İrəli qayıdış və ya yolun davamı

 

Bir poetik silsilə haqqında ədəbi düşüncələr

 

O şeirləri oxudum, ruhumda poeziyanın quzey qarına təzə iz salan addım səslərini eşitdim; duyğularımı çəkib aparan o sirli-sehrli səslərin aşkarlığına heyrətlənə-heyrətlənə gedirdim;  və gedib köhnə poetik söz dünyasının təzə ahənglər, yeni yozumlar məmləkətinin qonağı oldum...

Açığını deyim ki, Xanım İsmayılqızının indiyə kimi bircə şeirini də oxumamışdım və "Ədəbiyyat qəzeti"ndəki poeziya səhifəsini oxuyub, müəllifinin poetik sözüylə tanış olmamağıma xeyli təəssüfləndim.

Ən əvvəl bədəndə sıxılan, darıxan Allah əmanətinin - ruhun üzünə açılan pəncərələrin, taybatay qapıların təbəssümünü gördüm.  Poeziya tariximizdə "Sındır qəfəsi tazə gülüstan tələb eylə!", "Dünya duracaq yer deyil, ey can, səfər eylə!" və ya "Bir mən vardır məndə məndən içəri" çağırışları çox olub.  "Cırıldayan döşəmə, sızıldayan pəncərə" misrası ilə başlayan adsız şeirdə "adı olmayan fəsil" "Yatan hissi oyadıb oyatmağa tələsir";  bədən evi tərk edilmir, köhnə yurd yerində yeni işıqlar sayrışır və oxucu qəfləti bir şövqün, nagahan bir işığın zühuru, təcəllası ilə ədəbiyyatın qələbəsinə şahid olur:

 

Xoş gəlibdi, Allahım, evimin yaraşığı,

Durum pərdəni örtüm, görməsinlər işığı...

 

Belə bir inam var ki, Adəm iylənmiş palçıqdan biorobot kimi yaradılıb və Allah nəfəsi olan ruh ona əmanət verilib;  bədən nəfsani, şeytani bir şövqlə iylənmiş palçıq, bataqlıq girdablarına, ruh tanrısal bir eşqlə Allah ucalıqlarına çəkir insanı; poeziya bütövlükdə sənət bədənlə ruhun döyüş poliqonunda Allaha, ilahi harmoniyaya daha çox yaxınlaşmaq, ruhun əzəliyyət və əbədiyyət zirvəsinə ucalmaq cəhdidir; insan sənətin qüdrətiylə xilas olmağa, əzəli və əbədi azadlığa can atır.   

Şair "Nə isə tapacağam, yəqin ki..." ümidi ilə ağaca, quşa, daşa, adama üz tutur, insanlığın əzablı yollarında nigaran, narahat bir ümidlə çıraq yandırır, mifik duyumlar, tragik təlqinlər çöllərində nə isə axtarır, şeirin sonunda sevdalı bir səmimiyyətə sığınır:

 

O, adam da ola bilər...

Ruhunu göylərdən endirəcəyim,

Hisslərimi hisslərinə göndərəcəyim,

Gözlərində dincələcəyim,

Bir ömürlük yuvam edə biləcəyim.

isə tapacağam, yəqin ki...

O, Allahım da ola bilər...

Ola bilər Allahım da, O...

... isə tapacağam, yəqin ki...

Yəqin ki, tapacağam...

isə...

 

Duyğuların reallıq yollarıyla gerçəküstü sürreallığın qeyri-adi vəhdəti, harmoniyası, analitik-psixoloji dərinlik oxucunu çəkib aparır, poetik nəfəs genişliyi, ruhi təsvir, təqdim təlqinlər axını heyrət doğurur.  Şeir, sanki başladığı nöqtədə bitir, dairə qapanır; şeirin qapalı orbitinə daxil olmaq da, oradan çıxıb "asudə nəfəs almaq" da əzab verir bu, az qala təhtəlşüur əzab bədənin insanlıq çöküntülərini tərpədir, oyadır, ruhun gözlərini güldürür...

"Bir badə al əlinə, içinə şərab da süz" - deyir, "Bir qələm al əlinə, içinə nəfəs süz" - pıçıldayır, "Bir kəndir al əlinə, içinə həyat da süz" tragik inadıyla dirənir poetik mən göynəyə-göynəyə bəyan edir:  "Bilirəm bilirsən ki, sən yıxılan yerlərin//  Tutanda olmayacaq".

