İsmayılın nömrə dəftəri

 

Bakı mənim gördüyüm üçüncü şəhər olub. İlk dəfə Gəncədə olmuşam, sonra isə Tiflisə getmişəm. Ona görə Gəncəyə uşaqlığımın, Tiflisə yeniyetməliyimin, Bakıya isə gəncliyimin şəhəri deyə bilərəm.

Adətən, Gəncəyə getmək üçün kəndimizdən səkkiz kilometr aralıda olan Qovlar stansiyasına gələr, Qazax-Gəncə elektrik qatarına minərdik. Orta məktəb illərimizin yay tətillərində tay-tuşlarımızla kənddən apardığımız mer-meyvəni, kartof-soğanı satıb özümüzə məktəb paltarı alardıq. Bir vaxtlar dəbdə olan balağı enli şalvarları bizə Gəncə dərziləri tikərdi.

İlk dəfə Qovlara gələndə adı dillər əzbəri olan   Dəli Xanımı da orda görmüşdüm. Valideynlər uşaqlarını məzəmmət eləyəndə: "Dəli Xanım kimi nə ağzına gələni danışırsan?" - deyərdilər.

Dəli Xanım nazik bədənli, ucaboylu, həm də yaraşıqlı bir qadın idi. Mən onu görəndə təxminən 30-35 yaşlarında olardı. Televizorda gördüyü hansısa məşhur qadına imitasiya eləyərək həmişə dodağına qanqırmızı pomada çəkərdi. Bərk söyüşcül idi. Adətən, erkək söyüşləri söyərdi. Kişilər məzə üçün Dəli Xanıma pul verib bir-birini söydürərdi. Xanım pulu alıb sifariş olunan istənilən kişinin üstünə gedib onu söyərdi. Söyüşsüz, ədəbli sovet dövründə qadının bir kişini söyüşlərə qərq etməsi məzəli şok  yaradırdı. Heç kim də Dəli Xanımın bu hərəkətindən inciməzdi. Onu yalnız qanmaz vağzal uşaqları incidərdi. Balaca uşaqlar Dəli Xanıma daş atar, uzaqdan onun tərəfə tüpürərdilər. O da tənbəllik eləmədən uşaqların arxasınca söyə-söyə ora-bura qaçardı. Dəli Xanımın söyüş söyməyi, bir növ, pis öyrədilmiş balaca uşağın mənasını bilmədiyi söyüş sözlərini dilinə gətirməsinə bənzəyirdi.

İllər keçdi, mən əsgərliyə getdim. İkiillik əsgərlikdən sonra Dəli Xanımı Qovlarda bir neçə dəfə gördüm. Xeyli qocalmışdı, əvvəlki şuxluğu da itmişdi. Elə bil, yaşlandıqca bir balaca müdrikləşərək dəli olduğunu dərk eləmişdi. Düz qamətinin bir balaca əyildiyi də hiss olunurdu. Sonralar, nədənsə, Dəli Xanım gözə dəymədi...

Dəli Xanımdan sonra Qovlarda İsmayıl adlı gursaçlı, ortaboylu cavan bir oğlan peyda oldu. İsmayılın obrazı belə idi: ayağında köhnə ayaqqabıların dabanını kəsib düzəltdiyi çəkələk, əlində qalın dəftər, bir də qələm! Gəlib keçən maşınların arxasınca qaçar, nömrələrini əlindəki dəftərə yazardı. Bir maşının nömrəsini yazıb bitirməmiş başqa bir maşın gəlib keçəndə İsmayıl lap təntiyər, əlindəkini tez yazar, uzaqlaşanın arxasınca qaçardı. Belə məqamlarda vəziyyəti daha da dinamikləşdirmək üçün "İsmayıl, qoyma, biri də belə getdi!" -  deyib, onu ələ salan qanmaz, mərhəmətsiz adamlar da tapılardı. Hərdən düz yolun ortasında dayanar, dörd tərəfdən gələn maşınların arxasına boylanıb məsuliyyətli görkəm alaraq əlindəki dəftəri yazar, gülməli mənzərə yaradardı. Tay-tuşları onu fitə basıb gülərdilər. Tanıyanlar deyirdi ki, İsmayılın evdə bir qalaq içi nömrələrlə yazılmış dəftəri var. Dəftərlərini itirməmək üçün ən mötəbər bildiyi yerə, yatdığı döşəyin altına döşəyir.

