Qu quşunun nağılı...

 

hekayə

 

Do, re, mi, fa, sol, lya, si... məndən olsa dünyadakı bütün dilləri unudar, ancaq bu notları saxlayardım və belə olan halda yer üzü daha gözəl bir yerə çevrilərdi. Bir daha deyirəm, siz də təkrar edin, görün necə gözəl səslənir; Do, re, mi, fa, sol, lya, si, do. Bu dildə danışa bilən insan nə danışsa gözəl səslənəcək, nə desə, xeyirliyə yozulacaq. Çünki bu dil dünyanın ən gözəl və ən sirli dilidir. Konservatoriyadakı müəllimimiz demiş, musiqi səmavi kitablardan sonra Allahın insanlarla ünsiyyət qurduğu yeganə vasitədir. Deməli, mən Allahın dilində danışa bilirəm?! Əstəğfürullah. Bu cümlə bir az küfrə oxşadı. Mən qətiyyən elə bir iddiada deyiləm. Sadəcə deməyim odur ki, doqquz yaşımdan pianoda ifa eləyirəm. Həm də elə-belə yox, nəzərə alsaq ki, qırx beş ildi bu işlə məşğulam deməli, musiqi sənəti haqda az-çox danışa bilərəm. Amma mənimki danışmaq deyil, ifa etməkdir.

Əvvəllər pianonun qarşısına keçəndə hər şeyi unudurdum. Barmaqlarım pianonun , qara dillərinin üzərində gəzişəndə elə bilirdim ki, buzlu yolun ortasında ləzzətlə sürüşürəm. Yer üzü başdan-ayağa buz bağlayıb və dünyada məndən başqa heç kim yoxdur. Hara istəyirəm sürüşə-sürüşə ləzzətlə gedirəm özümçün. Hər dəfə pianonun arxasına keçəndə mənə elə gəlir ki, musiqi ifa eləməyə yox, buzun üstündə sürüşməyə çıxıram. Əgər yayın cırhacırında sərinləmək istəsəm, pianoda beş-on dəqiqə nəsə çalıram. Həmin vaxt çıxıram buzun üstünə sürüşürəm e hara gəldi.

Həmişə fikirləşmişəm ki, bütün böyük bəstəkarlar öz əsərlərini məhz buzun üstündə o yan-bu yana sürüşmək üçün bəstələyiblər. Hə, məhz sürüşmək üçün, başqa heç nə... O ki, deyirlər e əsl əsərlər böyük ağrı, kədər hesabına yazılıb, bir musiqi kompozisiyasında bəstəkarın nə qədər ağrısı, əzabı yatır bax, bunlar hamısı həmin sənət adamlarının uydurmasıdır. Əslində, onlar əsərlərini buzun üstündə veyillənmək üçün yazıblar. Gözəl bir musiqinin yaranmasında, ifa olunmasında ağrı, kədər, əzab - bunların hamısı boş şeylərdi deyərdim - əgər o hadisə olmasaydı.

Mən bu buz məsələsini heç kimə demirdim. Necə deyəydim ki, mən pianoda ifa eləyəndə cismən pianonun arxasında oluram ruhumsa Himalay dağlarında kef eləyir özüyçün. Adama dəli kimi baxarlar. Bu məhrəm məsələni ancaq ona danışmışdım. Yəqin, konsertdən sonra arabir oturduğum kafeyə dəvət eləyəndən sonra ürəklənmişdim, üstəlik, içdiyim iki qədəh (daha sonra qədəhlərin sayı çoxaldı) konyakın da burda əvəzsiz rolu olmuşdu.

Nərgiz mən işlədiyim musiqi məktəbində skripka müəlliməsiydi. Onun uzun boyuna, təndürüst bədəninə, küləkdə dalğalanan saçlarına baxanda başa düşürdüm ki, o bu dünyaya skripka ifaçısı kimi gəlib. Yəni onu başqa sənət sahəsində təsəvvür edə bilmirdim. Nərgizi bir il idi tanıyırdım.

Neçə il konservatoriyada, başqa musiqi məktəbində müəllim işləmişdim. İşlədiyim musiqi məktəbi təmirə dayandığından işimin birini itirmişdim. Əslində, bilirdim ki, təmir söhbəti boş şeydi. Məktəbin müdiri mənim yerimə öz qohumunu götürmək üçün məni "mədəni" şəkildə ordan uzaqlaşdırdı. Amma çox işsiz qalmadım. Yaxın bir gitarist dostum məni yeni musiqi məktəbinə işə düzəltdi. Nərgizi də orda tanıdım. Onu ilk dəfə görəndə məni özünə cəlb etsə də, çox fikir vermədim. Bəlkə də bu mənimlə onun yaş fərqinə görəydi. Vaxtında evlənsəydim, ya da vaxtından bir az tez ailə qursaydım, onun yaşda qızım olardı bəlkə də. Amma valideynlərim öləndən sonra qaldım özümün ümidimə. Mənimsə fikrim-zikrim buzun üstündə sürüşmək olduğundan ailə qura bilməmişdim.

