Harmoniya

Şərqiyyə Hüseynova: Mənim üçün harmoniya bir yerdə dayanıb, digər yeri tapdalamamaqdır...

Əslində, onunla söhbət etmək bir tərəfdən mənimçün asan olsa da, digər tərəfdən etiraf edim ki, çox məsuliyyətlidi. Asandı ona görə ki, eyni peşənin daşıyıcısıyıq, məsuliyyətlidi ona görə ki, mən məndən illər öncə bu sənətə gələn və ən əsası cəlbedici görkəmi və könül oxşayan səsi ilə milyonların qəlbinə yol tapıb əfsanəyə çevrilən sözün əsl mənasında böyük sənətkar diktor, Xalq artisti Şərqiyyə Hüseynova ilə söhbət etməliyəm. İllərdi ki, Azərbaycan tamaşaçısı onu müxtəlif səpkili proqramlarda görüb və dinləyib. Bu həmin Şərqiyyə Hüseynovadı ki, vaxtilə informasiya proqramlarında onun təqdimatında xəbərləri eşitmək xüsusilə maraqlı idi. Çünki Şərqiyyə xanım həm xarici görkəmi, həm də diqqətçəkən səsilə dinləyici və tamaşaçını ekran qarşısından uzaqlaşmağa qoymurdu. Bu gün o, az-az görünsə də simasının tamaşaçını özünə cəlb etmək təsir gücü deyərdim ki, heç də azalmayıb. Əksinə, həmişə onu yenidən görmək arzusu ilə yaşayan minlərlə pərəstişkarı var. Bu, Tanrının istedadlı diktor-aparıcı sənətkar Şərqiyyə Hüseynovaya hədiyyəsidi. Bir televiziya əfsanəsi ilə qarşı-qarşıya əyləşmək nə qədər qürurvericidisə, bir o qədər də məsuliyyətlidi. Mən bu məsuliyyəti dərk edərək günlərin bir günü Şərqiyyə Hüseynovaya zəng edib onunla görüşüb söhbət etməyi qərara aldım. O da etiraz etmədi. Beləliklə, əziz oxucu, tanınmış diktor, respublikanın Xalq artisti Şərqiyyə Hüseynova ilə söhbətimizi sizə təqdim edirəm. Təbrik edirik!

- Salam, Şərqiyyə xanım. Uzun illər Azərbaycan tamaşaçısını müxtəlif proqramlardan salamlayan bu simanı, demək olar, artıq xeyli vaxtdır ekranda görmürük, yəni çox darıxmışıq. Maraqlıdır, tamaşaçı Şərqiyyə xanım diktor Şərqiyyə Hüseynova üçün darıxırmı?

- Mən onu deyə bilmərəm. Onu, təbii ki, tamaşaçılar söyləyə bilər. Müxtəlif kanallarda müxtəlif aparıcılarla çalışırıq. Hökm deyil ki, efir olsun, bizim müəllimlik fəaliyyətimiz var. Çox təəssüf olsun ki, diktor sənəti artıq neçə illərdir ki, mövcud deyil. Bu sənət doğrudan da, əsl sənət idi. İndi bir çox aparıcılar bu funksiyanı yerinə yetirirlər. Televiziya inkişaf edir. Əfsuslar olsun ki, indi insanların bir çoxu internetdən istifadə edir. Nəticədə isə televizora baxan tamaşaçıların sayı azalır. Mənə elə gəlir, radio-televiziya bundan bir nəticə çıxarıb fəaliyyətlərini maraqlı etməlidirlər. İnsanlar üçün maraqlı informasiyalardan çox istifadə etməlidirlər.

- Şərqiyyə xanım, bu gün gənc aparıcılarda daha çox nələri görmək istərdiniz? Ümumiyyətlə, bəyəndiyiniz aparıcılar varmı?

