Yunus Oğuzun romançılığı: tarixdən belletristikaya

 

“Şeyx Səfi” romanının müzakirəsi üzərinə

 

Ədəbiyyat İnstitutunda kitab müzakirəsi sıradan bir hadisə olub bizim iş qrafikimizə daxildir; məsələn, bizim Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində hər həftənin çərşənbə axşamları bədii kitab müzakirəsidir. Ayda dörd dəfə də olmasa, üç dəfə yığışa bilirik. Eləcə əlimizi atıb, rəfdən bu gün saysız-hesabsız təzə kitablardan birini götürür, elliklə oxuyub sərf-nəzər edirik. O sıradan olsun Yunus Oğuzun təzəcə çapdan çıxmış "Səfəvi şeyxi" romanı (Bakı, "OL", 2019) Amma, yox.

Yunus Oğuzun Ədəbiyyat İnstitutunda yeri, hörməti, şan-şöhrəti  bir başqadır. İki il öncə "Atabəy Eldəniz" romanının bizdə ilk dəfə təqdimatı zamanı akademik İsa Həbibbəyli məxsusi xatırlatdı ki, Ədəbiyyat İnstitutunda başlıca olaraq elmi kitabların müzakirəsini keçiririk; sadəcə Yunus Oğuz bir istisnadır, həm də ona görə ki, tarixi romanlar yazır, tarixin bədii tədqiqi ilə məşğuldur, bu isə bizə bir köynək yaxındır. Keçən il yenə bu vədə Yunus Oğuzun "Ovçu" əsərinin müzakirəsini keçirdik; roman operativ qaydada elə bir mövzuya həsr olunmuşdu ki, müzakirə etməyə bilməzdik. 2016-cı ilin aprel döyüşləri nəinki cəmiyyətimizdə, eləcə də ədəbiyyatımızda, əslində, bir dönüş nöqtəsi, yeni zamanların, baxış tərzinin dəyişməsinin başlanğıcı hesab olunmalıdır. Romanda(n) aniolsa, ali baş komandanın da obrazı keçir; o qətiyyətlə Qarabağın azad olunması barədə döyüş əmri verirordusu ətrafında vəcdə gələn xalq ayağa qalxır və bir neçə günün içində Azərbaycan xalqının, millətinin, dövlətinin kim olduğunu dünyaya əyan və bəyan edir...

Yunus Oğuzun növbəti romanı "Səfəvi şeyxi" də aktual mövzudadır və akademik Nizami Cəfərov "Xüsusilə son zamanlar mövcud tarixi məlumatların akademik Ramiz Mehdiyev tərəfindən təqdim olunmuş fəlsəfi ümumiləşdirmələri (Səfəvilər dövrünün tarix fəlsəfəsi)" fonunda romanı daha da aktual bilir. Belə bir aktual məqamdan təbii ki, Ədəbiyyat İnstitutu da yan keçmək fikrində deyildir; məxsusən o halda ki, üç il ərzində bizdə artıq, mən də daxil olmaqla, necə deyərlər, bir "Oğuzşünaslar" dəstəsi irəli gəlmiş və "ildə bir roman" tempi ilə özümüzü yazıçıya çatdırmağa çalışırıq.

Yunus Oğuz az qala konveyer usulu ilə işləyir; "ildə bir roman" Avropa standartları ilə, əslində, yazıçı-belletrist üçün normal ölçüdür. Nəzərə alanda ki, Yunus Oğuzun ədəbi SV-sində həm də "tarixçi-alim" sözü yer alır və o, əsasən tarixi janrda qələm işlədir; romanlarında milli türk tarixinin ən müxtəlif əyyamlarına baş vurmaqla, oxucunu da təkrar-təkrar tarixin bumeranqına hədəf seçir, qəziyyə məlum: "Attila", "Nadir şah", "Təhmasib şah", "Əmir Teymur - zirvəyə doğru", "Əmir Teymur - dünyanın hakimi", "Sultan Alp Arslan", "Atabəy Eldəniz"...

