Şairin tüfəngi

 

(müxəmməs-etüd)

 

I

 

Molla Pənah Vaqif yaman tüfəng həvəsinə düşmüşdü. Tüfəng əldə etmək az qala ömrünün mənasına çevrilmişdi - o boyda Qarabağda tüfəng tapmaq müşkülə dönmüşdü. İsrarla Şirvan xanından xahiş etmişdi - nəticəsiz qalmışdı. Axırda dostu, Şəki xanı Hüseyn xan Müştaqa müraciət etmişdi. O da şairin arzuladığı tüfəngi tezliklə tapıb göndərəcəyinə söz vermişdi. Amma şair yenə səbirsizdir:

 

...Derlər ol bəylərbəyi həm axtarır düşməz ələ,

Qəhdə çıxmışdır məgər, Allahü əkbər, bir tüfəng?

 

II

 

Hüseyn xan Müştaq təəccüb heyrət içindədir. Görəsən, qadın gözəlliyinin xiridar, şeirlərində erotik istəklərini dilə gətirən axundun bu şər mənbəyi - tüfəng nəyinə lazımdır?

 

Gəlmiş ol alicənabın qasidi istər tüfəng,

Ey gözüm, nəzzarə qıl, bax hər yanə, axtar tüfəng,

Eyləsin tap kim, görənlər söyləsin behtər tüfəng,

Kamil olmuş cövhəri üstündə nəqşi-zər tüfəng

Neylər, ayə, bilməzəm, yarəb bu şuxü şər tüfəng?

 

Ağqız oğlu Piri qoca şairə tüfəngin, qılıncın artıq ondan ötrü gərəksiz, mənasız bir əşya olmasına eyham vurur.

 

Az qalıbdır yaşın yetirə yüzə,

İnnən belə bəsdir, dəm vurma sözə,

Qılıncı, tüfəngi bağışla bizə,

Kağız, qələm, davat "Quran"ı saxla.

 

XVIII yüzildə tüfəng bahalı, əlçatmaz  bir əşya sayılırdı. Müqayisə üçün deyək ki, məsələn, Adil şah, Pənahəli xana Qarabağ xanı təyin edilməsi barədə fərmanla yanaşı, qızılla qiymətli daş-qaşla bəzədilmiş yəhərli at qılınc hədiyyə göndərmişdi. II Yekaterinanın Vaqifə, İbrahimxəlil xana göndərdiyi hədiyyələr arasında da tüfəngin adı keçmir. O dövrdə tüfəng yüksək sosial nüfuz zənginlik nişanəsi idi. Vaqif adına, statusuna layiq tüfəng istəyir:

 

Hər kim istər kim, vücudu mərəkə ara gərək,

Kəndi zatından silahi əsləhə əla gərək...

 

Nəhayət, Hüseynxan Müştaq sözünə əməl edir: zərli, nəbati naxışlarla işlənmiş çaxmaqdaşlı tüfəngi şair Rəfai vasitəsilə Şuşaya göndərir...

 

III

 

Beləcə tüfəng əhvalatı böyük şairin bioqrafik şeirlərindən birinin mövzusuna çevrilir. Tüfəng Vaqifin poetik kosmosunda sözlə bərabər yer alır. Söz Vaqifdə daha çox qiyafət, zinət nəsnələrini müşayiət edirdi. Artıq odlu silah (tüfəng) Vaqifin realist simvolik paradiqmasına  daxil edilir. Xan tərəfindən bağışlandığı üçün əlavə keyfiyyət, mistik-magik məna qazanır.

Yay-ox kimi klassik şeirin ənənəvi poetik obrazlarını dərindən bilən Hüseyn xan Müştaq dostunun ruhuna uyğun olaraq tüfəngi erotik sferanın simvolu kimi, K.Q.Yunq arxetiplərinin dili ilə desək, "libido" simvolu kimi təsvir  edir. Tüfəngi gümüş əndamlının bir üzvünə bənzədir: "Hansı sim əndamlının bir üzvünə bənzər tüfəng?".

 

IV

 

Tüfəng Vaqif mifinin vacib elementi olur. Xalq qəhrəmanının (Koroğlu, Qaçaq Nəbi...) öz silahını öyməsi epos poetikasının dəyişməz şərtlərindən biridir. Koroğlu mifi ilə artefakt (Misri qılınc) eyniləşdirilir. Amma Vaqif kimi incə ruhlu bir şairin silahı, xüsusən odlu silahı öyməsi bir qədər qəribə görünür...

Klassik şeirimizdə bir odlu silahın bu qədər ehtiraslı təsviri nadir poetik hadisələrdən biridir. Vaqif, sanki gözəllərə həsr etdiyi müxəmməsin üstündə, "palimpsest üsulu ilə" "tüfəng" rədifli müxəmməsini yazıb. Silah atributları ilə gözəllərin nişanələrini  əvəz edin - söylədiyim nəticə alınacaqdır.

 

Qıvrılır könlümün tüfəngdən dəm vuranda, martək,

Od saçır ağzımdan ol çaxmağı - atəşbartək,

Gülleyi-eşki atar çeşmi şərari nartək

Müşki barut ətrilə həm türreyi-tərrartək,

Etmədi dimağimi mütləq müəttər bir tüfəng.

 

Tüfəng (ümumiyyətlə, silah) sevdası Vaqifin xarakterini, şəxsiyyətini mükəmməl səciyyələndirir. "Vaqif özü şair isə, vaxtın təqazisinə görə onun meyili - könlü silah əsləhəyə dəxi olub, igidlik iddiasına həm düşərmiş məqami-zərurətdə özü yaraq götürüb davaya çıxarmış" (F.Köçərli. Azərbaycan ədəbiyyatı tarixi materialları. Bakı, 1925. I c.).

Vaqif şücaətli, igid bir şəxs kimi gözlərimizdə canlanır. Qılınc cəngavərlik, tüfəng igidlik simvoludur. Tüfəng şairə ona görə lazımdır ki,  "Gülləsilə xuni-əda tökməyə sevda gərək".

 

V

 

Hüseyn xan Müştaq Vaqifə ünvanladığı müxəmməsdə tüfəngin "qətli-nəfs etməkdən ötrü" düzəldildiyini yazırdı:

 

Eylənişlər qətli-nəfs etməkdən, ötrü çun onu,

Onun üçün növhə salmış aləmə, ağlar tüfəng.

 

Elə dediyi qara fikir başına gəldi: 1779-cu ildə Hüseyn xan Müştaq əmisi Hacı Əbdülqadir tərəfindən namərdcəsinə qanına qəltan edilir. Xəstə Vidadini ağladır. Bu vəhşətin təsviri onun "Müsibətnamə"sində yer alır:

 

...Hər tərəfdən üstünə yağdırdılar tigü tüfəng,

Aqibət məcbur olub, qərq oldu əlvan qanə bax.

 

Müştaqın tüfəng hədiyyəsi Vaqifə düşərli olmur. Qoca Vaqifi oğlunu 1797-ci ilin bir məsum gecəsində öldürməyə aparılanda həmin tüfəng karına gəlmir, bir qiymətli ənam kimi Məhəmməd bəyin əlinə keçir.

Onun da acı aqibəti hər kəsə bəllidir...

 

Rüstəm KAMAL

 

Ədəbiyyat qəzeti.- 2019.- 14 dekabr.- S.15.