Ziyalı ömrünün akkordları və yaxud, İstedad sönməyən ulduzdur...

 

Əmir Pəhləvanın ədəbi portreti

 

Müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndələrindən olan Əmir Pəhləvanın (Hacılı Əmir Pəhlivan oğlu) yaradıcılığı və gerçəkliyə münasibəti həmişə diqqətçəkən olubdur. O, bir yazıçı, publisist və jurnalist kimi həmişə operativ tərzdə işləyib, ötən əsrin 80-ci illərindən başlayaraq bu günlərimizə qədər, xüsusən də, müstəqillik illərində bir qələm sahibi kimi, necə deyərlər, ictimai-siyasi və ədəbi həyatın qaynar nöqtələrində olub.

Əslən naxçıvanlıdır... 1959-cu ildə Naxçıvan MR Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Elə həmin rayonun Cəlil Məmmədquluzadə adına orta məktəbini bitirib (1976). Bu məktəbin adının böyük və dahi bir ədibin - Mirzə Cəlilin daşıması, bəlkə də, ona ilk yaradıcılıq impulsu verib, gənc Əmirin ürəyində yaradıcılıq işartıları oyadıb, istedadına təpər verib...

Belə bir deyim və bilim var ki, insanın xarakteri, xasiyyəti öz doğulduğu məkandan qidalanaraq nəşvü-nüma tapır, bir sözlə, insan daha çox doğulduğu torpağa oxşayır. Əmir Pəhləvan da əsrarəngiz təbiəti, gözəlliyi, saflığı ilə fərqlənən Şahbuz bölgəsindən, onun müdrik, işgüzar, halallığa tapınan adamlarından çox şey mənimsəyib, başqa sözlə, belə bir coğrafi və ictimai mühit ona ikinci bir həyat məktəbi olubdur...

Belə olmasaydı o, jurnalist təkin çətin və istedad tələb edən bir peşəni seçməzdi... Əmir pərvanə oda şığıyan kimi əsgər həyatından sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alır (1980-1985), yaradıcılıq fəallığı ilə diqqəti cəlb edir, mətbuatla sıx əlaqə qura bilir, eyni zamanda Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında "Gəncliyin səsi" proqramının yaradıcısı kimi fəaliyyətə başlayır (1981), səsi və sözü ilə Təbriz küçələrində "Qara gilə" sorağında cövlan edir...

1985-ci ildə Əmir Hacılı ali məktəbin sonuncu kursunu bitirməmiş "Bakı"-"Baku" axşam qəzetlərinə müxbir kimi işə götürülür, gənc jurnalistlərin müəllimi və ustadı olan Nəsir İmanquliyev məktəbini keçir (1985-1988). Sonra o, "Azərbaycan müəllimi" qəzetinə dəvət olunur, 1988-1990-cı illər arası burada müxbir işləyir. İlk, müstəqil mətbuatımızın cığırdaşı olan Azərbaycan Teatr Xadimləri İttifaqının orqanı "İlham" mədəniyyət qəzetinin təsisçisi və baş redaktoru (1990) kimi tanınır, məşhurlaşır... Bu qəzet o dövrü əks etdirən çoxsaylı mətbu yazıları, sənət, teatr haqqında fikir, mülahizələri ilə mədəniyyət salnaməsinə çevrilir... İnsaf xatirinə deyək ki, o dövrdə Azərbaycan mühitində ilk demokratik xalqçı mətbu nəşri olan "İlham" qəzeti yeni dövr üçün cəmiyyətdə mədəniyyət və mədəniyyətdaşlığımızın çağdaş bünövrəsini qoyur. Həmin illərdə Azərbaycan mətbuatında təcrübəli publisist-jurnalist kimi tanınan Əmir Pəhləvanın "O Ay bir də doğmayacaq" adlı ilk kitabı da çapdan çıxır...

Ölkəmizin ağır və çaxnaşmalarla dolu olan bu dövründə Əmirin bütün yazılarında xalqın sərt və dönümsüz taleyüklü problemləri diqqət mərkəzinə çəkilir. Adamlar əziyyət və biganəlik içərisində çırpınaraq əsarətə boyun əyməkdən qaçırlar. O, bütün bunları, sadəcə, təsvir eləmir, çəkilən əzablara, iztirablara, məşəqqətlərə qoşulur, inanır ki, yerdən "yuxarı" ulu bir varlıq var! Və bu ulu varlığa, bir də qələminə sığınır...