Məktəbin tədbirlərinin məşqində onu daha yaxından tanımaq şansım oldu. Məni ən çox özünə çəkən gözlərinin əsrarı idi. Qəribə bir kədər varıydı gözlərində. Məşq vaxtı nəyəsə güləndə gözlərindəki kədərlə üzündəki təbəssüm qəhvəyi bir ziddiyyət yaradırdı. Hiss edirdim ki, özümdən asılı olmadan onun gülüşünün, skripkanı qu quşuna bənzər boğazına dayamağının, barmaqlarını skripkanın üzərində rəqs etməyinin əsirinə çevrilirəm. Öz-özümə məəttəl qalmışdım. Mən özümdən neçə yaş kiçik qadınamı vurulmuşdum?! Cavab sadəydi: Hə, vurulmuşdun özü də necə lazımdı.

 

 

Ərindən bir neçə il əvvəl ayrılıbmış. Bunu gitarist dostumdan üstüörtülü soruşanda dedi. Sevib ailə qursalar da, oğlan fərsiz çıxıb, qurşanıb içkiyə qızı incidir, gününü göy əsgiyə bükürmüş. Nərgiz bu evliliyə cəmi dörd il dözə bilib, ondan artığına gücü çatmayıb. Üç yaşlı qızını da götürüb qayıdıb ata evinə. Neçə ildi ki, özü öz ayaqları üstündə dayanır.

Mən onun başına gələnləri biləndən sonra onun gözlərindəki kədərin hardan gəldiyini başa düşdüm. Bunu da bilirdim ki,mən cəsarətsiz adamam, heç vaxt ona ürəyimi aça bilməzdim. Mənim onunla bağlı ən böyük yaxınlığım o ifa edəndə onu müşayiət etməkdi. Tədbirlərdə də həmişə elə edirdim ki, mən məhz Nərgizi müşayiət edim. O da mənim xətrimi çox istəyirdi. Həm də hiss edirdi ki, mən ona başqalarıyla müqayisədə daha fərqli münasibət göstərirəm. Arada fikirləşirdim ki, görəsən, ona vurulduğumu bilir, yoxsa sadəcə, iş yoldaşı kimi xətrini istədiyimi düşünür. Amma öz-özümə yalanlar uyduracaq yaşda deyildim. O mənim onu başqalarından daha çox istədiyimi eyni səhnəni bölüşdüyümüzə görə olduğunu zənn edir. Axı biz, demək olar ki, dərslərdən başqa, tədbirlərdə ancaq bir ifa eləyirdik: mənim qara royalım, onun qəhvəyi skripkası. Bizi ancaq bu cansız əşyalar birləşdirirdi.

Uzun müddətdi məktəbdə keçiriləcək musiqi tədbirinə hazırlaşırdıq. İşlədiyim məktəbin digər musiqi məktəblərindən əsas fərqi buranın orta məktəb olması idi. Bizim musiqi məktəbi də həmin məktəbin nəzdində fəaliyyət göstərdiyindən, biz dərs keçməklə yanaşı, məktəbin tədbirlərində iştirak edir və ya özümüz ayrıca məktəb üçün konsert verirdik. Tədbirin məşqlərində həmişə bir yerdə olur, məşq edir, səhvlərimizi müəyyənləşdirir, daha da yaxşı çalmağa çalışırdıq. Mən dərsdən sonra məşqlərə qalırdım, ordan da axşam çıxıb həmişə oturduğum kafeyə gedib bir-iki qədəh konyak gillədirdim. Bu kafedə arada canlı musiqi ifa edirdilər. Piano boş olanda özüm də arabir buzun üstündə sürüşürdüm.

Sentyabrın yağışlı günüydü. Uzun müddətdi hazırlaşdığımız konsert əla keçmişdi və konsert bitəndən sonra üzümü sığallayan damcıların altında dayanacağa doğru addımlayırdım. Hələ də gözlərimdə onun skripkada məlahətlə ifa etməyinin əksi vardı. Dayanacağa çatanda onu gördüm. Həmişə rəfiqəsi xor müəllimiylə bir getdiyindən və avtobuslarımız ayrı olduğundan onlardan bir az aralı durar, uzağı baxışlarımız toqquşanda sakitcə gülümsəyirdim. Amma bu dəfə tək idi. Ümumiyyətlə, dayanacaqda ondan və məndən başqa heç kim yox idi. Onun yanında qonur bir pişik yağışdan qorunmaq üçün dayanacağın içinə soxulmuşdu.

