İşığa can atan durna qatarı

 

Uzun illərdən bəri tanıdığım şair Rafiq Yusifoğlunun poeziyasını bircə cümlə ilə belə ifadə etmək olar: Bu şeirlər işığa can atan durna qatarına bənzəyir... Və bu qatar yarım əsrdən çoxdur ki, poeziya səmasında yorulmadan qanad çalır, sərhəd tanımır, ölkədən-ölkəyə, ürəkdən-ürəyə uçur... Dünyanın çox ölkələrini gəzib-dolaşması, çoxlu bədii, elmi-fəlsəfi əsərlər oxuması, tədqiq və tərcümə etməsi həm onun əsərlərinin poetik xəritəsini əhəmiyyətli dərəcədə genişləndirmiş, həm də şeirlərinin fəlsəfi tutumunu, bədii dəyərini artıran vasitəyə çevrilmişdir. Onun şeirlərində təsvir olunan ən adi predmet, əşya belə, bədii obraz səviyyəsinə qaldırılır.

 

"Almır da vecinə çovğunu, çəni,

Vətəndə keçirir o, bütün qışı!" -

Bəsdir təriflədik bu boz sərçəni,

Bəsdir qoyduq onu durnaya qarşı...

 

...Sönməz bahar eşqi, axsa da qanı,

Onun zəhmətini zay eləməyin.

Döşü buludları yaran durnanı,

Bir yoluq sərçəyə tay eləməyin!

 

Rafiq Yusifoğlunun əsərlərini oxuyanda bu qənaətimiz bir daha möhkəmlənir ki, həqiqi poeziya təbiətin özü kimidir, daim işıq axtarır, xoşbəxtlikdən söhbət açır, sabahı, gələcəyi tərənnüm edir. O, insanı səciyyələndirəndə poetik fikrin mərkəzində ağıl, kamal, intellekt dayanır. Bu zaman daxili zənginliyi, ağılı, harmoniyanı başlıca meyara cevirir. Lakin işığı, harmoniyanı, xeyirxahlığı daha qabarıq göstərmək üçün poeziya öz əbədi qanunlarından kənara cıxmır. İşıq-qaranlıq, ağıl-nadanlıq, xeyirxahliq-bədxahlıq, harmoniya-xaos qarşılaşmalarından bəhrələnir.

 

Kainatın böyüklüyü,

Yaradanın böyüklüyü

mütləqdi, qətidi...

Kiçikliyini dərk eləmək

İnsanın böyüklüyünün

ilkin əlamətidi...

 

Ədəbi təcrübəsinin 50, yaşının 70-ini qeyd edən Rafiq Yusifoğlu da poeziyanın bu dədə-baba qaydasını müqəddəs tutan şairlərdən biridir. O, ədəbiyyatın həqiqi mahiyyətini yaxşi dərk edir. Başa düşür ki, ədəbiyyat insanlığı kamilliyə aparan, həyatın sirlərini obrazlı dilin möcüzələri ilə təlqin edən xüsusi bir sənətdir. O, insana naqislikdən xilas olmağın yollarını göstərir.

 

Seldən maya tutan cayın

Dibinin daşı bilinməz.

Çox qədimdi, çox uludu

Dünyanın yaşı bilinməz.

 

Milyard illərin dünyası

Yaşıddı körpə uşaqla.

Milyard illərin dünyası

Yoğrulub nurla, işıqla!

 

Ruhani həyat axtarışı Şərq şeirinin ənənəsi kimi, Rafiq Yusifoğlunun poeziyasının da ana xəttini təşkil edir.

 

Hər açılan çiçək deyil,

Hər parıltı şimşək deyil,

"Qoca" köhnə demək deyil,

Dünya hər an təzələnir...

 

İnsan bu həyatın əbədi yolcusudur. Bir nəsli başqası əvəz edir. Bu əvəzetmə prosesi inkişaf qanunlarına tabedir. Buna görə də poeziya ümumi bir ideala doğru irəliləyən insanın inkişafındakı zərrələri, elementləri göstərmək bacarığına nail olanda müasirləşir, həqiqi qiymətini alır.

 

Ömrümüzdə öz yeri var bəyaz güllərin,

Hər çiçək təbiətin bəyaz sözüdü...