Belə bir əqidə və inam, zamanı duymaq qabiliyyəti, istedadla təşkilatçılığı birləşdirə bilmək bacarığı publisist, yazıçı-şair Əmir Pəhləvanı həm zamanın axarı, həm də istedadı qiymətləndirən, istedadın qədrini bilən Nüsrət Kəsəmənli, Səməndər Rzayev, kinorejissor Tofiq Kazımov kimi insanların qayğısı və köməyi, hardasa təhriki ilə kinoya gətirir. Daha doğrusu, o, qəzetdə "deyə bilmədiyi" Azərbaycan həqiqətlərini - Azərbaycanın ağrı-acılarını ekran vasitəsilə dünya ictimaiyyətinə çatdırmaq istəyi ilə kinoya gəlir və ekran dili ilə - görümlü və duyumlu bir dillə bunları imkan daxilində dünyaya çatdıra bilir...

O, "Step LTD" kinoşirkətini təsis edir (1995), şirkətin xəttilə yaradılan "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" bədii filmlərinin, "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz uyğurları", "Kurqanlar", "Hunqoriya", "Şəhriyar", "Sivilizasiya beşiyi - Çin", "Tahirə" və başqa 15-dən çox sənədli ekran əsərinin müəllifi və rejissoru olur; adlarından da göründüyü kimi, bu filmlərində tariximizin, taleyimizin, türklüyümüzün, mənsub olduğumuz milli sivilizasiyamızın maraqlı səhifələrini canlandırmış, onlara ekran həyatı bəxş edərək dünya mədəniyyəti sferasına çıxarmışdır...

Ekran canlıdır, görümlüdür, duyumludur və böyük missiyası var, ən ümdəsi sərhəd tanımır, ayaq tutub dünya arenasında addımlayır, tanıdır, tanıtdırır, şərəf və şöhrət gətirir...

Bir mühüm faktı qeyd edək ki, Əmir Pəhləvan istedadlı bir sissenarist kimi qərbləşməyə Paris dəbi kimi baxanların içində mədəni köləliyi "Fransız" adlı filmi ilə damğalayır. Bu filmin ideya-estetik qayəsini Mirzə Cəlilin dahiyanə şəkildə, milli yanarlıqla qələmə aldığı "Anamın kitabı" ilə də müqayisə edirlər... Əslində, bu filmə kino tənqidçilərinin bir cür, tamaşaçıların başqa bir cür baxışı var. Müəllif burda millətin ağrılı yerini göstərmək istəmişdir. Cəmiyyətdə yiyəsizlik, sahibsizlik, düşüncəsizlik, məsuliyyətsizlik və səviyyəsizlik baş alıb getdiyi bir məqamda bu reallığı göstərmək elə Mirzə Cəlil kimi milli heysiyyət və cəsarət istəyirdi... Əmir Pəhləvan bunu ekran dilində tragikomediya kimi sarkazm səviyyəsində təqdim edə bilibdir. Əsərin qəhrəmanı ana dilində danışmaq istəmir. Bu nə deməkdir?! Anan səni dünyaya gətirəndə bağrına basıb ana dilində layla çalıb, əzizləyib. Sən ananın dilini necə unuda bilərsən?! Ana dilini unudursansa, vətəni, özünü, qan yaddaşını unudursan. Bu bizim xalqın taleində vaxtaşırı özünü büruzə verən milli faciəmizdir ki, Mirzə Cəlillər buna qarşı mübarizə aparıblar. O baxımdan Əmir Pəhləvanın ekran yozumunda "Fransız" filminin çox böyük tarixi əhəmiyyəti var...  Növbəti "Qarabağ şikəstəsi" filmi ilə o, Azərbaycanın acı taleyini, qismətinə qaçqınlıq düşmüş insanların vətən nisgilini sirayətedici incə bir yumorla ekrana gətirir. Bu filmlər yeniləşən Azərbaycanda sovet kino incəsənətinin standart stereotiplərini və şablonçuluğunu dağıdaraq milli kinomuza, kinodramaturgiyamıza yenilik gətirir...

