Səfər Alışarlının
keçmiş
və gələcək haqqında xatirələri
İki il
bundan əvvəl "Ədəbiyyat qəzeti"ndə nəşr
etdirdiyi "Limb və alidada" hekayəsi mənə Səfər
Alışarlının yaradıcılıq
axtarışlarının dönüş nöqtəsi təsiri
bağışlamışdı. 1999-cu ildə
yazılmış "Avqust" hekayəsinin əsasında
işlədiyi bu əsər ilə müəllif öz poetik
üslubuna, təhkiyə tərzinə, obrazların təqdimatına,
müəllif-mətn-oxucu münasibətlərinə yeni bir
yanaşma təklif edirdi.
Əslində, ədəbiyyatımızda bu cür təcrübə
indiyədək də olmuşdu və bunun ən parlaq
nümunəsi İsa Hüseynovun "Yanar ürək"
romanını 1980-ci illərin ortalarında
"İdeal"a çevirərək yeni məzmunda təqdim
etməsidir.
"Yanar ürək"dən oxucuya tanış
olan süjet, konflikt, həmin konflikti yaradan və yaşadan
obrazlar müəllifin yeni təqdimatında fərqli
ideyaların və idealın daşıyıcıları kimi
çıxış edir. Özü də
"İdeal"da dəyişən təkcə məzmun
deyil, məzmunun əyninə mükəmməl
biçilmiş forma, sanki qeybdən, "laməkan" bir
instansiyadan ötürülən təhkiyə sistemi,
detalların düzümü bədii düşüncə və
oxucu zövqü üçün yeni bir istinad nöqtəsi
müəyyənləşdirir.
Səfər Alışarlının "Avqust" hekayəsi
ictimai yüklülük baxımından kifayət qədər
tutumlu, dolu əsərdir. Bu əsər əsasında yeni bir
hekayənin yazılmasını isə müəllifin ictimai
baxışlarının, tarixə münasibətinin dəyişməsinin nəticəsi
kimi deyil, yeni bədii təqdimat modeli axtarması kimi qiymətləndirmək
mümkündür. Ən azından, mənim təəssüratım
belədir.
Səfər
Alışarlının "Avqust"a
qayıdışı "İdeal"dakı kimi cəmiyyətə
yeni ideal gətirmək istəyindən deyil, bədii sözə
yeni ölçü sistemi təklif etmək (bəlkə də
müəllifin
öz yaradıcılıq imkanlarını yeni
ölçülər sistemində sınamaq!) zərurətindən
irəli gəlir. İstər "Avqust", istərsə də
"Limb və alidada" hekayəsində obrazlar yerin səthinin
ölçülməsi fonunda verilir: geodeziya qrupu ərazinin
xəritəsini işləyir. "Avqust"da
həm psixoloji və peyzaj təsvirlərində, həm də
təhkiyədə qızmar günəşin necə gəldi
çəkilmiş kollektorların doğrayıb kvadratlara,
trapesiyalara böldüyü quraq torpağa səpdiyi qaynar
havanın yaratdığı ovqat dominantlıq edir. Şəhərdən gəlmiş geodeziya qrupu xəritə
hazırlamaq üçün Muğan düzündə
çalışır. Qrup yayın
istisində torpağın səthini ölçdükcə
qızmar günəş ilə quraq torpaq arasındakı
insanların, xüsusən ilk müstəqil həyat təcrübəsi
qazanan tələbə gəncin daxili dünyasının incə
konturları psixoloji detallarla rənglənərək əyaniləşdirilir.
İki zaman - gələcəklə
keçmiş arasında yaşayan, həyatı
qarşıda olan bu gəncin nə elə zəngin
keçmişi, nə də böyük gələcək
ümidləri var. Sadəcə, zaman onu qovura-qovura, qova-qova
özünə də yad olan bir gələcəyə
aparır. Onu da deyim ki, hər iki hekayədə
zaman Sovet dövrüdür və "Avqust"da texnikumu
bitirib əsgər gedəcək gənc üçün gələcək
tam qeyri-müəyyəndir.
