Hər bir fotoqraf şəkil çəkməzdən əvvəl özünə sual verməlidir ki, çəkdiyi şəkil ona, ondan da tamaşaçıya hansı hissləri ötürür

 

"Dördüncü divar" layihəsinin qonağı fotoreportyor Orxan Əzimdir

 

- Orxan, sənin haqqında "yaxşı fotoqrafdır" deyirlər...

- Mən nəyi görürəmsə, onları çəkirəm. Özümü art-fotoqraf hesab etmirəm. Ola bilər art nələrsə də olsun, amma onları üzə çıxarmıram. Mənim işim sırf fotoreportyorluqdur. Hal-hazırda da bu sahədə işimi davam etdirirəm. Çalışıram harda nəyi necə varsa, birbaşa, manipulyasiya etdirmədən tamaşaçıya çatdırım. Sənət elədir ki, həmişə öyrənirsən. Amma indi fərqindəyəm ki, lazım olan qədər artıq öyrənmişəm. Bundan sonra da öyrənəcəm. Ancaq bura qədər bildiklərim indi işimi aparmağa köməklik edir. Haqqımda kimsə xoş sözlər demək istəyəndə ona icazə vermirəm ki, yanımda danışsın. Kənarda danışa bilər.

- Tərif xoşuna gəlmir?

- Bura qədər tənqiddən formalaşmışam, bundan sonra da çalışıram ki, tənqiddən yararlanım. Xoş sözlərlə özümü arxayınlaşdırmaq istəmirəm. Zatən bura qədər də cəmiyyət üçün pis iş görmədiyimin fərqindəyəm və yaxud da fərdlərə pis heç nə ötürməmişəm. Əgər pis heç nə etməmişəmsə, deməli, yaxşı nələrsə etmişəm. Ona görə də kiminsə yaxşı olanı tərifləməsinə ehtiyac da yoxdur. Yaxşı dediyimdə, əslində, nisbi məsələdir. Ola bilər mən nəyisə yaxşı hesab edirəm, başqası yox. Sadəcə olaraq, əlimdən gəldikcə nəyəsə dəstək olmağa çalışmışam. Öz vicdanımla baş-başa qalanda bilirəm ki, təmiz adamam. Cəmiyyət üçün yanlış heç nə etməmişəm. Bunun üçün də rahatam, ətrafdakı insanlarla asanlıqla ünsiyyətə girə bilirəm, yaxınlığımda olan insanları da lazımi qədər çox istəyirəm.

- Fotoqrafiya dedikdə bizə həvəskar sənət növü ağla gəlir. Amma fotoqrafiyanın bizdə müəyyən mənada məktəbi olub...

- Sovet dövründə olub. Amma elə həmin məktəb sovet dövrü ilə birgə dağıldı. Sonra Qarabağ müharibəsi başlandı. Bəzi insanlar sırf Qarabağdakı hadisələrə görə müharibə fotoqrafı, fotoreportyoru kimi fəaliyyət göstərdilər. Düzdür, bu prosesə xaricdən də fotoqraflar cəlb olunmuşdu, bəziləri öz istəkləri ilə gəlmişdilər. Amma müharibənin təfərrüatlarını xarici mediaya daha çox bizim fotoqraflar çatdırırdılar. Bunlardan Xalid Əsgərov, İlqar Cəfərov ilk yadıma düşənlərdi.

- Bu fotoqrafların ardıcılları olmadı.

