Günel Arif Nur:

"Nə böyük qürurdur bir övlad üçün

Atasının təmiz adının miras qalması"

 

"Ədəbiyyat qəzeti"nin "Ömrümün keçdiyi sahildən uzaqlaşdıqca" layihəsinin budəfəki qonağı mərhum alim, uzun müddət AYB-nin katibi işləmiş Arif Əmrahoğlunun qızı Günel Arif Nurdur. O, atası haqda xatirələrini oxucularımızla bölüşür.

- Günel xanım, xəyallara dalmaq, xatirələrlə baş-başa qalmaq ötənləri yaşamaqdır, əslində. Ötən günlərə qayıtmaq, xəyalən də olsa, ürəyinizcədir?

- Mən özümü çöx şanslı hesab edirəm. Şanslıyam ki, 26 yaşıma qədər atam yanımda olub. Bu yaşıma qədər onunla bağlı xatirələrimi toplaya bilmişəm.

Atasını məndən daha tez itirmiş və ya heç tanımaq şansı olmamış insanlar var. Onların mənim kimi gözlərini yumanda yenidən yaşaya biləcəkləri, həmişə diri qalacaq, heç kimin əllərindən ala bilməyəcəyi xatirələri yoxdur. Mənim isə var. Mən çox şanslıyam.

- Qız uşaqları atalarının ən sevimlisi olur. Səhv etmirəmsə, iki bacı idiz. Hansınızın sevgisi ataya daha çox hiss olunurdu, başqa cür desək, daha çox kim atadan qayğı gözləyirdi?

-Atam öz anasını tez itirdiyindən, atası isə hisslərini çox büruzə verməyən sərt insan olduğundan, balacalıqdan ailə qayğısından məhrum böyümüş, şevgi dolu, şən bir uşaqlığı olmamışdır.

Bəlkə bu səbəbdəndir ki, o, ata olaraq bizə qayğısını heç vaxt əsirgəməmişdir, sevgisini istər sözləri, istər də hərəkətləri ilə həmişə fərqli şəkildə göstərmişdir. Hər axşam evə gələndə və ya başqa bir yerdə görüşdüyümüzdə mütləq ikimizi də öpüb qucaqlayardı.

Bəzən öz otağımızda dərsimizi oxuyanda və ya hər hansı bir işlə məşğul olanda, o biri otaqdan çağırardı "təcili gəlin, təcili", gəlirdik ki, "nə olub, papa?", deyirdi "heç, darıxdım, öpüm, gedin".

Bəzən uğursuz bir gün yaşadıqda, evə yorğun gəldikdə otururdu divanda, bizi də otuzdururdu yanında, növbə ilə ikimizə də deyirdi: "Əlini qoy alnıma, yorğunluğum çıxsın". Birimiz yorulanda, sıra digərimizə keçirdi. Beləcə, saatlarla əlimiz onun alnında, qucaqlaşıb otururduq.

-Yaddaşınızın alt qatına qayıtmaq, kiminləsə də paylaşmadığınız xatirələrinizi bölüşmənizi istərdik. Elə şeylər, elə məqamlar olub ki,  bu, şəxsən sizə aid olsun?

- Uşaqlığımız, atam bunu hiss etdirməməyə çalışsa da, bizim maddi cəhətdən çox çətinlik çəkdiyimiz zamanlara təsadüf edib. Biz meyvəni çox sevirdik, atam nə ala bilməsə də, meyvəmizi heç vaxt əskik etməzdi. Amma heç vaxt o meyvədən əlini uzadıb özü yeməzdi ki, biz rahat və doyunca yeyək.

Bir dəfə, deyəsən, rayondan kimsə alma gətirmişdi, atam da meyvə bol olduğunu görüb, əlini uzatdı ki, birini də o götürsün. Biz bacımla bir-birimizə baxdıq, sonra mən təəccüblə soruşdum: "Papalar da alma yeyir ki?". Atam bu hadisəni həmişə xatırlayıb gülərdi.