Dümağ saçlar üstümüzdən ötən illərin

Başımızda, üzümüzdə ayaq izidi...

 

Böyümüşük, dünya bizə dardı elə bil,

Qəlbimizi gizildədən həsrət dağıdı...

Bəyaz saçlar zirvədəki qardı elə bil,

Bəyaz saçlar qocalığın bayrağıdı...

 

Poeziya şairin dünya ilə söhbətidir. Bu söhbətin əsas mövzusu böyük idealların tərənnümü, fərdi maraqların, cılız xarakterlərin ifşasıdır. Bu prosesdə yaxşını pisdən secmək bacarığı qələm sahibinin istedadının səciyyəvi cəhətidir. Rafiq Yusifoğlun ictimai-siyasi mövzuda yazılan şeirlərinin əksəriyyətində bir fəlsəfi dərinlik, düşüncə bənzərsizliyi sezilməkdədir. Məsələn, şairin "Füzuli dərd əlindən dağa çıxdı, dedilər bəxtəvər yaylağa çıxdı" deyiminə istinadən qoşma formasında yazdığı şeiri bu misralarla bitir:

 

Sayrışır gözümdə qəm fişəngləri,

Titrədir ruhumu əcəl zəngləri,

Sozalıb, tükənib ömrün rəngləri,

Qaramız burdadı, ağımız orda.

 

Elim didərgindi, dağılıb obam,

Dərdimi açmağa çətin dağ tapam,

İndi biz neyləyək, Füzuli babam? -

Dərdimiz burdadı, dağımız orda...

 

Ümumiyyətlə, Rafiq Yusifoğlunun şeirlərinin mövzu və problematikası zəngindir, düşündürücüdür. Onun Amerikaya, Dubaya, Türkiyəyə və b. ölkələrə çoxsaylı səyahətləri zamanı qələmə aldığı şeirlərdə hər şeydən əvvəl, vətənpərvər bir şairin bədii obrazı göz önündə canlanır.

 

Mən qürbətdə

vətənin bir parçasıyam,

Vətəndən əsən yellərə qoşulub,

quş kimi qanad açasıyam -

Okeanların,

dənizlərin üstündən

Vətənə uçasıyam!

Qəlbimdə Vətən eşqi

olduğu üçün

ucaların ucasıyam...

 

Ən qeyd olunası cəhətlərdən biri də budur ki, Rafiq Yusifoğlunun şeirləri dil və ifadə, bədii sənətkarlıq baxımından da mükəmməldir. Sözsüz ki, bütün bunlar onun bir nəzəriyyəçi alim olmasından qaynaqlanır.

 

Bənövşə arzular boynu bükülü,

Nəfəsin ayrılıq küləyi olub.

O ötən ayların, illərin külü

Arzu közlərimin bələyi olub...

 

Gözümdə bir eşqin şimşəyi çaxar,

Göylər qəm yağışı tökər dünyaya.

O köz kül altından sıyrılıb çıxar,

O kül duman olub çökər dünyaya.

 

Ədəbiyyatın ictimai xarakteri - cəmiyyətə xidmət etmək borcu var. Bir ölkədə yaranan əsər başqa diyarların da sevimlisi ola bilər. Lakin bu o zaman baş verir ki, qələm sahibi bəşəriyyətin marağında olan mətləblərə toxunsun. Belə əsərlər gec-tez başqa dillərə çevrilir və yeni həyatını yaşayır. Belə əsərlərdən bir çoxunu dilimizə çevirən şair həm poeziyamızı zənginləşdirir, həm də dünyanın mütərəqqi fikirlərinin yayılmasına xidmət edir. Rafiq Yusifoğlu dünya poeziyasından Qarsia Lorka, Bayron, Li Bo, Du Fu (Çin), Çon Çxol (Koreya), alman şeirindən Peter Şyut, Hans-Yurgen Hayze, Ulla Han, Roza Auslender, rus poeziyasından Sergey Yesenin, Konstantin Simonov və b. şairlərin əsərlərini dilimizə uğurla çevirmişdir.

