Adımı şeir elədim

 

Hansı ağrılardan çıxdın,

Hansı əzablardan gəldin?

Harda ağladın kim bildi,

Kim bildi ki, harda güldün.

 

İslandınmı, qurudunmu,

Kimin gözünə əkildin?

Coşub bir gün şəlalətək,

Kimin qəlbinə töküldün?

 

Ruhumun yağmur havası,

Könlümün duman yerisən.

Kiminin ümid işığı,

Kiminin güman yerisən.

 

Ürəyimə düşən oda,

Ayağı yalın girirəm.

Aynalara baxammıram,

Baxanda səni görürəm.

 

Oxudum hər sətirini,

Hər hərfini seyr elədim.

Sənin özün olum deyə,

Ta, adımı şeir elədim.

 

Ən həqiqi yalanım

 

Sən mənim xəyalıma

Sığmayacaq birisən.

Heç zaman paylaşmağa

Cəsarət etmədiyim,

Ruhumun, gözlərimin,

qəlbimin şeirisən.

 

Bir az yağışlı günüm,

Bir az qaranlıq gecəm.

Hərdən bütöv hekayəm,

hərdən yarımçıq hecam.

Canımdakı göynəyim,

sinəmdəki qəhərim.

 

Zəhərimdəki balım,

balımdakı zəhərim.

Ən ağır savaş ilə

alınmayan şəhərim.

Günəşli aydın səmam,

sevgi dolu səhərim.

 

Hər gün daha da artıq

məhəbbət bəslədiyim,

Gecə yuxuda belə

adını səslədiyim...

Qəlbimin buz odası,

yaramın duz odası.

 

Ürəyində nəğmətək

oxunmaq istədiyim,

Darıxanda səsinə

toxunmaq istədiyim.

Üstündə körpəm kimi

hər saniyə əsdiyim,

Hərdən hamıdan qaçıb

şəklinə tələsdiyim.

 

Hamıdan yaraşıqlım,

hamıdan dəli-dolum.

Dünənki çətinliyim,

bugünkü çıxış yolum.

Alovuna çırpılıb,

atəşinə yandığım.

Hər gün saatbasaat

başına dolandığım.

 

Əriyən könül yağım,

Sevgi adlı halalım,

tale adlı yasağım.

Gözlərimi bağlayıb,

Məni məndən alanım.

Ən yalan həqiqətim,

ən həqiqi yalanım...

 

Qayıt gəl, qardaş

 

Həsrətdir boynunu bükən,

Yolların daş-kəsək, tikan,

Nədi, ora səni çəkən,

Qayıt gəl, qardaş, qayıt gəl.

 

Hər işin agızda, dildə,

qazandın əlli ildə,

işin var qürbət eldə? -

Qayıt gəl, qardaş, qayıt gəl.

 

Səsimə özüm kar oldum,

Dağıldım tarımar oldum,

Yoruldum, vallah, yoruldum,

Qayıt gəl, qardaş, qayıt gəl.

 

Yoxdu seçən, yoxdu sayan,

Bu harayı bilən, duyan.

çox yatdın, çox, oyan,

Qayıt gəl, qardaş, qayıt gəl.

 

Dilimiz ağıda qaldı,

Zəhərdə, ağuda qaldı,

Bacılar yağıda qaldı,

Qayıt gəl, qardaş, qayıt gəl.

 

Dağdağana lent bağladım,

Zəfər gözlədim, ağladım.

Bir nəfəslik can saxladım,

Qayıt gəl, qardaş, qayıt gəl...

Qarabağa, gəl, qayıt gəl.

 

Üzgün-üzgün

 

Əqrəblər arası əriyib gedən

Saat üzgün-üzgün, an üzgün-üzgün.

Bir sevgi oxuymuş qəlbimi güdən -

Axır gözlərimdən qan üzgün-üzgün.

 

Hardadır rahatlıq adında o taxt,

Bir anda dəyişə alnımdakı bəxt,

Varmı bu yaradan olmayan "xoşbəxt",

Üzülür, süzülür can üzgün-üzgün.

 

İnandım nağıla - gözlərim dola,

Tükətdim ömrümü qəmlə qol-qola...

Gecəni birtəhər verirəm yola,

Açılır üzümə dan üzgün-üzgün.

 

İçimdə bir işıq - durudan duru,

Yalvardım Tanrıya o nuru qoru...

Ürəyim, dayan, ki yorul,

Görmədin, bilmədin san, üzgün-üzgün.

 

Adilə, bir daşdın, ya da ki, qaya,

Susubsan, sus yenə, gələn yox haya,

Götür addımını get saya-saya,

Ötür, keçən ömrə yan, üzgün-üzgün.

 

Torpaq saxlamaz məni

 

Mən bir havalı quşam,

Budaq saxlamaz məni.

Min yol yanam-tutuşam,

Çıraq saxlamaz məni.