Onu da xatırladım ki, Əmir Pəhləvan öz filmləri ilə beynəlxalq festivallara çıxmış və ölkənin kino sənətini ləyaqətlə təmsil etmişdir. Bunun özü də kino tariximizin ilkinlərindən idi... 1998-ci ildə ABŞ-ın Kaliforniya ştatında milli və rəsmi dövlət atributlarımızdan olan üçrəngli bayrağımıza həsr etdiyi "Spasibo" adlı bədii filmi Hollivud videofilmlər festivalında mükafata layiq görülmüş və Los-Ancelesin 18 telekanalında yayımlanmışdır. "Qız qalası" qısametrajlı bədii filmi Şotlandiyada keçirilən film festivalında birinci yerin qalibi və pul mükafatına layiq görülmüşdür. "Bakı nefti və Nobellər" adlı üçhissəli sənədli filmi isə Fransanın Nant şəhərində keçirilən "Üç qitə" kinofestivalında 2 medala layiq görülmüşdür. Bu film Almaniyada DVD diski formasında milyon tirajla yayımlanmışdır ki, bütün bunlar Azərbaycan mədəniyyətinin çox mühüm və dəyərli faktlarındandır...

Belə ki, Əmir Pəhləvan Azərbaycan kinosunu Qərb auditoriyasına çıxarmaq kimi olduqca vacib və mühüm bir işi həyata keçirmişdir. Bütün qısqanclıqlardan uzaq, onu da deyim ki, bir çox Avropa xalqlarının, eləcə də postsovet məkanındakı dilləri bilməsi - poliqlot olması Əmir Pəhləvana imkan yaratmışdır ki, Azərbaycan mədəniyyətinin Avropa ölkələrinə inteqrasiyasında müstəsna xidmətlər göstərə bilsin və bu sahədə onun əməyi və zəhməti böyükdür...

Əmir Pəhləvanın yaradıcılığı, ədəbi-mədəni və ictimai fəaliyyəti çoxcəhətlidir, rəngarəngdir, müxtəlif rakurslarda və istiqamətlərdə işləkdir, özü də yüksək dərəcədə səmərəlidir... Onun yaradıcılıq uğurları beynəlxalq standartlara uyğun gəldiyindən həmişə təmkin və təminatla Avropa mədəniyyəti sferasına daxil olur və Azərbaycan ədəbiyyatını, mədəniyyətini bacarıqla təmsil edir...

Ədəbi-mədəni faktlara və bunların yayılma coğrafiyasına diqqət yetirək. İndiyədək Əmir Pəhləvanın Azərbaycanda və dünyanın müxtəlif ölkələrində 70-dən artıq kitabı çap edilib. 30 kitabı Azərbaycanda, 20 kitabı Ukraynada, 8 əsəri digər slavyan ölkələrində, xeyli kitabı keçmiş postsovet respublikalarında, 15 kitabı isə Avropa ölkələrində və Amerikada, Türkiyədə çap olunub.

"Bakılı Nobel", "Neft taleli Nobel", "Ayrılıq", "Səfir" "İsa, Məryəm və Sona" sənədli romanları, "Bakı nefti və Nobellər" üçhissəli sənədli filmi DVD formasında Almaniyada işıq üzü görərək, yüksək tirajla dünya oxucularına və tamaşaçılarına təqdim edilib. Kursivlə qeyd edim ki, Amerikada nəşr olunan ən nüfuzlu ədəbi-bədii mətbuat dərgisi - "Dünya ədəbiyyatı bu gün" jurnalı postsovet məkanından 42 yazıçının əsərlərini təbliğ və təqdir edir. Onlardan biri də məhz, Əmir Pəhləvandır.

Əmir Pəhləvan bir ziyalı kimi beynəlxalq arenada nüfuz qazanmışdır. O, xaricdə, xüsusən də Avropada Azərbaycan diasporasının beynəlxalq miqyaslı tədbirlərində yaxından iştirak edir. Əmir Pəhləvan Berlində 2006-cı ildən fəaliyyət göstərən və fəal mədəniyyət mərkəzi olan "Azərbaycan evi"nin əsas, nüfuzlu təşkilatçılarından biridir...

