Ana, qəbir qonşun özgəsi deyil

 

Ana, qəbir qonşun özgəsi deyil,

Tanrının verdiyi butandı, vallah!

İllərnən yolunu gözləyib duran,

İllərnən əlindən tutandı, vallah!

 

Fani dediyinlə əlbəyaxadı,

Varımız Tanrıdan gələn yoxadı...

Bu qəlbiqırıqlar qəlbiyuxadı,

Gəmisi dəryada batandı, vallah!

 

Şirin röyadadı, qəfil oyandır,

Canı sıxlmasın işığı yandır.

Sənə qəriblikdə qərib həyandır,

Bir döy qapısını, atamdı, vallah!

 

Qızım Səyalıya

 

Gülər gözlərində tapdım xoş günü,

Çəkildi ağrım da, acım da, qızım!

Bu boyda şirinlik tapa bilmərəm,

Dünyanın o biri ucunda, qızım!

 

möcüzə belə, sirr beləcə,

Ruhuma can verir səsin beləcə.

Nanə yarpağı tək əsir beləcə,

Ürəyim ovcumun içində, qızım!

 

Ayrı diləyim, ulu Tanrıdan,

Odur Yaradan da, odur yarıdan.

Yoxdu bir gileyim gün sarıdan,

Sən yanımdasan, bacın da, qızım!

 

Sevginin dilini duyandan bəri

 

Elə həsrətin bəs eylər mənə,

Hələ ki, eşqinlə dinə bilirəm.

O dünya, bu dünya, fərqi nədir ki,

Ölsəm çatmaram sənə, bilirəm.

 

vüsal görmüşük, kam almışıq,

Yazdığım bir yarpaq şeirdi sənə.

Ölüb getməyimmi ovudar səni,

Qalıb yanmağımmı xeyirdi sənə...

 

Bu zülmət ömürə lazım axşam,

Toranı qovuşur hayandan bəri.

Dünyanın dilini yadırğamışam,

Sevginin dilini duyandan bəri.

 

Bir azca

 

Göyçək tellərini oxşamaq hədər,

Yel olub üstündən əsəm bir azca.

Bir azca sevincsən, bir azca kədər,

Bir Allah bilir nəsən, bir azca.

 

Bizə qismət yazan haqdan küsmüşəm,

Dünyanı sevdiyim vaxtdan küsmüşəm.

Mən öz taleyimdən çoxdan küsmüşəm,

Necədi, səndən küsəm bir azca.

 

Yüyürüm dumana, sisə deyirsən,

Mətləbi yaman qısa deyirsən...

Deməyə-deməyə nəsə deyirsən,

Nolar, deyə-deyə desən, bir azca.

 

Göndərir

 

Qızlarım Gültac Səyalıya

 

Elə mən sizin kimi kövrəyəm,

Gəl ağlayaq, görərsiniz, eh nəyəm.

Üstü-başı, dərdi-səri köhnəyəm,

Fələk vurur hərdən dişə, göndərir.

Ömür buymuş, yol qalmadı varmağa,

Bərə handa, özüm düşdüm qarmağa.

Ürək dağı... Meylim yoxdu yarmağa,

olsun ki, gahdan tişə göndərir.

 

Kəsməyiblər, kəsilibdir amanım,

Nəyim var ki, gizləyim, danım...

Bu ömürə nabələddi sarvanım,

Öldürmür ki, taxıb şişə göndərir.

 

Boyu batsın buxunumun-boyumun,

Çaşıb qaldım yarısında oyunun.

Gözləmir ki, külə dönüm, soyuyum,

Elə məni bişə-bişə göndərir.

 

Bir ömürə həmdəm oldu bu ahlar,

Eh danım, şiriniydi günahlar.

Üzümüzə hər açılan sabahlar,

Sizi dərsə, məni işə göndərir.

 

Sənə deyiləsi ürək sözlərim

 

Ağlımmı çoxuydu onda, sən Allah,

Onda xoşa gələn boyummu vardı...

Boyum gödək oldu, indi ağlım az...

Dünya dəyişmədi məni sevəndə,

Məni sevməsən dünya dağılmaz.