 

Yoxam ki, toy-düyündə...

Əridim neçə ündə.

Ürəyin bircə gün ,

Qonaq saxlamaz məni.

 

Qanadına yazılsam,

Bir ucuna qısılsam,

Damcı olub asılsam,

Yarpaq saxlamaz məni.

 

Eşq elə bir meyil ki,

Əyildikcə, əyil ki...

Ölmək çətin deyil ki,

Torpaq saxlamaz məni.

 

Mənəm, kimə toxunsan

 

Qulağın səsə düşsə,

Bil ki, ananın mənəm.

Sənə hamıdan artıq,

Elə yananın mənəm.

 

Bir gün qaytar özümə,

Səndə bir nazənin var.

Damarında qanından,

Öncə gəzənin var...

 

Kölgəni görmək üçün

Darıxan gecələrdə.

Gözləməyə dəyərdi

Bütün pəncərələrdə.

 

Dolaşanda əllərin

Bir yad telin ucunda.

Sovururdu yellərin

Başımı ovucumda.

 

Könlüncəsə, yanmıram,

Oxun, kimə oxunsan.

Səni heç qısqanmıram,

Mənəm kimə toxunsan.

 

Bəsimdi

 

Səndən sevgi ummuram,

öz sevgim özümə bəs...

Arama yaddaşında,

məni boş yerə, əbəs...

Qandal vurmuşam artıq

sənə tərəf uzanan

nagüman əllərimə...

Qoy bircə Tanrı yansın,

mənim dərdi-sərimə.

Bir qağayı fəryadı

gəlsə, mənim səsimdi.

Sahildə xəyallara

tək dalıram, bəsimdi...

 

Dilə-ağıza düşüb,

söz olmaq da var imiş.

Qismətimdə alışıb

köz olmaq da var imiş.

Həyatla tamamən üz-

göz olmaq da var imiş.

Üz tutub tənhalara,

çöllərə, dərələrə...

keçmiş xatirələrə

hey dalıram, bəsimdi...

 

Tək gileyim gecədən,

gecə ağrılı olur.

Yuxumu çox kəsirəm,

yuxum sarğılı olur...

zalım yoxdu gecətək...

sözümə baxmır ürək...

Mən ona zülm edib,

hərdən özümdən gedib

sən oluram, bəsimdi...

Yolunda bircə əlçim

çən oluram, bəsimdi.

 

Sənin məndən umduğun

səsim imiş, bilirəm.

Sevgin bircə küləklik

əsim imiş bilirəm.

Eşitdiyin, duyduğun

hər səs mənim səsimdi.

İndi tək təsəllim var,

bu şəhərdə sən verdiyin nəfəsi

mən alıram, bəsimdi...

 

Anam, yenə...

 

Gözlərimdə bulaq çağlar,

Məni görən ağlar, ağlar,

Yıxıldı başıma dağlar,

Anam, yenə, yenə, yenə...

 

Açmır yalan o yalanı

Sancmır ilan o ilanı.

Qoruyur filan filanı...

Anam, yenə, yenə, yenə...

 

Uyğur qapıları Aya,

Boynuna asılıb qaya.

Susdum səsimi dünyaya,

Anam, yenə, yenə, yenə...

 

Özgə yanarmı oduma? -

Bunu da yaz öz adıma.

Xocalı düşdü yadıma,

Anam, yenə, yenə, yenə...

 

Yolun yuxusu gəlir

 

Bir cüt göyərçin qonur,

Ağaca səda düşür.

Qoşa budaq titrəyir,

Əllərin yada düşür.

 

Su axır - şırıldayır,

Sağsağan qırıldayır,

Pəncərə cırıldayır,

Ürəyim oda düşür.

 

Ha sürüsəm, ha yıxsam,

Sevgin könlümə tıxsa...

Sənli günləri çıxsam

Qalanı bada düşür.

 

"Sisley" qoxusu gəlir,

Göz yumuram su gəlir..

Yolun yuxusu gəlir,

Canıma qada düşür.

 

Çox günah işləyirəm -

Yazımı qışlayıram,

Dilimi dişləyirəm,

Sən adlı ada düşür.

 

Ağac olmaq istəyirəm

 

Ağac olmaq istəyirəm,

Külək əssin qollarıma.

Ağac olmaq istəyirəm,

Dolu döysün əllərimə.

 

Quşlar qonsun budağıma,

Cür-cücülər yarpağıma,

Qarışqalar böcəklər

Yol alsınlar torpağıma.

Ağac olmaq istəyirəm...

 

Qoy lap Günəşdən usanım,

Gur leysanlarda islanım...

Soyunum, geyinim... bilim,

Bir gün gövdəmə yaslanıb

Uyuyar yolçu sevgilim.

Ağac olmaq istəyirəm...

 

Adilə NƏZƏR

 

Ədəbiyyat qəzeti.- 2019.- 13 aprel.- S.12.