Rafiq Yusifoğlunun yaradıcılığının əsas hissəsini uşaq şeirləri təşkil edir. Bu janrda yazdığı əsərlərin mövzusu çox rəngarəngdir. Lakin Vətən sevgisi onların içərisində xüsusı yer tutur.

 

Hamı fərəhlə baxır

Yurdumun bayrağına...

Göyqurşağı enibdir

Lələtəpə dağına.

Gördüyüm bu mənzərə

Kədərimi dağıdır.

Dalğalanan zəmilər

Bərəkət bayrağıdır.

 

Azərbaycan ordusunun Lələtəpədə qazandığı qələbəni şair özünəməxsus şəkildə ifadə edir. Bəzən bu sevgi adi həyati hadisələrdə verilir. Məsələn, harasa uzaqlara getməyə hazırlaşan baba dəniz sahilinə gəlir, sanki Xəzər dənizi ilə sağollaşır. Amma qoca göz yaşını saxlaya bilmir. Bu mənzərə nəvənin gözündən yayınmır:

 

Bulud kimi dolubdur

Yaşaran gözünə bax,

Təkcə biz yox, dəniz də

Babasız darıxacaq...

 

Şairin uşaq əsərlərində təbiətin tərənnümü xüsusi yer tutur. Güllərin, cicəklərin ətri, onların bitdiyi fəsil, meyvələrin səciyyəvi cəhətləri, əhəmiyyəti, ağacların xüsusiyyətləri və s. və s... onun əsərlərinin mövzusuna cevrilir.

 

Həmərsin kollarında

Açılıb çiçəklər.

Elə bil budaqlara

Qonub kəpənəklər.

O zərif kəpənəklər

Birdən qanad açdılar

Hərəsi öz yerində

Meyvə qoyub uçdular.

 

Burada həmərsin kollarının cicəkləri təkcə gözəl olduğuna görə deyil, xeyirxah olduqlarına - ucub gedərkən hərəsi ağacın başında bir meyvə qoyduqlarına görə tərənnüm olunur.

Şübhəsiz ki, uşaq ədəbiyyatının əsas vəzifələrindən biri uşağa obrazlı bir dillə təbiətin sirlərini öyrədə-öyrədə onlarda xeyirxah hisslər oyatmaq, vətənə, ata-anaya, doğma torpağa sevgi duyğularını gücləndirməkdir. Bu baxımdan Rafiq Yusifoğlunun şeirləri çox səciyyəvidir.

 

Çəmən ana hirsləndi

Boynubükük çiçəyə:

- Niyə könül verirdin

Bir sərsəri küləyə?!

 

Onun şeirlərində təkcə təbiət cisimlərinin yox, dünyaya, kainata maraqla baxan, onun sirlərini öyrənməyə çalışan uşağın bədii obrazı dayanır:

 

Baxmaqla doymaq olmaz

Bizim gözəl dünyaya.

Kaş bir nərdivan qoyub,

Qalxa biləydim Aya!

 

Üzümü söykəyərək

Onun parlaq üzünə,

Qulaq asa biləydim

Söhbətinə, sözünə.

 

Şirin-şəkər kəlmələr

Növbəyə düzüləydi.

Nağıllar Ay nurutək

Üstümə süzüləydi...

 

Cəmiyyətin qanunauyğun inkişafını dəyişdirməyə haqqımız yoxdur. İnsan təbiətin bir hissəsidir. Hələ görən olmayıb ki, yazdan sonra qış, yaydan sonra yaz gəlsin. Təbiət öz qanunlarını qoruduğu halda, biz niyə onu pozmağa cəhd göstəririk? Körpə uşaqlığını da, gəncliyini də vaxtında keçirməli, elmi bilikləri də vaxtında almalıdır. Bunlar uşaq xoşbəxtliyinin atributlarıdır. Valideynin tələsməsi arzuolunmaz nəticələrə gətirib cıxara bilər. Rafiq Yusifoğlu isə bu mübahisələrə qoşulmadan uşağa həyatın sirlərini öyrətməkdə davam edir. "Meşədə yarış" şeirində olduğu kimi:

 

Meşədəki bu yarış

Bil ki, deyil havayı.

Ağac tez boy atmasa,

Əldən çıxar nur payı.

Hər biri çalışır ki,

Olsun bir az da uca.

Günəşin işığıdı

Gəl-gəl deyən ağaca...