Bir dəfə dostlarla Qovlarda çayxanaların birində oturub söhbətləşirdik. Birdən kimsə "İsmayıl, qoyma getdi!", - deyə əlini stansiyadan keçən yük qatarının səsi gələn tərəfə uzatdı. İsmayıl çəkələyini sürüyə-sürüyə durduğu yerdən dəmiryoluna tərəf qaçdı. Ürəyimdə kişini qınadım ki, ay zalım, bu yazıq, onsuz da özünə cəza verir, qatarı nə üçün yadına salırsan? Bu fikirlərlə durub gənclik marağımla İsmayılın arxasınca qaçdım ki, görüm vaqonların nömrəsini necə yazacaq. Gördüm, yük qatarı şaqqaşaraq  keçdikcə İsmayıl tələsə-tələsə başını qaldırıb vaqonların nömrəsinə baxır və başını endirib dəftərinə yazır. Onsuz da sürətlə ötüb-keçən vaqonların nömrəsini dəqiqliklə yazıb çatdırmaq mümkün deyildi. Bilirdim ki, İsmayıl öz dəftərinə mümkün qədər görə bildiyi rəqəmləri alayarımçıq da olsa vicdanla köçürdür.

Geri qayıdanda qonşu stolda oturan kişi  İsmayıla marağımı hiss eləyib mənə dedi: Oğul, bilirsənmi, o bədbəxt maşın nömrələrini niyə yazır? Dedim, yox, əmi, bilmirəm.

Sən demə, İsmayılın dəftərlərə nömrə yazmağının səbəbi varmış. Ancaq mən elə bilmişdim bu dəlinin ağlı, sadəcə, maşın nömrələrinə həvəs göstərən uşağın ağlı səviyyəsində qalıb və sonra inkişaf eləməyib.

Kişi dedi, oğul, mən İsmayılı uşaqlığından tanıyıram, onlar bizim yaxınlığımızda yaşayırlar. İsmayıl bir vaxtlar çox ağıllı, mərifətli oğlan idi. O, bir neçə il bundan əvvəl  Qazax-Bakı şosesinin kənarındakı əkin sahələrinin yanında qoyun otarırmış. Həmin tərəflərdə yolu keçən məktəblilərdən birini, 2-ci sinifdə oxuyan qonşusunun qızını maşın vurur və dayanmadan sürətlə qaçıb gedir. Uzaqdan qaça-qaça hadisə yerinə gələn İsmayıl görür ki, maşının sürətlə vurub yerə sərdiyi uşağın başı zərblə asfalta dəyib və beyni yola dağılıb. İsmayıl uşağın cəsədini qucağına alıb qaça-qaça onların evlərinə gətirir. Ağlaşma, vay-şivən qopur. Hamı İsmayılın üstünə düşür ki, bəs niyə maşının nömrəsini yazıb götürmədin! Beynində uğultular qopan İsmayıl onu didişdirən qadınlara-kişilərə heç nə deyə bilmir. Görənlər söyləyir ki, İsmayıl qurumuş ağac kimi, uzun müddət həyətin ortasında durduğu yerdən tərpənə bilmirmiş. Sən demə, o, uşağın meyiti qucağında qaça-qaça gələrkən, elə yolda havalanıbmış...      

 

Dəli aşiq

 

Adətən, uzaq şəhərlərdən kəndimizə qayıdanda Qovlar stansiyasında düşür, sonra bir maşına oturub ata yurduna gedirəm. Bizim kəndə getmək üçün üzü dağ kəndlərinə aparan asfalt yolla bir xeyli getdikdən sonra sola burulmalısan...

Doxsanıncı illərin əvvəlləri olardı, Rusiyadan vətənə qayıtmışdım. Kəndə getmək üçün Qovlarda taksi bələdləmək istəyirdim ki, çoxdan üzünü görmədiyim, uşaqlıq dostlarımdan olan Elşad qəfildən "Jiquli"sini yanıma sürüb maşından düşdü. Görüşüb qucaqlaşdıq. Bazardan yüngülvarı alış-veriş elədikdən sonra maşına oturub üzü kəndə yola düşdük. Qonşu İbrahimhacılı kəndinin ortalarında Elşad maşını yavaşıdaraq yolun kənarı ilə üzüyuxarı gedən, üz-gözünü saqqal basmış bir gənc oğlana: "Ayə, gəl otur maşına, hara istəyirsən aparım!" - dedi. Ancaq piyada yol gedən o adam heç biz tərəfə belə, baxmadı, başını aşağı salıb kirimişcə yoluna davam elədi. Mən Elşaddan: "Kimdi, Elşad, bu? Bizim kənddəndi?" - soruşdum. Elşad: "Dayan, bunun əhvalatını sonra danışacam", - deyib maşını piyadanın yanı ilə yavaş-yavaş sürərək onu dilə tutmağa başladı: "Qaqam, gəl otur maşına, vicdan haqqı, hara desən, ora aparacam. Bizdən qorxub eləmə, arxada otur təkcə, aparıb düşürək səni. Hava isinir, yolun da uzaqdı, bilirəm. Gəl otur, narahat olma".