- Məsələ burasındadır ki, mən indi gənclərlə çalışıram, hazırda onların işi çox ağırdı. Mən 67-ci ildən diktor kimi fəaliyyət göstərmişəm. Ancaq diktor funksiyasını yerinə yetirirdimsə, indi bizim bu gənc aparıcılarımız bir gündə bir neçə saat ərzində həm çəkilişə gedirlər, həm montaj prosesində iştirak edirlər, həm efirə çıxırlar. Onların işi çox çətindi. Yəni onlara dəstək olmaq lazımdır. Bütün günü onları tənqid eləmək olmaz. Bu, düzgün deyil. Ümumiyyətlə, incəsənətdə, efirdə olan insanların bir balaca tərifə ehtiyacları var. Bilirsiz, onlara stimul vermək lazımdı. Təbii ki, onlar da öz üzərlərində çalışmalıdırlar. Mən indi deyə bilmərəm kim yaxşıdı, kim pis. Kanallarımız çoxdu. Bütün günü oturub baxa bilmirəm, amma vaxtaşırı bütün kanalları, verilişləri izləyirəm. Lakin elə kanallar, elə verilişlər var ki, tutalım oturub uzun müddət baxanda, bir də görürəm ki, ürəyim sıxıldı. Mən istəməzdim bu hal davam eləsin. Bir də görürsən ki, hansısa bir Rusiya kanalına çevirəndə, əlbəttə, hamısına yox, elə bil sakitlik tapıram. Bu da ondan irəli gəlir ki, bizim bəzi aparıcılarda o səmimilik yoxdu. Axı siz aktyor deyilsiz, aparıcısız. Özünüzü elə aparmalısınız ki, insanlara yaxın olasız. Sanki hər bir insanın qohumu, sirdaşısınız. Mən demirəm ki, aşırı dərəcədə səmimilik. Dahilərdən biri deyib ki, çox səmimi insan yüz insanı xatırladır. Bu düzgün deyil. Sən çox səmimi ola bilərsən ana ilə, ata ilə, bir sözlə, doğma ilə. Amma sənə baxan auditoriyanın bilmirsən sənə qarşı münasibəti necədir. Eyni zamanda hər bir aparıcı apardığı verilişin formatına uyğun şəkildə həmin proqramı aparmalıdır. Həm də təqdim etdiyi mövzu ilə bağlı yetərli qədər məlumatlı olmalıdı. Bu baxımdan mən Həmidlə İlhamiyyəni çox bəyənirəm. Səhər 8-ə qalmışdan 10-a qədər mən onlara çox həvəslə qulaq asıram. Çünki gün ərzində alacağım bütün informasiyanı 2 saat ərzində onlardan alıram.

- Çox dəyişikliklər baş verdi həyatımızda. Bu dəyişikliklər sizin sənət həyatınızda nələri dəyişdi? Və bildiyimiz kimi, o illərdə yalnız bir televiziya və radio var idi. Təbii ki, radio-televiziya da dövrün tələblərinə cavab vermək üçün dəyişməli idi. Əgər belə bir imkanınız olsaydı, o illərdən bu illərə nəyi gətirmək istərdiniz?

- Mən Mədəniyyət kanalını qeyd etmək istərdim. Çünki orda gözəl retro filmlər, musiqilər verilir. Mən demirəm ki, bütün günü onlara baxmaq, o musiqiləri dinləmək lazımdı. Sadəcə olaraq mən istəməzdim ki, o musiqiləri dəyişsinlər, qol-qanadını sındırsınlar. Bəzilərini olur ki, yeni aranjımanda verirlər, amma elə mahnılar var ki, onlara qətiyyən toxunmaq olmaz. Amma həyat irəli gedir. Bir də görürsən ki, öz övladlarımızdan, nəvələrimizdən nə isə öyrənirik. Artıq onlar irəli gedir, biz onların ardınca gedirik. Ola bilsin ki, mən indi o televiziyada çalışa bilmərəm, baxmayaraq ki, həyatım orda keçib. Baxın, artıq 53 ildir ki, bu sənətdəyəm. Ola bilsin, həmin verilişlərə, tamaşalara həvəslə baxıram, gəncliyim, o insanlar yadıma düşür. Axı indi həyatın temporitmi dəyişib. İndi o verilişlərə baxdıqca, ancaq nostalji hisslər keçirirsən. Deyə bilmərəm ki, indi ancaq o tipli proqramlara baxmaq istəyirəm.

- Hazırda pedaqoji fəaliyyətinizi davam etdirməkdəsiniz. Diktorluq və aparıcılıq istedadınız artıq hər kəsə bəllidi. Bəs bir pedaqoq kimi Şərqiyyə xanım necə pedaqoqdu? Yetirmələriniz varmı?

- Mən Mədəniyyət və İncəsənət Universitetində də bir müddət dərs demişəm. Nitq mədəniyyətindən. Və orda oxuyan uşaqların heç də hamsı ilə fəxr etmirəm. Onlardan bəzilərini göstərirlər, bəziləri isə ümumiyyətlə incəsənətdə yoxdu. Başqa peşədədirlər. Bu onların öz seçimidi.