- Olmadı. Niyəsini də indi izah etməyə çalışacam. Onların dönəmindən sonra müharibə bitdi və heç bir məktəb olmadı ki, fotoqrafiya sənətini bizə aşılasın. Bu yaxınlarda Müdafiə Nazirliyi jurnalistlər üçün foto təlimləri keçdi, amma bu təlimlər arzuolunan effekti vermir. Sırf müharibə fotoqrafiyası üçün dünyanın bir çox ölkələrində böyük məktəblər var. Bu cür məktəblərdə dərs kursları həddindən artıq bahadır. O ki qaldı ümumi fotoqrafiya məktəbinə, bunun üçün xüsusi baza yoxdur. Fərd olaraq kimlərsə nəsə öyrənib, amma biz bunu birləşdirib ortaq məktəb yarada bilmirik. Bu isə bizim özümüzdən asılı məsələdir. Bəlkə də tələbat yoxdur deyə, biz də heç nə etmirik. Ya da indi adamlar ən çox fotonun pul qazanmaq, kommersiya tərəflərinə üstünlük verir, can atırlar. Buna misal kimi toy, reklam fotoqrafiyasının adını çəkə bilərik. Bir ara bu sahələrə pul məqsədi ilə ciddi tələbat olduğundan adamlar da o istiqamətə yönəldilər. Bu cür fəaliyyət növlərindən isə peşəkarlıq tələb edən yoxdur. Tələbkarlıq, sorğu-sual olmadıqda qeyri-peşəkarlıq da artacaq. Mənə dəfələrlə məhz bu sahədə dərs demək təklif olunsa da imtina etmişəm. Çünki istədiyim bu deyil. Ölkədə fotoreportyorların sayı barmaqla sayılacaq qədər azdır. Həm də fotoreportyorun işləməsi və inkişaf etməsi üçün müəyyən mənada hadisə olması da vacibdir. Hansısa hadisə baş versə, toy fotoqrafı onu çəkib işıqlandırmayacaq, amma fotoreportyor gedib o hadisənin içərisində olacaq, çəkəcək. Bəzən bir hadisə yerinə bir neçə fotoreportyor birdən gedirdik. Digərləri elə düşünürdülər ki, eyni hadisə yerindən çəkiriksə, deməli, eyni fotoları da çəkəcəyik. Mən onlara izah edirdim ki, bu belə deyil. Hadisələr eyni olsa da, bizim onlara baxış bucağımız fərqli olacaq. Elə də olurdu. Hərə öz beynindəki vizual görüntüyə və hissetməyə uyğun şəkillər çəkirdi. Bir ağac və ya onun budağı hamıda eyni hissləri oyada bilməz. İnsanlar müxtəlif olduğu kimi, onların hissetməsi, münasibəti də fərqli olur. Mən hiss etmədiyim şeyləri heç vaxt çəkmirəm. Gün ərzində hamımız nə qədər hadisələrin, əhvalatların içərisindən keçib gedirik. Əgər mən yüz kilometrdənbir düyməni basıramsa, deməli, həmin anı hiss etmişəm. Bəlkə də mənim ardımca gələn beş anı hiss edib. Bu artıq hər kəsin dünyagörüşündən, mütaliəsindən, vizual baxışından asılıdır.

- Nəyi çəkmək çətindir?

- Elə şeylər olub ki, çəkə bilməmişəm. İndi də yadıma düşəndə heyifsilənirəm. Mənim "Köç" layihəm vardı. Onun üçün çobanlarla yaylaqdan qışlağa on günlük səfər etməliydim. Xızıdan Şahyaylağa gedən çobanlardan xahiş etdim ki, məni də özləri ilə aparsınlar. Onlar mənə dedilər ki, sən gedə bilməzsən, şəhər uşağısan. Həqiqətən də şərtlər xeyli ağır idi. Yağışın, istinin altında, vəhşi heyvanların hücumu qorxusuyla piyada on gün yol getməliydik. Mən isə tərəkəmələrin həyat tərzini çəkməyi çox arzulayırdım. Xeyli xahiş edəndən sonra onlar məni özləri ilə aparmağa razılaşdılar. Elə oldu ki, yeddinci gündə möhkəm yağış yağmağa, ildırım çaxmağa başladı. Biz səfərimizə ara verməli olduq. Mənim babamla dayımı ildırım vurduğu üçün ildırımdan bərk qorxurdum. Həmin ərəfədə mən fotoaparatı çantamdan çıxarıb ildırım çaxan anları çəkmədim. Qorxdum. Düşündüm birdən fotoaparatın şüası ildırımı cəlb edər və ildırım məni vurar. Təsəvvür edin ki, çobanlar da çəkməyim üçün xeyli israr etdilər, amma çəkmədim. Bu günə qədər də həmin anları çəkmədiyim üçün heyifsilənirəm. Gərək çəkərdim. Bir də müharibələri çəkmək istəmişəm. Düzdür, müharibəni həmişə lənətləmişəm. Onun gətirdiyi duyğuları yaşamamışam, amma bilirəm ki, yaxşı hiss deyil. Ancaq müharibələr Yer kürəsində olursa, onları bir də öz obyektivimdən görmək, işıqlandırmaq istəmişəm. On nəfər müharibəni işıqlandırırsa, on birinci adamın işıqlandırmasının heç bir zərəri yoxdur. Onların çəkə bilmədiyini mən, mənim çəkə bilmədiyimi onlar çəkərlər.