Maşını cavan oğlanın yerişinə uyğunlaşdırıb yanı sıra yavaş-yavaş sürsə də, o, nə bizim tərəfə baxır, nə də Elşada cavab verirdi.

Əvvəlcə adi yol söhbəti kimi baxdığım bu olay marağımı çəkdiyindən dönüb həmin oğlanın saqqallı üzünə diqqətlə baxdım. Hardasa iyirmi, iyirmi iki yaşlarında olan həmin cavan oğlanın sifətində dərin sakitlik və məsum küskünlük vardı.

Bir xeyli beləcə getdikdən sonra Elşad başını bulayaraq: "Yaxşı, qaqam, özün bil, mən sənə yaxşılıq eləmək istədim!", - deyib sürəti artırdı.

Bu olaya marağımı duyan dostum kəndimiz tərəfə burulanda dedi, gedək, səni evinizə düşürüm, ananla görüş, axşamüstü arxanca gələcəm, Bəhrəmtəpəyə qalxıb yüz-yüz vurarıq, bu oğlanın əhvalatını da orda danışaram...

 

***

 

Axşamüstü bir neçə dostla sərin çinarın altında oturmuşduq. Çoxdandı bir-birimizi görmədiyimizə görə söhbəti hərə bir yana dartırdı. Axırda səbrim tükəndi, dedim, Elşad, o cavanın əhvalatı nədi, bir danışsana! Elşad: "Qardaş, bəlkə heç lazım deyil, danışsam, qanın qaralacaq" - söylədi. Dedim, heç nə olmaz, qanımız qaralanda nə olasıdı ki?!

 

***

 

Deməli, Qovlar qəsəbəsinə yaxın, Dönük Qırıqlı kəndindən olan Vahid yeniyetməlik çağında özündən bir sinif aşağıda oxuyan Çiçək adlı qıza vurulur. Onlar bir-birini dəli kimi sevir, daima məktublaşırlar. Orta məktəbi bitirdikdən sonra oğlan əsgərliyə gedir. Qızın valideynləri xəbər tutmasın deyə, Vahid ona yazdığı məktublarını Çiçəyin yaxın rəfiqəsinin ünvanına göndərir. Sevgi dolu əsgər məktubları alan Çiçək cavabında onu ölənə qədər sevəcəyini, səbirsizliklə əsgərin yolunu gözlədiyini yazır.

Əsgərliyinin son aylarında qızdan seyrək məktub alan Vahid narahat olmağa başlayır. Çiçək vəziyyətin heç də yaxşı olmadığını, valideynlərinin onu imkanlı bir qohumun oğluna vermək istədiklərini Vahidə yazır. Beləcə, sonuncu aylar da dolanıb keçərək iki il tamam olur.

Vahid hərbi xidmətini başa vurub kəndə qayıdır. Nə qədər vurnuxsa da, ciddi nəzarət altında saxlanılan Çiçəklə görüşə bilmir. Kasıb ailədən olması sevən oğlanın yolunu hər tərəfdən kəsir. Qız tərəfin adamları ona təhdid dolu ismarışlar göndərir, qızı uzaq dağ kəndində yaşayan varlı qohumlarının oğluna adaxladıqlarını söyləyirlər.

Atasının, qardaşlarının və adaxlısının ciddi nəzarəti altına alınmış Çiçək evdə günü-gündən solsa da, onun könül istəyinə məhəl qoyan olmur. Sevdiyi qızın üzünü görüb söhbət eləyə bilməyən Vahid getdikcə aqressivləşir, dost-tanış məclisində bu sevgidən söz düşərkən ona mane olan adamları öldürməklə hədələyir, qızı şəxsən görüb fikrini öyrənməyincə toyun qarşısını istənilən yolla alacağını söyləyir.