Mən təhsilimi Fransada davam etdirdiyimdən, semestr tətillərində və sairədə müxtəlif Avropa ölkələrinə səyahət etmək şansım olurdu. Hara gedirdimsə, ondan soruşurdum:"Papa, sənə bu şəhərdən nə alım?". Heç vaxt heç nə istəməzdi, dövlət təqaüdü alırdım, pulumu hədiyyələrə xərcləməyimə qıymırdı.

Bircə dəfə Çexiyaya gedəndə mənə pul da verdi ki, ordan ona yaxşı bir ayaqqabı alım. Onun üçün ayaqqabını sevərək seçdim, aldım, Azərbaycana gələndə gətirdim. Geyindi, çox bəyəndi. Amma bükdü qoydu yerinə. Hər dəfə soruşurdum, niyə geyinmirsən o ayaqqabıları? Deyirdi gözləyirəm, xüsusi bir gündə geyinəcəm.

Hansı günü gözlədiyini təxmin edirdim. Təəssüf ki, o ayaqqabılar elə də geyilmədi, hələ də şkafında, qutusunun içində təptəzə durur...

- Arif Əmrahoğlu sözün bütün mənalarında ağayana bir kişi, qayğıkeş bir insan idi. AYB-də inanmıram ki, onu sevməyən insan olardı. Sizcə, bu belə idimi, yoxsa kimsə onu da "qaralayırdı"?

- Atam bizi iş mühitindən həmişə tamamilə uzaq tutub. O, mehriban insan olmaqla yanaşı, sözünü daim çəkinmədən deyən, özünə yaraşan tənqidçi üslubu ilə fərqlənən, xoş zarafatları ilə bərabər bəzən kəskin satirik ruhda ifadə tərzi ilə seçilən biri idi. Bu xususiyyələrinə görə hamı tərəfindən birmənalı qəbul edilməyə biləcəyini təxmin edirəm.

- Sizi bir övlad olaraq daima izləyəcək, yaddaşınızdan çıxmayacaq hansı öyüdü qalıb?

- Belə sözlər, məsləhətlər çoxdur... Yadımdadır, ailəmiz və yaxınlarımızla birlikdə atamın 50 yaşını qeyd edirdik. O məclisdə atam kiçik bir çıxış etdi. Yaddaşımdan heç vaxt çıxmayacaq o çıxışı sizə onun öz sözləri ilə çatdırmaq istəyirəm: "Nə vaxtsa Allah mənə verdiyi canı aldıqdan  sonra, mənim balalarım evi axtaracaq, balışların, döşəklərin altına baxacaqlar, lakin görəcəklər heç nə yoxdu. Bəlkə də məyus olacaqlar. Amma bir müddət sonra başa düşəcəklər ki, ataları onlara çox gözəl bir miras qoyub; Təmiz ad. Mənim balalarım heç vaxt heç kimin qabağında atalarına görə utanmayacaqlar."

Sağlığında olduğu kimi, yoxluğunda da atamızın haqqında xoş sözlərdən başqa heç nə eşitmədik. Nə böyük qürurdur bir övlad üçün atasının təmiz adının miras qalması.

Atamın çox gərgin iş rejimi vardı. Biz heç vaxt onun məzuniyyət götürdüyünü, özünə zaman ayırdığını, hər şeydən uzaqlaşıb dincəldiyini görmədik. Həmişə belə olurdu; biz gecə yatanda onu oyaq qoyardıq,  səhər yuxudan oyananda da artıq o, yuxudan oyanmış olurdu. Bəzən təəccüb edirdik;  O, ümumiyyətlə yatırmı, - deyə.

Ağır iş günündən sonra evə gəlmiş olsa da, yemək yeyəndə belə, mutləq bir əlində kitab və ya qəzet olurdu, səhərə qədər də yazırdı.

Lakin nə qədər yorğun olursa-olsun, mütləq bizimlə söhbətləşməyə zaman tapırdı.

-Nədən danışardız, söhbətinizin mövzusu əsasən nə olardı?