- Qarabağ müharibəsi sənə nə deyir?

- Bu yaxınlarda da mənə təxminən belə bir sual verdilər ki, Qarabağ müharibəsi dövrünə düşsəydin foto çəkərdin? Cavab verdim ki, bəli. Necə, hansı şəraitdə çəkəcəyimi bilmirəm. Amma çəkərdim. Çünki Qarabağ müharibəsindən bizim əlimizə çox az material gəlib çatıb. Mən razıyam ki, mənim fotoqrafiya yaradıcılığımda müharibə görüntüləri olmasın, amma müharibə də olmasın.

- Fotoqrafiyada bir baxış bucağının olması da çox vacibdir. Səncə, həddindən artıq zədəli yaddaşı olan insan pozitiv fotolar çəkə bilər?

- Mən bu suala özümdən başlamaq istərdim. Universitetin televiziya rejissorluğu fakültəsini bitirəndən sonra 2007-ci ildən 2011-ci ilə qədər AzTV-də işləmişəm. Sonra ordan öz istəyimlə çıxdım. Təxminən bir il işsız qalandan sonra ölkədən getməyə qərar verdiyim günün axşamı mənə zəng gəldi. Zahir Əzəmət məni işə dəvət etdi. Orxan Əzim kimi formalaşmağımda birbaşa Zahir Əzəmətin rolu var. Tək mənim yox, onun çox adamın üstündə haqqı var. Zahir mənə dedi ki, mənə həftədə üç reportaj verəcəksən. Mən də onun dediyi kimi gedirdim, şəhər fontanlarını, mağaza vitrinlərindəki manekenlərin şəkillərini çəkirdim. O reportajları indiyədək silməmişəm, saxlayıram. Hər dəfə baxanda gülürəm. Bir gün Zahir məni çağırıb dedi ki, abi, bura televiziya kanalı deyil, xəbər saytıdır. Bir-iki gündən sonra mən artıq lazım olan reportajları hazırlaya bilirdim. Sənin sualına cavab olaraq onu deyim ki, mən indi çəkdiklərimlə yaşadıqlarım bir növ iç-içədir. Təcrübəm artdıqca daşlar da yavaş-yavaş yerinə oturur. Mən indi gedib parklardan, fontanlardan fotolar çəkə bilmərəm. O vaxt etdiyim çəkilişlər də mənə televiziyadan gəlirdi. Sosial problemlərin içərisində olmadığım üçün, hər şeyi gözəl gördüyümüzdən elə çəkilişlər edirdim. Sonralar yataqxanalardan reportajlar edəndə, başqa ağrılı fotolar çəkəndə görürdüm ki, həmin mövzular mənə daha yaxındır. Uşaqlıqda, gəncliyində yaşadıqların, həyat təcrübən mütləq sənin xarakterinə və dolayısı ilə peşənə təsir göstərir.

- Hansı adamlar səni cəlb edir?

- Mən daha çox uşaqları və qocaları çəkirəm. Orta yaşlı adamları sırf öz istəyimlə çəkməmişəm. Uşaqlığımı babamla nənəmin yanında keçirmişəm, onlardan başqa heç kimi görməmişəm. Valideynlərimi belə, ayda bir dəfə görürdüm. Özüm balaca olduğum üçün ətrafımda da balaca uşaqlar çox olub. Kəndin əhalisinin doxsan faizi də yaşlı insanlar idi. Nənəm də həmişə hara gedirdisə, məni özü ilə aparardı. Onun əhatəsi də, təbii ki, yaşlılar olurdu. Ola bilsin, bu faktın təsiri də var.

- Foto çəkərkən düşünməyə vaxt olur?

- Baxır hadisəyə. Yanğın, zəlzələ və digər fəlakətlərdə fotoqraf nəyi necə çəkməyi düşünə bilməz. Fotoqraf özü hadisələrin axarına qoşularaq çəkir. Amma reportaja gedəndə hərəkət etdikcə nəyi hiss edirsənsə, onu da çəkirsən. Hər bir fotoqraf şəkil çəkməzdən əvvəl özünə sual verməlidir ki, çəkdiyi şəkil ona, ondan da tamaşaçıya hansı hissləri ötürür. Bunu nə üçün çəkirəm sualı hər zaman olmalıdır. Çünki bunu izləyici də fotoqrafdan soruşa bilər və onun bu hüququ var. Sən onun sualına cavab verə bilməyəcəksənsə, onda çəkmə.