 

Rafiq Yusifoğlu təbiəti kitab kimi vərəqləyir. Hər bitkinin, ağacın, çiçəyin fərdi cəhətlərini mənalandırmaq üçün priyomlar axtarır. Şabalıd ağacının qoza bənzəyən qozalarını (qoz-qoza alliterasiya yaradır) uşağın gözü qarşısında canlandırmaq üçün kirpiyə bənzədir, tikanlarını isə onun silahı olduğunu deyir. Beləliklə, cansız qozanı canlı kimi təsvir etməyə nail olur. "Məhəbbət ağacı" şeirində də bu yolla gedir. Amma burda məhəbbətin möhkəmliyi anlayışını bir növ mücərrədlikdən cıxarıb əyaniləşdirir.

Rafiq Yusifoğlu bənzərsiz şəxsiyyət, bənzərsiz qələm sahibidir. Onun yaradıcılığı zəngin və çoxşaxəlidir. Bədii əsərləri səksəndən çox kitabda toplanıb. Onun nəsri də, publisistikası da diqqətəlayiqdir. Poeziya isə Rafiq Yusifoğlu yaradıcılığının şah damarıdır. "Yurdum-yuvam", "Ətirli düymələr", "Ocaq yeri", "Aylı cığır", "Qəm karvanı", "Həsrət köçü", "Təzə sevdalara doğru", "Çiçək yağışı", "Ayrılığın qəm hasarı", "Həsrət sazağı", "Sevdalı sabahlar", "Eşqin qarlı yollarında", "Dəniz, sən və mən", "Arzular kəhkəşanı", "Qızılı məktublar", "Bulud fayton", "Sabahın sorağında", "Üçüncü qərinə", "Nağıl qapısı", "Sevdalı ömür yaşadım", "Zamanın qatarı","Könül səltənətı" və sair kitabları geniş oxucu kütləsinə yaxşı tanışdır. Onun uşaq şeirlərində bir böyük müdrikliyi, böyüklər üçün şeirlərində isə bir uşaq səmimiyyəti, saflığı var... "Dəyirmanın nəğməsi" şeirində olduğu kimi:

 

Mən öpdüm, oxşadım arxı,

Dedim: - Boyun uzun olsun!

Köynəyimdən keçirtdim ki,

Dönüb mənim qızım olsun.

 

Sevdim, əzizlədim onu,

Heç məni salmadı saya.

Axıb-getdi, aşağıda

Qovuşdu anası çaya...

 

Rafiq Yusifoğlu həm də tanınmış, nüfuzlu alimdir. Filologiya elmləri doktoru, professordur. Bir necə gənc alimin elmi rəhbəri, xeyli dissertasiya işinin opponenti, saysız-hesabsız əsərlərin rəyçisi olub. Dissertasiya şurasının üzvü kimi həmişə haqqın, ədalətin tərəfində dayanıb. Şeirlərində bir alim düşüncəsi, tədqiqatlarında isə şairanəlik özünü aydınca büruzə verir. Onun şairliyi elmi əsərlərinə, alimliyi isə şairliyinə yardımçı olub, yeni çalarlar gətirib. Müəllimliyi, naşirliyi də üstəlik... "Azərbaycan poeması: axtarışlar, perspektivlər", "Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri", "Ədəbiyyatşünaslığın əsasları", "Uşaq ədəbiyyatı", "Müasir ədəbi proses və ədəbi tənqid", "Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri", "Bədii söz - məna ocağının közləri" və s. kimi fundamental elmi əsərlərin müəllifidir.

Rafiq Yusifoğlu 70 yaşında da gənclik həvəsi ilə yazıb-yaradır. Sosial şəbəkələrdə şeirləri ilə fəal çıxış edir. Hər bir şeirini xüsusi tərtibatla təqdim etməsi göstərir ki, onun gənclik eşqi azalmayıb. 50 illik dostuma və qələm yoldaşıma uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Ümid eləyirəm ki, onun durna qatarını xatırladan şeirləri işığa doğru uçuşlarını davam etdirəcəkdir...

 

Zahid XƏLİL

 

Ədəbiyyat qəzeti.- 2019.- 28 dekabr.- S.16-17.