- Onunla hər şeydən danışa bilərdik. Gün ərzində baş verənlər, iqtisadiyyat, siyasət, din, ədəbiyyat, məhəbbət. O qədər geniş dünyagörüşünə, o qədər zəngin daxili aləmə malik idi ki...

Onunla mübahisə etmək belə, insana zövq verirdi. Çünki həmişə mübahisə etdiyi mövzulara aid güclü bilikləri, möhkəm arqumentləri olurdu. Və o, bizimlə nə müzakirələrdən, nə də mübahisələrdən qaçmazdı. Əksinə, balacalıqdan, bizi şəxsi fikirləri olan müstəqil fərdlər olaraq görüb, bizə özümüzü ifadə etmək üçün belə imkanlar yaradardı.

Bir dəfə çox yorğun gəlmişdi işdən. Mən də Haruki Murakaminin kitablarını alıb gətirmişdim ki, oxuyum. Kitabları əlimdə gördü,  soruşdu başlamısanmı, dedim hələ yox, sabah başlayacam. Səhər oyananda gördüm kitab əlindədir, sonuna çatıb artıq. Sırf mənim nə oxuduğumu bilmək, sonra mənimlə müzakirə edə bilmək üçün bütün gecəsini sərf edib məndən əvvəl oxuyub bitirmişdi.

- Müxtəlif təbəqənin adamları ilə ünsiyyətdə olub. Qonşular, qohumlar və sair... Necə qonşu idi?

- Atam ümumiyyətlə, mehriban, ətrafdakılar tərəfindən sevilən insan olub. Balacadan böyüyə, hamı ilə dil tapar, hamının könlünü xoş tutmağa çalışardı. "Uzaq qohumdansa yaxın qonşu yaxşıdır" prinsipinə inanırdı, bu səbəbdən qonşuluq əlaqələrinə önəm verirdi.

Bir xatirəmi paylaşım sizinlə: mənim Fransada təhsilimi tamamlayıb Azərbaycana qayıtmağım münasibətilə qonşumuz Eldəniz əmi qurban kəsmişdi və mən əminəm ki, atam da onun övladları üçün eynisini edərdi.

- Borçalıya, ata yurduna tez-tezmi gedirdi? Sizlərə o yerlər haqda nəsə danışırdımı? Bəs daha nələr vardı ki, Arif müəllimi qayğılandıra bilsin?

- Atam deyirdi ki, insan harda yaşamasından asılı olmayaraq, mütləq ildə bir dəfə də olsa, doğulduğu torpaqlara getməlidir.

Borçalıya təəssüf ki, atamın iş rejimindən dolayı tez-tez gedə bilmirdik. Lakin getdiyimizdə bizi mütləq gəzdirərdi. Gəzib gördüyümüz yerlər, el-obanın adət-ənənəsi, mədəniyyəti, Borçalı türkləri haqqında ətraflı məlumat verərdi.

-Doğma yurdda hansı qəribəlikləri olardı?

- O, doğulduğu kəndə gedəndə həmişə ayaqqabılarını, corablarını çıxarıb, ayaqyalın torpağın üzərində şeh otlaqlıqda  uzun-uzun gəzərdi. Niyə belə edirsən, deyə soruşanda, "bədənimdəki və ruhumdakı bütün neqativi torpağa keçirirəm bu üsulla"- deyərdi. Borçalıda, Ağqula kəndində, Arif Əmrahoğlu yox, anasını erkən itirmiş, qohum-qonşunun sevimlisi balaca Arif olardı. Bir az kövrək, bir az küskün, bir az da ərköyün.

Borçalı qayğıları, problemləri həmişə onun üçün prioritet olub. Atam "Borçalı" İctimai Birliyinin təsisçilərindən olmuş və Borçalı türklərinin siyasi, sosial, dini və konstitusion hüquqlarının təmin edilməsi və qorunması üçün əlindən gələni etmişdir.

- Tanınan, sevilən tənqidçi, alim, pedaqoq  idi. Dünyasını dəyişdikdən sonra, necə düşünürsüz, unudulmadı ki? Axı çox təsadüf etmişik ki, insanlarımız unutqan olur.