- Fotoqraf olmayan insan belə, özünün selfisini çəkəndə yüzdəbiri yaxşı alınır. Digərləri telefonun, kameranın yaddaşından silinir. Sənin kameranın yaddaşından silinən şəklin miqdarı da az olmaz...

- Mən çox nadir hallarda şəkil silirəm. Bu vaxta qədər kimləri çəkmişəmsə bilirlər ki, arxivimdə var, lazım olan vaxtda çıxarıb onlara verə bilərəm. Ədəbiyyatçıların məndə 2012-ci ildən bu yana şəkilləri var. Onların arasında Zərdüşt Şəfinin də şəkilləri var. Cavidin toyunda çəkmişdim.

- Mövludun şəkilləri necə, var?

- Var. Mövludun yanğından olan şəkilləri məndə var. Onların binası yananda çəkdiyim şəkillərə Mövlud da düşüb. O şəkilləri heç kimə verməmişəm. Yayımlamamışam da. Bircə Zərdüştün bir şəklini bir dəfə paylaşmışdım. Mövludun şəkillərini isə, ümumiyyətlə, üzə çıxarmamışam. O yanğını, Mövludun ordakı həyəcanını bu günə qədər də unuda bilmirəm. Məni qucaqlayıb "abi, uşaq yanan binanın içindədir" deməsi dəhşətli idi. O səsi hələ də eşidirəm. Yəni mən arxivlə gündəm tutmağı sevmirəm. Lazım olan məqamda şəkil yaymağı xoşlamıram.

Bizdə, bizim ölkədə ciddi işə tələbat var. Mən bunu Çernobıl layihəmdə gördüm. Sadəcə, hansısa maraqlı işlə insanlara siqnal ötürməlisən. Nə qədər adam məni Çernobıl layihəmə görə tanıdı. Bir dəfə qızımla metroda gedəndə mənə bir xanım yaxınlaşdı. Çernobılda çəkilən şəkillərin müəllifi kimi tanış oldu. Sonra qızım mənə dedi: - Ata, o səni tanıdı, soruşdu ki, Çernobılı çəkən Orxan Əzim sənsən? Yəni hiss etdim ki, qızım da buna görə sevinir. Bütün bunları məşhur olmaq, tanınmaq üçün etmirəm. Sadəcə, hansısa ideya, arzu içimə süzülür və mən bunu yerinə yetirmək istəyirəm.

- Çernobıla getmək fikri, ideyası necə yarandı. Konkret bu düşüncəyə təkan verən nə oldu?

- Çernobıl haqqında mən çox eşitmişdim. Və o haqda qarşıma çıxan yazıları, araşdırmaları oxuya-oxuya içimdə belə bir hiss, sual yarandı ki, mən Çernobıla gedə bilərəmmi?

- Ağlına mümkünsüzlük fikri gəldi?

- Hələ ki heç bir mümkünsüzlük haqda düşünmürdüm. Çünki ora haqda tam məlumatım yox idi. Sonra ora təşkil olunan turlar haqda məlumat tapdım. Amma səsimi çıxarmırdım. Bir-iki nəfər yaxın adama fikrimi bildirəndə məni qorxutdular. Deyilənlərə əhəmiyyət vermədən daha çox araşdırmağa, filmlərə baxmağa başladım və Çernobıl məni daha çox özünə cəlb etdi. İlk gediş cəhdim alınmadı. Amma növbəti cəhd alındı. Və mən turla yox, fərdi səfərə çıxdım. Hər şeyi yerli-yerində ölçüb-biçmişdim. Bundan əvvəl Türkiyədə, İranda, Gürcüstanda və başqa ölkələrdə olmuşdum. Amma yeganə səfərim idi ki, hər şeyi ən xırda detalına qədər hesablamışdım.

- Radiasiya ilə bağlı psixoloji qorxu vardı?