Hekayənin
bədii strukturuna gəlincə, burada təhkiyə ilə məzmun
arasında paralel axtarmağa dəyər: xəritə çəkilişi
ikiölçülü sistemə əsasən
aparıldığı kimi, müəllifin təhkiyəsi və
obrazların təqdimi də əsas etibarilə
ikiölçülü sistem çərçivəsində
qavranılır. Əzizin düşüncələrində,
psixoloji detallarda bu çərçivədən yumşaq kənaraçıxmalar
olsa belə, təhkiyə səth və ya müstəvi
üzərində üfiqi bucaqlar altında təqdim edilir.
Mətndə (mətnin təqdim etdiyi hekayədə)
istifadə edilən geodeziya alətləri də üfiqi səviyyələri
ölçmək üçündür.
"Limb
və alidada" hekayəsinin adında həm geodeziya
baxımından, həm də bədii mətnin quruluşu
baxımından yeni yanaşmaya işarə var. Hekayənin mətnində
izahı verildiyi kimi, geodezistlərin istifadə etdikləri bu
qurğu həm üfiqi, həm də şaquli bucaqları
ölçür. Başqa sözlə, limb və
alidada vasitəsilə təsvirin yalnız üfiqi səviyyəsi
deyil, şaquli səviyyəsi də qeydə alınır.
Əslində,
limb və alidada adlanan texniki cihazın hekayəyə gətirilməsi
hekayənin süjet xətti, orada təqdim olunan hadisələr
üçün elə bir prinsipial əhəmiyyət
daşımır: yerölçənlərin
baxdıqları cihazın içində nə gördükləri,
yerin səthinə hansı bucaqdan baxdıqları oxucu
üçün xüsusi bir maraq obyekti deyil. Ancaq
bədii sözün fəzasının dəyişməsi -
ikiölçülü sistemdən
üçölçülü sistemə keçid əsərin
poetik sisteminin dəyişməsi üçün faydalı
bir vasitə rolunu oynayır. Qəhrəmanının
gözü teodolit cihazında olan müəllif hekayədə
baş verənlərin, eləcə də obrazların
düşüncələrinin, məkan-zaman münasibətlərinin
təqdimini üçölçülü sistemə
keçirir. Bu isə oxucu ilə ünsiyyətdə,
müəllif-mətn-oxucu münasibətlərində fərqli
bir səviyyənin ortaya gəlməsini şərtləndirir.
Hekayənin
əsas obrazı - əsgərlikdən sonra geodeziya idarəsinə
işə düzəlmək üçün gəlmiş İlqarın bu
qurğu haqqında ilkin təsəvvürü və təəssüratı
heç də müsbət deyil: "Limb və alidada. Biri üfiqi bucaq üçün, o biri şaquli.
Hər ikisini hələ texnikumdan xoşlamırdı,
çünki ətrafında uşaqların daim basabas
saldığı köhnə təlim alətlərində
yan gözlük zərrəbinlərindən dairələrin
paslı dərəcə ştrixlərinə baxmaq, baxıb
da oradakı ölçünü tam dəqiqliyi ilə
görmək müşkül iş idi. Elə
bil dumanlı qapı gözlüyündən çölə
baxırdın və gördüyün öz
bulanıqlığı ilə səni görmədiyindən
daha çox pərişan edirdi".
Bu, əslində, həyatın
axınından kənara çıxa bilməyən gəncin
həyata baxışları, həyat haqqında təsəvvürlərini
canlandırmaq, əyaniləşdirmək üçün
maraqlı bir təqdimatdır: həyatda da
dayandığı nöqtə, mövcud mövqeyi gəncin
özü üçün dumanlı və bulanıqdır.
Səfər Alışarlının seçdiyi yeni
forma həyata təzə atılmış gənci bizə həmin
cihazın gözündən təqdim edir. Ancaq gəncin
təkcə yaşadığı zaman deyil, keçmişi və
gələcəyi də dumanlıdır. "...öz
keçmişinə baxanda bütün heyrət və təəccüb
hissi onu tərk edir, çünki ora yalnız qocalaraq
sıradan çıxmış adlardan və daim yenilənməyi
tələb edən köhnəlmiş xəritələrdən
ibarətdir".
Gəncin
keçmiş haqqında təəssüratları
qarışıq olduğu kimi, gələcəyə
baxışı da nikbin və ürəkaçan deyil:
"Əlibala ilə tanışlıq ... gələcəklə
bağlı optimizmini və ixtisasa vurğunluğunu deyil, əksinə,
ürəyindəki şübhələri
artırdı".