Milli tarix bugün tarixşünasların, ədəbiyyat tarixçilərinin, tarixi romançıların, o sıradan belletristlərin müştərək meydanı; və hər sahə həqiqətini yalnız müzakirələr gedişində(n) qoparır. Nizami Cəfərov haqlıdır ki, bu sırada Yunus Oğuzun da "yazıçı təxəyyülü hardasa tarixşünaslıqla (tarixin özü ilə demirik!) müəyyən "polemika" aparır.  Lakin bizə elə gəlir ki, Səfəvilər hakimiyyətinin təşəkkülü tarixinin ümumi mənzərəsini (və mahiyyətini) doğru-düzgün dərk etmək baxımından elə bir mübahisə doğurmur..." (Yunus Oğuz. Səfəvi şeyxi. Bakı, "OL", 2019, s.286) Deyərdim ki, Yunus Oğuzun əvvəlki romanlarında tarix, tarixin materialları, xronika daha çoxdur, o qədər ki, "ağırlığı" ilə hətta oxucunu basır, hardasa ünsiyyət çətinliyi yaradırdı; "Səfəvi Şeyxi" daha belletristdir, müəllif oxucunu "tarix"lə yükləmək istəmir, çevik qələmi ilə tarixin rəqəmləri üzərində gəzişib daha çox müasir "təfsiri"nə diqqət edir; onu çağdaşımıza yaxın (tanış) yerlərdən tanıtmaq istəyir. Yunus Oğuzun romanlarını "tarix haqqında hekayətlər" qismində də qavramaq olar...

Doğrudur, tarixin idrakı baxımından bizdə son illərdə də sıra romanlar yazılmışdır. Sona Vəliyevanın "İşığa gedən yol", Elçinin "Baş", Sabir Rüstəmxanlının "Difai fədailəri", "Şair və şər" və s. bizə yaxın XIX və XX əsrin tarixini, həm də müəyyən bir konseptual zəmin - milli, maarifçi, ekzistensial, dekadans ideyaları üzərində həzm etməyə yönəlmiş. Tarixi roman janrının tələbləri budur; müasir bir ideya açarını "tarixin qıfılı"na elə salasan ki, ora düşsünonu danışdıra bilsin. Ümumən, bilirik ki, bizdə tarixi romanın ən güclü mövsümü 1970-1980-ci illərdən başlanır. Bu, o zamandır ki, bir yandan ulu öndər Heydər Əliyevin sayəsində tariximiz, klassik irsimiz ümummilli səviyyədə öyrənilir, təbliğ olunur, digər tərəfdən də yazıçılarımız tarixin müxtəlif dövrlərini müasir ideyalar işığında romanlaşdırırlar. Milli epos (millilik) ideyası əsasında Anarın "Dədə Qorqud" kino-dastanı, fəlsəfi ideyalar üzərində İsa Hüseynovun "Məhşər"i, dekadans ruhunda Elçinin "Mahmud və Məryəm"i, tarixin dərki planında Fərman Kərimzadənin, etnoqrafizm zəminində Əzizə Cəfərzadənin romanları və s. Bunu da ona görə yada salıram ki, bir yazımda da qeyd etmişəm, istər o zaman, istərsə də müstəqillik illərində tarixi romanlarımız, cüzi istisnalarla, həmin ideyalardan uzağa gedə bilməmiş, sayca nə qədər çox əsərlər yazılsa da, məlum tarixi kanon və kontekstləri yalnız yeni mündəricə ilə zənginləşdirə bilmişlər. Atabəylər haqqında, Cavanşir haqqında, Şah Abbas haqqında romanlar, Şah Təhmasib, Nadir şah haqqında neçə-neçə romanlar yazılmışır.

"Səfəvi şeyxi"ndə də həmin tarixi roman kontekstinin müsbət təsirini danmaq olmaz (məsələn, "Məhşər"də hürufizm və "Səfəvi şeyxi"ində sufizm xətti; Saray xatunun obrazı "Xudafərin körpüsü"ndə və "Səfəvi şeyxi"ndə, "Dədə Qorqud"da Beyrək-Banuçiçək və "Səfəvi şeyxi"ndə Şeyx Cüneyd-Xədicə - xəttinin bənzərliyi). Əslində, romanda tarixi kaloriti yaradan ilk növbədə həmən bu kitab yaddaşının oyanması, sanki adı (romanlardan) bəlli Tarixi bir daha vərəqləməyimizdir. Nə ziyanı var ki; məxsusən romanın Şah İsmayılın babası Şeyx Cüneydin hekayəti üzərində qurulmasını götürək; adətən üzərindən epizodik keçilən Cüneyd ilk dəfədir ki, roman qəhrəmanı olmuş.

