“Xəlil özünü mənə tanıtmaqla...”

 

"Kürsü" layihəsinin qonağı Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı və məsləkdaşı Firəngiz Xəlilbəylidir

 

- Firəngiz xanım, Xəlil Rza necə ailə başçısı, həyat yoldaşı idi?

- Mən ondan bircə dəfə də olsun incimədim. Xəlil o qədər mədəni adam idi ki, ondan sonra nə bacımda, nə qardaşımda, nə də qeyrilərində özümə qarşı onun kimi doğma rəftar görmədim. Mən özüm tarixçi idim, o isə həmişə ədəbiyyatla məşğul olurdu. Bəzən gecələr görürdüm ki, yuxusu gəlir, yatmaq istəyir. Ona deyirdim ki, sən get yat, yazılmalı nə qalıbsa, mən davam edərəm. Qoymurdu. Deyirdi, sən bütün günü işləyib əldən düşmüsən. Sobanın yanında az dayanmısan ki, indi də makinanın yanında dayanasan? Amma mən də onu çox istəyirdim axı. Məcburən onu yatmağa göndərirdim. Ondan sonra yarım saat xəyallarla yaşayırdım, məişətlə, gələcəklə bağlı planlar qururdum. Gecənin bir aləmi Xəlilin əlyazmalarını təzələyib yazırdım. O, yuxudan oyanıb vərəqləri görəndə deyirdi: "Firəngiz, mən təkcə sənə dua eləmirəm. Anana dua edirəm ki, dünyaya sənin kimi mənəviyyatı zəngin qız övladı gətirib. Sən bütöv insansan!". Yəni mən heç vaxt Xəlildən incik düşməmişəm. Heç vaxt mənə deməyib bunu mütləq etməlisən, bunu yox. Mənimlə həmişə mədəni, mehriban rəftar edib. Amma indiki ailələrin bir-birinə olan münasibətlərini görəndə təəssüflənirəm. Bu gün insanların münasibətlərində gərginlik çox, məhəbbət isə sönükdür.

- Xəlil bəy evdə də çox işləyirdi?

- Həddindən artıq zəhmətkeş adam idi. Bütün günü eynək gözündə kitabların arasında, yazı makinasının qarşısında olurdu. Ya da ki, mütaliə edirdi. Misal üçün, Hüqonun əsərini oxumağa başlayırdısa, çalışırdı onu elə həmin gün də bitirsin. Mən də elə onun oxu saatlarının çox olması üçün ona kömək edirdim.

- Gənclik illərinizi necə xatırlayırsınız?

- Onun mənim üçün yazdığı "Sən ikinci Xəlilsən" şeirində bizim həm gəncliyimizdən, həm də sevgimizdən bəhs edib. Ondan başqa ikinci bir şair yoxdur ki, həyat yoldaşına o cür gözəl şeir yaza. Orda oturuşumu, duruşumu, müəllimlik illərimi, ana olmağımı hamısını təsvir edib. Mən müəllimlik etdiyim illərdə Xəlil mənimlə qürur duyurdu. Mən də tələbələrimə qarşı həmişə diqqətli olmuşam, onlara heç vaxt pis qiymət yazmamışam. Düşünmüşəm ki, onlar bu vətənin övladlarıdı, bu vətənə lazım olacaqlar. Həmişə onlardan yaxşı oxumaq tələb etmişəm ki, sabah onlar savadsız olanda gəlib mənə deməsinlər ki, bizi niyə bu günə qoydun.

- Evinizə ən çox kimlər gəlib-gedirdi?

- Qulu Xəlilov, Nəriman Həsənzadə, Cabir Novruzla dost idilər, ailəvi get-gəlimiz vardı. Xəlil rəhmətə gedəndən sonra uzaqlaşmışıq. Hamımız yaşlaşmışıq. Amma sağlığında elə gün olmurdu ki, bizim süfrəmiz qonaqlar üçün açıq olmasın. Ən asan bişirdiyim xörək də ətlə kartof qızartması idi. Xəlil də ən çox bu xörəyi sevərdi. Biz Aşurbəyovlar nəslindənik. Bu nəsil görüb-götürmüş, varlı-hallı nəsil olub.

- Sizə xeyli sevgi şeirləri də həsr edib...