- Görəsən, neçə insana qismət olub bu dünyadan köçdükdən sonra da yaşamaq? Onun barəsində insan heç keçmiş zamanda danışa bilmir, çünki insan xatırlandıqca yaşayır. Arif Əmrahoğlu xatırlanır. Ailəsi tərəfindən, qohumları, dostları, tələbələri tərəfindən daim xatırlanır. Onun haqqında hələ də yazılır. Onun yazdıqları hələ də oxunur.

Mən onun haqqında yazmaqdan doymuram, bezmirəm. Kaş ki onun kimi qələmim olsaydı, kaş ki içimdəkiləri onun kimi yazıya çevirə bilsəydim... durmadan yazardım. Mən yazdıqca, o yaşayır. Mən yazdıqca o yaşlanır. Amma sifətinin çöhrəsi, təbəssümü heç dəyişmir...

Hər dəfə onun məzarını ziyarət etdikdə, qəbrinin üstündə təzə qərənfillər olduğunu görürük. Onu sevənlər, ərinmirlər, əziz günlərdə və ya heç bir xüsusi səbəb olmadan məzarını ziyarətə gəlirlər, hər birinə təşəkkür edirəm atamın xatirəsini əziz tutduqları üçün.

- İnsanlarımızda unutqanlıq xəstəliyi var. Yaxşılıqları da unudurlar. Yadınıza salın, daha çox kimlərlə oturub-dururdu və bu yaxınlıq dünyasını dəyişdikdən sonra davam etdimi?

-Atamın qeyd etdiyiniz kimi oturub-durduğu insanlar çox olsa da, yaxına buraxdığı,  evimizə dəvət etdiyi, ailəmizə saldığı insanlar o qədər də çox olmayıb. İndi anlayıram ki, bu insanlar etina ilə seçiliblər. Seçiliblər ki, hələ də yaxınımızdadırlar, hələ də bizimlədilər.

-Ailəyə qarşı, xanımına, balalarına qarşı xususi bir münasibəti, tərbiyə  metodu, tövsiyələri necə idi?

-Atam ailəsinə qarşı həmişə diqqətli olub. Bunu göstərməkdən heç vaxt çəkinməyib. Bizim evdə həmişə 21 dekabr anamla-atamın toy günləri xüsusi qeyd olunub.  Atam anamı "dünyanın ən gözəl riyaziyyat müəlliməsi" adlandırırdı, biz də bu uzun ifadə ilə səslənməsinə həmişə gülərdik. Anamız onun ən dəyərlisi idi. Dərdini, problemini, qayğılarını bölüşdüyü yeganə insan idi.

Evimizdə sonuncu gecəmiz idi onunla, dördümüz idik, özünü yaxşı hiss etmirdi, gözləri də zəifləmişdi, amma qoymurdu bizi yatmağa, ordan-burdan söhbətləşirdik, sanki evimizdə sonuncu gecəmiz olduğunu hiss etmiş kimi...

Səhərə yaxın anam dedi ki "Arif, gecdi daha, burax qızları getsinlər yatsınlar, sənin də gözlərin ağrıyır, görmürsən, bu halda oturma", atam da cavabında dedi ki, "neynəyirəm bu gözləri, mənim iki gözüm var onsuz da, biri bir qızımdı, biri o biri qızım". Onu bir az əyləndirmək üçün dedim ki "Papa, biz gözlərinik, bəs onda mama nədi, burnun?". Cavab verdi ki " Yox, maman mənim ürəyimdi"...

Atamın tərbiyə metodu, "azad hiss etdir, amma hiss etdirmədən kontrol et" yönündə idi. Hər bir mövzuda həmişə fikrimizi alıb, seçimlərimizdə bizə yönləndirici məsləhətlər verib, amma azad seçim haqqı tanıyıb, ailəmizi əlaqədar edən qərarlardan öncə "dəyirmi masa" təşkil edilərək müzakirə olunub.