Kimdir Səfəvi şeyxi? 1449-cu il, Ərdəbil, Qarasu çayının sahilində Səfəvilərin "qılınc tarixi"ni yazmağa başlayan Şeyx Cüneyd, ya Səfəviyyə ideologiyasının banisi, 1276-cı il Gilana gedən yolda "qələm tarixi"nə imza atmış Şeyx Səfi? Mətn bu iki "tarix"lər arasında gəzişməklə ortaçağ Azərbaycanının bir xeyli həqiqətlərinə ekskurslar edir. Hər halda Nizami Cəfərov da haqlıdır ki: Yunus Oğuz romanı "Səfəvi şeyxləri" deyil, "Səfəvi şeyxi" adlandırmaqda daha haqlıdır. Tarix də göstərir ki, Azərbaycanda hər hansı ideologiyalar tarixi məhz qılınclar toqquşub görən zaman kamala çatır. Romanda da belədir: sünniyyə, səfəviyyə, ya aliməqam şiəlik olsun, son söz "qılınc"ındır...

Mətnin ayırdığı roman vaxtının qəhrəmanı, şəksiz ki, Şeyx Cüneyddir - həyatı, hekayəti, qazavatı ilə. Amma haman aralığa diqqət etsək, burda tarixin başqa qəhrəmanları da var: çox vaxt ədəbiyyat tarixindən tanıdığımız Qaraqoyunlu Cahanşah Həqiqi, daha çox tarixi romanlardan bildiyimiz Ağqoyunlu Uzun Həsən və anası Saray Xatun, Qaramanlı İbrahim bəy və s. Romanı oxuduqca belə bir düşüncə də hasil olur ki, adı çəkilən tarixi şəxsiyyətlərin hər birisinin bir qürur hekayəti ola biləcəyi üzərinə dayansan, aqibətdə yenə Azərbaycan tarixi hasil olasıdır. Üstəlik türkün tarixinə zəfər tağını taxmış Sultan Mehmet, teymurilərin son renessansı Şahruh xan və hətta Şeyx Cüneydin ölümünə imza atmış Şirvanşah Xəlilullah öz hekayətinin və "tarixi"nin qəhrəmanı olaraq mətndən parlaq keçir. Mütləq qeyd olunmalıdır: müasir belletrist qələmin uğurudur ki, avazı yaxşı gəlsə də, heç birisinə xətər toxunmadan dövlətçilik tariximizin "uçurumları" üzərində(n) məharətlə gəzişə bilir; bir-birinə qənim kəsilmiş tarixi hünər sahiblərinin heç birisini "qınamır" - türklük, İslammüasirlik naminə. "Ovçu" romanından danışanda da demişdim, bu mənada Yunus Oğuzun romanları daha da çox geniş gənclik auditoriyaları üçün gərəklidir və gərəkli olmaqda davam edir...

Yunus Oğuz romanlarının texnologiyası da rahat, asanca qurulmuş. Roman təfəkkürünü mətndə: bir az əsas qəhrəman və müəllifin ona yüklədiyi psixoloji yük, bir az və mütləq şəkildə ideoloji konstrukt ("Səfəvi şeyxi"ndə bu əsasən sufizm və şiəlik söhbətləridir) və birtarixin buya digər rəqəmləri daşıyır. Neyləmək qalır?; qalır ki, oxucu düşüncəsi asanca bu nöqtələr üzərində gəzişsin...

Daha bir məqam. Adətən Yunus Oğuzun kitabları akademiklər - İsa Həbibbəylinin, ya Nizami Cəfərovun Ön sözləri ilə açılır. Və bu, romanları oxumağı daha da asanlaşdırır. Bu dəfə Nizami Cəfərovun "Müzəffər məğlubiyyət və ya Səfəvi şeyxinin romanı" yazısını kitabın sonunda, romanı oxuyandan sonra oxuyuruq və yenə də razı qalırıq. Yunus Oğuz romanda bizə nə mətləblər söyləmişsə, akademik də eynən düm-dürüst çözmüş. İnanıram ki, düz mətləblərdən söz açan romanın refleksiyası da düzgün fikirlərə açılacaq.   

 

Tehran Əlişanoğlu,

AMEA-nın müxbir üzvü

 

Ədəbiyyat qəzeti.- 2019.- 6 iyul.- S. 16.