Xəlbir və ney

 

Üç hissəli oyun

 

İştirakçılar:

Diri adam

İgid

Təlxək

Kişi tamaşaçı

Qadın tamaşaçı

Gənc tamaşaçı

II Kişi tamaşaçı

Naməlum adam

Nəzarətçi qız

 

                                I hissə

 

Qaranlıq mağara. Mağaranın küncündə bir şam yanır. Yüz illərdir yanır bu şam. Şamın üzünü işıqlandırdığı yaşsız adam hələ də yaşamaqdan yorulmayıb. Üzü, əlləri yüz yerdən çat verib, cadar-cadar olmuş torpaqdır elə bil. Əynindəki yun parçadan xirqəsi də torpaqdan seçilmir. İçəridə bəni-insan nəfəsini duyunca torpaq rəngində olan saqqalı azca tərpənir. Göz qapaqları min ilin ağırlığını qaldırırmış kimi çətinliklə açılır.

Diri adam  Yol səni gətirdi, ya özün gəldin?

İgidin sinəsi körük kimi qalxıb enir. O, bura öz istəyilə gəlməyib, heç mağaranı da tanımır.

İgidYol gətirdi. (Dərhal da səhvini düzəldir) Qarşıma bir canavar çıxdı, məni qabağına qatıb bu mağaraya saldı.

QocanınYox e, qoca? Bu vaxta qoca qalar? Əsrlər bir-birini əvəz edir, bu adam hələ diridir. Min ilin dirisidir. Diri adamın sinəsindən zəif, güclə eşidilən bir xışıltı qopur.

Diri adam – O qurd səni haqqa qaytarıb. Haqqın yoluna gəlmisən. Min ildi gözləyirəm. Yaman tez qayıtmısan. (Azca yırğalanır) Susuzluqdan içim quruyub.

İgid nəyisə xatırlamağa çalışır. Qaranlıq zaldan köntöy bir kişi səsi eşidilir. Tamaşaçılardan biridir.

Kişi tamaşaçıAlə, kişi səndən söz soruşur. Cavab ver !

Nəzarətçi qızlardan biri kişiyə yaxınlaşıb ondan sakitliyə riayət etməyi xahiş edir. İgid yan-yörəsinə boylanır.

İgid Heç xatırlamıram.

Diri adamOtur, yaddaşını işığa tut. Bu şam güzgü kimidir, olmuşları sənə göstərəcək.

İgid ehtiyatla yaxınlaşıb Diri adamın yaxınlığında bardaş qurur. Yaddaşına işıq düşür. Yerində yırğalanır. Səssizlik. Gənclərdən biri yerdən replika atır.

Gənc tamaşaçıQoca deyəsən bunun yaddaşını format eləyir. Uzun çəkəcək.

Zalda gülüşmə. Səhnənin dibindən səs gəlir.

Naməlum adamQoca sənin babandır!

 

                                II hissə

 

Səhnə qaranlığa bürünür. İşıqlaşanda az öncə zaldan replika atan kişini təlxək qiyafəsində görürük. Çırtıq vura-vura səhnənin önünə gəlir. Üzünü tamaşaçılara tutur.

TəlxəkAdım yadımdan çıxıb,

            heç bilmirəm kiməm mən.

Səhnə arxasındakı naməlum adamın səsi eşidilir. O, Sabirin şeirini deyir.

Naməlum adam   Babam sünni, nənəm şiə, dürək mən,

                          farsam mən, hindəm mən, türək mən!

Təlxək ətrafa boylanır, səhnəni dolanıb yenə əvvəlki yerinə qayıdır.

Təlxək Gəl baş görüm! “ farsam mən, hindəm…” Ay millət, mən kiməəəəm? (Səsini uzadır) Olur da, qocalıq andıra qalmış belə şeydir, adam huş-zad qalmır.

Yerdən bir kişi səslənir.

II Kişi tamaşaçıƏşi, özüvü təlxəkliyə vurma. Get işinlə məşğul ol! Bu hardan gəlib çıxdı e?

Qadın tamaşaçıAaa, adə, bu özü elə təlxəkdi dəə. Bunun işi-peşəsi təlxəklikdir.

Təlxək sevindiyindən hoppanıb düşür, dombalaq aşır.

Təlxək – Ay sağ olun! Axır ki, yadıma düşdü! Bəli, dostlar, mən təlxəyəm.

Qadın tamaşaçı (Kişiyə tərəf çevrilərək) – Gördüün? Vot! Təlxəkdi.

TəlxəkBağışdıyün, bir söz soruşa bilərəm?

Yerdən səslərBuyur, təlxək qardaş. Lap ikisin soruş.

TəlxəkDəvəni xəlbirlə sulamaq olar?

Hamı bir ağızdanYoooxdeyir.

TəlxəkOnda xəlbirlə su daşımaq da olmaz da.

TamaşaçılarOlmaz, olmaz.

TəlxəkOlmaz? Hm. (Fikrə gedir) Bəs elə isəSizə İgidin unutduğu vaqeəni danışım da. İcazənizlə.

Tamaşaçılar bir ağızdanDanışdeyirlər.

TəlxəkDeməli belə. Diri baba min il əvvəl İgidə xəlbir verir deyir ki, get, mənə su gətir. Susuzluqdan ciyərim kabab oldu. İgid o gedən olur. O mağaranın küncündə şam işığında oturan Diri babadı, bu ölsün! (Əlini üzünə şappıldadır) O, min ildi inzivayə çəkilib çiləli həyatını davam etdirir.

Kişi tamaşaçı Adamı mümkünsüz işin dalınca göndərib adını da yarıtmaz qoymaq buna deyirlər e.  A kişi, bu yetim xəlbirlə dəvəyə, eeeh, çaşdım, Diri babaya suyu necə gətirsin? Bu, səhəng deyil, satıl deyil, vedrə deyilXəlbirdir.

Gənc tamaşaçıGəlin bu təlxəyi evləndirək. Kor qızın da bəxti açılsın, təlxəyin . Toylarında aşsüzənlə su daşımaq da mənim boynuma.

Zalda gülüşmə qopur. Bu dəm Təlxək qurşağından bir ney çıxarır tamaşaçılara göstərir.

Təlxək Deyin görüm, bunun içində var?

Tamaşaçılardan səs çıxmır.

Təlxək, dillənin . Bu neyin içində bir şey görürsünüz?

Handan-hana adamların dili açılır. Hərə bir söz deyir.

Neyin içində deyir?

Neydi .

İçi boşdu.

Təlxək bardaş qurub barmaqlarını neyə toxundurur. Neyin nəvası tamaşaçıları ovsunlayır. Səhnə arxasından xanəndənin xoş avazı eşidilir. Xanəndə Füzulinin qəzəlini oxuyur.

XanəndəEşqdir ol nəşeyi-kamil kim, ondandır müdam,

              Meydə təşviri-hərarət, neydə təsiri-səda.

 

                           III hissə

 

Həmin mağara. Təlxəyin Diri baba dediyi dünyanın yaşıdı öz qədim-qayım yerində oturub. İgidə pıçıltı ilə nəsə deyib səhnənin sağ küncünü göstərir. İgid yerindən sıçrayıb onun göstərdiyi səmtə doğru gedir. Küncdəki xəlbiri götürüb çıxmaq istəyərkən şamın sonuncu şöləsi kimi titrək səs onu saxlayır.

Diri adam – Bu dəfə tez qayıt

Şamın şöləsi son dəfə çırpınıb sönür.

 

11-12 aprel 2017-ci il

Kənan Hacı

 

Ədəbiyyat qəzeti.- 2018.-27 yanvar.- S.11.