Dostlarımızla, rəfiqələrimizlə münasibətlərimizə müdaxilə olunmayıb, amma yaxın ünsiyyətdə olduğumuz hər bir dost-rəfiqəmizlə ailəvi münasibətlər qurularaq ilk öncə özü tanıyıb. Hər axşam günün müzakirəsində detallara vararaq, incədən məsləhətlər verərək həyatımızdakı insanlar haqqında fikirlərini bölüşüb bizimlə.

Onun sayəsində, indi zamanın da sınağından çıxmış dostlarımız var. Onun sayəsində mükəmməl təhsilimiz, bu təhsildən qazandığımız işimiz var. Onun sayəsində, bu gün öz ayaqları üzərində dura bilən, öz azad seçimləri və fikirləri olan və bu fikirləri ifadə etməyi bacaran, cəmiyyətə xeyir verməyə, faydalı olmağa çalışan müstəqil fərdlərik.

- Arif müəllimin ətrafında sağlam adamlar olardı. Bəs onun dost dedikləri, onu dost olaraq tanıyanlar bu gün görünürmü?

-Atamın tanışları, ünsiyyətdə olduğu şəxslər və ya dostluq etdikləri çox idi. Bəziləri dünyalarını dəyişib, təəssüf ki.

Bəziləri səhhətləri, ailə-məişət problemləri ilə bağlı maraqlana bilmirlər, bəziləri isə çox sağ olsunlar, indi də zaman tapdıqca zəng edirlər, xatirəsini əziz tuturlar.

Biz dünyaya gözümüzü açandan ətrafımızda gördüyümüz Kamran əmimiz (Kamran Əliyev), bir də Muxtar əmimiz (Muxtar İmanov) var ki, onlar atam həyatda olanda necə evimizin içi idilərsə, indi də bizim ailəmiz, dayağımızdırlar. Allah onlara cansağlığı və uzun ömür versin.

-Övladlar valideynlərin həm də əsəridir. siz bir övlad kimi, necə düşünürsüz Arif müəllimin ümüdlərini doğrultmusuz?

-Mən onun yolu ilə həyatıma davam edirəm. Onun izi ilə addımlayıram. Onun həyat prinsiplərini özümə işıq tuturam.

Necə ki o məni utandıracaq heç nə etmədi bu həyatda, mən də onu utandırmamaq üçün çalışıram. Verdiyim hər qərarda o olsa idi, nə məsləhət verərdi deyə, düşünürəm, onun gözlərilə baxmağa çalışıram həyata. Mən onun əvəzinə də yaşayıram. Və ən əsası, onun qoyduğu adımın yanında onun öz adını qürurla daşıyıram daim.

- Günel xanım, atanızın yoxluğunda ən çox nəyə  təəssüf etmisiz, nədə, hansı zamanda yanında olmalıydız, ola bilməmisiz?..

- Mənim onunla bağlı bircə böyük təəssüfüm var, o da, övladımın babasını tanımaq şansından məhrum olmasıdır. O mənim qədər şanslı ola bilmədi... Soruşanda ki "Elmar, baba hardadı?", 1 yaş 4 aylıq oğlum onun divardakı şəklini göstərir...

- Günel xanım, çox kövrək xatirələrlə bizimlə yol yoldaşı olduz, oxucularımızı Arif müəllimin onların bilmədikləri, tanımadıqlarıt tərəfdən göstərdiniz... Hər söhbətinizdə Arif müəllimi gördük...

-O, həmişə bizimlədir...Yoldaşımın siqaret çəkməməsinə baxmayaraq, bəzən evimizin qonaq otağından siqaret iyi gəlir. Yoldaşım axtarır ki,  hardan gəlir bu iy? Axı pəncərə də açıq deyil ki, bu iy bayırdan otağa dola. Mən isə o siqaret iyinə gizlində sevinirəm. Elə bilirəm atam bizə qonaq gəlib...

 

Söhbətləşdi: Faiq Balabəyli

 

Ədəbiyyat qəzeti.- 2018.- 27 yanvar.- S.4-5.