Mən öldürdüyünüz qadınam...

 

Şeirlər

 

Azər Turanla çağdaş Azərbaycan ədəbiyyatı barədə söhbət edirdik, söz gənclərdən düşdü. Azər müəllim gənclərdən kimləri daha çox bəyəndiyimi soruşdu. Yadıma düşən bəzi yazarların adını çəkdim bu söhbətdə ən çox xoşuma gələn bir ədəbi nəşrin baş redaktorunun ədəbiyyata münasibəti oldu, çünki ədəbi nəşr istedad axtarışındadırsa, istedadlı adam hökmən ortaya çıxacaq. Mən "Ədəbiyyat qəzeti"nin bu nömrəsinə gənc yazar Aysel Abdullazadənin şeirlərini təqdim etmək istəyirəm. Məncə, onun şeirlərinin dili , hadisələrə baxışı da özünəməxsusdur. Şeirin bəşər qarşısında funksiyası da elə budur - duyğuları sözə çevirib onu gözəl şəkildə ifadə etmək.

 

Elxan Zal Qaraxanlı

 

Gedənlər həmişə unudanlar olmur...

Bilirsənmi, gedənlər heç həmişə unudanlar olmur.

Bilirsənmi, gülüşlər həmişə xoşbəxtlikdən deyil,

arzular hər deyəndə çin olmur.

xəyal hər zaman gerçəyə dönüşmür,

yaxşılıq həmişə yadda qalmır,

pislik isə tez yaddaşa hopur...

 

Bilirsənmi, xəstəxanalar həmişə can qaytarmır,

can satılır bəzən bu "bazarda".

məscidlər bütün duaları göylərə ötürmür,

O'na evindən səslənmək belə, avantaj olmur insanlara.

vağzallar ayrılıqları daha çox yaşayıb,

vidaların əl sallayan görüntüsündən bezib bəlkə .

gəmilər hər zaman geri qayıtmır...

 

Bilirsən, yandırılan hər siqaret əfkarı dağıtmır,

siqaret yandıran bütün adamlar da darıxmır.

alışqanın ucundakı alovla siqar yandırdığını düşünərsən,

əslində, yanan ciyərin olar.

içinə çəkdiyin o tüstü ciyərlərinə "can verər"

bir qadının özləmi qalxar göyə kişi dodaqlarının arasından...

 

Bilirsənmi, yanaqlardan süzülən göz yaşında

qəlbin qanaxması başlayar,

kliniki ölüm keçirər bütün hissiyyata məhkum orqanlar...

bilmirsən ki, bir ürəyin ağrısı insandan keçər,

ya varlığından,

ya da yoxluğundan əzab verər.

 

Dənizmi olsam?!

 

Yelken ol, kürek ol,

Dümen ol,

Balık ol, su ol

Git, gide bildiyin yere...

                   Nazım Hikmet

 

Bir adam

dalğaların qayaya vuran yerində

İçi ümidsizliklərlə qaplanmış,

Diləklərini ürəyinin ən dərininə gömmüş

Canı acıyan bir adam düşünür:

- Buludlara uzatsam əlimi,

çatarmı bəyazlığını hiss etməyə?!

Suya toxunsam,

qulağımda çınlayarmı şırıltısı?

Ya da gəmiyə minsəm,

gedə bilərəmmi arzuların limanına?!

 

Yosun olsam,

yapışsam heç qopmadan dilək qayasına.

Gəmi olsam,

dərdləşə bilsəm, ən uzaq dənizlərin suları ilə

Ya da balıqmı olsam,

getsəm, ta uzaqlara gedə bildiyim qədər...

 

Balıq oldum, ey dəniz, al məni qoynuna,

Sənə gəldim,

yaşat məni ıssız sularında...

 

Mən öldürdüyünüz qadınam...

 

Mən öldürdüyünüz qadınam,

On beş yaşında ərə verib

kitablarımdan ayırdığınız,

arzularımı boğduğunuz,

yumşaq oyuncağımla yatmadığım gün

məni öldürdünüz...

 

Mən öldürdüyünüz qadınam,

On altı yaşında ana olan

özüm uşaq ikən

özümdən bir uşaq dünyaya gətirən zaman öldüm.

Yaşıdlarım məktəbə gedərkən

mən qızımı bələyəndə öldüm.

Onlar küçədə gizlənqaç oynayarkən

məni ərim zorladığında öldüm...

 

Mən öldürdüyünüz qadınam,

Dəftər yerinə əlimdə bir külfətin qazan qaşığı,

Məzun geyimi əvəzində gəlinlik libası geydirdiyiniz

kəfən misalı...

Mən öldürdüyünüz qadınam,

diri-diri torpağa basdırdınız,

ocağa atıb yandırdınız,

daşladınız, dışladınız

yetmədi, külümü göyə sovurdunuz...

 

 

Mən öldürdüyünüz qadınam,

Qız olduğu üçün abort olunmuş körpənin çığlığıyam.

Ər qorxusu ilə o masada

canından balasını çıxaran ananın içindəki fəryadıyam.

Bütöv deyil,

hissə-hissə doğrayan cərrah bıçağının iti baxışıyam...

 

Mən öldürdüyünüz qadınam,

Əsir bildiyiniz, cariyə etdiyiniz,

Bir gecədə otuz dəfə təcavüz etdiyiniz,

Saçından asdığınız, ruhunu qırbacladığınız,

mənəviyyatını öldürdüyünüz qadınam...

