəkar işi kimi hazır şəkildə təqdimi sözlə musiqinin vəhdəti, bir-birini tamamlayan məqamlar barədə fikir yürütməyə əsas verir. Nəğməkar şairin mahnı yaradıcılığı üç yüzdən artıq nəğmə mətnini özündə ehtiva edir.

Janr əlvanlığı, ayrı-ayrı yaradıcılıq sahələrində eyni məhsuldarlıqla fəaliyyət göstərmək Yusif Həsənbəyin ümumi yaradıcılığında nəzərə çarpan başlıca xüsusiyyətlərdən biridir. Bu baxımdan onun epik şeir sahəsindəki fəaliyyəti həyat və zaman haqqında, insanın bu iki qütb arasında sevinclə, əzab və ziddiyyətlərlə əvəzlənən çarpışmalarda dözüm və mətanəti təhkiyənin əsas hədəfinə çevrilir. Bu, "Buhenvald" və "Sınaqlarda sınmazıq biz", "Sonu görünməyən karvan" kimi müxtəlif illərdə qələmə alınan poemaların başlıca qayəsini, estetik idealını miqyaslı şəkildə görüntüyə gətirmək əzmindədir.

Nəsr və dramaturgiya sahəsində də eyni peşəkarlıqla yazıb-yaratmaq səriştəsi şübhəsiz ki, Yusif Həsənbəyin yaradıcılıq imkanlarının çoxşaxəli və coxcəhətli xarakterindən xəbər verir. Bir qədər əvvəl xatırlatdıq ki, Yusif Həsənbəyin poeziyasında sözün yaxşı mənasında nəsrvari element və təfərrüatlar onun fərdi üslubundan irəli gələn bir xüsusiyyətdir. Şübhəsiz ki, belə bir yaradıcılıq şakəri onun poeziyasına həm də orijinal, fərqli keyfiyyətlər aşılayır. Belə bir xarakterik yaradıcılıq məziyyətinin onun nəsr və dramaturgiya sahəsindəki yaradıcılıq axtarışlarına sirayət etməsi əslində həyat materialının ədəbi növ   janr qəliblərinə yerləşmək tələb və ehtiyacından yaranır ki, bunu sübut etməyə elə bir ehtiyac da yoxdur. Onun 1997-ci ildən başlayaraq qələmə aldığı, hər addımı gözlənilməz həyati təhlükələrlə dolu olan cəsur peşə sahibləri-dənizçilərin həyatından bəhs edən "Sualtı döyüşlər" romanı buna bir yaxşı nümunə kimi göstərilə bilər. Nəsrin geniş epik lövhə və təsvirlər, surət və xarakterlər aləminin genişliyi ilə seçilən bir janrına müəllifin birbaşa və gözlənilməz keçidi, sözün həqiqi mənasında, dalğalar qoynunda səyahəti zamanı gördüyü, yaxından müşahidə etdiyi insan talelərini, həyat həqiqətlərini, onun gözlənilməz sürpürüzləri ilə əlaqə və vəhdətdə canlandırmaq eksperementi, yaradıcılığın tamamilə fərqli bir sahəsində elə dənizçi həyatında tez-tez baş verən risk və manevrləri xatırlatmırmı? Vaxtilə mərhum xalq yazıçısı Qılman İlkin "Şair-nasir" adlı yazısında bunu Yusif Həsənbəyin yaradıcılığında yeni bir dönüş və mərhələ kimi yüksək qiymətləndirərək yazırdı: Onun birdən-birə nəsrə keçməsi, düzü hamını, o cümlədən məni də təəccübləndirdi. Çünki o bunu tədriclə deyil, birdən-birə etmiş, ağır bir yükün altına girmişdi. Onun ilk nəsr əsəri "Sualtı döyüşlər" adlı roman idi. Romanı oxumamışdan düşünürdüm ki, o nə cəsarətlə nəsr sahəsindəki fəaliyyətini belə ağır bir romanla başlayıb və özüm də onun bu işdə şübhəsiz uğursuzluğunu düşünürdüm. Lakin əsəri oxuyub qurtarandan sonra onun istedadına məəttəl qaldım. Əsərdə dənizdə, gəmidə baş verən hadisələr möhkəm bir qələmlə təsvir olunurdu..."

Nəsr sahəsində ilk debütün uğurlu bir ədəbi hadisə kimi dəyərləndirilməsini təsbit edən bu tipli mülahizələrdən kifayət qədər nümunələr gətirmək olar. Ancaq təfərrüata varmadan şeirlə nəsrin belə bir transferində digər bir sahənin-publisistikanın şairanə bir tərzdə burada iştirakını da görmək çətin deyil. Şair təbiətli yazıçının "Sarı Çalı", "Onu çağırırdılar", "Buzqıran yol açır", "Təkan" povestləri, ayrı-ayrı hekayə və oçerkləri uzun və ləngərli, şeir qədər hisss-emosional nəsr yaradıcılığından bəhs etməyə də kifayət qədər əsas verir. Yusif Həsənbəy dramaturgiya sahəsində də qələmini sınamış, onun "Yıxılanı qaldırın", "Sehirli üzük" pyesləri dövlət teatrlarının səhnəsində, "Ayı kürkü", "Dağlarda işıq" əsərləri isə mərkəzi televiziya ekranlarında özünün tamaşa təcəssümünü tapmışdır.

Sovetlər dönəmində Moskvada Yusif Həsənbəyin "Çay dənizə tələsir", "Dəyirman", "Mahnılar üçün quş yuvaları" adlı şeir topluları, Türkiyə, Özbəkistan və Bolqarıstan mətbuatında isə şeirləri tərcümə olunaraq oxucuların ixtiyarına verilmişdir.

Yusif Həsənbəy tərcümə sahəsində də məhsuldar fəaliyyət göstərmiş, Qərbi Avropa və Asiya şairlərinin şeirlərindən seçmə nümunələri Azərbaycan dilində səsləndirmiş, "İnadkar sətirlər" adlı antologiya hazırlayaraq nəş etdirmişdir. İndi Yusif Həsənbəy yaşın və yaradıcılığın yeni bir mərhələsinə qədəm qoyur. Yaş səksən beşdən doxsana, yaradıcılıq fəaliyyəti isə tamamilə yeni impulslara rəvac verən axtarışlara doğru istiqamət götürür. Ömrünün səksən beşinci aşırımından geriyə boylananda Yusif Həsənbəy özünün məhsuldar yaradıcılıq zəhmətinin bəhrəsi olan çoxsaylı əsərlərinin taleyindən tam əminliklə deyə bilərik ki, nigarançılıqdan uzaq bir hissiyyatlar keçirə biləcəyi əsla şübhə doğurmur, ancaq irəlidə yaşanacaq illərin və yaradıcılıq axtarışlarının taleyi bir "gəmi kapitanı" kimi onun öz əlindədir.

 

Qürbət Mirzəzadə

 

Ədəbiyyat qəzeti.- 2018.- 20 yanvar.- S.28.