- Ən gözəli "Sən ikinci Xəlilsən" şeiridir. Orda məhəbbətini çox gözəl ifadə edib. Amma o mənim adımı şeirlərində yazanda xoşlamırdım. Deyirdim, Xəlil, mənim adımı şeirlərində yazma. Qoy, o şeirlər hamıya aid olsun. Axı tək sən sevmirsən, başqaları da bir-birlərini sevirlər. Onlar sənin şeirlərini oxuyanda özlərini orda tapsınlar. Deyirdi ki, Firəngiz, içimdəki hansısa qüvvə şeirlərdə sənin adının səslənməsinə məni vadar edir. Xəlil, çöldə-bayırda olduqca emosional, uçurub dağıdan adam idi. Amma evdə həddindən artıq sakit, nəvazişli olurdu. Həmişə mənə deyirdi ki, Firəngiz, mən sənə brilyantlar, daş-qaşlar ala bilmədim. Amma mən elə şeylərə fikir vermirdim. Onun xasiyyəti mənim üçün daş-qaşdan da üstün idi. Məvacibini alıb gətirəndə anamın payını ayırıb bir kənara qoyardı. Deyirdim, ayıbdır, atam ola-ola sən niyə ona pul verirsən? Deyirdi, atan olanda nə olar? O qadın sənin kimi qız böyüdüb, gəlin yola salıb. Məgər bu azdır? Sənin bugünkü yaşayışında onun da payı var.

- Xəlil Rza Yazıçılar Birliyinin üzvü olub. O dövrdə həmkarlarının ona münasibəti necə idi?

- Xəlil həqiqəti deyən idi. Həqiqəti isə hər kəs qəbul etmirdi. O vaxt Yazıçılar Birliyində vəzifə olanlara iradlarını bildirirdi, deyirdi tabeliyinizdə olanları boş buraxırsınız və s. Amma başqa mənada mən hələ görməmişəm, eşitməmişəm ki, kimsə Xəlil haqqında nəsə mənfi söz danışsın. Mən Prezident təqaüdçüsüyəm. Nə ötən əsrdə, nə də indiki dövrdə həyat yoldaşı rəhmətə gedən heç bir kişinin  xanımı mənim qədər kitab nəşr etdirməyib. Mən razı olmamışam ki, Xəlilin əlyazmalarını toz bassın.

- Firəngiz xanım, əlliyə yaxın kitab çap etdirmisiniz. Özünüzün də yaşınız artıq irəliləyib. Heç yorğunluq, bezginlik olmur?

- Əlbəttə, hərdən bezirəm, yoruluram. Amma qeyrətim mənə oturmağa imkan vermir. Xəlilin əlyazmalarına baxanda fikir məni götürür ki, məndən sonra bunları kim çap etdirəcək, kim yayacaq. Gəlinlərim o qədər də əlli-ayaqlı deyillər? Ona görə də hərdən Xəlillə danışırmış kimi öz-özümə deyirəm ki, Xəlil, qorxma, nigaran qalma. Nə qədər gözüm baxır, imkanım daxilində hamısını çap etdirəcəm. Çünki mən həmişə onun yazdıqlarına, dediklərinə inanmışam. O da mənə inanırdı. Ailədə bir məsləhətli söhbət olanda həmişə deyirdi ki, axırıncı sözü Firəngizə verək, görək o nə deyir.

- Xəlil Rza həm də vətənini çox sevirdi, şeirlərində də bu cür mövzuları təbliğ edirdi. İnandıqlarınız, yəqin ki, həm də bunlardı.

- Doğrudur. Vətəni sevmək vacibdir. Xəlil həmişə deyərdi ki, insan yatdığı yeri qoruduğu kimi vətəni də qorumalıdır. Vətən oyuncaq deyil ki, hara istədin qoyasan. Nə də insanı doğulub yaşadığı vətəndən götürüb İrana, Türkiyəyə atmaq olmaz. İnsan hara gedirsə-getsin, vətən həmişə onun gözünün qarşısındadır. Vətənin adət-ənənəsi onu həmişə hərəkətə gətirir.

- Xəlil müəllimin həbs olunduğu günləri necə xatırlayırsınız?

- Azadlıq hərəkatı başlayanda Xəlil qabaqda gedirdi. Onun şair, natiq olması insanların gözünü açmaq üçün yaxşı vasitə idi. Meydanda camaat qarşısında elə çıxışlar edirdi ki, qan-tər içində olurdu. Ordan-burdan eşidirdim ki, Xəlil yenə "şuluq" salıb, onun üçün narahat olub deyirdim ki, bir güllə bahar olmaz. Sonralar da həbs olundu. Xəlil səkkiz ay, on altı gün həbsdə olub. Bu vaxt ərzində mən Moskvaya, Xəlilin yanına on beş dəfə gedib gəlmişəm.  Kryuçkov bir dəfə mənə dedi ki, səni də həbs edib onun yanına salacam. O, bununla həm də demək istəyirdi ki, sən niyə onun qarşısını almamısan. Mən də ona demişdim ki, mənim üçün Xəlilin yanında olmaq çox yaxşı olardı. Biz xeyli şənlənərik. Mənə deyirdi ki, bu asiyalı qadının danışığına baxın.