Mən onu bir daha konsertə, gözəl ifaya görə təbrik etdim. O da gülümsəyib məni təbrik eləyəndən sonra niyə görə tez çıxdığımı, çay süfrəsinə qalmadığımı soruşdu. Doğrudan da, konsertdən sonra tort alıb çay süfrəsi təşkil etmişdilər. Amma çox adam olan yerdə sıxıldığıma görə tezbazar ordan çıxmışdım. Ona yorğun olduğumu deyib, bəs onun niyə qalmadığını soruşdum. Bir rəfiqəsiylə görüşməli olduğunu deyib, gözlərini gələn avtobusa zillədi. Bu mənim gedəcəyim avtobus idi. Amma Nərgiz də mənimlə gəldi, fikirləşdim ki, yəqin, rəfiqəsiylə görüşə mənim avtobusumla gedəcək.

Avtobusda orta cərgələrin birində oturduq. Heç birimiz danışmırdıq. Canımda qəribə bir gizilti varıydı. Elə bil ki, beş-on qarışqanı birdən dərimin altından bədənimə yeridiblər. Həmin qara qarışqalar da bədənimin içində rahatca ora-bura gəzişirlər. Sevdiyim qadın yanımda oturmuşdu nəfəs almağa belə çətinlik çəkirdim. Çünki heç vaxt belə ikilikdə qalmamışdıq. Həmişə yanımızda kimsə olurdu. Amma indi bir o idi, bir mən. Elə bilirdim ki, adicə nəfəs almağımdan da ona olan hisslərimdən xəbər tutacaq.

Bir azdan telefonuna zəng gəldi. Danışığından başa düşdüm ki, görüşü təxirə düşdü. Telefonu mavi rəngli çantasına tulladı:

- Bilsəydim, qalardım məktəbdə. Rəfiqəmin işi çıxıb. Görüş alınmadı.

İstədim onu da getdiyim kafeyə dəvət edim, amma bunu deyəcək ürək hardadı məndə.

- Nə pis oldu. Bəs indi neyləyəcəksən?

- Bilmirəm ki. Yəqin, evə gedərəm. Sözün düzü, heç evə getmək də istəmirəm. Bibimgil bizdədi. Uşaqların səs-küyü bürüyüb indi evi.

İçimdə müharibə gedirdi, onu da kafeyə dəvət etmək istəyirdim, amma buna cürət edə bilmirdim. Bu şəraiti özü mənimçün yaratdı.

- Siz hansı tərəfdə qalırsız?

- Mən, Yasamalda. Amma indi ora getmirəm, - dedim.

- Hm, yəqin, siz də evdəki səs-küydən qaçırsız - üzümə baxıb gülümsədi.

- Yox, məndə əksinədir. Mən səssizlikdən qaçıram - ani olaraq dedim.

Nərgiz bir anlıq duruxub mənə baxdı. Bu səssizliyin ağırlığı məni çiyinlərimdən aşağı çəkdi. Elə bil cümlədə qəribə nəsə var idi. İkimiz də danışmadıq. Başa düşdüm ki, bu urvatsız cümlənin yiyəsi mən olduğuma görə sükutu da özüm pozmalıyam.

- Balaca kafedi. Arada axşamlar gedib otururam. Piano da var, canlı musiqi olur. Bir-iki dəfə özüm də keçmişəm arxasına dınqıldatmışam - deyib Nərgizə baxdım.

Nərgiz bir anlıq düşünüb kədərli gözlərini şüşəyə çevirdi. Sanki məchul bir varlıqla məsləhətləşəndən sonra mənə baxdı.

- Bəs məni niyə dəvət etmirsiz? - üzündə təbəssüm var idi.

Məni ya utandığımdan, ya sevincimdən öksürək tutdu. Özümü ələ alıb uşaq kimi sevinə-sevinə gülümsədim.

- Sizi çay, kofe, ürəyiniz istəsə konyak içməyə dəvət edirəm.

- Qəbul edirəm - o, təbəssümlə dedi.

Mənə elə gəldi ki, uzun illərdən sonra ilk dəfə həqiqətən sevinmişdim...

Mən həmişə tək oturduğum yerimdə onunla üzbəüz əyləşmişdim. O, baxışlarıyla ətrafa göz gəzdirirdi, məncə, bu balaca kafe onun da xoşuna gəlmişdi. Mən ondan nə istədiyini soruşdum, onun üçün fərqi olmadığını, (təbəssümlə) nəyi məsləhət bilsə, onu içəcəyini dedi. Məndən olsa, konyak deyərdim, amma nədənsə, çəkindim və başqa bir şey sifariş verdim.

Ofisiant iki karamelli latteni masanın üstünə qoyub uzaqlaşdı. Nərgiz nəsə düşünəndə elədiyi kimi, gözlərini qıyıb mənə baxdı.  