- Bu arada daha bir sual vermək istəyirəm: Şərqiyyə xanım, bildiyimiz kimi, müəllim olaraq illər ərzində qazandığınız böyük təcrübə, sözsüz ki, sizə tələbələr yetişdirməyə geniş imkan verir.

- Mən özüm də İncəsənət Universitetini bitirmişəm, nitq üzrə müəllimim Müxlis Cənizadə, Rza Təhmasib, Adil İsgəndərov isə müəllimlərim olub. Onların bir mühazirəsində oturmaq 1 illik bilgi toplamaq idi. O vaxt diktor kimi çalışdığımız dövrdə mətndən çıxmağa bizim ixtiyarımız yox idi. Buna baxmayaraq biz çox asanlıqla aparıcılıq fəaliyyətinə keçdik. Çünki biz o məktəbi keçmişdik, bizim Rafiq Hüseynov kimi əfsanəvi diktorumuz-aparıcımız var idi. O bizə həyatda çox böyük dəstək olmaqla yanaşı, həm də müəllimimiz idi.

- Bildiyimiz kimi, siz hazırda SBS kanalında fəaliyyət göstərirsiniz? İstərdim ki, bir qədər bu haqda oxucularımıza məlumat verərdiniz.

- Çox maraqlı kanaldı. Burda bir neçə dildə verilişlər yayımlanır. Azərbaycan, rus və ingilis. Mən Azərbaycan-rus bölümündə dərs deyirəm. Mənim bir həmkarım da var, o, əvvəllər ali dərəcəli diktor kimi bizim dövlət radiosunda çalışıb. Söhbət bizim Lyudmila xanım Nəzərlidən gedir. Hazırda bir yerdə çalışırıq. Çox istedadlı uşaqlar var. Onlarla işləmək bizim üçün xoşdu. Müxtəlif səpkili verilişlərdə iştirak edirik uşaqlarla. Bu şirkətin rəhbərliyi bizə bütün şəraiti yaradıb ki, gənc nəslin təlim-tərbiyəsində bütün gücümüzü səfərbər edək.

- Şərqiyyə xanım, artıq 2019-u başa vurub 2020-ni qarşılamaq ərəfəsindəyik. Təbii ki, ürəyinizdə arzularınız çoxdur. Bölüşə bilərsiniz oxucularımızla.

- İlk növbədə, uğurlar. Əgər onlar radio-televiziyanı seçiblərsə, bu mühitdən ayrılmaq çətindir. Çalışsınlar ki, seçimlərində peşman olmasınlar. Gözəl bir deyim var, deyirlər ki, cansağlığı həyatda hər şey deyil, amma hər şey olan yerdə, cansağlığı olmayan yerdə o hər şey də heç bir şeydi. Yəni demək istəyirəm ki, cansağlığı və uğurlar.

- Sözsüz ki, arzusunda olduğunuz bir telelayihə varki, onun aparıcısı olmaq istərdiniz. Yoxsa düşünmürsünüz bu haqda?

- Bizə, yaşlı nəslin diktorlarına təklif olunmuşdu bir veriliş aparaq, biz imtina etdik, fikirləşdik, ola bilsin ki, həyatın temporitmini tuta bilməyək, hansı adamlar ki, biz onlarla müsahibə aparaq, onlardan bəziləri həyatda yoxdu, elələri də var ki, onlar üçün efirə gəlmək çətindi. Amma indi efirlərdə olan bəzi müğənnilərlə ola bilsin ki, biz istəmərik müsahibə aparaq. Odur ki, biz hələ gözləməkdəyik (gülür).

- Siz "Ədəbiyyat qəzeti"nin "Harmoniya"sındasınız. Harmoniya nədi sizinçün və bu qəzetin oxucularına nə arzulayırsınız?

- Harmoniya... nə deyim vallah, mənim üçün harmoniya bir yerdə dayanıb, digər yeri tapdalamamaq, hərtərəfli inkişaf etmək, həyatı gözəl görmək. Bir sözlə, insan həyatda möhkəm olmalıdı. Çalışmalıdı ki, nöqsanları özündən düzəltməyə başlasın.

Oxucular qəzetdən ayrı düşməsinlər. "Ədəbiyyat qəzeti", doğrudan da, çox maraqlıdı.

- İsti söhbətə görə sizə təşəkkürümü bildirirəm.

 

Müsahibəni apardı: Samir ƏFŞAN

 

Ədəbiyyat qəzeti.- 2019.- 14 dekabr.- S.12.