"Son nəfəsədək Azərbaycan"

 

Vüqar Əhmədin eyniadlı romanı haqqında

 

Bu yaxınlarda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məruzə hazırlamaq üçün kitabxanama baş vurdum. Əlimə keçən ilk kitab yaxın dostlarımdan biri Vüqar Əhmədin müəllifi olduğu "Son nəfəsədək Azərbaycan" romanı oldu. Bu əsəri təkrar oxumaq qərarına gəldim. Roman Mirzə Bala Məmmədzadənin ürək parçalayan aşağıdakı misraları ilə bitirdi:

 

"İstiqlal aşiqləri, üçrəng bayraq vurğunları,

Azadlıq fədailəri, əhli-irfan ağlayır.

Səma, günəş, yer-göy, torpaq,

                             bütün cahan ağlayır,

Dayanmadan axıb gedən

                             dövrü-zaman ağlayır".

 

Bu misralar təkcə bir nəfərin yaxın adamını itirməsi ilə bağlı qopan fəryad deyildi, parçalanmış bir xalqın, istiqlalı zor gücünə əlindən alınmış bir millətin fəryadnaməsi idi. Şair dostunun timsalında Vətənini ağlayırdı. Vətən deyəndə onu düşünür və ürəkdolusu ağlayırdı. Kim idi o? Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi mütəfəkkir ziyalıları sırasında müstəsna məqam tutan, fenomen şəxsiyyət olaraq qərarlaşan Məhəmməd Əmin Rəsulzadə.

Məhəmməd Əmin Rəsulzadə haqqında mövcud bilgilərə, tarixi mənbələrə, arxiv sənədlərinə, ədəbi-publisistik materiallara maraq müasir dövrümüzdə getdikcə daha da artmaqdadır. Bu da həyatın tələbi, mövcud zamanın gerçəkliyidir. Filologiya elmləri doktoru, professor, nəğməkar şair kimi tanınan Vüqar Əhmədin bu görkəmli şəxsiyyət haqqında ərsəyə gətirdiyi roman düşünürəm ki, təsadüfi deyil. O, hələ on beş il bundan əvvəl görkəmli inqilabçı, böyük ictimai-siyasi xadim, hərtərəfli şəxsiyyət Seyid Cəfər Pişəvərinin həyat və yaradıcılıq yolu haqqında doktorluq dissertasiyası müdafiə etmişdir. Bundan başqa, bir şair olaraq Vüqar Əhməd nəğmələrdə tərənnüm etdiyi Azərbaycan eşqini, türkçülük və xəlqilik düşüncələrini, əlbət ki, monumental bir romanda daha geniş, daha vüsətli bir tərzdə ifadə etməyə imkan tapır, daha geniş səhnələr yaratmağa müvəffəq olur. İllərlə yaşatdığı bir arzu 2013-cü il 22 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən verilmiş Sərəncamdan sonra gerçəkləşdi. 2014-cü ildə "Son nəfəsədək Azərbaycan" romanı nəşr edildi. Romana ön söz yazan yazıçı-dramaturq Mövsüm Əhmədin fikirlərinə həmrəy olmaqla bahəm, əsərlə bağlı təəssüratımı, bəzi düşüncələrimi bölüşməyi bir oxucu, həm də həmkar kimi özümə mənəvi borc bilirəm.

İlk növbədə onu deyək ki, Şərqdə ilk Demokratik Cümhuriyyətin banilərindən olan Məhəmməd Əmin Rəsulzadə haqqında roman yaratmaq özü bir hünərdir. Burada irəlidə qeyd etdiyimiz kimi, müəllifin arxiv araşdırmaları, elmi-nəzəri hazırlığı, tarixi qaynaqlara, faktik sənədlərə dərindən bələdliyi, əlbət ki, türkçülük, azərbaycançılıq, islamçılıq ideyası ətrafında bir ziyalı olaraq mövqeyi də müəyyənləşməlidir. Elə sadaladığımız cəhətlər sözügedən əsərin uğuruna qol qoymuşdur. Romanın, bizcə, mütaliə üçün cəlbedici olmasından ötrü müəllif çox maraqlı bir vasitə tapmışdır. Əsər balaca Məhəmməd Əminin, 14 yaşlı yeniyetmənin atası Axund Hacı Ələkbərlə o zamanın "pristijli" olan minik vasitəsi qazalaxla Bakıya gəlişinin təsviri ilə başlayıb. Mollaxana dərsi almış oğlunun dünyəvi məktəbdə oxumaq arzusunu bəyənən ata özü dindar olsa belə, övladının istəyini yerinə yetirir, şəhərdə ona ev kirayələyir. Məhəmməd Əmin Sultan Məcid Qənizadənin dərs dediyi rus-müsəlman məktəbində təhsil almağa başlayır. Beləliklə, müəllif Məhəmməd Əmin Rəsulzadənin şüurlu ömür tarixçəsinə baş vurur. Onun sonrakı həyatı ziyalı şəxslərin əhatəsində, maarifçi-demokratların mühitində formalaşır, dünyagörüşü, ictimai fəaliyyəti yaşadığı dövrün ümumi ahəngi ilə çulğalaşır. Hacı Zeynalabdin Tağıyev, Üzeyir Hacıbəyov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Mirzəbala Məmmədzadə və zamanın digər nüfuzlu insanları, maarifpərvərləri, millət fədailəri ilə ülfət və ünsiyyəti gənc Məhəmməd Əminin gələcək taleyini həll edir. Təqdim olunan tarixi sənədlər yorulmaq bilmədən, nəfəs dərməyə belə qoymadan oxucunu öz ardınca aparır, əslində, bədii əsərdə xronoloji materialın bolluğu bədiiliyi bir qədər kənarda saxlaya bilsə də, yazıçı təhkiyəsi, obrazlı təsvir vasitələri bu problemi aradan qaldırır. Əsərin mövzu axarında təkcə ictimai-siyasi problemləri deyil, həm də bu hadisələrin arxasından boylanan ailə-məişət münasibətlərini, milli-mənəvi dəyərlərimizin qorunması uğrunda çarpışan insanların əməllərini, fədakarlığını, əzmini görürük.