- Deməli, hər gün işdən çıxıb bura gəlirsiz?

- Həmişə yox, amma tez-tez - lattedən bir qurtum içdim.

- Gözəl yerdi. Piano da var.

- Hə, piano olan hər yer gözəldir, - gözümü kənarda dayanan qara pianoya zillədim.

Nərgiz də lattedən bir qurtum içdi - dadlıdır - deyib gözlərimin içinə baxdı. İlk dəfəydi onun baxışları mənə belə tuşlanmışdı.

- Tək yaşadığınızı bilmirdim.

Mən ona uşaqlığımdan, valideynlərimdən, musiqidən danışıb gülə-gülə "başım bunlara elə qarışdı ki, evlənmək yadımdam çıxdı" dedim.

Gülümsündü. O da öz həyatından bəzi fraqmentlər danışdı. Dedi ki, onun da həyatı alınmayıb elə ən yaxşısı ailə qurmamaqdı. Üzündə donub qalmış təbəssüm keçmişin kədərini tam örtə bilmirdi.

Bir nəfər gənc oğlan pianoda nəsə ifa edirdi. İkimiz də oğlana baxıb daha sonra bir-birimizə baxdıq. İfasından hiss olunurdu ki, diletantdır. Klavişləri möhkəm basa bilmir, taktdan geri qalırdı. Musiqiçi üçün dünyada səhv çalınan melodiya qədər əsəb verən heç nə yoxdur.

- Bəlkə siz nəsə çalasız? - Nərgiz baxışlarıyla pianonu göstərib dedi.

- Mən gərək iki qədəh konyak gillədim e - təbəssümlə dedim.

- Onda mən də - güldü - gillədim - deyib şaqqanaq çəkib güldü.

Gillətmək söhbəti nəsə ona ləzzət elədi. Mən ofisianta iki qədəh konyak gətirməsini dedim.

Diletant rəhmətlik Vaqifin "Qızıl üzüyünü" darmadağın eləməyə başlayanda konyaklar gəldi. Mən qədəhi götürəndə onun da əlləri sarmaşıq kimi qədəhə sarıldı.

- Sağlıq deməcəyəksiz? - gözlərini mənə zillədi.

- Vallah, sözün açığı, mən danışmaqda o qədər də pərgar deyiləm. amma qoy bir fikirləşim - deyib mən də baxışlarımı onun gözlərinə dikdim - arzu eləyirəm ki, ifa elədiyiniz ən yaxşı musiqiyə bənzəsin həyatınız.

- Bu nə gözəl sağlıqdı. Sonra da deyirsiz ki, danışa bilmirəm. Çox fikirləşmədiz özü də. Yəqin, çox adama demisiz - gülümsədi.

Özüm də dediyim sağlıqdan çaşbaş qalmışdım, səmimiyyətlə ona baxdım.

- Vallah, inanın ki, hələ heç bir xanımla üzbəüz oturub konyak içməmişəm, qaldı ki, sağlıq deyim. İlk dəfədi.

- İlk dəfəyçün mükəmməldi - güldü.

Biz qədəhləri astaca toqquşdurduq. Onlardan gələn astaca cingilti mənə elə gəldi ki, pianoda ifa eləyən diletantın musiqisindən daha peşəkar səsləndi. Oğlan pianonun arxasından çəkilən kimi ayağa qalxdım. Ondan nə çalmağımı soruşanda çox maraqlı cavab eşitdim.

- Həyatınız qədər maraqlı musiqini.

Gözlərimi yumdum. Barmaqlarım pianonun ağ-qara dillərinə toxunanda buzlu bir vadiyə ayağımı basdım. Şopenin "Nocturne"-ni ifa eləyirdim. Asta-asta buzda sürüşməyə başladım. Konyakın istisi boğazımı yandırsa da, bədənim şaxtalı havada donmağa başlayırdı. Çox qəribəydi, pianoda ifa eləyən əllərim olsa da, buzda ayaqlarım sürüşürdü. Sanki xəyalda hər şey tərsinəydi. Musiqinin tempinə uyğun olaraq, asta-asta sürüşürdüm, əllərim qadın paltarını soyunduran ehtiraslı kişinin barmaqları kimi pianonun dillərini ehmallıca sığallayırdı. Qəfildən qulağıma kaman səsi gəldi. Əvvəlcə nə olduğunu başa düşməsəm də, sanki ruhum bədənimdən çıxıb qulağıma pıçıldadı , " bu odur ". Skripka məni müşayiət elədikcə mən daha şövqlə çalırdım. Artıq buzlu çöllərdə tək deyildim. O da mənimlə birgə sürüşürdü. Mənimçün heç bir fərqi yox idi ki, bunu özü bilir, ya yox. Əsas o idi ki, o, indi mənimləydi. Mən sürüşə-sürüşə onun əlindən tutur, qucaqlayır, saçını sığallaya-sığallaya yanaqlarından öpürdüm. O da şaxtanın soyuğundan mənə sığınır, əllərini ovucumda isidirdi.

