Bir ocağın iki qatı -

üstü küldür, altı köz.

Bir xurcunun iki tayı -

bir gözündə buğda,

bir gözündə söz...

 

Hələb handa, Şirvan handa

 

Şamaxının yaxınlığında

"Şaxəndan" adlı bir məzarıstan var.

Baş ucundan keçib-gedir

əsrlərin ilgəhindən çıxan yollar...

Seyid Əli Nəsiminin qardaşı

uyuyur burada.

Hər dəfə ziyarətə gələndə

elə bilirsən ki, qəbir

yola sarı yaxınlaşıb bir az.

Gözləri səyriyir -

narın-narın

misqal-misqal yola çıxan bu məzarın...

Bir qardaşının ruhu  Hələbdə,

o biri qardaşının ruhu Şirvanda...

Hələb handa,

Şirvan handa!..

Bu ruhların səslənti dolu sükutu

Göyərçin qiyafəsində dolanır

rüzgarların ahəngində.

Hər səhər ala-toranda

yaddaşçiçəyi rəngində

Bir-birilə baxışan ruhların

bilincində boy göstərir

ata yurdu:

- Şamaxı...

"Dünya duracaq yer deyil, ey dil,

səfər eylə" -

deyərək şair bu dünyadan

üzünü döndərirdi,

Uca göylər etgilənir

iki qardaşın ruhuna

öz dərgahından

urvalıq göndərirdi...

 

Bürkülü günlər gəlir...

 

Gölməçələrdə, nohurlarda qalan

nəfəssiz, təpərsiz sular,

üstünüzdə qanad çalan

sərçələr bilir

getdikcə

huşunuz - yaddaşınız itir...

Xəfə gecələrin hənirtisində

əsirsiniz tir-tir.

Yanınıza gəlməsə

bir bəni-insan

ətrafınızda dingildəşən düyələr, cöngələr

sizi

yerlə-yeksan edəcəklər.

Sonra da qoşulub gedəcəklər -

Yarpızlı dərələrin havasına!

Söz tutmayır diliniz,

Qırımınız kilidli...

sakit, səssiz susursunuz...

Uzaqlardakı dağ çayının harayı

batırıb soraqlarınızı.

Həm yetişdirdiyiniz

çömçəquyruqların hıçqırığı

tutub qulaqlarınızı.

Gəlir, bürkülü günlər gəlir -

Ofsanaya düşmədi bir damcınız belə.

Ümid olduğunuz buludlar da

Uzaqlardadır, uzaqlarda -

Qayıtmaq fikirləri yoxdur hələ.

 

Öz yerindən ayrılan torpaq

 

Yerindən, yurdundan ayrılan dibçəkli torpaq,

asılmısan bir evin yeddinci qatının

pəncərəsindən...

Guya azad olmusan yerdəkilərin

səs-küyündən, tələsindən.

Qoşulmusan bir dibçəyə,

O da sənə bənd olub.

Xoşbəxt sayırsınız özünüzü.

Yuxarıdan yerə baxmaq ləzzəti

tutub sizin gözünüzü!

Bilmirsən ancaq yetəcək

O gülün öz xəzan çağı.

Elə qucağındaca

quruyacaq -

onun ardınca səni

tullayacaqlar üzüaşağı.

 

Bu dünyanın iki üzü

 

Bir xurcunun iki tayı -

bir gözündə buğda,

bir gözündə söz...

Bir ocağın iki qatı -

üstü küldür, altı köz.

Bir çayın iki sahili -

birinə yaxınıq,

birinə uzaq.

Evinə qonaq gələn kasıbın

bir üzü qaradır,

bir üzü .

Gerçəkliyin iki tərəfi -

gah şövqi,

gah kölgəsi gəzir

insanların arasında -

yarasında!

Atasız uşağın toyunda

Anasının bir gözü ağlayar,

bir gözü gülər.

Şəhidlərin dul qarıyan

qadınlarının iki surəti -

bir üzü qızdır,

bir üzü gəlin.

Qanunların da iki qaydası varmış -

biri hakimiyyətin,

biri camaatın, elin.

 

Sacayağı

 

Uşaqlıq çağı,

Ana qucağı,

Ata ocağı

Bu üçbucağın-sacayağının

içində əsl

yetkinlik bişir

ömür yetişir.

 

Qorxu

 

Dəmir yollarının üstüylə

qatarlar keçir,

gecə-gündüz.

sürətlə, dümdüz.

Qoşa relslərin arasında qalan yerlərdə

Qışda belə güllər açır, otlar böyüyür -

Çünki dəmir təkərlərlə

polad relslərin

sürtgüsündən yaranan istilik

daim yayılır

orada bitən otlara, çiçəklərə

çilik-çilik, tel-tel -

Sanki Günəş qılığıdır,

ilıq yaz urvatıdır elə bil...

Qoşa xətdən bir az kənarda isə

soyuqdur, qışdır.