Əsərdəki bütün epizodik əhvalatlar, surətlər, əsrin ünlü şəxsiyyətləri, dövlət rəhbərləri, liderlər haqqında verilən məlumatlar nəticə etibarilə bir ana xətt ətrafında cərəyan edir. Bütün bunlar nəhayətdə Rəsulzadə ömrünün salnaməsi fonunda bir kino lenti kimi gözlərimiz qarşısında canlanır. Yeri düşmüşkən qeyd edək ki, kitab bir bədii film üçün gözəl, sanballı ssenari materialıdır.

Maraqlı epizodlar içərisində Şaumyanla, Stalin (Koba), Hitler və digər tarixi şəxsiyyətlərlə bağlı təsvirlər çox incə və təsirli şəkildə təqdim olunur. Bu zaman Vüqar Əhmədin bir müəllif olaraq öz qəhrəmanlarına bəslədiyi simpatiya və tənqidi münasibət də özünü aşkar göstərir. Ümumiyyətlə, əsərdə haqqında söz açılan hər bir əhvalata seyrçi kimi deyil, bəlkə, o hadisələrin iştirakçısı kimi cani-dildən münasibət bəslənildiyinin də şahidi oluruq. Bu da müəllifin səmimiyyətindən, milli təəssübkeşliyindən, vətənpərvərliyindən keçən bir cəhətdir. Münasib hallarda, hadisələrin ruhuna uyğun şeir nümunələrindən istifadə olunmasının da əsərə lirik-psixoloji ovqat gətirdiyini söyləyə bilərik. Ən ağır epizodların təsvirində müəllifin yaratdığı bədii lövhələr, metaforalar da bu cəhətdən fikrimizi təsdiqləyir.

Bir cəhəti də diqqətə çatdırmağı vacib bilirik. İstənilən hər hansı bir mövzu nə qədər aktual, nə qədər maraqlı olur-olsun onun oxucuya dil-üslub baxımından anlaşıqlı şəkildə çatdırılması da vacib şərtlərdəndir. Vüqar Əhmədin nəsr dili, hadisələrin və ədəbi qəhrəmanların təsvirindəki təhkiyə, yaratdığı bədii səhnələr, tərənnüm etdiyi Vətən torpağı, Azərbaycan dilinin bütün leksik-semantik tələblərini özündə əks etdirir. Roman boyu Bakı-Abşeron koloritinin, onun şirin dil - ləhcə-şivə özəlliklərinin, Azərbaycan xalqının milli adət-ənənələrinin, etnoqrafik dəyərlərinin xüsusi bir tərzdə ehtişamla təqdim edildiyini görürük. Böyük Azərbaycan, qüdrətli türk elləri İslam dəyərləri ilə süslənmiş xalq təfəkkürü yazıçının yaratdığı bədii səhnələrdə yüksək sənətkarlıqla öz inikasını tapır. Müəllif yaratdığı ədəbi qəhrəmanların kimliyindən asılı olmayaraq, onlara milli vətənpərvərlik mövqeyindən, əxlaqi-mənəvi dəyərlərə malik olması yönündən yanaşır və dəyər verir. Bu məqamda əsərdə adları çəkilən o dövrün görkəmli ziyalıları, ictimai-siyasi xadimləri ilə yanaşı, sadə xalq içindən çıxmış qoçaq, cəsarətli, el qeyrəti çəkən insanların da müsbət obrazları göz önünə gətirilir. Belələri Azərbaycanın müxtəlif regionlarında, eləcə də Bakı və Bakı ətrafında erməni daşnakların, bolşevik düşmənlərin törətdikləri qırğınlarda, qətliamlarda öz cəsarətləri ilə, milli təəssübkeşlikləri ilə canlarından keçmişlər. Əsərdə belə epizodlara az rast gəlmirik: Bakının Quba meydanındakı döyüşlərdə, Çəmbərəkənddə, İçərişəhər həndəvərində, daha sonra M.Ə.Rəsulzadənin Bakıdan Tiflis qatarına yetişməsində əlindən gələni əsirgəməyən el içindən çıxmış sadə insanların cəsurluğu və rəşadətindən söz açarkən müəllifin keçirdiyi qürur və iftixar duyğularını dəyərləndirməmək mümkün deyil. Üçrəngli bayrağın düşmən əlinə keçməməsindən ötrü son nəfəsinə qədər döyüşən Qoçu Əli axırda gülləbaran edilmiş yaralı canı ilə Beşbarmaq dağının zirvəsinə dırmaşıb o bayrağı köksünə sancır. Lakin təslim olmur. Daha bir epizod erməni-bolşevik qaniçənlərinə qarşı amansız mübarizə aparan Qoçu Nəcəfqulu ilə bağlıdır. Onun rəşadəti, fiziki gücü qarşısında düşmən qüvvələr tab gətirə bilmir.