Musiqi bitəndən sonra gözlərimi açdım. O, əlində skripka başımın üstündə dayanmışdı.

- Elə gözəl ifa eləyirdin ki, dözə bilmədim, qoşuldum sənə.

- Əcəb elədin - sevinmişdim.

Biz yenidən yerimizə keçdik. O, skripkasını futlyarına qoydu. Mən ofisianta ikinci qədəhi gətirməsini işarə eləyib Nərgizə baxdım, o da razılıqla başını yellədi.

Biz ikinci qədəhi pianonun və skripkanın sağlığına içəndən sonra buz məsələsini ona danışdım. Elə bildim ki, güləcək. Amma çox ciddi qarşılasa da, mənimlə qətiyyən razılaşmadı.

- Xətrinizə dəyməsin, amma razı deyiləm. düzdür, siz də yeri gəlsə, çətin günlər yaşamısız, valideynlərinizi gənc yaşda itirmisiz, amma görünür ki, bu ağrılar sizin ruhunuzda o qədər də iz qoymayıb. Amma... - bir anlıq susub yenidən davam elədi - insanın həyatında elə şeylər olur ki, həmin ağrını canından heç cür çıxara bilmirsən. Sənət adamları da həmin ağrıları sənətə çevirirlər.

Mən susub onu dinləyirdim. Sakitcə üçüncü qədəhi də gətirməsini bildirdim. Sanki iki qədəh də olsa, konyak onun dilini bir az açmışdı.

- Mən özüm bəstəkar deyiləm, musiqi bəstələyə bilmirəm. Amma ifa eləyəndə bir də görürsən bütün ruhumu qoyuram musiqiyə. Ruhumdakı bütün ağrıları çevirirəm musiqiyə - o susdu, dərindən köks ötürüb baxışlarıyla yad adamın əlləriymiş kimi masanın üstündəki əllərinə baxdı.

Biz üçüncü, dördüncü, beşinci qədəhi içəndən sonra Nərgizlə ancaq buzdan və ağrıdan danışırdıq. Demək olar ki, sərxoş idi, konyak keçmişi onun yadına salmışdı. Həmin gün öz həyatından ürəyi boşalana qədər, gözlərindən yaş gilələnib konyak qədəhinə düşənə qədər danışdı. Arada mənə elə gəlirdi ki, onun ağzından çıxan sözlər, cümlələr yox, musiqi notlarıdır. Kədərli, əzab dolu minor notlar. Mən də bu kədərli musiqinin ağuşunda bütün dünyadan uzaqlaşıram, düşürəm musiqi aləminə. Elə aləmə ki, burda sözlər qüvvədən düşür, bu aləmdə ancaq bir hökmdar var, o da musiqidir.

Biz kafedən çıxanda çox gec idi. Ikimiz də içmişdik. O, ayaq üstə dayana bilsə də, sərxoş olduğunu görmək çətin deyildi. Yolun kənarında dayanmış taksiyə əl elədim. Onu evinə qədər aparıb, bloka qədər ötürdüm. İçəri girməmişdən əvvəl konyakın təsirindən xumarlanmış gözləriylə mənə baxdı.

- Bu gün elə bildim ki, meditasiya ilə məşğul oldum. Hə, sən adi bir piano müəllimi deyilsən. Nə bilim bir kahinsən, ya da bir rahib. Bilmirəm.  O balaca kafe də nəsə bir ocaqdı. Nə bilim, nəsə Tibetdəki məbədlərdən biridir. O qədər yüngülləşdim ki. Çox sağ ol.

 

- Sən sağ ol. Mənimçün də xoş oldu. - sevgi dolu baxışlarla ona baxdım.

Sağollaşıb ayrıldıq. O öz evinə, mən də öz təkadamlıq hücrəmə getdim.

Səhəri gün işə bir az gec gəldi. Əvvəl elə bildim ki, məndən utanacaq. Amma əksinə, daha da səmimi görüşdü. Dünənki görüşdən maraqla danışdı. Dedi ki, düzdü, bir az başım ağrıyır. Amma çox yüngülləşdim. Hətta gözlədiyimin əksinə, arada getmək istədiyini dedi.

