Pələng

 

hekayə

 

Ustadım Ramiz Fətəliyevə

 

Onlar xaltamın ipini çəkib məni küçəyə atdılar. Yemək qabımı da arxamca vızıldatdılar. Dəmir qab diyirlənib qonşu darvazanın yanındakı dibçəyə dəydi. Küçədə heç kim yox idi. Maşınlar da gözə dəymirdi. Qaba sarı yüyürdüm, pəncəmlə özümə sarı çəkib yalamağa başladım. O, həmişə cürbəcür sümüklərlə dolu olardı. İlk dəfə idi ki, çil-çilli qabın öz dadına baxdım. Soyuq dəmir dilimi dondursa da, məhəl qoymadım. Onu daha bərk-bərk yalamağa başladım. Dilimə bir tam gəldi. Dad o qədər şirin idi, heç sümükləri gəmirəndə o ləzzəti almamışdım. Amma bu dadı heç cür xatırlaya bilmədim.       

Qabı ağzımdan buraxıb yanımda saxladım. Sağa-sola baxdım. Neçə vaxtdı küçəyə tək çıxmamışdım. Canımdan ani titrətmə keçdi. İlk təsəlli quyruğumdan gəldi. Özünü həmişəki kimi üzümə sürtdü. O, bu dəfə tam fərqli idi. Məni sığallamaq əvəzinə qıdıqladı. Elə bildi ona baş əyəcəm, dilimi çıxardıb təşəkkür edəcəm. Əlacım olsaydı onu dibindən qopardar, hirsimi üstünə tökərdim. Hətta ona tərəf qanrılıb cəhd də elədim. Alınmadı. Yumyumşaq quyruğum o dəqiqə belimə qısıldı. Nədənsə, ona yazığım gəldi.   

Darvazaya boylandım. Daş hasarın suvağı qurumaq üzrə idi. Əvvəl də burada hasar vardı. Amma bir az köhnə, həm də qısa idi. O, gələn kimi hasarı sökdürüb yenidən ucaltdı. Xanım dedi ki, "Bu ki xalis Çin səddidir. Burdan quş da uça bilməz". Quş adını eşidən kimi səmaya boylandım. Bir dəstə quşun göy üzündə rəqs etdiyini gördüm. Quşlar elə bil buludlarla oynaşırdı.

Bu dəfə də başımı yuxarı qaldırdım. Hava tutqun idi. Göy üzü dolub dayanmışdı. Elə bil ağlamaq istəyirdi, lap gözlərim kimi. Göz yaşlarım hirsimə məhəl qoymadı. Damcılarım ağzımın suyuna qarışdı. Çaqqal kimi ulamaq istədim. Amma qorxdum. Onun kimi ulasaydım, tək məni qovanları deyil, qonşuları da hürküdə bilərdim. İçimdə zingildədim. Deyəsən, səsimi yalnız ürəyim eşitdi.

Dəmir boşqabımı ağzıma alıb yola baxdım. Hara gedəcəyimi bilmədim. Heç kimin diqqətini çəkməmək üçün başımı aşağı salıb özümü ayaqlarımın ixtiyarına verdim. Yol boyu onu düşündüm. Xanımın əri məni qovulduğum evə gətirəndə körpə idim. Qıvırcıq tüklərim vardı. O məni çirkli qutunun içindən ehtiyatla çıxarıb xanıma uzatdı. Qadının iri gözləri heyrətdən bərəldi.

- Ay, bu nə şirindir! - dedi.

- Buna nə ad qoyaq? Bir az ehtiyatlı ol! Səni dişləyər.

- Səndən bərk dişləməz, yəqin?!

Təəccübləndim. İnsan insanı niyə dişləsin? Xırda dişlərimi xanıma göstərməyə utandım.

- Gəl, adını "Pələng" qoyaq, - deyəndə xanımın əri məni əlindən buraxdı.

Xanım "Pələng" adını eşidən kimi ürəkdən güldü. O qədər güldü ki, gözlərindən səpələnən damcılar üzümə töküldü. Çıxdığım qutuya baxdım. Çox çirkli idi. Özümə söz verdim ki, bir daha ora qayıtmayacam.

