Banan

 

hekayə

 

Mağazadan çıxanda gördüm onu. Mənə baxıb gülümsəyirdi. Aramızda bir neçə addım vardı. Bu addımların çoxunu da o atdı. Bir-birimizə bir neçə addım qalmış dayandıq. Üstü-başı tökülürdü. Geyimi çox yoxsul idi. Qırx yaşlarında olardı. Mən bir az heyrət, bir az da təəccüb içində idim, amma o gülümsəyirdi. Təbəssümündə nəsə yazıq bir ifadə vardı. Xəstə uşağın içindəki ağrını boğub anasına gülümsəməsi kimi bir şey.  Mən gülümsədim. Amma mərhəmətlə yox. Çünki onun təbəssümü mərhəmət dilənmirdi, sadəcə, ötüb-keçənləri unutmaq istəyi vardı. Bir az təbəssüm etmək istəyirdi. Dünyanın ən məsum istəyi... Vəssalam!

Üz-üzə dayandıq. Hətta çox romantik alındığını bilməsəydim, güclü küləyin saçlarını üzümə toxundurduğunu da təsvir edərdim. Di gəl ki, XXI əsrdə təbiət təsvirləri dəbdən düşüb. Kişi olduğum üçün ilk sözü mən deməli idim.

- Bağışlayın, biz tanışıq?

O elə "yox" dedi ki, heç min ilin tanışı da bu cür səmimiyyətlə danışa bilməzdi. İnsanlar ya tanış olar, ya da zaman harda tanış olduqlarını yada salmağa çalışarlar. "Biz tanış deyilik"lə başlayan bir dialoq çox uzana bilməz. Uzandı amma...

- Bəs indi biz edək?

- Bilmirəm.

- Onda ayrılaq.

- Bəlkə, zamansa görüşmüşük?

- Yox, mən dəqiq bilirəm.

Bu qəribə görüşü bitirib qaynar çay içmək üçün yaxınlıqdakı kafeyə girdim. Çayımı içəndən sonra saata baxdım. Gec idi, evə getmək lazım idi. Pulu stolun üstünə qoyub kafedən çıxdım. Kafe ilə üzbəüz marketdə bir anda hay-küy qopmuşdu. Bir oğlanı oğurluq üstündə tutmuşdular, mağazanın işçiləri onu dövrəyə almışdı. Oğlan oğurluq etmədiyini deyirdi, amma onu danışmağa qoymurdular. "Oğru"nun, ya da oğrunun qolundan tutub ətrafdakılara nəsə başa salmaq istəyən bircə adam vardı. O da o idi. Oğlanın yaxasın buraxdılar, o da sürətli addımlarla mənə tərəf gəldi. Yenə gülümsəyirdi. Bu dəfə sualı mən verdim:

- Adın nədir sənin?

- Neynirsən?

- Sənə deyim bəs?

- istəyirsən de.

- Aişə, necədir? Olar?

- Olar...

Bunu deyib çay içdiyim kafenin vitrininə baxdı.

- Bəlkə, bir çay içək? İstəyirsən?

"Əlbəttə", - dedi arxamca düşüb kafeyə girdi. Girişdə qapını bizim üçün açan oğlan ona, sanki bir az qəribə gəldi. Sanki indiyə kimi heç kim onun üçün qapı açmamışdı. Qarşımızdakı menyuya gözünün ucuyla da baxmadı. Ona görə soruşası oldum:

- Bəlkə, acsan?

- Yox, çay istəyirəm.

- Böyük stəkanda?

- Fərqi yoxdur. Sən hansından istəyirsənsə, ondan olsun.

Başımızın üstündə dayanan ofisiantdan iki stəkan çay istədim. Ofisiant çayları gətirib qarşımıza qoyana qədər o, uzun-uzun mənə baxdı. Çaylar gələn kimi ilk qurtumu içib dedi:

- Bilirsən, burda, yaxında bir market var. Mer-meyvəni çox ucuz satırlar.

- Hardadı?

- Elə bir az qabağa gedib sola dönürsən. Göstərərəm sənə...

- Göstərərsən.

- Həmişə ordan alver edirəm.

- Bəs harda yaşayırsan?

- Qara Qarayevdə.

- Burdan meyvə alıb sonra o boyda yol gedirsən?

- , burda ucuzdur.