Bu günlər ərzində çox yaxın olmuşduq. Düzdü, o mənə dərdlərini danışacağı bir kahin kimi baxsa da, mənim başqa yolum olmadığından buna da razı idim. Arada həmin balaca kafeyə də gedirdik. Onunla bu qədər yaxın olacağımı ağlıma da gətirməzdim. Demək olar ki, hər şeyini mənlə bölüşürdü. Bir-birimizə o qədər yaxın olmuşduq ki, onun baxışından, üz cizgilərindən nə baş verdiyini o dəqiqə bilirdim. Elə ona görə də axır vaxtlar onun üçün bərk narahat idim. Nəyisə gizlədirdi məndən. Hətta son günlər də az görürdüm onu. Ya işdən tez çıxırdı, ya da məni görəndə tələsdiyini deyir, uzaqlaşırdı. Əvvəlcə elə bildim məndən inciyib ona görə belə eləyir. Di gəl ki, nəyə görə incidiyini heç cür aydınlaşdıra bilmirdim. Özündən bir dəfə məktəbin dəhlizində bu haqda soruşdum. O dəqiqə and-aman elədi ki, hər şey qaydasındadır. Mən dəqiq bilirdim ki, məndən nəsə gizlədir. Ancaq bu gizlilik uzun çəkmədi. Gitarist dostum yenə karıma yetdi. Sən demə, Nərgizin həyatında biri var imiş. Bunu eşidəndə elə vəziyyətə düşdüm ki, elə bildim hər tərəf buz meydançasıdır, amma mənim ayaqlarımı bağlayıblar. Nə qədər eləsəm də, heç cür sürüşə bilmirəm. Çox təəssüf ki, bu hələ xəbərin başlanğıcıydı. Dostum əsas bombanı bir azdan partladacaqdı, özü də düz qulağımın dibində. Zarafatcıl dostum gözlərimin içinə baxıb gülə-gülə dedi ki, padruşkanın sevgilisi uşağına dərs dediyi valideyn imiş. Bunu eşidəndən sonra gözlərim qabağında nə buz var idi, nə də meydança. Hər şey səhra idi. Sapsarı hərəkətsiz səhra.

Qəribə bir soyuqluq yaranmışdı aramızda. Özü də bunu hiss eləmişdi. Bilirdi ki, onun bu gizli sevgisindən xəbərim var. Artıq iş yoldaşlarımız da onun haqqında yaxşı fikirdə deyildilər. Evli kişiylə münasibəti olmağını heç kimi yaxşı qarşılamırdı.

Bu hadisə məni sarsıtmışdı, bu söhbətdən iki ay keçsə də, elə bil, ruhumda nəsə qırılıb elə öz içimə də tökülmüşdü. İçimdə dağılmış ruhumun bir hissəsini gəzdirirdim. Elə həmin axşam da işdən bu ovqatda - sınıq-sökük halda çıxıb həmin balaca kafeyə getdim. Uzun müddətdən sonra ilk dəfəydi ki, o kafeyə onsuz gedirdim.

Yenə həmin zəhlətökən diletant pianonun anasını ağlatmaqla məşğul idi. Nə olsun, heç vecimə də deyildi. Mənim dərdim özümə bəs idi. Sevdiyim qadın bir başqa kişiylə, özü də evli kişiylə sevgili idi.

İkinci qədəhi içirdim ki, Nərgiz qarşımda oturdu. Gözlərinin qızarmasından ağlamağı bilinirdi. Heç nə danışmadıq. O da özünə mən içdiyimdən sifariş verdi. Qədəhi başına çəkəndən sonra dediyi ilk söz bu oldu.

- Ayrıldıq. - ilk görüşdəki kimi gözündən süzülən yaş qədəhin içinə düşdü.

Ona nə deyəcəyimi bilmədim. İndi ona təsəlli verməliydimmi? Susmalıydımmı? Nə etməliydim? Ümumiyyətlə, kim idim mən? Hə... Xatırladım. Mən onun üçün dərdlərini danışdığı kahin idim. Başqa heç nə.

O, başına gələnlərin hamısını mənə danışdı. Həmin valideynlə məktəbdə tanış olub. Həmin adam onu xoş sözlərlə aldadıb. Dediyinə görə arvadıyla aralarının yaxşı olmadığını, yaxın zamanda boşanacağını deyibmiş. Nərgiz də onun bu sözlərinə inanıb. Amma iki gün əvvəl kişi deyib ki, o ailəsini ata bilməz. Arvadını çox sevir. Bu münasibəti bitirmək lazımdır. Nərgiz bunları danışa-danışa gözündən yaşlar süzülür, onun üzündə çox zərif bir cığır açırdı.

O, yenə öz kahininə ürəyini boşaldandan sonra qeyri-iradi olaraq onun əlindən tutdum.

- Gərək mənə danışardın.

- Utandım. Bilmirəm niyə. Amma utandım. Elə bildim qınayacaqsan məni - dördüncü qədəhi başına çəkdi.

- Çox içmə. Sabah konsert var məktəbdə - onun qədəhini kənara çəkdim.

Üzündə yorğun bir istehza yarandı. Mənə elə gəldi ki, onun üzünü hələ bu qədər soyuq görməmişdim.