- Kiyevə çatanda mənə bələdçilik edən adam dedi ki, əgər zərrə qədər də olsa xərçənglə və ya digər xəstəliklərlə bağlı qorxun, tərəddüdün varsa, mütləqdir ki, sən bu xəstəliklərə tutulacaqsan. Psixoloji qorxu səni için-için yeyəcək. Həmin adam həftənin altı günü Pripyatda olurdu. Səkkiz il idi ki, bələdçiliklə məşğul idi. O özünü mənə nümunə kimi misal da çəkdi. Mən onunla razılaşdım. Çünki içimdə adını tapa bilmədiyim bir hiss məni ora doğru çəkirdi. Mənə elə gəlirdi ki, mən ora getməsəm, bir də heç vaxt şəkil çəkə bilməyəcəm.

- İllərdir insanların tərk edib getdiyi, insan nəfəsindən, sivilizasiyasından məhrum olan kainatın bir hissəsini görmək arzusu ola bilərdi?

- Ola bilərdi. Amma ora qədər də mən xarabalıq mövzuları işləmişdim, elə indi də işləyirəm. Ümumiyyətlə, fanilik mövzuları məni həmişə cəlb edib. Misal üçün, qırxıncı ilin süd fabriki indi heç kimə maraqlı deyil, amma mən ordan çəkmişdim. Yəni mən Çernobıla getməsəydim, mənən daha çox zədələnə bilərdim. Bu isə çox ciddi zədə olacaqdı.

Çernobılda olanda orda foto çəkdirmək belə yadımdan çıxmışdı. Sonuncu gün bələbçi mənə dedi ki, gəl, bir yerdə dayan şəklini çəkim, həyatdır, sonra heç kim deməsin ki, sən orda olmamısan.

- Orda təbiətin səsini eşidə bilirdin?

- Orda heç bir səs yox idi. Tam səssizlik idi. Ağac, quş səsi belə yox idi. Bəlkə də mənim bəxtimdən idi ki, orda olanda yağış, qar yağdı, ardınca da günəş çıxdı. Yəni hər üç hava şəraitində çəkilişlər etdim. Təbiət hadisəsi də bizdəki kimi idi. Ancaq hava orda Kiyevə nisbətən tez qaralırdı. Bu ya havanın ekoloji cəhətdən təmiz olmadığından irəli gəlirdi, ya da şəhərdə heç bir işıqlandırma sistemi olmadığından idi. Çünki bizdə belədir ki, hava qaralan kimi ordan-burdan işıqlar yanır və şəhər də işıqlanmağa başlayır. Pripyatda isə işıqları yandıracaq insanlar yox idi.

- Yaşantının işığı yox idi...

- Elədir. O işıq yox idi. Axşam düşəndə səssiz və qaranlıq şəhər adamı qorxudur, vahiməyə salırdı. Mən fərdi turist olduğum üçün istədiyim yerə girə bilərdim. Amma təhlükəli yerlərə bələdçi mənimlə girmirdi. Yəni qaydalar da bunu tələb edirdi. Bir məktəb vardı. Mən əvvəldən siyahımda da oranı qeyd etmişdim ki, ora mütləq baş çəkim. Bələdçi mənə dedi ora girmə, təhlükəlidir. Girsən də ikinci mərtəbəyə qalxma, oralar dağınıqdır, uça bilər. Mən isə təkid etdim ki, məktəbə gedim. Onda bələdçi mənimlə getmədi, ancaq məktəbə gedən çığırı mənə göstərdi. Məktəbə yaxınlaşanda hava yavaş-yavaş toranlaşırdı. Məktəbin dəhlizinə girəndə, dəhlizin tavanından asılan lampa sallanıb qəribə səs çıxarırdı, bayırda da möhkəm yağış yağır, gölməçələrə damcılayan suyun səsi eşidilirdi. Eyni ilə Tarkovskinin filmlərindəki kadrlara bənzəyirdi, amma dəhşətli dərəcədə vahiməli mənzərəydi.

- Səni nə qorxudurdu?