Qeyri-müəyyənlik içində vurnuxan gəncdən
oxucu da qeyri-müəyyənlik içində ayrılır. Bakıda pul
qazanıb, kənddəki anasına əl yetirə biləcəkmi?
Ev sahibəsinin qızına dediyi kimi, Moskvaya
gedib təhsilini davam etdirəcəkmi? Ev
sahibəsinin ona laqeyd olmayan qızı ilə macəra
yaşayacaqmı? Bu sualların
sayını artıra da bilərik. Hamısının
da cavabı teodolit cihazının içindəki limb və
alidada vasitəsilə alınan təsvirlər kimi baş-ayaq
çıxacaq...
Nəsr
poetikasının yeni səviyyəsinin təcrübədən
keçirilməsi, təhkiyənin məkanının
müstəvidən fəzaya köçürülməsi
poetik düşüncənin sərhədlərinin dəyişməsinə,
genişlənməsinə və yenidən qurulmasına təkan verir. "Saat" hekayəsində yalnız məkanın
deyil, zamanın da üfiqi və şaquli bucaqlar altında təqdim
olunduğunu görürük. Divardakı saatın əqrəblərinin
zamana həssas olan və bu həssaslığını evin
divarlarına saatlar asmaqla ifadə edən qəhrəmanın
gözlərində yox olması və bununla da
zamansızlıq effektinin yaradılması, yaxud saatın əks
istiqamətə işləyən əqrəbləri ilə bərabər
zamanın geriyə axışı kimi detallar magik realizm təcrübəsini
xatırlatsa belə, bədii düşüncənin fərqli
ölçülərini nişan
verir.
Onu da qeyd etməyi zəruri hesab edirəm ki, bədii
yaradıcılığın hansısa "izm" kölgəsinə
sığınması böyük gələcək vəd
etmir. Sosializm realizmindən postmodernizmə qədər nəzəriyyənin
ədəbiyyata diktəsi xüsusilə Azərbaycan ədəbiyyatına
miskin bir əyalətçilik gətirib və dünyanın
kiçildiyi bir tarixi şəraitdə bu əyalətçilik
daha eybəcər görünür. Bu
baxımdan, Səfər Alışarlının
yaradıcılığını hansısa "izmlə"
bağlamaq çox çətindir. Onun bir nasir kimi fərqi
bundadır ki, hazır nəzəri qənaətləri bədii
təcrübəyə tətbiq etmir: onun əsərlərində
nəzəri ümumiləşdirmə bədii sözün təbiətindən
doğulur. Ona görə də Səfərin əsərlərinə
"vahid" nəzəri postulatın tətbiqi
mümkün deyil. Həyatın
özünə baxışlar müxtəlif olduğu kimi, Səfərin
obrazlaşdırdığı həyata baxışların
da fərqli və müxtəlif olması tam təbiidir.
Burada janrın imkanlarını da nəzərdən
qaçırmaq olmaz. Hekayə qəhrəmanın həyatının, bir
olmasa da, məhdud
sayda epizodunu canlandırmağa imkan verir. Həcmcə
kiçik olduğuna görə poetik sistemin
bütövlüyünü idarə etmək asan olan bu janrda
təcrübədən keçirdiyi yeniliklər Səfər
Alışarlının "böyük janra" keçidi
üçün faydalı təməl təşkil edir. Bu baxımdan, "Qız və
maneken" povesti Səfər Alışarlının
qarşısında hekayə janrında sınaqdan
keçirdiyi üçölçülü təqdimat
sistemini reallaşdırmaq üçün yeni üfiq
açır...
Povestdə insan-zaman-məkan münasibətləri
ikiölçülü səthdə deyil,
çoxölçülü fəzada təqdim olunduğuna
görə informasiya bəzən zaman və məkan
ölçülərinin sərhədlərindən kənarda
olan irreal aləmdən ötürülür. Bu səbəbdən
də burada təhkiyə və təhkiyəçi ilə
oxucu arasındakı məsafə daha elastik və dəyişkəndir.