- O da gələcək tədbirə. Uşağı ifa edəcək axı. Bilirsən, ən maraqlısı nədir? Çox güman ki, arvadıyla gələcək. Mənim də nömrəm var, axı səninlə bir yerdə ifa edirik. Mən onlarçun çalacam, onlar da ləzzətlə qulaq asacaqlar.

- Sabah sən çıxma. Bir başqası ifa etsin. Ya da o nömrəni təxirə salaq.

- Yox. Bəs karma? Sabah o səhnədə ifa etməyim mənim karmamdır. Mən özümü cəzalandıracam sabah.

- Nərgiz...

O, hər dəfə skripkanın üzərində rəqs edən barmağını bu dəfə dodağına yaxınlaşdırıb susmağımı istədi. Mən də "bəsdi, içmə daha"dan başqa heç nə demədim.

Gecə onu ötürüb boş küçəylə evimə qayıdanda göy üzünə baxdım. Ay onun sərxoş gözləri kimi kədərliydi.

Səhər əsas məşqə gəlmədi. Fikirləşdim ki, yəqin, axşam içkili olduğu üçün elə danışmışdı. Əslində, bir qədər rahatlaşdım. Çünki onu səhnədə elə sınmış, mağmun halda görmək istəmirdim. Məşqi bitirib öz otağımızda kofe içirdim ki, bəlkə başağrısını aparar. Gərək dünən içməzdim. Bu vaxt o, içəri girdi. Üzündə elə bir qətiyyət var idi, heç deməzdin dünən bu qadın mənim qabağımda göz yaşı axıdıb. Məndən məşqə gələ bilmədiyi üçün üzr istədi. Dedi ki, pamadamı itirmişdim, heç demə, çarpayının altına düşübmüş, ona görə gecikdim. Bütün bunları elə sakit danışırdı, elə bil, belə də olmalıydı.

Konsert başladı. Mən əvvəlcə uşaqları müşayiət elədim. Zala göz gəzdirdim həmin kişi yanında arvadı yanbayan oturmuşdular. Həvəslə uşaqlarının çıxışını gözləyirdilər. Onun oğlu səhnəyə çıxanda sevincdən ikisinin də gözləri işıldadı. Mən pianoda ifa edə-edə hirsimdən partlayırdım. Alçaq indi elə rahat gəlib oturmuşdu ki, guya elə-belə də olmalıydı.

Çox həyəcanlıydım. Bir azdan Nərgiz səhnəyə çıxacaqdı. Nə qədər yaxşı görünsə də, bilirdim ki, özünü sındırmırdı, əslindəsə darmadağın bir haldaydı. Buna əmin idim. Bizim yerimiz çatmışdı. Ürəyimdə fikirləşirdim ki, əgər səhnəyə çıxmasa, mən özüm solo nəsə ifa edərəm. Beynimdə bunları götür-qoy edirdim ki, o, səhnəyə çıxdı. Nərgizi hələ belə gözəl görməmişdim. Qara uzun donda qara qu quşuna bənzəyirdi. Bütün təşbehləri bir kənara qoyub sadəcə bunu demək olardı: o çox gözəl idi...

Nərgiz heç kimə baxmadan mənə doğru gəlirdi. Mənə elə gəlirdi ki, hər yer yavaş-yavaş buzlaşmağa başlayır. Ancaq buz yox, qara rəngdəydi. Qapqara buzlaq. Budur, qara qar kraliçası mənə yaxınlaşır. Tapdım, mən Antraktidadaydım. Zaldakılar tamaşaçılar adam yox, pinqvinlər idi. Balaca, qara pinqvinlər... Qar kraliçası mənə yaxınlaşdı, əyilib qulağıma pıçıldadı.

- Sənə indi göstərəcəm ki, əsl musiqi ağrıdan yaranır, yoxsa buzun üstündə veyillənməkdən?! Getdik, Şopen.

Nərgiz səhnənin ortasına qədər gedib dayandı. Mən hissiyatı iflic olmuş xəstə kimi ona baxırdım. O, skripkanı boğazına qaldıranda qeyri-iradi olaraq mən də əllərimi pianonun dillərində atəş əmrini gözləyən əsgərin tətikdəki barmağı kimi hazır saxladım.