Çiçəyin valideynləri isə Vahidin qohumlarına onu sakitləşdirməyi tövsiyə edir, həm də problemdən canlarını qurtarmaq üçün qızı tezcə ərə vermək qərarına gəlirlər.

Getdikcə əsəbləri tarıma çəkilən Vahidi atası və dayısı heç cür sakitləşdirə bilmir, onu sevgisindən döndərməyə gücləri çatmır.

Beləcə, bir neçə gərgin ay ötdükdən sonra toy günü gəlib çatır. Dəliqanlının əlindən bir xəta çıxmasın deyə, qızın toyu günü, atası və dayısı birləşərək onu tutub kəndirlə qapıdakı tut ağacına bağlayırlar. Sevdiyi qızın toy gecəsi qolubağlı bağırıb dartınan, səsi çox çıxmasın deyə, ağzı dəsmalla bağlanan, hərdən də atası tərəfindən kötəklənən Vahid səhərə yaxın huşunu itirir. Sabah ağacdan açarkən baxırlar ki, onun dünən alışıb yanan alovlu gözləri çuxura düşüb, sifəti meyit rəngini alıb. Dəliqanlının emosiyasız, süst halını görən qohum-əqrəba anlayır ki, gecə boyu çəkdiyi ruhi işgəncəyə dözə bilməyən oğlan havalanıb.

Beləcə, sevgi qurbanına çevrilən Vahid bir neçə ay adamları tanıya bilmir, baş verənlərdən xəbərsiz olduğunu büruzə verir. Tədricən özünə gəldikdən sonra sevdiyi qızı soruşur. Həddən artıq sakit və anlaqsız hala düşmüş oğlunu anası başa salır ki, Çiçək uzaq dağ kəndinə ərə gedib.

Bu xəbəri yadında saxlayan Vahid sabah tezdən, hardasa, iyirmi kilometr aralıda yerləşən həmin dağ kəndinə ayaq döyür. Kənddə soraqlaşaraq Çiçəkgilin evini tapır. Darvazanı döyüb həyətə girir. Vahidin artıq sakitləşdiyini, havalı olduğunu çoxdan eşidən Çiçək və həyat yoldaşı onu güclə tanıyırlar. Sevgi qurbanı evə daxil olmaqdan imtina edir. Bu işdə özünü suçlu sayan Çiçəyin həyat yoldaşı onun  xətrinə dəyməyi ağlına belə gətirmir. Həyətdəki iri daşın üstündə oturan Vahid göz yaşlarını saxlaya bilməyən Çiçəkdən su istəyir. Çiçək qaça-qaça gedib ona su və yemək gətirir. Vahid suyu içib bir müddət həyətdə oturduqdan sonra heç nə demədən, kirimişcə çıxıb öz evlərinə qayıdır.

Həmin gündən sonra bütün insanlıqdan küsən, heç kimlə danışmayan Vahid hər gün piyada Çiçəyi görməyə gedər, onun verdiyi yeməyi yeyər və geri evlərinə qayıdarmış. Bu uzun yolu piyada gedib geri qayıdan Vahidin saqqalı uzanır, ayaqqabıları deşilir, paltarı sökülür. Lakin insanlardan üz döndərən bu dəli aşiq Çiçəkdən başqa heç kimlə kəlmə kəsmir. Üzünü qırxmaq, paltarını tikmək, maşına mindirmək, yemək vermək istəyənlərdən qaçır...

 

***

 

Bu əhvalatdan illər keçmişdi. Mən Rusiyanın Xabarovsk şəhərində idim. Bir gün dostum Elşad da həmin şəhərə gəlib çıxdı. Məclis söhbətlərinin birində qəfil Vahid yadıma düşdü. Soruşdum ki, o dəli aşiqin axırı necə oldu? "Necə olacaq?" - Elşad dilləndi. "Son vaxtlar saç-saqqalı tamam ağarmışdı, beli əyilib qoca kişiyə dönmüşdü. Keçən il qış yaman sərt oldu, elə yollarda da öldü Vahid. Dəlikdaşın aşağısında, qar altından çıxan cırıq ayaqqabılarının ucunu görüblər, donmuş meyitini götürüb aparıblar...".

 

Murad Köhnəqala

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 fevral.- S.22.