Məsələn, hadisələrin Yaşar Musayevin iştirak
etdiyi məkan və mühitdəki təqdimatında təhkiyəçi
üçün əsas dayaq instansiyası Musayevin
baxış bucağı olduğu halda, mərasim evindəki
ağlaşma epizodunda bu instansiya mücərrədləşdirilir.
Əsərin süjeti kifayət qədər dramatik bir
hadisə üzərində qurulub. Uzun müddət dənizdə
34-cü platformada çalışmış neft mühəndisi
Yaşar Musayev ərizə yazıb təkidlə işdən
azad olunur. Səbəb kimi də evdə tək
qalan körpə qızının
ağladığını göstərir.
Musayev
platformadakı işindən azad olunandan sonra onun iş
növbəsində hamımızı, bütün Azərbaycan
ictimaiyyətini sarsıdan hadisə baş verir: dənizdəki
güclü fırtına nəticəsində platforma yanır, iş növbəsində olanlar həlak
olur...
Beləliklə, povestdə şahidi olduğumuz, hələ
də ağrısını yaşadığımız real
tarixlə mistika bir araya gətirilir və bu, əsərin
poetik sistemində də öz ifadəsini tapır.
Musayevin
qızının axşamlar aramsız şəkildə
ağlayaraq atasını dəniz platformasındakı
işindən ayrılmağa məcbur etməsi və bunun
ardınca platformada yanğın baş verməsi, onun növbə
yoldaşlarının fəlakətə uğraması əvvəlcə
sürrealizmin daha sıx müraciət etdiyi ürəyədamma
kimi qavranılır. Bir qədər sonra isə
hadisələrin şüurdanxaric axını güclənir.
İnsanın (Musayevin) itlə ünsiyyəti
başlayır. İt obrazı əvvəlcə
insanın təxəyyülündəkilərin
canlandırılması təsiri bağışlasa da, tədricən
təxəyyülün sərhədlərindən
çıxır və həyatda baş verən proseslərin
fəal iştirakçısına çevrilir. Bunun əsaslandırılması
üçünsə müəllif əsərə daha
maraqlı bir effekt gətirir: maqik realizm təcrübəsindən
tanış olan şərtiliklər
aktuallaşdırılır.
Yaşar
Musayevin itin dişinin ağrımasını hiss etməsi və
onu müalicə etdirmək üçün "Şəfa"
klinikasına gətirməsi, klinikada baş verən
"çevriliş", kəskin zərbə almış
akademik Sərdarovun ölümdən qayıdışı və
yeni bir həyata başlaması - real aləmdən fantaziya aləminə
köçməsi və s. detallar magik realizm estetikası ilə
səsləşir, lakin bunlar mətndə yamaq təsiri
bağışlamır. Çünki oxucu özü də
hiss etmədən bədii şərtiliklərin şərikinə
çevrilir, mətn-oxucu "oyununun" tərəfi kimi
çıxış edir.
Müəllif
təhkiyənin gedişində maraqlı və mətnin məntiqi
axarını pozmayan bir keçid verir: konfliktin ən gərgin
yerində, təbliğatın kütlənin gözündə
"düşmən" obrazını yaratdığı
Nazimin yas mərasiminin təqdimatında karnaval
estetikasının prinsipləri işə salınır. Assosiativ şərti məkan kimi seçilmiş
"Yasəmən" mərasim evinin qadınlara aid 1
nömrəli zalında təqdim olunan yas mərasimi ciddiliyini
itirib şouya çevrilir. Böyük nəzəriyyəçi
Mixail Baxtinin dünya ədəbiyyatşünaslığına
gətirdiyi "karnavallaşdırma" anlayışı
yas səhnəsini şərh etmək və onun mahiyyətini
anlamaq baxımından əhəmiyyətlidir. Baxtinin
karnavallaşdırma dediyi anlayışın əlamətlərindən
biri də "şən nisbilikdir": zahiri
görünüşlə mahiyyət arasındakı, mövcud
şərtlərlə və şərtiliklər ilə
ürəyə daman başqa bir aləm
arasındakı uyğunsuzluq bədii sözdə karnaval
effektinin həlledici komponentlərindəndir. Baxtinin nəzəriyyəsinə
görə, karnaval gülüşünün bir xüsusiyyəti
də var: "Bu gülüş həm də gülənlərin
özünə yönəldilmişdir. Xalq
özünü mövcud dünyanın
bütövlüyündən ayırmır. Onun hələ axırı çatmayıb, o da
ölərək doğulur və yenilənir. Xalq gülüşünün yeni əsrin sırf
satirik gülüşündən mühüm fərqlərindən
biri də budur".