Duyğu, fəhm çöllərinin uzaq ilğımlarında İsus Xristosu Ponti Pilata satan apostolun günah peşmançılığını da, Məhəmmədə daş atanların şeytani qəhqəhələrini , ruhla bədənin tragik döyüş yollarında bezən, yorulan insanın göynəmli əzablarını da, OL sözünün sahibi Allahın göz yaşlarını da (Vaqif Səmədoğlunun bir misrası düşür yadıma:  "Allah kömək vaxtıdır" - S.E.)  görmək olar. O saysız panoram ilğım-görüntülərdən qalxan qəhər sönən söz ocağında körüklənə-körüklənə öz poetik varlığını bəyan edir;   sanki şeir göz önündə çılpaq bir ehtirasla yaranır, qəfləti yaradılışa şahid olursan... ( mən bu sözləri yaza-yaza o möcüzəli poetik-intuitiv, sürreal, təhtəlşüur yaşantıların ruhi mənzərəsini, struktural anatomiyasını tam aça bilmək üçün vaxtın qıtlığına da təəssüf edirəm. - S.E.)

Şeirin sonunda monumental panoram mənzərə fraqmental detallarla əsas poetik hədəflərə yönəldilir, necə deyərlər, şair oxucuya əlini uzadır:

 

Lap çoxdan bilirsən ki,

            baharların payızından qışına

Çatanda olmayacaq.

Masanın dörddəbirində

                        - badə, içində şərab,

Masanın üçdəbirində

                        - vərəq, üstdə qələm,

Masanın ikidə birində

                        - külqabı, ağzında siqaret,

Masanın birdə birində

                        - kəndirin saçaqlı ucu,

Masanın tən ortasında

               - şahə qalxan bir alovun kölgəsi.

...Vüsalın mənzərəsi...

...Kətanda olmayacaq...

 

Etiraf edim ki, bu balaca şeirin böyüklüyünə uzun-uzadı boylandım, baxdıqca baxdım, gördükcə görmədim görmədikcə gördüm; onu postmodernist mənzərə kimi , İ.P.Sartr, A.Kamyu baxış bucağından ekzistensialist təlqinlər axını kimi təhlilə çəkmək olar; yaxud A.Bretanın "Sürrealizm inqilabı" adlı məqalə-manifestindən bu cümlələrin işıqlı qaranlığında psixo-analitik yollar yormaq da olar:  "Sürrealizm təbii psixi əlaqə vasitəsidir.  Onun köməyi ilə şifahi, yaxud yazılı, həmçinin başqa yolla düşüncənin, şüurun əsl hərəkətini ifadə etmək olar.   Bu, təfəkkürün buxovlarından azad olan fikrin diktəsidir".

Lakin bütün hallarda, mən biləni, analitik təfəkkür intuitiv-fəhmi təlqinlərlə ayaqlaşa bilmir;  "Masanın tən ortasında - şahə qalxan bir alovun kölgəsi" üç nöqtələrlə hasarlanmış iki möhtəşəm misranın (...Vüsalın mənzərəsi...//  ...Kətanda olmayacaq...) haqq qapısı öz sirrini vermir, nağıllarda deyildiyi kimi, qırxıncı qapı bağlı qalır;  əslində, yazağzı qara torpaqdan baş qaldıran, pardaqlanıb açan qızılgülün cənnətməkan ətrini, cazibəli rayihəsini tam duyub dərk etmək mümkün olmadığı kimi, zirvə şeirlərin son sahillərinə gedib çatmaq da müşkül məsələdir; əsl sənət təfəkkürün yox, hisslərin, intuitiv yaşantıların, dərketmənin yox, duyğuların, fəhmlərin cəng meydanıdır...

Xanım İsmayılqızının haqqında danışdığım "Bir badə al əlinə, içinə şərab da süz" misrası ilə başlayan adsız şeiri poeziyamızın bütöv mənzərəsində görünən, səsi-sözü eşidilən, böyük duyğulara yol yoldaşlığı edən gedərgəlməz yollarında tragik ovqata baş əyməyən, diz çökməyən, bir sözlə, təslim olmayan, əksinə, qəmə qalib gələn sənət hadisəsidir.  düzü budur ki, mən bu yazını həmin şeirin xatirinə yazdım...

