Yarımçıq gecələr

 

Anam üçün yazdığım ilk şeir

Hər şeyin yarımçıq olduğu gecələrdə,

təkcə səni düşünürəm,

qaçmağa bir qucaq axtaran kimi.

təkcə səni düşünürəm,

Allahı düşünən kimi...

Hər şeyin yarımçıq olduğu gecələrdə,

adam çıxıb getmək istəyir

hamıdan,

hər yerdən,

hər vaxtdan,

əlləri üşüyən kimi...

Hər şeyin yarımçıq olduğu gecələrdə,

insan ölmək istəmir,

insan yaşamaq istəyir,

insan xoşbəxtliyi kədər kimi

bütün istəyir!

Heç narahat olma,

siqaret çəkmirəm, ana,

sadəcə, içimdəki misralar tütün istəyir...

 

Sual

 

Peterburqun bəyaz gecələrindən

birində yazdığım şeir

Bu sehrli gecələr,

bu bəyaz gecələr

bizə öyrədir ki,

Günəş batmır,

biz ondan üz döndəririk...

Bir paket siqaret,

bir şüşə çaxır

mən,

Nevanın sahilindən

Sənə salam göndəririk

Ya Rəbb,

sevdiyim bütün adamlarda

Səni axtardım,

Bəs Sən məni

kimdə axtaracaqsan?

 

Sevgili üçün not

 

Sənə yazdığım şeirləri

oğurladım Badi-Kubə küləklərindən,

indisə yazıram sənə,

yazıram yağışlı Peterburq küçələrindən...

adamlar bölünür qəfil,

bölünür

ailəyə,

sevgiyə,

dost sairə...

bir tək səni bölə bilmirəm,

ailəsən,

sevgisən,

dostsan şairə...

bilirəm, sevirsən,

mən səni sevirəm.

qorxma,

tanımadığım yağışlarda islanmaram mən,

dəyməz burnuma yad qadın ətirləri...

Nevski prospektində,

gizlənib bir tində

sayıqlayıram sənə yazdığım sətirləri.

İlahi,

yığışdır başım üstdən

bu saxta bulud çətirləri!

- Mən Onu düşünürəm!

 

Ulucay Akif

 

Ədəbiyyat qəzeti.- 2019.- 3 avqust.- S.27.