Xəncər kimi söz saplanır köksümə,

Diri-diri ölmək deyil, bəs nədir?

 

***

Kədərimə lələk saldı durnalar,

Nalə nədir, fəryad nədir, səs nədir?

Xəncər kimi söz saplanır köksümə,

Diri-diri ölmək deyil, bəs nədir?

 

Bu sevginin yaşı hanı, əfəndi,

Başa düşən daşı hanı, əfəndi?..

Ruhsuz sözəm, nəşim hanı, əfəndi? -

Sənsiz bu nəş dünyalarda nəsnədi...

 

Yer üzünə İlahidən pay adam,

Bahar adam, payız adam, yay adam.

Yaxşıların yaxşısısan, ay adam,

Bilirsənmi yaxşı nədir, pis nədir?

 

Yağ ey yağış, yu dünyanın kirini,

Əs ey külək - xəyalların sərini...

Daşlar bilər yüzillərin sirrini,

Dağlar bilər duman nədir, sis nədir.

 

Qayıtmaram mən bu yolu yarıdan,

Yüz il keçə, min il keçə aradan.

Səni mənə yar eləyən Yaradan,

Söyləməzmi umu nədi, küs nədi?

 

Bir təzada bürünmüşəm həyatda,

Saniyədə, dəqiqədə, saatda...

Gəl yenidən yarat məni bu adda,

Sənin hüsnün İlahinin hüsnüdü.

 

Şeirlərim - misra-misra intizar,

Şeirlərim - min illərin yükü var...

Şeirlərim zülmkardı, zülmkar,

Şeirlərim - bir gözəlin rəsmidi.

 

Torpaq Faiq, hava Faiq, su Faiq,

Günahını sevgi ilə yu, Faiq...

Ruhu ilə ədədidir bu Faiq,

Od içində yanan onun cismidi.

 

***

Mən xəyal qurmadım bir ömür boyu,

Mənim qurduqlarım xəyaldan böyük...

O hansı arzudu, Allah eşqinə,

İşığa yol gedən amaldan böyük?

 

Gəl, ey dinim mənim, imanım mənim,

Ömrüm-günüm mənim, zamanım mənim.

Əhli-hal olmuşam, gümanım mənim,

Hal varmı məndəki bu haldan böyük?

 

Səslə yox olmuşam, sözlə gəlmişəm,

Bu boyla-buxunla, üzlə gəlmişəm.

Sevgi tanımışam, eşqi bilmişəm

Zinətdən, dövlətdən, cəlaldan böyük...

 

Bilir bilənlər , bilir sonradan,

Əvvəldən olanlar ölür sonradan...

Məcnunluq zirvəsi gəlir sonradan,

Bu dərddən-qüssədən, məlaldan böyük.

 

Hərdən şəkər ola, qənd ola, sözdü,

Hərdən zəhərə bənd ola, sözdü...

Anama, atama and ola, sözdü,

Nisədən balaca, Bilaldan böyük.

 

Kimdi doğma sanan yadı özündən,

Adı özgəsindən, dadı özündən...

Böyükdür Tanrının adı özündən,

İnsanı alçaldan, ucaldan Böyük...

 

da bu səmada, İnsan, ucal da,

Qoyma təbiətin səni qocalda.

Nələr yaratmısan bu dar macalda? -

Fürsətin hanı bu macaldan böyük?

 

Axşam həmin axşam, həmin səhərdi,

Həyat bir təzaddı: baldı, zəhərdi...

Sən böyak adamsan, adın şəhərdi,

Bu kənddən-kəsəkdən, mahaldan böyük.

 

Qoy Tanrı qorusun yar olanları,

Yolları sis-duman, qar olanları.

İstəsə yox edər var olanları,

Nəsildən-nəsilə çoxaldan Böyük.

 

Min ildi tək çəkir bu ahı adam,

Göylərə aparır pənahı adam.

Tanıya bilmədi Allahı adam,

Hüsnü, gözəlliyi camaldan böyük.

 

***

Üzün Allah nişanıdı,

Üzündə Allah var sənin.

Səsin sədadı göylərdən,

Sözündə Allah var sənin.

 

Həsrətindən doyan adam,

Sözlə günah yuyan adam.

Yüz yerə can qoyan adam,

Yüzündə Allah var sənin.

 

Bu ruhun, adın Allahın,

Kiminsən, qadın?

Allahın?

Atdığın addım Allahın,

İzində Allah var sənin.

 

Odur əvvəl, Odur axır,

sairə, ilaxır...

Gözlərindən Allah baxır,

Gözündə Allah var sənin.

 

Sahilmisən, adamısan?

Sən bu cana odamısan?

Özün Allah adamısan,

Özündə Allah var sənin.

 

***

 

Çıxdım dinimdən-donumdan,

Şeytanın-cinin xətrinə.

Sevdim səni Allah kimi,

Eşq adlı dinin xətrinə.