- Mən gedəndə çox araşdırmalar aparmışdım. Yəqin ki, mutantların olması ehtimalı məni qorxuya salmışdı. Ümumiyyətlə, məndə görə bilmədiyim şeylər üçün qorxu var. Orda da adam boyunda ot basmış yerlər vardı. Mənə elə gəlirdi ki, otların arasında nəsə ola bilər, mənə zərər verər və s. Ən çox da çəkdiyim şəkillərə görə narahat olurdum ki, mənə nəsə olsa it-bata düşər. Çəkiliş etməyə başlayanda nəsə səs eşitdim, bəlkə də mənə elə gəlmişdi. Qorxub qaçdım. Bələdçinin yanına çatanda məndən çəkib çəkmədiyimi soruşdu. Yalandan dedim ki, çəkmişəm. Dedi göstər baxım. Onda heç nə çəkə bilmədiyimi etiraf etdim. Ondan sonra mənimlə getdi, ikinci mərtəbəyə də qalxıb xeyli şəkillər çəkdim.

Bələdçi əvvəl istəyirdi məni yola versin, amma görəndə ki, həvəslə işləyirəm, hər şeylə maraqlanıram, o da var gücü ilə mənə kömək etdi. Misal üçün, piano mağazasına məni apardı. Halbuki, ora mənə qədər heç kimi aparmamışdı.

- Ən çox hansı mənzərə səni təsirləndirmişdi?

- Doğum evini görəndə çox pis oldum. Ordakı beşiklər, hətta beşikdəki iki uşaq döşəyi də tozlanmış vəziyyətdə qalmışdı. Orda, hardasa, on beş dəqiqə dayanıb fikrə getmişdim, hətta kövrəlmişdim də. Çünki Çernobıla gedəndə oğlum təzə doğulmuşdu, bir ayı təzəcə tamam olmuşdu.

- Sovet dövrünə aid əşyalar, yəqin ki, nostalji hisslər oyatmışdı...

- Mən, ümumiyyətlə, nostalji hissi ilə yaşayan insanam. Sovet dövrünə yenidən qayıtmaq, o dövrün ab-havasını yenidən hiss etmək istəyən insan orda bunları yaşaya bilər. Xəstəxanada sistem və dərman şüşələrinin üzərinə onların istehsal və bitmə tarixi yazılmışdı. Bitmə tarixi 1986-cı ili göstərirdi. Mən isə ora XXI əsrdən gedib çıxmışdım. Düşünürəm ki, ora yenidən gedə bilərəm. Amma bu dəfə şəkil çəkməyə yox, izləməyə gedərdim. Fotoaparatla getmisənsə, gedə-gedə hər tərəfi tarix olan məkanı hiss edə bildiyin qədər çəkməlisən. Bu, peşə marağı və məsuliyyətidir.

- Burda bir az da qurbanvermə aktı hiss olunur...

- Mən içimdən gələn çəkilişləri etmək istəyirəm. Bu işin sonunda təhlükə olsa belə, özümü bu kimi məsələlərə psixoloji hazırlamışam.

- Fotoqraf Kevin Karterin çəkdiyi acından ölən uşaq və ondan sonrakı intiharını, yəqin ki, xatırlayırsan. Elə şəkil olubmu, çəkəndən sonra səni müəyyən mənada sarsıtsın?

- Olub. Binəqədi rayonundakı binada yanğın olan zaman çəkdiyim şəkillərə bircə dəfə baxmışam. Ondan sonra onlara baxa bilməmişəm. O hadisə mənə çox ciddi təsir etdi. Həmin günün axşamı çox pis idim. Təltifetmə zamanı da nazirliyə girəndə ilk olaraq binada qalan uşağın xilas olub-olmamasını xəbər almışdım. Uşaq mövzusu mənim ən həssas tərəfimdi. Bir də əqli cəhətdən məhdudiyyəti olan uşaq evində olanda onların şəklini çəkə bilməmişdim, ağlamışdım. Sonra mən ora ayrı-ayrı illərdə getdim. Psixoloji cəhətdən özümü tam hazır etdiyim üçün onda rahat çəkmişdim.

- Ümumiyyətlə, psixoloji hazırlıq çox vacibdir?

- Mütləqdir. Səfər zamanı iş prosesinin sürətli, yaxşı alınmasının səksən faizi psixoloji hazırlıqdan asılıdır. Təhlükəli səfərlərə özümü həmişə hazırlayıram. Amma insan faktoru olan məqamlarda həssaslaşıram, daha çox hissi davranıram.

 

Söhbətləşdi: Samirə ƏŞRƏF

 

Ədəbiyyat qəzeti.- 2019.- 20 iyul.- S.14-15.