Qadın məni yenidən qucağına alıb başqa otağa apardı. Orada mənim üçün xüsusi hazırlanmış "kiçik ev"in içinə qoydu. Burada nələr yox idi? Cürbəcür oyuncaqlar, toplar, kəndirlər, halqalar. Qabımı da ilk dəfə orda gördüm. Xanım hər səhər həvəslə ora yeməkləri, sümükləri qoyardı. Yeməkləri iştahla yeyərdim.

Bir az böyüyəndən sonra mənə halqaların içində o tərəf-bu tərəfə tullanmağı öyrətdilər. Hər axşam halqalarımla onları əyləndirəndə özüm də sevinirdim. O qədər xoşbəxt idim. Nə yuva qayğısı çəkirdim, nə də sümük. Məni narahat edən bircə adım idi. Kim adımı eşidirdi, "bunun nəyi pələngə oxşayır?" deyərək ağız büzürdü. Bilmədim, bu pələng nə olan şeydi.

Bir dəfə özümü xanımın otağında gördüm. Yanılmıramsa, mən idim. Başımı sağa əydim, o da sağa əydi. Pəncəmi qaldırdım, o da ayağını qaldırdı. Quyruğumu buladım, o da buladı. Yaxına gəlib pəncəmlə oynamaq istəyəndə gördüm ki, nəyəsə dəyirəm. Qorxudan geri çəkildim, qaçıb xanımın qucağına qısıldım.

Böyümüşdüm deyə, daha o mənimlə az maraqlanırdı. Elə özüm də ondan çəkinirdim. Daha çox dişilərə meyil edirdim. İstəyirdim görüşdüyüm birisi olsun. Amma xanımın əri məni görüşə aparmırdı. Cəmi bircə dəfə küçədə dişi gördüm. Onda da xaltamın ipi xanımın əlində idi. Elə hürə-hürə qaldım. Pəncələrimi qaldırıb özümü sağa-sola vursam da, xanım məni yaxına buraxmadı. O dişi isə özünü naza qoymuşdu. Yəqin, görüşdüyü köpəklərin sayı-hesabı yox idi.

- Pələng, sus! Sus, pələng!

Dişinin xaltasını tutan qadın adımı eşidən kimi gülməkdən ürəyi getdi.

Xanım xaltamı güclə dartıb məni həyətə gətirdi. Həyətdə dişləməyə, tutmağa nəsə axtarsam da, tapa bilmədim. Necə oldusa dişlərimi xanımın qolunda gördüm. Onun bağırtısı aləmi bürüdü. Məni həyətə buraxdı. Xanımın əri üstümə cumdu, məni təpiklədi. Zarıltım həyəti bürüdü. O, üstünü çırpıb xanımı səslədi.

- Rahat ol! Onu it gününə qoydum,- dedi.

"İt günü" sözünü eşidəndə hürməyimi saxladım. Necə yəni it günü? Günlərimi yadıma saldım. Heç də pis yaşamırdım. Nə olub mənə? Bircə dişiylə dostluq etməyə icazəm yox idi. Nədənsə, o söz məni yaman tutdu. Düşündüm ki, əgər it günü varsa, demək, adam günü də var. Bəs, o zaman adam günü necə olur? Özümü adam yerinə qoymaq istədiyim an xanımın əri mənə həyətin küncündə yuva verdi. Qabımı da yanıma atdı. Böyümüşdüm deyə, oyuncaqlarımı zirzəmidə gizlətmişdilər. Məni gündüzlər çəpərə bağlayır, gecələr isə həyətə buraxırdılar. Həyəti dolaşanda hasarın o üzünü görmək, insan gününü yaşamaq istəyirdim. Darvaza gündə iki dəfə açılsa da, ordan çıxmağa ixtiyarım yox idi.

Xanımın əri bir dəfə məni bir kişiyə göstərdi.

- Bu da bizim pələng! - dedi.

- Nə, pələng? Bu ki aslan parçasıdır?!

Ondan elə bir gülmək çıxdı, səsinə xanım da eyvanda göründü. Kişi başını yelləyib xanımla salamlaşdı. Xanım da iri gözlərini süzdürdü. Xanımın əri başımı sığallayıb məni yuvama göndərdi. Elə o gündən kişi tez-tez həyətə gəlməyə başladı. Hətta bir dəfə xanımın əri ilə ova çıxanda məni də özləri ilə götürdülər. Gözümü açandan maşına minməmişdim, bu qədər yol getməmişdim. Burnuma qəribə, xoş qoxular gəldi. Nə vaxt idi belə sevinmirdim. Çoxlu ağaclar olan yerə çatanda xanımın əri maşını saxladı. Uzaqdan çaqqal ulayırdı. Kişinin əti ürpəşdi. Çaqqalın ulamağını ilk dəfə orda eşitdim.