- Həbsdə də şeirlər yazırdı?

- Orda olan tək-tük hallarda şeir yazıb. Amma məsələ burasındadır ki, bunlar məni maraqlandırmayıb. Məni əsasən Xəlilin səhhəti, nə yeyib-içməsi maraqlandırırdı. Ən çox ondan qorxurdum ki, birdən Xəlil ac qalıb korluq çəkər, arıqlayar. Həbsdə olanda da o məndən heç nə tələb etmirdi. Deyirdi, mən sənin üçün nə etmişəm ki, indi də nə tələb edim. Amma o bilmirdi ki, məni yaşadıb, mənə vətəni, ananı, atanı sevdirib. Biz tarixdən Teymuru, Babəki, ədəbiyyatdan Şekspirin qəhrəmanlarını oxuyub tanımışıq. Amma mən həyatda onlar qədər əzəmətli bir kişini - Xəlili tanımışam. Xəlil özünü mənə tanıtmaqla mənim üçün çox böyük yaxşılıq edib.

Bir dəfə anam mənə dedi ki, qərib yerlərə gedib-gəlirsən, Xəlil də üsyankardı, etirazçıdır. Başına bir bəla gələr, ehtiyatlı ol. Amma onda mən anama dedim ki, ana, Xəlil tək mənim yox, bütün Azərbaycan qızlarının müəllimidir. Çünki onun şeirləri ataya, anaya, vətənə məhəbbəti təbliğ edib. Vətəni sevməyən adam ata anasını da sevə bilməz. Çünki vətənin bünövrəsini ata-analarımız, onların əcdadları qoyub. Xəlil də deyirdi ki, bu vətən qoruna-qoruna bizə qədər gəlib çıxıbsa, biz də onu qorumalıyıq. Xəlil məni xarici ölkələrə çox aparıb. Amma hara gedirdimsə, gözüm yenə Azərbaycanda qalırdı. Deyirdim vətənə qayıdaq. Ona görə ki, mən hara gedirdimsə, orda bir biganəlik görürdüm. Kişilərin öz qadınlarına qarşı soyuq münasibətinin şahidi olurdum. Xəlil isə əlində bir qoz olanda da onu iki yerə bölüb parasını mənə verirdi.

- Təbrizin itkisinə qarşı olan ata sarsıntısını büruzə verirdi?

- Təbriz elə uşaqlıqdan vətənpərvər ab-havada böyümüşdü. Evdə həmişə qılınc-qılınc oynayırdılar. Bir gün çağırış vərəqəsi gəldi. Ailədə heç kim ona deyə bilməzdi ki, getmə. Bu barədə bizdə söhbət belə gedə bilməzdi. Təbriz getdi müharibəyə. Qayıtmadı (susur). Xəlil ondan sonra qaşqabaqlı gəzib-dolanırdı, amma istəmirdi ki, ağrısını biruzə versin, ya biz nəsə hiss edək. Həmişə deyirdi ki, Təbriz balam vətən uğrunda getdi, atasının amalını yerinə yetirdi.

- Həm oğul, həm həyat yoldaşı itkisindən sonrakı yaşamınız, yəqin ki, çətin oldu?

- Əlbəttə. Xəlil evə gələndə elə bilirdim otaqlar işıqlanır. Özü ilə o qədər sevinc gətirirdi ki. Ondan sonra günü başa vurub gecə düşəndə məyus-məyus gedib yatağıma girirdim. Sonralar filmlərlə, verilişlərlə başımı qatırdım ki, gecə düşsün yatım. Xəlil xəstəxanada yatanda görürdüm ki, vəziyyəti daha düzələnə oxşamır. Həmişə yanında əyləşirdim, ona təskinlik verib deyirdim ki, sağalacaqsan, Moskvaya gəzməyə gedəcəyik. Orda səni təzədən müalicə edərlər. Amma özü ağıllı adam idi. Bilirdi ki, xəstəliyi ağırdı, axırı, çarəsi yoxdur. Buna baxmayaraq o, sona qədər əzmli oldu. Qüvvəsini, gözündəki işığını itirmədi.

 

Söhbətləşdi: Samirə Əşrəf

 

Ədəbiyyat qəzeti.- 2019.- 24 avqust.- S.3.