Biz "Secret garden" musiqisini ifa etməliydik. Mən səhnədə qar kraliçasına baxanda başa düşdüm ki, repertuarı mütləq dəyişməliyəm. Axı bu dəqiqə səhnədəki Nərgiz deyildi. O, qar kraliçasıydı. Vivaldinin "Qış"ını ifa eləməyə başladım. Diqqətlə ona baxırdım. Nərgiz də, sanki mənim məhz bu kompozisiyanı ifa edəcəyimi bilirmiş kimi özünü qətiyyən itirmədi. Kaman simlərin üstündə gəzişməyə başlayanda hiss elədim ki, üşüməyə başlayıram. Nərgiz düz qarşıya baxırdı. Onun kimə baxdığı məlum idi. O, yayı skripkaya getdikcə daha möhkəm sürtür, sanki bütün acığını skripkadan çıxırdı. Elə bil ki, hər şeyin günahkarı yazıq alət idi. Bəlkə də haqlıydı. O, məhz bu skripkadan dərs dediyi üçün bütün bunlar başına gəlmişdi. O, skripkada çaldıqca mən başqa həqiqəti də başa düşdüm. Bu qadın skripkasız yaşaya bilməzdi. Skripka onun üçün hər şey idi. Həm sığındığı tək liman, həm üstünə qışqıra biləcəyi balaca uşaq, həm də göz yaşı axıtmadan ağlaya biləcəyi sirli məfhum. Mənim ayaqlarım altındakı buzlar çat verməyə başlamışdı. Nərgiz yayı sağa-sola aparırdı. Mənə elə gəlirdi ki, o, bu dəqiqə qarşısında arvadıyla yanaşı oturub ona tamaşa eləyən məşuqunu bıçaqlamaqla məşğul idi. Hə, əlindəki yay deyildi, sanki uzun, iti xəncər idi, o da var gücüylə sağa-sola sürtməklə öz sevgilisini, öz sevgisini qətlə yetirirdi. Skripkadan çıxan səslər əslində Nərgizin özünün hayqırtısı idi. Mən onu müşayiət elədikcə hiss edirdim ki, buzlar çatlayır, artıq sürüşə bilmirəm. Ətrafımdakı hər yer əriməyə başlayır. Nərgiz isə çalmağa davam edirdi. Məndən aralı olsa da, işığın şüasında onun gözündə parıldayan damcını görə bildim. Göz yaşı onun yanağından süzülüb yerə düşəndə, səhnə alovlanmağa başladı. Mən dəhşət içindəydim. Bu onun vecinə də deyildi. Skripkanı qu quşuna bənzər boğazına bir az da sıxıb daha da şövqlə ifa edirdi. Alov hər yana yayılmağa başlamışdı. Buzlar ərimişdi. Nə edəcəyimi bilmirdim. Nərgiz hələ də öz sevgisini öldürməklə məşğul idi. Musiqinin kulminasiya nöqtəsiydi. Nərgiz yayı kamana elə çəkirdi ki, sanki tənha söyüd ağacı güclü küləyə tab gətirməyə çalışır, budaqları özünü ora-bura çırpır, küləyə boyun əymək istəmirdi. Bütün zal od içindəydi. Musiqinin finalına yaxın Nərgizin qara rəngli paltarı ağarmağa başladı. o, yavaş-yavaş qu quşuna çevrilirdi. Mənim ayaqlarım altındakı buzlar çoxdan ərimişdi. Nərgiz qu quşuna dönüb səhnədən uçaraq özünü pəncərəyə çırpdı, pəncərənin şüşəsi çilik-çilik olub yerə töküldü. Qu quşunun boğazında qan ləkəsi görünürdü. Qu quşu pəncərədən uçub yoxa çıxdı. Akt zalı başdan-ayağa alovun içindəydi. Mən göz yaşımı silmək üçün əllərimi pianonun dillərindən götürdüm. Tamaşaçılar hələ də səhnəyə baxırdılar. Sanki onlar bütün baş verənlərdən xəbərsiz idilər.

Həmin tədbirdən sonra bir də Nərgizi görmədim. Ərizəsini yazıb işdən çıxmışdı. Amma hər kəs onun konsertdə necə şövqlə ifa elədiyindən danışırdı. Mən hər dəfə akt zalına girəndə həmin pəncərəyə baxırdım. Hər şey qaydasındaydı. Dəyişən bircə şey var idi, o da bundan sonra pianoda nəsə çalanda artıq buzun üstündə sürüşmürdüm. O mənim musiqi haqqında təsəvvürümü dəyişmişdi.

İndi həmin kafeyə daha da tez-tez gedirəm ki, bəlkə ürəyinə konyak düşə. Amma o gəlmir. Əvəzinə bizim diletant yeni mahnılar öyrənib. Hər axşam baş-beynimi aparır bu onsuz boş və mənasız görünən kafedə. İndi hər dəfə pianonun arxasına keçəndə, bir də onu xatırlayanda sol tərəfdə, ürəyimdə balaca sancı yaranır, ürəyim ağrıyır. Həmin anlarda fikirləşirəm ki, heyif ki, evli deyiləm, evli olsaydım uşaqlarım olardı, daha sonra da nəvələrim. Mən də onlara Qu quşunun nağılını danışardım.

 

Pərviz Seyidli

 

Ədəbiyyat qəzeti.- 2019.-3 avqust.- S.4-5.