- İnanmıram, burda nəsə olsun!

- Bəlkə, göl tərəfə gedək? Orda quşlar çox olur.

Onlar maşınla xeyli yol gedəndən sonra gölə çatdılar. Maşının arxasından tüfənglərini götürəndə mənim də ipimi xaltamdan çıxartdılar. Amma qorxumdan xanımın ərinin yanından ayrılmadım. O, başımı sığalladı. Bir az rahatlandım. Hətta yaxınlıqdakı ağacın dibində sağ ayağımı qaldırdım. Xanımın əri mənə baxıb gülümsədi. Tüfəngi ilə havaya atəş açanda az qala ürəyim ağzımdan çıxsın. Qorxudan qaça-qaça gəlib xanımın ərinin ayaqlarına qısıldım. O məni sakitləşdirdi. Sonra kişi iki dəfə atəş açanda gedib maşının içində gizləndim. Onlar mənə o qədər güldülər ki.

- Bu nə pələngdir? Heç it də deyil. Çəpişdi, çəpiş!

Xanımın əri başını aşağı əydi. Hiss etdim ki, utandı. Can şirin şeydi deyə, daha maşından düşmədim. Gözlədim ki, onlar vurduqları quşları gətirsinlər. Axşam evə gələndə xanım həyətdə süfrə açmışdı. Masada nələr yox idi. Gözümə cürbəcür içki şüşələri dəydi. Xanımdan çıxmayan iş, süfrədən ət götürüb qabağıma atdı. Ət o qədər dadlı idi, sümükləri ağzımda əridi. Yuvama keçib insan gününə tamaşa etdim.

O kişi bu həyətə o qədər gəlib getdi. Hətta xanımın əri evdə olmayanda belə gəldi. Gecələri həyətdə gəzdiyimə görə bir dəfə xanımın otağından onun səsini eşitdim.

- Az qalıb, lap az. Axırına çıxacam.

- Elə hər gün söz verib gedirsən. Daha sənə inanmıram.

- Görəcəksən, bu gün, ya sabah! Qulağın xoş xəbər eşidəcək.

Kişi pəncərəyə yaxınlaşanda məni gördü. Əhəmiyyət vermədi. Dilinin ucunda "poşol" dedi. Yuvama qaçdım. Kişi iti addımlarla həyətdən çıxanda xanım ona əl elədi, sonra nazik barmaqlarını dodaqlarına yapışdırıb ona öpüş yolladı. Həmin günü özümü insan yerinə, daha doğrusu, xanımın ərinin yerinə qoydum. Sıxıldım. Yuvamda özümə yer tapa bilmədim.

Xanımın əri gəldi. Əlidolu idi. Hətta birinci mənim yeməyimi verdi, başımı tumarladı. Sonra zənbilləri götürüb pilləkənlə qalxanda ayağı burxuldu. Zənbilləri əlindən buraxıb ürəyini tutdu. Nəfəsi daraldı. Ona yaxınlaşdım. Xanım eşitsin deyə, var gücümlə hürməyə başladım. Xanımsa evin içində yüksək səsdə musiqi dinləyirdi. Xanımın əri yerə yıxıldı. Pilləkənlərlə yuxarı qalxdım, burnumla qapını itələyib içəri girdim. Xanımın üstünə yüyürəndə o qışqırdı. Stul götürüb məni qovmaq istədi. Qəfildən çaqqal kimi uladım. Özüm də bilmədim bu haray, bu güc haradan gəldi. Qadın məni qapıya kimi qovanda ərini gördü. Qışqırdı. Telefonla o kişiyə zəng elədi. Bir az keçəndən sonra kişi xalatlı adamlarla gəldi. Həyət insanlarla dolmağa başladı.

