Qabırğa

 

Bir qadın yaşayırdı, qabırğaları tez-tez sızlayırdı

hamilə idi, bətni Yer kürəsi boydaydı

bir şənbə günü dünyaya ötürdü körpəsini.

Atılmışdı. Övladı ayaq açmadan ölmüşdü.

Üst-üstə hadisələr yaşandıqda

                   insanın hissləri tıxaca düşür.

sevimlisinə çevrilmiş dənizə də baxa bilmirdi.

dəniz də dalğalarını sevməz,

ondandır ki sahilə tərk edər

                   deyə, səssizcə düşünərdi

yağmurlarda islanmaq aldığı ən böyük həzz idi,

bircə çətirləri qalxantək tutan

                   adamları sevməzdi.

"Çətir açmaq yağışı yaralamaqdır"

                   - deyə gözləri ilə düşünərdi.

Ölüm də əlini üzmüşdü ondan.

 "Allahdan ağrılı ayrılığın ardından

                amneziya adlanan azar arzulanır

acıları arıtlamağa" ərizəsini

                   qəlbinin divarından asmışdı

bir gün nəhayət uzunca tənhalıqdan və

                   səssiz qalmaqdan boğuldu

və gecəyarısı qaranlığa bağırdı:

Ürəyim alma istəyir... Alma...

 

 

Sənət səltənət üçündür

 

Balzak qəhvə qaldırır bəşəri komediyalara,

Rudəkinin gözləri mil-mil olub çıxıbdır.

Kəsilib Van Qoqun da sarı qulağı

Evimin qabağında xana-xana oynayır uşaqlar

Xəbərsizlər, Kortazarın kitabını oğurlayıb dostlar.

 

Şəfəqlərin nəbzi dayanırmış İsa gələndə,

İsa köhnə libasda həyat gətirirmiş

Buonarotti yaraladı ürəyini naturaçının.

"İsa qayıdacaq, bizə həyat bəxş edəcək"

                                    - deyə-deyə

möhtəşəm İsa portretini çəkərkən.

 

Ölənlər dünya dəyişir, dəyişmir ədalət qanunu

torpaqda qalır "İnsaf et,

                  hansımız daha qəddarıq"lar

insanlar yerin canına dolan qəlpələrdir.

Bir gün hamının hər kəsi öləcək,

Yer kürəsi qara bağlayıb itəcək kəhkəşanda.

 

Bilirəm, belə tez bitməməliydi bu sicilləmə,

dahilər insan deyil, insanlar da dahi.

Yazmaq şərqli-qərbli eyni dalana dirənir,

bir gün onsuz hamının hər kəsi öləcək.

Balzakın kofeylə intiharı,

Rudəkinin gözləri,

Van Qoqun qulağı

anlamırsınız

bir gün onsuz da hamının hər kəsi öləcək.

Tanrı əl çalacaq ildırım səsləriylə

bilirəm, belə uzun çəkməməliydi bu sicilləmə

bağışlayın, unudun.

 

Məhəmməd Tanhu

 

Ədəbiyyat qəzeti.- 2018.- 27 yanvar.- S.32.