 

Öldür bu baxışla məni,

Tufanla, yağışla məni.

Sən Allah, bağışla məni,

Bağışla, sənin xətrinə.

 

Yad idim, "öz"ə dönürəm,

Bir idim, yüzə dönürəm...

Yenidən sözə dönürəm,

Bu yolun, yönün xətrinə.

 

Bir gördün, çarxdı, döndü,

Pozuldu şahın yazısı.

Bir savabın üstə gəldi,

Min bir günahın yazısı.

 

Can qayıdır, cana dönür,

Candı da, insana dönür.

Dağlarda dumana dönür,

Çəkdiyim ahın yazısı.

 

Xəbər verin mələklərə,

Qanım çıxıb lələklərə.

İşarətdi ürəklərə,

Bu qibləgahın yazısı.

 

Bir az da məndən boy atır,

Qiblədən, yöndən boy atır;

Sözdü - dünəndən boy atır,

Sözdü sabahın yazısı.

 

***

 

Unutmağa var ki,

Xatırla hərdən məni.

Agah elə Eşq adlı,

Sehrdən-sirdən məni.

 

Rəhm elədin bu cana,

Adın düşdü hər yana.

Özün qoru şeytana,

Şərə əsirdən məni.

 

Bir az fikrimi qatdın,

Hərdən qəmlərə atdın.

Torpaqdanmı yaratdın,

Yoxsa... dəmirdən məni?

 

Qayadır, dağdır önüm,

Sabaha yetmir ünüm.

Ölmüşəm, ömrüm-günüm,

Gəl, götür yerdən məni.

 

***

 

Önündə diz çökənin,

Başa çıxan vaxtıdı.

İlan kimi dəridən,

Haşa... çıxan vaxtıdı...

 

Ömrün ağa dirənən,

bayrağa dirənən,

Yolun dağa dirənən,

Daşa çıxan vaxtıdı.

 

Ömür baha, gün baha,

Ümid varmı sabaha?

Günəşin Ayla daha,

Qoşa çıxan vaxtıdı.

 

Gördüm Tanrının əlin,

Qoydu Yerin təməlin...

İllər ötür, əməlin

Yaşa çıxan vaxtıdı.

 

***

Söz üşüyür daha,

Əllərin soyuqdur.

Ayların, günlərin ,

İllərin soyuqdur.

 

Soyuyur bu dünyada,

Küləklər soyuyur.

Fələklərə qoşulub,

Mələklər soyuyur.

 

Soyuyur qızıl Günəş,

Gərək yoxdu altuna.

varsa yaxınlaşır,

Getdikcə buz qatına.

 

Hər yer dərin qaranlıq,

Kim ömrümü uzadar?

Mənə bir işıq göstər,

Düşdüyüm bu fəzada.

 

***

 

Div çıxardı qarşıma

Nağıllarda hər dəfə.

Min ildi yol gedirəm

İşıq gələn tərəfə.

 

Varmı bu yolun sonu,

İşığa çatacaqmı?

Cırtdan-cırtdan arzular,

Bu axşam yatacaqmı?

 

İt hürən qaranlığın

Sabahı varmı görən?

Sevgilərin kitabda

Günahı varmı görən?

 

Söz-söz vuruldum sənə,

Vuruldum sənə, əfv et.

Yaşada bilmədinsə,

olar, məni məhv et.

 

Yox et məni, çəkilim,

Soyuyum torpaq kimi.

Sakit, səssiz-səmirsiz,

Uyuyum torpaq kimi.

 

Sən yaşa ömrünü,

Qismətinlə barışma...

Div çıxardı hər dəfə

Nağıllarda qarşıma...

 

Hönkür-hönkür ağlayır,

İçinə qısılan Söz.

Məhbus ömrü yaşayır,

Varaqda... yazılan Söz.

 

Peyğəmbərə dərs verir,

Şairə həvəs verir...

Güzgüyə nəfəs verir,

Məzarı qazılan Söz.

 

Ömür bir yarışdı,

Gah küsdü, gah barışdı...

Yuxu kimi qarışdı,

Yüz yerə yozulan Söz.

 

Kim verdi bu öyüdü? -

Dünya gidi, gidi...

Mənəm sənin igidin,

Saçından asılan Söz.

 

***

 

Mərhaba, xoş gəlmisən,

Qədəmlərin mübarək!

Dünya kədərnən dolu,

Sitəmlərin mübarək!

 

Fələk qəmə qəm bükür,

Ömürdü... hərdən ürkür.

Tapdığına min şükür,

İtənlərin mübarək!

 

Yaş üstünə yaş gəlib,

Hərdən əliboş gəlib.

Gələnlərin xoş gəlib,

Gedənlərin mübarək!

 

Sözlə agah olan kəs,

Söz deyilsə, nədir bəs?

Olanların müqəddəs,

Ötənlərin mübarək!

 

Faiq HÜSEYNBƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2019.- 6 aprel.- S. 6.