İlk dəfə idi ki, həyətdə bu qədər insan görürdüm. Kişilər bir tərəfdə dayanıb papiros çəkirdilər, qadınlar stullarda oturub ağlaşırdılar. Mən də bir küncdə dayanıb uladım. İnsan olmaq istədim. İstəyirdim mənim də bu qədər dostum olsun. Heç olmasa bir gün gözlərimi yumanda başımın üstündə dayanan bir xanım ağlasın. Hərçənd evin xanımı heç ağlamırdı. Dəsmalının arasında gizlətdiyi gözlərinə diqqətlə baxdım. Hətta onun ürəyini belə gördüm. Sevinirdi. Canı qurtarırdı ərindən. Amma başa düşə bilmədim ki, niyə ərini sevmirdi. O ki xanımı sevirdi, hətta onun könlünü xoş eləmək üçün məni hədiyyə etmişdi. Bunu anlamaqdan ötrü, yəqin ki, insan olmalıydım. Mənsə, pələng adlı məzlum idim.

Vida mərasimində gözüm xanımın "kişi"sinə sataşdı. Ortalıqda canfəşanlıq edirdi. Cənazəni sol çiyninə alanda, hətta hönkürdü. O ağlayanda xanım da ona qoşuldu. Həmin an hər ikisinin üstünə cummaq, gəmirmək istədim. Amma bacarmadım. Qorxdum ki, məni ömürlük zəncirləyə bilərlər. Küçələrdə səhərə kimi hürüşən itlərin gününə düşmək istəmirdim.

Qəribədir ki, adamların içində xanımın ərini gördüm. O mənə yaxınlaşanda geriyə çəkildim. Əlləriylə mənə "qorxma-qorxma" - dedi. Dayandım. O, yanımda çömbəlib düz gözlərimin içinə baxdı. Sonra başını səmaya qaldırıb ağzını açdı. İçimdən qəfil haray çıxdı. Bu, nə hürmək idi, nə də ulamaq. Bu, başqa səs idi. Deyəsən, elə xanımın ərinin səsi idi.

Hamı ağlamağını saxlayıb mənə baxdı. Hətta xanım da. Elə bildim məni yuvama dartıb zəncirləyəcəklər. Düşündüyümün əksinə oldu. Məni əzizlədilər. Dedilər "rəhmətliyin sevimli iti də dərdimizə şərikdi". Hətta məni maşına mindirib dəfnə də apardılar.

Dəfndə özümə söz verdim ki, sahibimin qisasını xanımdan, onun "kişi"sindən alacam. Bilmədim bu hünəri hardan tapdım. Bəlkə, pələng adım mənə kömək olmuşdu?!

Dəfndən xeyli sonra xanımın "kişi"si gecələr evdə qalmağa başladı. Onların otaqda gülüşlərini eşidəndə özümə yer tapa bilmədim. Həmin gecə səhərə kimi hürdüm. Elə hürdüm ki, səsimdən öz qulaqlarım batdı. Səhəri günü xanımın kişisi şalvarının qayışını elə yanımdaca çıxarıb məni çırpdı. Ona müqavimət göstərdim. Daha heç kimdən qorxmurdum. Əgər öləcəkdimsə, qoy  köpək kimi ölüm. Kişiyə hücum etdim. Hətta qolundan dişlədim. O, çənəmi sıxıb dişlərimi qolundan ayırdı. Gözlərim elə qızmışdı. Kişidən qurtulub xanıma hücum etdim. Amma onu dişləyə bilmədim. Kişi üstümə tor atıb əl-qolumu bağladı.

- Onu öldürmə, amma iti qovan kimi qov!

Xanımın mənə rəhmi gəldi. Niyə ürəyiyumşaqlıq elədi, bilmədim. Bəlkə, gözünün qabağında böyümüşdüm deyə, ürəyi dözmədi. Bəlkə, ikinci dəfə əlini ölümə batırmaq istəmədi.

Xanımın kişisi məni sürüyə-sürüyə darvazanın yanına gətirdi. Sonra ayaq saxladı. Nə düşündüsə yuvama getdi. Çil-çilli qabımı götürüb yanıma gəldi. Darvazanı açıb məni küçəyə itələdi, qabımı da arxamca vızıldatdı...

Ayaqlarım məni qəbiristanlığa gətirdi. Xanımın ərinin yanına. Kimsə onun qəbrinə qızılgüllər qoymuşdu. Qabımı güllərin yanına qoydum. Heç nə tapmadığımdan onu bir daha yaladım. Dadı xatırladım. Bu, anamdan əmdiyim südün dadı idi.

 

31 oktyabr - 2 noyabr, 2018 - Bakı

 

Ülviyyə Heydərova

 

Ədəbiyyat qəzeti.- 2019.- 27 aprel.- S.5.