Özümdən bir səhifə sonra

 

Sünbül zəmiləri

 

Üfüqlərdən bir divar o yana,

dənizlərin tükəndiyi yerdən, sahillərlə başlayar qonşuluq.

Dilsizlərin göz yaşı dənizləri duza çevirər.

Əlsiz balıqların ayağı da yox

bu səhra boyda dənizdən qaçmağa.

Mənim qanadım yox bu göy üzündən keçib getməyə,

mənim ürəyim yox səndən köçməyə.

Üzmək bəlkə balıqların ağlamağıdır hardasa.

Görmədiyimiz dünyanın qəfəsləridir bu quşlar.

Göy üzü heç tanımadığımız Tanrının mavi qanadıdır,

alıb planeti qoltuğuna...

 

Cənnətin ünvanıdır qadın bədəni.

doğulur qoynunda gözəllik peyğəmbəri.

Sağ qolumla sol qolumun arasında yerləşən yer,

bir nəfərlik məzardır,

ona görə təklikdən öləcək bu qəbir,

öz içinə gömüləcək bu məzar,

yox olacaq iki daşın arasında.

 

Qaranlıq İblisdir,

baş əymədi günəşin işığına...

Qovuldu uzaqlara...

Uzaqlar daha da uzaqlaşdı,

soyudu Yer üzü,

daş oldu insanlar.

Bax bu da bir etiraf:

Daş adamlardan qaçmaq üçün gecələr səni yuxlayıram,

insanlardan əl götürmək üçun səhərlər səni oyanıram,

bu şəhərdən üz çevirirəm üzü özümə sarı,

Üzü tənhalığa...

Üzü otağıma...

Bax,

bu dörd divar arasında bəndəsiz Allah kimiyəm,

kimsə əllərini mənə çatmaqçün qaldırmır göylərə,

kimsə üzünü çevirmir üzümə.

kimsənin dilində əzbər deyiləm.

Bax,

özümdən bir səhifə sonra,

sünbül zəmiləri başlayır,

sapsarı günəşə tərəf qaçır kainat.

Özümdən bir səhifə öncə,

küləklər şəhərində,

zivələrdən çin olmamış arzular sallanır.

Bax,

dörd divar arasında,

bu mənəm bəndəsiz Allah kimi,

bədənsiz bir ruh kimi olan mənəm...

 

Xatirə serrozu

 

Pəncərənin o tərəfində itirdiyimiz ayaq izlərimiz,

xatirələrdən çörək yeyə.

Böyüyər,

böyüyər...

Hər biri adam boyda olub üstümüzə gələr.

Gələr ki, tənhalığımızı bir də xatırlatsın bizə.

Bir desin ki,

Yağış da yalqızlığını yuya bilməz,

yuya bilməz əllərimizdə qalan izləri!

Tənhalığın qapısını heç bir açar aça bilməz!

 

Yaşadığın ən möhtəşəm günlər,

qırmızı şərabdır həyat şüşəsində.

Qaldıqca köhnələr,

köhnələr...

Xatirəyə çevrilər.

Xatirələri xatırlayıb içməyin sonu serrozla ölməkdir.

Sonu ölməkdir xatirə serrozuna tutulmaq.

 

Ümid Nəccari

 

Ədəbiyyat qəzeti.- 2019.- 21 dekabr.- S.23.