Bu söhbəti dava etdirmək üçün bir sual, söz tapıb deyə bilmirdim. Düzdür, bir dəfə sərxoş ikən kafenin barmeninə ölkədə pambıqçılığın inkişafı haqqında uzun bir mühazirə oxumuşdum. Pambıq sahəsini ancaq televizorda, AzTV-nin "Torpaq 97" verilişində görməyimin söhbətə heç bir dəxli yox idi. O zamandan bu yana qədər kənd təsərrüfatı mövzularına qoşulmuram. İndi meyvənin qiyməti məni qətiyyən maraqlandırmırdı. Çünki hər meyvədən iki dənə, uzağı üç dənə alırdım. Amma onun fikri,  sanki uzaqlara getmişdi. Sanki pıçıldayırdı: "Bir dəfə anam iki banan almışdı, doqquz yerə bölüb yedik".

vaxtsa, meyvəni kilo ilə aldığım zamanlarda "Banan qabığındakı kədər" adlı bir kitab oxumuşdum. Xəyalım o kitabın yanına getsə , orda çox ləngimədi.

- Doqquz yerə niyə bölürdünüz ki?

- Yeddi uşaq idik.

- , belə de...

- Elə o banan yeməyimizdən bir neçə gün sonra anam öldü.

- Allah rəhmət eləsin.

- Sonra atam təzədən evləndi.

- İndi harda qalırsan?

- Atamla qalıram artıq.

- Artıq niyə?

O susdu, ilk dəfə gözündə hüzn gördüm. Kədərinin mənə sirayət edəcəyindən qorxdu elə bil. Yenidən təbəssüm etdi. Danışmağa söz axtaranda ağlıma bu sual gəldi:

- Tutaq ki, butulka tapmısan. İçindən cin çıxıb. arzulayarsan ondan?

- Necə yəni cin?

- Butulkadan cin çıxmır? Elə ...

- , qızıl balıq kimi?

- Ay sağ ol. Elə.

- İstəyərəm ki, anam, bacılarım geri qayıtsın. Sonra bir ev olsun bir yerdə yaşayaq. Bir ... Bir ...

Tərəddüd utancaqlıqla əlavə etdi:

- Müğənni olmaq istəyirdim. 42 nömrəli musiqi məktəbinə gedirdim. Kazım müəllimin sinfinə. Bir dəfə AzTV-yə çıxmışdıq.

- Sonra necə oldu?

Öz həyatının qısa məzmununa oxşayan acıqlı bir baxışla uzaqlara baxdı. Hara toxunurdumsa, ağrıyırdı qadın. Di gəl ki, barışmışdı bütün bunlarla. Bəlkə , buna görə həvəslə danışmağa davam elədi:

- Evi bilirsən niyə istəyirəm? Çünki atam üçüncü dəfə evlənib. Bacılarım ərdədir. Qardaşlarım Rusiyada. Ona görə istəyirəm ki, anamla bacılarım geri qayıtsa, qalmağa yerimiz olsun. Mən müğənni olmasam da olar.

- Bəs atan səni niyə evdə saxlamır?

- Dünən getmişdim, dedi gəl bizimlə qal. Evə qeydiyyata da saldıracaq. "Pasport stol"a getmişdim. Orda yaxşı bir insanla tanış oldum. Mən otağa girəndə musiqiyə qulaq asırdı. Hansı sənədlər lazım olduğunu kağıza yazıb verdi. Budur, üstümdədir.

Əlini cibinə atıb bir parça kağız göstərdi. Kağızda üç şahid sözünə gözüm ilişdi.

- Şahid nədir?

- Qonşulardan üçü gəlib deməlidir ki, mən həqiqətən o evdə yaşamışam.

- Başa düşdüm.

- Danışmışam. Gələcəklər.

- Çox gözəl.

Saata baxdım, metronun bağlanmasına az qalmışdı. "Duraq", - dedim, "yaxşı" - dedi. Tez ayağa qalxıb gödəkcəsini məndən qabaq geyindi. Kafenin qarşısında sağollaşdıq. Lakin o, metro tərəfə getmirdi. Soruşdum. "Mer-meyvə almalıyam", - dedi. "Bir yerdə gedək onda, mənim yolum o tərəfədir". Birgə addımlamağa başladıq. Birgə dükana girdik. O, əli ilə sayıb doqquz banan aldı. Mağazanın qarşısında Aişə ilə köhnə tanışlar kimi sağollaşdıq.

 

Qan Turalı

 

Ədəbiyyat qəzeti.- 2019.- 2 fevral.- S.25.