əsər-əlamət belə yoxdur yaşıllıqdan -

qarın üstü naxış-naxışdır.

Qatarların ətkəsən əyləc səsi,

Dolu, ağır vaqonların vahiməsi

Diksindirməyir bu yaşıllığı,

qorxutmayır çiçəkləri!

Qatarların sürətindən

çıxan qığılcımlar

qamaşdırmayır güllərin

şehli gözlərini.

Əlçim, kövrək otlar turşutmayır üzlərini -

hisdən, pasdan, taqhataqdan...

Qığılcımların, səs-küyün istisində,

böyüyür otlar, çöl çiçəkləri

qış aylarında belə

uzun illərdən bəri -

Qorxusuz - hürküsüz...

 

Sonra deməyin ki:

Qorxusuz isti yer varmı

təhlükəsiz bəlli inkişaf hanı?!

Qorxu gözükölgəli edir ancaq -

Düşüncəni,

İnsanı!!

 

Düyməli bıçaq

 

Onun xisləti, nəfsi

qatlama bıçaq kimidir.

Açılır, kəsir-tökür, qan axıdır.

Hələ qabağını alan yoxdur axı.

Sonra qatlanır, girir, uzanır öz içinə.

Yatır rahatca -

Heç deyil vecinə.

Gizlənir bir cibin isti yerində,

arın-arxayın...

Sanır ki, bilən yoxdur

kimdir onun yiyəsi.

Düyməsi basılır -

Dik atılır, çıxır iti tiyəsi

durur üzə.

Deyir: "Mən, Mənəm!"

Hələ ki ona deyən yoxdur

"Sən", "Sən" deyilsən!

Sən bir düymənin əlindəsən,

Böhtançının dilindəsən.

Xırda, ofxarlı bir düymə

qaldırır, yatırır onu,

sonra da gizlədir

batırır onu.

Deyən olacaqmı görən

Bıçaqsan, dik dur həmişə -

üzündə düzlük, vüqar!

Öz işini gör açıq-aşkar.

Danışma ağzıyelli adamların diliylə.

Bıçaq da qatlanarmı,

bir düymənin əliylə?!

 

Tamah ovçusu

 

Küləklər dənizlərdən

dərin-dərin nəhrlərdən

əl çəkmirlər -

axşam, səhər.

Baş vurub sərasər

qarışdırırlar aranı.

Gah arana çatdırırlar dağı,

gah dağa aparırlar aranı.

İçənəkləri dəniz, nəhr suyu deyil ki

Deyəsən, yazıqlar susuzdur, təşnədir.

Yedikləri heç nədir!..

Cidardan çıxmış köhlənlər kimi

düşüblər dənizlərin, nəhrlərin canına -

ac, susuz.

Yaxşı körükçülərdi,

ara qarışdırmaq

çoxdan keçib onların iliyinə, qanına.

Tamah ovçusu kimi

Balaca, günahsız balıqları

tullayırlar sahilə.

Yosunları sürüyüb atırlar

qumların üstünə.

Balıqlardan fərqli

sahildə çapalamayır yosunlar -

kirimişcə uzanıb yatırlar.

düşüb bu küləklərə

görəsən, ?!

Niyə bu kövrək, sakit

suları bulandırırlar,

Balıqçıları iş-gücündən yayındırırlar?!

Sonra da deyirlər ki:

ağa qara qatmırıq -

gəzə-gəzə

əsə-əsə

biz hər şeyi görürük,

Ara qatmırıq,

balıqlar sularda boğulmasın deyə -

onlara təzə hava,

təzə nəfəs veririk...

 

***

 

Dəvə kini

O kimdi -

ins-cins gözə dəyməyən

uzaqlardan gəlir...

Karvan içindədir amma...

yenə tənha, tək...

Qum fırtınasından keçərək

gədikləri aşa-aşa

səhra gəmisi kimi

yolları gövşəyə-gövşəyə gəlir...

ləngər vura-vura, löhrəm yerişi ilə

hürgüclərini yeyə-yeyə

gəlir...

Aclığı, susuzluğu almır eyninə -

Üzünə, gözünə, ayaqlarına deyil

Bir xal düşüb ürəyinə.

Yox, karvandaşları incidib,

sahibi döyüb onu.

Ürəyinə düşən o xal

nədən düşüb, hansı dərddən?!

Dəvətikanlı, yovşanlı

Uzaq bir səhrada öz doğma balasını

qoyub gəlib -

elə bilir elə oradaca ölüb gəlib!..

O zamandan sərgərdandır,

dünyası başına dardır!

Hayıfını çıxacaq o adamı

döş zindanı ilə

Basıb əzməyəcək -

Tüpürməyə gedir o kəsin gözlərinə.

Soruşma ki, niyə, nədən -

O adamın ki...

Köşəyindən ayırıb onu,

köşəyindən!..

 

Tahir Taisoğlu

 

Ədəbiyyat qəzeti.- 2019.- 20 aprel.- S.11.