Əvvəlinci ayın şeirləri

 

Azər Turana

 

I

 

Sükuta sövq edən səbəblər barədə düşünürəm:

sözün çoxluğu, mənanın yoxluğudur; əlbəttə ki, içimdə.

Bu dildən dilsizlikdən peşmanam:

eyni əlifbayla qeydə alıram sükutumu da, nitqimi .

 

II

 

Sözlərlə deyil, sənin barəndə sükutla danışmaq daha az qorxudur.

Budur, yenə eşqin susqun dəryasından bir bulud qalxır, məna buludu,

fanilik vadisində söz ağacını sulayır.

O ağacın kölgəsində oturmuşam,

bilirsən ki, yorğunam, susamışam:

şükür vəsf meyvəsini dadmadan gedə bilmərəm.

Bilirəm, "hər kim ki, sənin haqqında danışır, sussa yaxşıdır".

Mən danışmaq istəyirəm. Necə?!

 

III

 

"Taleyin başqa necə olardı" sualına

cavabın yoxdursa - bu, taledir;

varsa - tapmaca.

 

IV

 

Əvvəllər qapını üzümə sevgilim açardı,

ətəyindən, böyür-başından bir cüt göz parlardı.

İndi iki cüt sevincək göz açır qapını üzümə:

bir az yuxarıdan baxırlar;

az sonra arxalarından sevgilim boylanır -

arın-arxayın, təbəssümlə.

 

O gün evə gec qayıtmışdım.

Qapı üzümə açıldı, duruxdum:

mən bu gün onları düşünməmişdim;

lap pisi buydu ki,

uşaqların üzünü unutmuşdum, utandım.

 

Sonra sual etdim öz-özümə:

"oğul, ya qız fikirləşsəydin özünə,

onların sifəti necə olardı?".

Oğlumun qızımın çöhrəsindən başqa,

xəyalıma heç gəlmədi,

Bunun üçün çox sağ ol!

Şükr olsun Sənə!

 

V

 

Yalnız bir nəfərə "ata" dedim.

Yalnız bir nəfəri "ana" deyə çağırdım.

Bir bacım, bir qardaşım oldu,

bir oğlum, bir qızım.

İki babam, iki nənəm vardı hamı kimi;

nənəmin birini heç görmədim,

Onların hər birinin öz ömrü, öz sifəti vardı;

barmaq izləriylə təkdilər.

Hər yerdə təklik təkrarsızlıq kimi imzan var Sənin.

Bunun üçün çox sağ ol!

Şükr olsun Sənə!

 

VI

 

Sənin sözlərini çox çək-çevir edirlər, sanki öz sözləridir.

Amma "gül"ə "kül" deməmək üçün vərdişlərimizdən başqa

unutduqsa da bizə mane olan daha bir şey var:

bunun üçün çox sağ ol!

Şükr olsun Sənə!

 

VII

 

Havanı dəyişmək üçün

pəncərəni açıram.

Azan səsi içəri dolur.

9-11 dekabr 2019-cu il

 

"Şərq" qəzetinin qış sorğusuna cavab

 

Sorğu telefonla cavablandırılıb

 

Fərid Hüseynə

 

Yaxşıyam, siz yaxşı olun.

Baxmağı məşğulluq saymasaq, boşam.

Lap dəqiq desəm, pəncərədən küçəyə baxıram.

Göy üzü bir az aşağı düşüb, sanki qışda belə olur.

Külək, yəqin, min il əvvəlki səsiylə oxuyur.

Ay da kim bilir neçənci dəfə

buludda gizlənəcək bir azdan, az qalıb.

Yəni bizə elə gələcək.

 

Soyuqdur, doğrudur, amma dekabrda tərsi daha pis olardı düşünürəm.

Əlbəttə, sizi anlayıram, bir dəfə danışmışdıq bu haqda, xatırlayıram.

Bilirəm ki, "uşaqlığınız yadınızdadır?" deyə sual edəndə yaşadıqlarımı,

o vaxtkı hansısa dəqiq, bəlli səhnələri nəzərdə tutursuz.

 

Amma bilmənizi istərdim: uşaqlıq ömrümüzün, bədənimizin

balaca müqəvvası deyil ki, salıb itirək onu;

məncə, uşaqlıq yadımızda yox, yanımızda, içimizdədir.

nəzərə alsaq ki, günahlar adamı vaxt ötdükcə kiçildir ki, böyütmür,

onda uşaqlığımız, əminəm, bizdən daha çox diridir.

 

Odur ki, bizim bu dünyada

ölülərin dirilər haqqında danışmağı çətin olardı, belə düşünürəm.

 

Yox, bu, ironiya deyil. Özünəironiya da deyil.

Hərçənd, ikinci bəlli həddə məqbuldu:

biz necəsə qəhrəmanlıq etməliyik, ya yox?

 

mən bütün bunlardan sonra "Əlifba" kitabına əl basıb

sözlərin həmişəki qədər maraqlı olduğunu,

bizim isə onları yenə düzgün istifadə etmədiyimizi bir daha təsdiqləyirəm.

 

Deyirsiz, şairlik edirəm?! Razıyam ! Məgər siz, başqa birisinə zəng etmişdiz?

Mürəkkəblik məsələsiylə isə qətiyyən razı deyiləm.

Bilməlisiz bəlkə bilirsiz ki, hər mürəkkəb cümlənin arxasında

uşaqlığın, saflığın ağzıyanmışlığı durur, gizlənir.