Onun ən populyar, geniş oxucu arenasında yayılan - "O Ay bir də doğmayacaq", "Qalxın, Cavid gəlir!", "Əkilən başlardı, torpaq əkilmir", "Turan türküləri", "Səfir", "Təbrizim, türk izim!", "Kəngərlər", "Türklüyün yol xəritəsi", "Yaşamağı bacarmaq lazımdır", "Azərbaycan şərqiləri", "Vətən dahiləri" ( l - ll hissə ) kitablarının adlarını çəkə bilərik, "İnsan və İblis" pyesi isə Bakı Bələdiyyə Teatrında (1999), "İstədiyim yar idi..." librettosu da Musiqili Komediya Teatrında (2009) səhnələşdirilib və maraqla qarşılanıb...

İki monumental cilddən ibarət olan "Vətən dahiləri" ensiklopedik siqlətli kitabı Azərbaycan ədəbiyyatının nadir incilərindəndir. Birinci kitaba məzmunlu və əhatəli "Ön söz"ü xalq şairi Sabir Rüstəmxanlı, ikinci kitaba isə ön sözü xalq şairi Vahid Əziz yazıb. Kitablarda müxtəlif dövrlərdə yaşamış elm-sənət adamlarının, əfsanəvi və tarixi qəhrəmanların, tanınmış şəxsiyyətlərin həyat və yaradıcılıqları araşdırılıb və onların hər birinə şeirlər həsr olunub. Şeirlərin əksəriyyəti həsr olunduğu şəxsin kimliyinin və xidmətlərinin daha aydın və əhatəli dərk olunmasına yardım məqsədi daşıyır. Şeirlərdə əksəriyyəti müxtəlif talelər yaşamış bu tarixi şəxsiyyətlər haqqında müfəssəl duyğular lirik ricətlərlə verilir. Sanki bu şeirlər bu şəxslər haqqında biblioqrafik məlumatların davamı kimi gəlir. Amma bu, ustalıqla mükəmməlcəsinə bədii boyalarla və bəlağətli oxşatmalarla həyata keçirilir. Kitabı oxuduqca bir daha əmin olursan ki, Azərbaycan türkləri ta qədimdən müəyyən intellektual və emosional keyfiyyətləri ilə fərqlənmişlər.

Deyim ki, Əmir Pəhləvan ilhamla və yorulmadan böyük yaradıcılıq işi görmüş və sevib-seçdiyi şəxslərin yalnız ona məxsus bir tərzdə bitkin, canlı poetik portretlərini yaratmışdır...

Əmir Pəhləvanın müəllifi olduğu "Vətən dahiləri" kitabı tək Azərbaycanı deyil, həmçinin bütün Avrasiya coğrafiyasını əhatə etdiyindən bu gün üçün daha da aktualdır. Əlbəttə, bu insanların böyük əksəriyyəti həm Azərbaycan, həm də türk-slavyan dünyası ilə bağlıdır. Kitabda dahi rus mütəfəkkiri Lev Qmulyovun anası Anna Axmatovaya xüsusi yer ayrılması və ona ithaf edilən şeir olduqca dəyərlidir və mühüm əhəmiyyət daşıyır. Yaxud da, rus şərqşünaslıq elminin banilərindən biri Mirzə Kazım bəyə ithaf edilən şeir bu və ya digər formada avrasiyaçılıq baxımından xüsusi əhəmiyyətə malikdir. O cümlədən, Nəsirəddin Tusi, Əmir Teymur, Nəimi, Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov, Faiq Bağırzadə və başqa şəxsiyyətlər Avrasiya coğrafiyasında böyük təsirə malik söz sahibləri kimi Azərbaycan oxucularına, bir daha, Əmir Pəhləvanın baxış bucağından təqdim edilir...