Daha bir maraqlı epizodu xatırlayıram. Məhəmməd Əmin məktəb dostu Azadgilin evinə qonaq gələrkən ilk görüşdən həmin həyət-bacanı öz Novxanıdakı evlərinə bənzədir. Müəllif Məhəmməd Əminin gözləri ilə bu evin zahiri görüntüsündən tutmuş otaqların döşənməsini, bəzək və yaxud məişət əşyalarının düzülüşünü və s. o qədər dəqiq, həssas duyğularla təqdim edir ki, insan bir an içində həmin illərin nostalji hisslərini yaşaya bilir. Axı bu tarix bizim uzaq keçmişimiz deyil. Lap son illərə qədər Abşeron bağlarında, yaxud Bakının keçmiş məhəllələrində gördüyümüz evlər, həyətlər, həyətlərdəki təndir ocaqlar, su quyuları, suaxan, otaqlardakı taxçalar, cumaxatanlar, ləmələr, bunların içindəki mis-misənə, zərli kasalar və digər karastıların təsviri (camaatın işlətdiyi məişət əşyaları) bir etnoqrafın qələmindən çıxmış kimi təsir bağışlayır. Bütün bu dediklərimiz romanın oxunaqlılığı üçün önəmli cəhətdir və əsas məqsəd, məram ön planda olmaqla əsərin baş qəhrəmanının xarakterinin açılmasından ötrü, onun mühiti, tərbiyə aldığı insanlar haqqında, dünyagörüşünün formalaşmasında mühüm rolu olan tarixi şəxsiyyətlər barəsində xeyli zəngin məlumatlarla qaynayıb-qarışır. Ayrı-ayrı epizodlar, bir-birindən fərqli əhvalatlar, ədəbi qəhrəmanlar son nəticədə ümumi bir süjet xəttində vahid ideya ətrafında ümumiləşdirilir.

Əsərin məziyyətlərindən danışarkən bir cəhəti xüsusilə diqqətə çatdırmaq istəyirəm ki, müəllif roman boyu qarşılaşdırdığı acı həqiqətlərdən, xalqımızın başına gələn faciələrdən danışarkən heç zaman bizi bədbinliyə yuvarlamayıb, böyük bir kədər içində nikbin ruha kökləyir: "Uca Yaradanın inayəti intəhasızdır", - deyə ona cani-dildən bağlanır, ümid və təsəllini yenə də onun dərgahında axtarır, oxucusunu da məhz bu inamla arxasınca apara bilir. Təsadüfi deyil ki, əsərin son "Nahaq dünyadan haqq dünyaya qapı" fəslində oxuyuruq: "Türk dünyasının günəşi batmışdı. On yeddi yaşından etibarən vətəninin milli istiqlalı, hürriyyəti, xalqının azadlığı uğrunda Uca Yaradanın ona bəxş etdiyi heyrətamiz şüuruna rəğmən azğın, zülmkar kafirlərlə mücadilə etmiş, mübarizə aparmış, xalqına azadlığın şərbətini içizdirmiş, millətinə vətənini sevməyi öyrətmiş, öz fövqəladə zəkası və siyasi bacarığı ilə bütün dünyanı heyrətə gətirmiş, torpağının yağı düşmənlərin tapdağından xilas olması üçün daim özünü təhlükəyə atmış, boynuna kəfən salmış, hər an şəhid olmağa hazır olmuş, xalqına, vətəninə, torpağına, türkçülüyə elədiyi xidmətləri min kitaba sığmayan, heç bir sözlə ifadə oluna bilməyən Məhəmməd Əmin Rəsulzadə Allah rəhmətinə qovuşmuşdu".

Nəticə olaraq Vüqar Əhmədin əsl vətəndaş-sənətkar məhəbbəti ilə qələmə aldığı bu əsəri böyük Nizaminin təbiri ilə belə dəyərləndirərdim:

 

"Böyüklük fikrinə düşərsən əgər,

Ələ qələm alıb, yaz böyüklərdən".

 

Lalə Əlizadə

 

Ədəbiyyat qəzeti.- 2019.- 8 mart.- S.13.