Məntiqlə, yas mərasimi öz mahiyyətinə
görə el şənliyindən - karnavaldan fərqli
olmalıdır. Lakin işin qəliz və tərs tərəfi
də bundandır ki, Nazim müəllimin köhnə sevgililərinin
onun mirasının sahibi olmaq həvəsi mərasimi kütləvi
bir tamaşaya çevirərək mahiyyətindən
uzaqlaşdırır. Bu kontekstdə
Güneyli-Quzeyli Azərbaycanın hər yerində çox
populyar olan "Səni deyirlər" diringisi də
ağı kimi təqdim olunur. Hər halda,
məclis əhli bunu "ağı" kimi qəbul edir və
bundan ehtizaza gəlir. "Çay
içmiş qadınlar yavaş-yavaş fikirlərinin
aydınlaşdığını, ürəklərinin
genişləndiyini, ruhən dəyişdiklərini hiss etdilər.
Hər kəs oturduğu yerdəcə
gülümsünüb dingildənməklə çayın
müalicəvi və şəfalı təsirini
nümayiş etdirir, özünün cismən, xüsusilə
sifətdən dəyişdiyini,
cavanlaşdığını düşünürdü.
Bu ümumi eyforiya və ekstaz halında mərasimdə
iştirak edən məşhur müğənnilərdən
birinin zalın dərinliyindən zil səslə mərhum
Nazim müəllimə xitabla ucaltdığı "Səni
deyirlər!" ağısı hər kəsi ayağa
qaldırıb hərəkətə gətirdi"...
"Yasəmən" mərasim evindəki 1 saylı
qadın zalında baş verənlərin
karnavallaşdırılması zalı kənardan seyr edən
xüsusi xidmət orqanlarının ekranında daha bariz
görünür və pul hərisliyi xüsusi xidmət
orqanının əməkdaşlarını da tədricən
karnavala qoşur. Mətndəki karnaval əhval-ruhiyyəsi oxucuya sirayət
edir və bununla da real ölçülər - limb və
alidada bucaqları öz qüvvəsini itirir...
Əsərin baş qəhrəmanlarından biri
manekendir - Musayevin qızına mağazadan oyuncaq kimi
aldığı qadın maketidir. Əsərdə ən hərəkətsiz
obraz da odur: onun hadisələrə və təhkiyəyə
hər hansı müdaxiləsini, qeyri-adi proseslərdə
iştirakını görmürük. Ona
heç bir magik funksiya həvalə olunmayıb. Maneken mətndə
simvol kimi daha çox maraq doğurur: hərəkətsiz və
cansız görünən zamanın simvolu kimi.
Qız əlinə keçən oyuncaqları içinə
doldurduğu manekenin doğacağını gözləyir. Bununla da simvol
açılır: zaman hamilədir! Nəsə baş verəcək!
Müasir ədəbiyyatşünaslıq bədii ədəbiyyatın
funksiyaları arasında "Kassandra
başlanğıcı" anlayışına daha çox
diqqət ayırır. Ədəbiyyatın ən vacib vəzifələrindən
biri də onun gələcəkdən xəbər verməsi
hesab edilir. Bu baxımdan, Səfər
Alışarlının "Qız və maneken" əsərinin
maraqlı cəhətlərindən biri zamanın nisbiliyi
üzərində qurulmasıdır. Burada baş verən
hadisələr keçmişə də aid edilə bilər,
yaşadığımız günlərə də, gələcəyə
də...
Rus nəzəriyyəçisi
Şklovski şair Batyuşkova əsaslanaraq şeiri "gələcək
haqqında xatirə" adlandırmışdı...
Səfər Alışarlının "Qız və
maneken" povestini də ömrünün müdriklik
yaşına qədəm qoymuş
yazıçımızın gələcək haqqında
xatirələri kimi qiymətləndirə bilərik.
Məti Osmanoğlu
Ədəbiyyat qəzeti.- 2019.- 24 avqust.- S.26-27.