Bir məqamı xüsusi vurğulamaq istərdim.  X.İsmayılqızının bir sıra şeirlərində klassik poetik ovqatla çağdaş şeir nəfəsinin vəhdəti, qol-boyun qarışıb qovuşması, yaradıcı sintezi maraqlı sənət mənzərəsi yaradır.  Onun hətta qəzəllərində ("Ədəbiyyat qəzeti"ndəki silsiləsinə daxil edilən iki qəzəli nəzərdə tuturam - S.E.) novator bir axtarış, eksperimental ab-hava hökmfərmadır.  Həmin qəzəllərdə, yaxud "Yanında bir nəfəs yana" misrası ilə başlayan, gəraylı üstündə köklənən şeirdə klassik poeziyanın min dəfələrlə ayaqlanan köhnə yollarında təzə bir gedişə şahid olursan, yeni yanaşma tərzinin pıçıltılarını eşidirsən, nimdaş paltarda yeni estetik ovqatın, çağdaş dizaynın nəfəsini duyursan:

 

Çətin deyil şehə dönmək,

                        göylərdən yerə enmək,

Sonra bir qəhərə minib,

                        gözə köçən yaş olmaq.

Çətin deyil ayaq altdan

                        kölgəni yığışdırmaq,

Torpağın içində bitib,

                        torpaq üstə daş olmaq...

Çətin deyil səssizliyin hər gün səsini almaq,

Səhəri açılmayanla hər axşam sirdaş olmaq...

Çətin deyil həm yaşaya,

                        həm ölə bilməmək,

Yolunu kəsən adama

                        ömürlük yoldaş olmaq.

 

Yaxud:

Hər kəlməyə sahiblənib,

                        yiyəsinə çevrilməyi,

Susa-susa danışmağı

                        dilə öyrətdim, öyrəndim.

Küləyin əlindən tutdum,

                        yağışın dilindən tutdum,

Gecəmin belindən tutdum,

                        çölə öyrətdim, öyrəndim.

Həyatımda qəmimi ,

                        ürəyimdə bəmimi ,

Mizrabımla simimi

                        zilə öyrətdim, öyrəndim.

Adamlara yaşamağı belə öyrətdim, öyrəndim,

Yenidən yada düşməyi

                        külə öyrətdim, öyrəndim.

 

Qəzəlin köhnə qəliblərində təzə poetik obrazlılıq, oxucunu düşündürən çağdaş şeir mənzərəsi göz qabağındadır.  Əruz qəliblərinə sığışdırılan sözlərdə daxili bir rahatlıq, asudəlik duyursan, bədii niyyətin addım-addım irəliləyən, məqsədə-murada çatan hərəkətliliyinə, poetik ruhun oyaqlığına, diriliyinə sevinirsən.   Bu məqamda istedadlı şair, yazıçı, dramaturq, publisist İlqar Fəhminin klassik poeziya janrlarına, xüsusilə, qəzələ novator yanaşma tərzini, bu istiqamətdəki uğurlarını qeyd etməyi, yada salmağı özümə borc bilirəm.

Xanım İsmayılqızının "...Vüsalın mənzərəsi... Kətanda olmayacaq..." şeir silsiləsini birnəfəsə oxudum, sonra bəzi şeirləri dönə-dönə oxudum poetik işığın bolluğuna, sözün sevdalı qövsi-qüzehinə, sirrinə-sehrinə heyrətləndim.  özü, sənətilə tanış olmadığım, hətta heç vaxt üz-üzə gəlib kəlmə kəsmədiyim istedadlı bir şairin uğurları haqqında qısaca söz demək ədəbi ictimaiyyətin diqqətini bu şeirlərə yönəltmək istədim.  Sevindim ki, müasir ədəbi prosesdə, çağdaş ədəbiyyatımızda tanıdığımız tanımadığımız istedadlar çoxdur, ilhamı haqdan gələn, söz eşqi alın yazısı, tale qisməti olan sənətkarlarımız hələ ki var. Şükürlər olsun.

Bəzən rast gəldiyimiz ümidsizliyə, inamsızlığa, sözün dalana dirənməsi, ədəbiyyat epoxasının bitməsiylə, İnternet erasının sənəti sıxışdırmasıyla... bağlı bəyanatlar, təlaşlar yersizdir;  insanı yüz ildir ki, postinsana hazırlayan postmodernizmin məğlubiyyəti göz qabağındadır, özü, öz dahiləri tərəfindən etiraf olunur; əsl ədəbiyyatın ruhun sahibinə qayıdışla tanrısal ilkinlik vəhdətinə aparan əbədi axtarış tapıntı yolları davam edir.

 

Sadıq ELCANLI

 

Ədəbiyyat qəzeti.- 2019.- 9 fevral.- S. 26-27.