Göylərdən gələn Kitabı, Oxu, göylərin eşqinə. 

 

Göylərin eşqinə

 

İtirsək borcu, hesabı,

 

Ruh çəkəcək bu əzabı.

 

Göylərdən gələn Kitabı,

 

Oxu, göylərin eşqinə.

 

 

 

Nurlandıraq qəlbimizi,

 

Qoy tox olsun qəlbin gözü,

 

Yaradıbdır Tanrı bizi,

 

Axı, göylərin eşqinə.

 

 

 

Mənəviyyat bilsək nədir,

 

Rahat olar qəlb məbədi, -

 

Tutanda bizi əbədi

 

Yuxu, göylərin eşqinə.

 

 

 

Yaxşılıq et savab qazan,

 

Allaha yaxın olasan,

 

Bu ömrü sanır imtahan,

 

Çoxu göylərin eşqinə.

 

 

 

Anamsız

 

Dünya işığına həsrətdi anam,

 

Dünyanın işığı söndü anamsız.

 

Nə qədər sağ idi qoymadı sınam,

 

Qəddim də, qəlbim də sındı anamsız.

 

 

 

Həm sevincim idi, həm qəmim idi,

 

Könlümə yeganə həmdəmim idi.

 

Mənim kəhkəşanım, aləmim idi,

 

Gen dünya zindana döndü anamsız.

 

 

 

Ümid qaynağımdı, mehribanımdı,

 

Sevgisi, qayğısı can dərmanımdı,

 

Dərdimi açdığım tək ünvanımdı,

 

Yanar ürəyim də dondu anamsız.

 

 

 

Darıxa-darıxa ağlayır içim,

 

Bu qərib dünyadan hayana köçüm,

 

Azmışam, tənhayam necə yol seçim,

 

Yollarım dumandır, çəndir anamsız.

 

 

 

Bu ölüm həyatı gözümdən saldı,

 

Analı dünyamı əlimdən aldı,

 

Burda yaşamağa səbəbmi qaldı,

 

Göylər də başıma endi anamsız.

 

 

 

Varmı?

 

Bütün ölümlər vaxtsızdır,

 

Ölümün xoş vaxtı varmı?

 

Hər könülü oxşamağa,

 

Dünyanın boş vaxtı varmı?

 

 

 

İnsan mələkmi, bəşərmi?

 

Bir dənlə nurdan düşərmi?

 

Hər daş atan bəxtəvərmi?

 

Heç ömrün daş vaxtı varmı?

 

 

 

Bu ömür kimə yarıyıb?

 

Bədəndə ruhu qarıyıb,

 

Deyirlər bəxti quruyub,

 

Bu bəxtin yaş vaxtı varmı?

 

 

 

Könlümcə qurmadım ömrü,

 

Mənzilə vurmadım ömrü,

 

Gəlincə Allahın əmri,

 

Əcəlin çaş vaxtı varmı?

 

 

 

Düşürəm

 

Ay baş alıb gedən ömür,

 

Saxla, özümdən düşürəm.

 

Yaşadıqca, damla-damla,

 

Axıb gözümdən düşürəm

 

 

 

Fayda verməz qurumuş arx,

 

Ömür dönməz dönsə də çarx,

 

Külə dönür bu gur ocaq,

 

İsti közümdən düşürəm.

 

 

 

Aliyəm düzlər içində,

 

İzim var izlər içində,

 

Ucaldım sözlər içində,

 

İndi sözümdən düşürəm.

 

 

 

İncidir bu cəbr məni,

 

Ovundurub səbr məni,

 

Qorxutmayır qəbir məni, -

 

Amma dözümdən düşürəm.

 

 

 

Könlümə

 

Eşqlə dolu baxışları,

 

Şəhla-şəhla düz könlümə.

 

Hər kəlməni bir mey kimi,

 

Məlahətlə süz könlümə.

 

 

 

Həsrət verər ömrü bada,

 

Su çiləmə yanar oda,

 

Sevgin dərya, könlüm ada,

 

Qəvvas kimi üz könlümə.

 

 

 

Ümidlərim səndə qalıb,

 

Sevgin ilə içim dolub,

 

Ürəyindən yollar salıb,

 

Hər qoyduğun iz könlümə.

 

 

 

Daha məni

 

Dünya malı sevindirməz,

 

Bu yaşımda daha məni.

 

Ömür yeyib sevincimi,

 

Öyrəşdirib aha məni.

 

 

 

Dadansa yalan dilimə,

 

Savab düşməz əməlimə,

 

Ucuz alıb, əcəlimə,

 

Həyat satdı baha məni.

 

 

 

Ötənləri qəlb özləyir,

 

Hər bir anı əzizləyir,

 

Qarşıdasa nəqd gözləyir

 

Bir məzarlıq kaha məni.

 

 

 

Bu dünya

 

Bir ucu gözümdür, bir ucu qəlbim,

 

Görümdən duyuma yoldur bu dünya.

 

Mən də bu yolları yurd bilib gəldim,

 

Bircə addımımla doldu bu dünya.

 

 

 

Gücünü göstərib özünü öydü,

 

Cığal uşaq kimi qəlbimə dəydi,

 

Boynumdan asılıb qəddimi əydi,

 

Sandım ki bir sınıq qoldur bu dünya.

 

 

 

Qoymadı könlümcə qurum ömrümü,

 

Yaşaya-yaşaya yorum ömrümü,

 

Bu nakam ömrümü, yarım ömrümü,

 

 Sığallayıb girov aldı bu dünya.

 

 

 

Qıcırtdı nəfsini ömrə dişbədiş,

 

Dərdi yetişməmiş, yedi bişməmiş,

 

Söz-sözə gəlməmiş, məqam düşməmiş,

 

Pöhrə ümidləri yoldu bu dünya.

 

 

 

Giley Müzəffərin qəbahətidir,

 

Sevgi qəlbimizin bəsirətidir,

 

Kainat Tanrının öz surətidir,

 

Müdrik çöhrəsində xaldır bu dünya.

 

 

 

Çəkir məni

 

Bir vaxt xəyalımı göylər çəkirdi,

 

İndi var gücüylə yer çəkir məni.

 

Doğuş da, həyat da, ölüm də sirdir,

 

Aşikar görünən sirr çəkir məni.

 

 

 

Dünya düşüncəmə, duyğuma sindi,

 

Çəkdim qayğıları könlüm isindi,

 

Bir zaman təklikdən qorxardım, indi

 

Cəmlərdən qaçıram Bir çəkir məni.

 

 

 

Yaşamaq eşqi də düşüb həvəsdən,

 

Nicat gözləyirəm bir son nəfəsdən,

 

Bir gün çıxacaqdır ruhum qəfəsdən,

 

Həyat zindanından hür çəkir məni.

 

 

 

Bu dünya zülmətmiş, boğulur gözüm,

 

Bəsirət gözüdür xilaskar, çözüm,

 

Səbrim bələdçimdir, bir az da dözüm,

 

Əbədi, müqəddəs nur çəkir məni.

 

 

Müzəffər MƏZAHİM

Ədəbiyyat qəzeti.- 2019.- 7 dekabr. S. 30.