Dahilər heç vaxt ölmür. Onların keçdiyi əzablı, məşəqqətli, keşməkeşli yol bizim qan yaddaşımızdır. Şərəf və qürur mənbəyi olan bu müqəddəs yol bizim həyat və tale yolumuzdur. Əmir Pəhləvan özünəməxsus bir ədəbi formatda onların bizlərə və vətənə bəxş etdikləri böyük bir mənəvi irsi qan yaddaşımızda yenidən canlandırmağa nail olmuşdur... Fikrimizcə, Əmir Pəhləvanın "Vətən dahiləri" ikicildlik kitabı Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinə yeni bir töhfədir!

Onun "Sərkərdə" (2013) və "Zemlya Velikix" (2014) poemalarında da türk dünyasının tarixi əks edilib. "Zemlya Velikix" kitabında qırğız xalqının şərəfli qəhrəmanlıq tarixi, qırğız türklərinin kişiliyi, qeyrəti vəsf edilib. Kitab Qırğızıstan Prezidenti Almazbek Atambekova həsr olunub. Qırğızıstan Prezidenti möhtərəm Almazbek Atambekov başda olmaqla, Taktakul Satılqanov, Yusif Balasaqunlu, Çingiz Aytmatov və "Manas" eposu haqqında poetik düşüncələr və tarixi faktlar oxucuların marağına səbəb olub. Bu kitabda, əslində, Türklüyün Ruhu yad edilib, bu ruhun daşıyıcıları olan dahi şəxsiyyətləri türk dünyasına nümunə göstərilmiş, böyük turançılığın panturanizm olmadığı söylənilmişdir.

Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambekov 2014-cü ildə yazıçı - dramaturq Əmir Pəhləvanı "Türkün Yol xəritəsi" və "Sərkərdə", "Manas bayatıları", "Dahilər yurdu" kitablarına görə ölkənin yüksək mükafatı sayılan "Aykol Manas" və "Ak İlbirs" mükafatı ilə təltif edibdir. Kitablar Azərbaycan, Gürcüstan, Dağıstan və Şimali Qafqazda da yayılıb...

Əmir Pəhləvan stereotiplərdən, şablonçuluqdan uzaq, orijinal ədəbi, bədii və ictimai fəaliyyəti ilə Avropada və Rusiyada Azərbaycan diaspor təşkilatlarında və Türk dünyası ölkələrində tanınan ziyalılarımızdandır. Təsadüf hesab etmək olmaz ki, Əmir Pəhləvan Qırğızıstan, Qazaxıstan və Quzey Kıbrız Türk Cümhuriyyətlərinin Dövlət mükafatları laureatıdır. Qırğızıstan Respublikasının "Manas" mükafatçısıdır. Həmçinin o, "Humanatarian aword" - Amerika, "Qran Pri" - Almaniya, "Nant" medalı - Fransa, "Üç qitə" medalı - Fransa, "Qızıl lent" - Azərbaycan, "Dünya səfiri" - Amerika-Yaponiya, "World Literature Today" jurnalının mükafatı - Amerika və başqa mükafatların sahibidir... Əlbəttə, Avropanın böyük dövlətləri tərəfindən verilən mükafatlar çox önəmlidir, gözəldir. Əmir Pəhləvan Los-Ancelesdə "İnsanlıq" mükafatını alıb. Deyilənə görə, bu mükafatı Əmir Pəhləvana qədər postsovet məkanında heç kəs almayıb...

Təkcə Əmir Pəhləvanın həyatında deyil, Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün çox böyük, əzəmi hadisələrdən biri də budur ki, Qazaxıstan Respublikasının sabiq Prezidenti, Türk dünyasının əvəzsiz lideri, Qazax xalqının əbədi atası elan edilmiş Nursultan Abışoviç Nazarbayev yazıçı-publisist, kinorejissor Əmir Pəhləvanın 60 illik yubileyinə təbrik məktubu göndərib və onun şəxsiyyətini, yaradıcılığını yüksək qiymətləndirib...

Qazaxıstan Respublikasının Prezident Aparatından Nursultan Nazarbayevin Əmir Pəhləvanın 60 illik yubileyinə təbrik məktubu barədə məlumatı Prezidentin köməkçisi Klara xanım Muxanova telefonla bildirib və bu əvəzsiz qiymətə malik rəsmi məktub faksimelisi ilə Azərbaycan mətbuatında dərc edilib...