 

yazım indi mən, aramız sərin,

Gözlərim yollardan yığışmaz daha.

Sənə deyiləsi ürək sözlərim,

Əl boyda kağıza sığışmaz daha.

 

Daha qənşərinə bağlanır yolum,

Qırılır, sökülür adam içindən.

Demişəm sevirəm, deməmiş olum,

Minnətə əl atma adam içində.

 

Guya ulduz olub çəkildik göyə,

Bacarsan indi tap, orda hansıyıq...

Təsəlli axtarma yaşayaq deyə,

Dünyada o qədər ölüm-itim var -

Hərəmiz birinə qoşulasıyıq.

 

Vədəli qismətə sığınammadıq,

Qoşa gəlməyin bəlası varmış.

Ürəyə axmağın, qəlbə yatmağın,

Xoşa gəlməyin bəlası varmış.

 

yazım indi mən, aramız sərin,

Gözlərim yollardan yığışmaz daha.

Sənə deyiləsi ürək sözlərim,

Əl boyda kağıza sığışmaz daha.

 

Yeriydi

 

Qaçdım arxasında köçüm yetmədi,

Çölüm parçalandı, içim yetmədi.

Onsuz da pozmağa gücüm yetmədi,

Qismət yollarıydı, tale yeriydi.

 

Gözlərə gəlməyən röyasan dedi,

Tapmazsan, təzədən arasan dedi.

Cəmisi ikicə misrasan-dedi.

Vallah, bir şirincə nalə yeriydi.

 

Yüz "şər"dən keçmişəm bu "şər"ə kimi,

Saldılar düşməzə-düşərə kimi...

Demədim... Yandırsın məhşərə kimi,

Dərdimi deməyin əla yeriydi.

 

O sevgi

 

Bir para ağrı var səndən ömrümə,

Vallah, ağrını da çəkmək hədərdi.

Məhəbbət gəlsəydi sənnən ömrümə,

Elə səninlə çıxıb gedərdi.

 

Gözümüz açılıb dünyaya birgə,

O səhər tutmuşdum üzünü sənə.

Yaxşı ki, vaxtında küsüb getmisən,

Çaşıb deyəcəkdim düzünü sənə.

 

Keçdin ürəyimdən ayağı yalın,

Keçdin, bu aradan yad keçməmişdi.

Onsuz da kimisə sevməli idim,

Mən səni sevməyə and içməmişdim.

 

O sevgi min ilin toyundan gəlir,

O sevgi o yerin suyundan gəlir.

Babam da beləcə sevdi nənəmi,

O sevgi kökümdən-soyumdan gəlir.

 

Bir para ağrı var səndən ömrümə,

Vallah ağrını da çəkmək hədərdi.

Məhəbbət gəlsəydi sənnən ömrümə,

Elə səninlə çıxıb gedərdi.

 

Bir gör neyniyirsən...

 

Zülümmü əlini üstünə çəkmiş,

Bu dərd yüküdü...

... Gözlərin aydın.

Tanrı bu çiçəyə ömür verməmiş,

Əvvəl taleyini düzüb qoşaydın.

 

Qorxur ki, yerisə, yer çökə birdən,

Bu yandan göylər uça üstünə.

Tərpədə bilməyir ömrü yerindən,

Açılan qollar yox, qaça üstünə.

Görən, tezmi düşər güzarın bəri,

Bir gör neyniyirsən...

Bir düşün, Allah!

Tez götür üstündən bəd nəzərləri,

Əlinə keçməsin qurd-quşun, Allah!

 

Yandırır dağları, daşları ahı,

Yarəb, bundan betər pərişanmı var...

Bizə sən yazırsan bəxti, İlahi,

Sənin işinə qarışanmı var...

 

Bir gör, neyniyirsən, sıxılır hava,

Sənin ki, fərmanın, əmrin əlində.

Getməyə yeri yox, qalmağa yuva,

Bu çiçək karıxıb ömrün əlində.

 

Vasif SÜLEYMAN

 

Ədəbiyyat qəzeti.- 2019.- 28 dekabr.- S.9.