 

Mən axı bu iztirablı dünyanı, mənim onu dəyişmək cəhdimi,

onun isə məni cürə dəyişdiyini

sadə kəlmələrlə necə anladım; yalanmı danışım?!

Yalnız uşaqların hər şeyi eyni bir sözlə,

hətta qığıltıyla çağırmaq, adlandırmaq ixtiyarı var.

Bilirsiz içimizdəki o quzunu

içimizdəki bu qurd üçün bəslədiyimizi biləndə gec olur.

Dilimiz topuq vurur, sözlər qarışır, ağırlaşır.

Siz heç suyun qumla necə qarışdığını görmüsüz küləkdə, eynən o cürə.

 

Onda səhər idi, sübh tezdən.

Günəş yenicə doğmağa başlamışdı.

Atam dostları ilə dənizə gəlmişdilər, Sarıqaya səmtinə, mərc qoşmuşdular.

Qardaşımı məni götürmüşdülər özləri ilə.

Dayım, qonşu Mayıl əmi, bibioğlu Akif atam.

Dalğalar üç adam boyu idi, alatoranlıqda daha vahiməli görünürdülər.

Qardaşımla məni çör-çöp kimi o yan-bu yana atırdılar.

Birdən su kürəyimdən basdı

sanki kimsə məni ayağımdan tutub aşağı çəkdi.

Gözlərimi bağlamamışdım: su qumun bu qədər iç-içə olduğunu

mən bir heç vaxt belə görmədim.

Nənəmin şirinçay stəkanını necə qarışdırdığı yadıma düşmüşdü -

hər səhər bir gözümü yumaraq yaxından baxardım stəkana, diqqətlə.

Düzü, qorxmamışdım, yəni buna vaxtım çatmamışdı - indi belə düşünürəm,

bir xeyli qumlu-yosunlu su udmuşdum, amma.

 

Atamın dəmir əli qarnımın altına keçdi məni sahilə çıxardı.

Soyuqdan tir-tir əsir, gah gözlərimi qıyıb dənizə möhürünü basmaqla

azman dalğaları sahilə buraxan günəşə tamaşa edir,

gah dünyanın ən güclü adamı bildiyim atamın

sahildən xeyli uzaqdakı qaraltısına minnətdarlıq qibtə hissi ilə baxırdım;

sonra da özümdən bir yaş böyük olan qardaşıma zillənib,

soyuqdan dilim dolaşa-dolaşa, həyəcanla suyun altında gördüklərimi

danışmağa çalışırdım; mən onda "burulğan" "qasırğa" sözlərini bilmirdim.

O axşamı xəstələndim. Hərarətim qalxdı.

Anamın nəvazişlərini xatırlayıram.

Tərdən islanmış köynəyimi çıxarmasını,

gözlərimi açanda başım üstdə günəştək doğan təbəssümünü,

ovucunun istisini.

Bir tünd sirkə iyini.

 

Hərarət düşəndən sonra yüngüllük gəlir.

O yüngüllük üçün çox darıxmışam.

 

Görürsüz, qədər şey danışdım.

Amma, eyni zamanda yaxşı anayıram ki, bu danışdıqlarım o deyil.

Mən nəyisə deyə bilmədim, nəyisə başqa cür dedim.

Görünür, hardasa külək yatmalı, qum suyun dibinə çökməli,

hər şey necəsə aydınlanmalıdır.

Əlbəttə, istəsəz yaza bilərsiz ki, o, xatırlaya bilmədi.

Yəni danışdıqlarımdan bu qənaətə gəlmək olarsa, etiraz etmirəm.

Səhnələr yaşantılarla məsələ qəlizdir, bir tərəfdən onlar xatırlanınca,

yəni biz buna cəhd etdiksə, heç həmişə doğru-dürüst görünmürlər.

Çox vaxt isə heç görünmürlər, bizim saxtakar redaktəmizdən qorxur,

yuvası ağzında tülkü görən hürkmüş ərəbdovşanı kimi dalın-dalın gedir,

yaddaşın sirli dəhlizlərində yox olurlar.

 

Əlbəttə, mən nələrisə xatırlayıram.

Amma istəyirəm biləsiz, digər tərəfdən uşaqlığın səhnələri

həm ona görə çətinliklə faş edir ki, özünü,

onlar bizim mövcudluğumuzun ən qiymətli hissəsidir,

onları verəndən sonra qalacaq?!

Onlar bizi, sanki qoruyurlar.

 

Bəli, anlayıram, siz yazacağınızı düşünürsüz.

Doğrusu, sizə necə kömək edəcəyimi bilmirəm...

Yazın ki, o, belə dedi:

"Sanki axşamüstüdür mən buğ tutmuş şüşə arxasından

hansısa lal görüntülərə baxıram; arada səssiz ildırımlar çaxır,

nələrisə, kimlərisə ani olaraq aydınladır;

bəzən heç sezmirsən, qaraltılar da itir;

yalnız qırıq-qırıq səslər, eşidirsən -

gülüş, bir amiranə söz, tappıltı, əks-səda, ağlaşma, hıçqırıq..."

 

Yazın ki, onun çox xoşbəxt uşaqlığı olub.

Eşidirsiz məni, elə yox, belə yazın.

Yazın ki, o çox xoşbəxtdi: çünki uşaq olub.

 

Səlim Babullaoğlu

 

Ədəbiyyat qəzeti.- 2019.- 21 dekabr.- S.6-7.