Yeri gəlmişkən, o dövrdə mətbuatda dərc edilmiş rəsmi xronika və şəkillərdən əldə etdiyimiz dəyərli bir faktı da qeyd edim ki, Əmir Pəhləvan hər jurnalistə nəsib olmayan ilk azərbaycanlı jurnalistidir ki, Türkiyənin Cümhur başqanı Süleyman Dəmirəllə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin rəsmi görüşünün iştirakçısı olub və hər iki liderə kitabını avtoqrafla təqdim etmək kimi xoşbəxt anlar keçirmək səlahiyyəti əldə edib.

Əmir Pəhləvan geniş yaradıcılıq diapozonuna, orijinal dəst-xəttə, özünəməxsus üsluba, lakonik deyim tərzinə malik, yaradıcılığı ilə şəxsiyyəti vəhdət təşkil edən istedadlı, təpərli, işgüzar, yollardan yorulmayan, daim axtaran qələm əhlidir... Vətəninə, torpağına, müstəqil dövlətçiliyinə - müasir Azərbaycan birliyinə sıx bağlı vətənpərvər, vətəndaş ziyalılarımızdandır... O, bütün şüurlu ömrünü Azərbaycan mətbuatının, jurnalistikamızın, mədəniyyətimizin çiçəklənməsinə, inkişafına, təbliğinə, dünya miqyasında tanınmasına sərf edib. Harada yaşamasından asılı olmayaraq, Azərbaycan və Azərbaycan dövlətçiliyi onun üçün əvəzedilməz bir müqəddəslikdir. Özü belə deyir: "Mənə görə Qafqaz bütün dünya xalqlarının ana beşiyidir. Avropada bu gün onların sivil hesab etdiyi toplum məhz Böyük və Kiçik Qafqaz sıra dağları arasında ümumdünya etnoslar izdivacından törəyib. Odlar diyarı Azərbaycan Qafqazın göz bəbəyidir, Günəşidir. Mənin üçün Azərbaycan bəşəriyyətin cənnət bir guşəsidir. Bakı mənim şah damarımdır. Bakı məni bir körpə kimi böyüdüb. Mavi Xəzər laylamı çalıb. Ali təhsilimi Bakıda almışam. "Bakı"-"Baku" qəzetlərində işləmişəm. Bakı şəhərinin "mətbuat yayımı" firmasının rəhbəri olmuşam. İki oğul payı verib Bakı mənə. Bakı bu gün mənim arxamdı, Bakını çox sevirəm, bakılılara sonsuz sevgilərim var...".

Müsahibələrinin birində belə bir etirafda da bulunubdur: "Oxucularımın və tamaşaçılarımın gözlərindən yayınaraq, nə artıq tərifə, nə də əskik tənqidə bürünə bilmərəm. 40 illik jurnalist təcrübəsi olan bir insan kimi səmimi etiraf etmək istəyirəm ki, gözəl parıltılarda, qulaqları çığırtılarda olanların xəstə dünyasında Ziqmund Freydə böyük ehtiyac var: "Mən sadə adamam, amma sadəlövh deyiləm. Öz daxili senzuram var. Bu, ləyaqət senzurasıdır".

Harada olur-olsun, millətinn və dövlətinin qarşısında həmişə alnıaçıq olan Əmir Pəhləvan ilhamlı, məhsuldar bir yazıçı-publisist, araşdırıcı jurnalist, şair, kinodramaturq, kinorejissor kimi 60 illik ləyaqətli ömrünün dolaylarındadır və bu xatırlatdığımız faktlar şərəfli bir ziyalı ömrünün fəxr ediləcək həyat və fəaliyyətindən qəlpələrdir, hər qələm əhlinə nəsib olmayan ziyalı ömrünün akkordlarıdır...

Qələm dostları dediyi kimi, 60 yaşın ekvatorunu adlayan, 40 illik yaradıcılıq təcrübəsi olan Əmir Pəhləvana uzun ömür, cansağlığı, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafı naminə ağır, məsuliyyətli yaradıcılıq yollarında mətin addımlarla irəliləməyi, yeni-yeni uğurlar qazanmağı arzu edirik.

 

29.07.2019

 

Qurban Bayramov

 

Ədəbiyyat qəzeti. - 2019.- 3 avqust.- S.22-23.