 

O qadınam,

gecə küçəyə çıxsam, pozğun dediyiniz,

evə gec qayıtsam, "adamı" var dediyiniz,

boşanarsam, potensial fahişə kimi gördüyünüz,

Dilinizlə, dininizlə, belinizlə,

Öldürdüyünüz qadınam.

Amma bu gün ayaqda duran,

Çalışan, qazanan, övlad yetişdirən,

Topluma açılan, söz sahibi olan,

oxumuş, bilgili, kültürlü

Canına oxuya bilmədiyiniz,

daşlayamadığınız,

dışlayamadığınız,

yandıramadığınız,

Bitirəmədiyiniz qadınam mən!

Mən öldürəmədiyiniz qadınam!

 

Sevgiyə çıxan küçələr...

 

Zeynep Yusufdan etkilənərək

 

Dar bir yoxuşundayam şəhərin,

İsti vurmuş asfaltın parıltısı

kölgəmi canlandırır üstündə...

 

Könül saatım yalnızlığa işləyir,

dilimdəki mahnı təkliyə mızıldanır:

- Bura Bakıdır!

Burada bütün küçələr sevgiyə çıxır...

 

Gedirəm mənzillərə bitişik sıxılmış yollarda,

Keçmişimi tapıram hər addımda.

Yolumu azmaq qorxum olsa da, bilirəm,

Bura Bakıdır!

Burada bütün küçələr sevgiyə çıxır...

 

Cam eyvanda dayanmış qızın baxışları

 

Xatırladır on il öncəsini.

Gözü eşq axtarır, qəlbi sevgi

O da bilir,

Bura Bakıdır!

Burada bütün küçələr sevgiyə çıxır...

 

Məscidlər şəhər mərkəzində qapısı açıq

imanı bütöv misafirlərini gözlər.

sevənlər cüt-cüt gələr, gedər

dualar edib, əllərini Sevgiyə açarlar

onlar üçün ...

Bura Bakıdır!

Burada bütün küçələr sevgiyə çıxır.

Səninlə yaşlanmaq istəyirəm!

 

Səninlə yaşlanmaq istəyirəm!

 

Saçlarına düşmüş bəyazları ovuclarımda

qarışdırıb,

İllərin üzündə saldığı izləri

gözlərinə baxıb oxumaq istəyirəm.

 

Soyuq qış gecələrində qoynuna sığınıb

Əllərimi ovuclarında sıxarkən,

hərarətini duymaq istəyirəm.

 

Səninlə yaşlanmaq istəyirəm!

Baharın ilk çiçəyini birlikdə qoxulayaq.

Günəşin al şəfəqləri altında ikinci baharımızı

yaşayaq.

İlləri, keçən günləri düşünüb fotolardan

xatırlayaq...

 

Sənə qəhvə dəmləyim, acı olsun,

Mənə baxaraq dadını məndən alasan.

Udqunduqca hər qurtumunu

Gəncliyimizdəki illəri təkrar yaşayasan.

 

Səninlə yaşlanmaq istəyirəm!

Səhərlər çayın ətrinə oyadam səni,

Qucaqlayıb boynundan qoxulayam səni,

Ətrin dolsun içimə, həsrətini çəkərcəsinə

öpüm səni...

 

Bir payız axşamı qapı döyülsün

Üzümüzdə sevinc hissi ilə yaxınlaşaq qapıya...

Sən de oğlumdur, mən deyim qızımızdır,

Açıb görək ki, üşümüş iki balaca əl, bir cüt göz

Sən demə, gələn nəvəmizdir.

 

Səninlə yaşlanmaq istəyirəm!

Parklarda gəzintiyə çıxaq, gəncliyi xatırlayıb

İçdən bir təbəssümlü hava udaq.

Əl-ələ gəzən sevgililərdə özümüzü tapaq.

Sevgimiz ilk günkü kimi təravətli

Səni gördüyüm ilk yay axşamı qədər hərarətli,

Hələ ...

 

Kinoya gedək, sənə sığınıb filmə baxım

Film çıxışı dəniz kənarında dolaşıb

o günləri anım.

Səninlə yaşlanmaq istəyirəm!

Ruhumu ruhundan ayırmadan,

Bir gün torpağa qarışıb,

yenidən səninlə doğulmaq istəyirəm!

 

Məni aldatmaq asandır!

 

Məni aldatmaq asandır,

Çünki tez inanıram.

Buz kəsilmiş qəlbləri,

möhürlənmiş dilləri

nəzərə almıram...

 

Məni aldatmaq asandır!

Hamını eyni bilirəm.

həyatın bir sınağından çıxıb,

yeni bir imtahanına girirəm...

 

Məni aldatmaq asandır!

Üzündəki üzləri görmürəm,

ya da görmək istəmirəm.

Qəlbindəki nankorluğu,

dilindəki saxta kəlmələri

görməməzlikdən gəlirəm...

 

Məni aldatmaq asandır!

Tez inanıram.

Qəlbimi ovsunlayan mərdlik sözünə aşiq olub,

arxamca kəlmələri ustalıqla seçib

üzümə gülümsəyən,

insanlıqdan kənar insanlara inanıram!

 

Aysel Abdullazadə

 

Ədəbiyyat qəzeti.- 2019.- 3 avqust.- S.12-13.