"Dostlar, badələri qaldırın içək!"

 

Min illərdir ki, Qafqazda tost demək Tanrıya xoş gələn iş, qutsal bir ayindir. Tost alqış-dua kimi fövqəlvarlıqlara, xeyir qüvvələrinə ünvanlanır. İnanca görə, məclisdə badələr qaldırılıb şərab içilməsə, həmin tost etibarsız sayılır.

Azərbaycanda "tost" yerinə daha çox "sağlıq" sözü işlədilir. (Bəlkə kilsə - slavyan dilində "zdravitsa" sözünün tərcüməsidir?). Sözün özündə artıq janrın məramı-məqsədi aydınca görünür. Sağlıqlar ölkəmizdə həm məclis, toy-düyün ritorikasının vacib bir janrıdır, həm də bir etiket formasıdır.

Tost (sağlıq) nüfuzlu, hörmətli şəxs, el ağsaqqalı tərəfindən söylənilir. Masabəyi dilin magik improvizə imkanlarından, metafora potensialından geniş istifadə edir. Masabəyinin (tamadanın) şifahi təhkiyə ustalığından asılı olaraq sağlıq mətninə fərqli janr elementləri - xatirə, lətifə, rəvayət, şeir və s. daxil edilir.

 

Yuxuya getməsin məclisdəkilər -

Mənim söhbətimdən yorulmaq olmaz.

Hələ yer üstündə, insan yanında

Deyib danışmaqdan doymamışam mən.

S.Vurğun. "Mən tələsmirəm"

 

Məhz məclis tost (sağlıq) mətnini ritual janra, məclisdəkiləri isə tamaşası-dinləyici auditoriyasına çevirir. Məclisin yüksək əhvalı birgə yemə-içmə ayini insanlar arasında sosial əlaqələri birləşdirir, yəni kollektiv-magik akt baş verir.

 

Gecənin dodaqları gülümsəyirdi,

Masabəyi sevinclə - İçin! - deyirdi.

 

M.Müşfiq. "Üç sağlıq".

 

XX əsr Azərbaycan poeziyasında "sağlıq" (tost) ayrıca janr kimi, öyrənilməmiş, ya da janrın funksional-semantik mahiyyəti müəyyən olunmamışdır. Təəssüf ki, kiçik qəzet yazısı bu mövzunun geniş tədqiqinə imkan vermir. "Sağlıq" ən çox S.Vurğunun poetik sistemində fəaldır: ya ayrıca janr kimi, ya da başqa mətnin tərkibində işlənir. Məsələn, yeni il ərəfəsində, 1940-cı ilin 28 dekabrında yazdığı "Təzə il" şeiri  "sağlıq"la başlayır. Səməd Vurğun yaradıcılığının ana ovqat xətti - bahar ümidi, bahar müjdəsi bu şeirin də ruhunu ifadə edir:

 

Vaxtdır qədəhləri qaldırın, dostlar!

İçək Təzə ilin şərəfinə biz!

Al geyib gələcək yeni bir bahar,

Var olsun ömrümüz, səadətimiz,

İçək təzə ilin şərəfinə biz!

 

Qanlı İkinci Dünya savaşının vurhavurunda yazılmış "Təzə il sovqatı" şeirində (28 dekabr 1944-cü il) cəbhədə, soyuq səngərdə olan dostunu xatırlayır. Şair ümid edir və inanır ki, onun bu poetik tostu onunla virtual əlaqə yaradır:

 

Bu təzə il məclisinə göz açır səhər,

Al günəşin ilk şəfəqi yayılır dağa.

Bu vaxt sənin sağlığına dinir qədəhlər,

Bütün məclis ehtiramla qalxır ayağa.

 

Mənsə şeir nəqş edirəm bu diləyimi:

Ötərgidir şərablardan qopan ehtiras...

Sənsə məni qardaş kimi öz bağrına bas!

Sənə sovqat göndərirəm öz ürəyimi!

 

Böyük şairin ilhamlı pafosu, güclü həyat eşqi və əfsanəvi insanpərvərliyi bu janrın üslub imkanlarını böyütmüş kimi oldu. Ünlü ədəbiyyatşünas M.M.Baxtın deyirdi: "Üslub hardadırsa, janr ordadır. Bir üslubun bir janrdan başqasına keçməsi yalnız ona xas olmayan janrın üslubi səslənişini dəyişdirmir, həmin janrı dağıdır və ya təzələyir". Klassik "saqinamə" janrı sanki XX  yüzilin emosional-ritorik  üslubuna uyğunlaşır.

Sağlıq janrının fəlsəfəsi və üslubu sovet şeirinin bütöv məkanını, yəni "energiya axınını" (O.Mandelştam) formalaşdırır. S.Vurğun "Mən tələsmirəm" adlı metafizik şeirini sağlıq ayininin ilk formulu ilə başlayır:

 

Dostlar, badələri qaldırın içək!

Gecə ulduzludur, hava da sərin.

Demirəm, məst olub dünyadan köçək,

Deyirəm mehriban düşüncələrin

İsti qucağında qızınaq bir az...

 

Artıq şairin bu "sağlığın" ovqatı əvvəlki "sağlıq"lara bənzəmirdi. Bu dünyanın faniliyi, ömrün gödəkliyi şeirin ruhuna bir kədər halallığı hopdurmuşdur.

M.Müşfiqin bu adda, bu janrda "Üç sağlıq" adlı şeiri var, səhv etmirəmsə, 1933-cü ildə yazılıb. Müşfiqin Dilbər xanımla evlənməsi də həmin ildə olub. F.Qurbansoy yazır: "Həmin gün çərşənbə axşamı idi. 20 iyun 1933-cü il Ata evinin geniş otağının ortasında masaları bir-birinə birləşdirib ziyafət məclisi yaratmışdılar. Başda, bəylə gəlinin sağ tərəfində Hüseyn Cavid həyat yoldaşı Mişkinaz xanımla, sol tərəfində Abdulla Şaiq həyat yoldaşı Şahzadə xanım və bacısı Xavər xanımla... bir sözlə, Yazıçılar İttifaqının üzdə olan bütün üzvləri Mikayıl Müşfiqin toyunda idi.

...Məclisi idarə edən Hüseyn Cavid bir-bir qonaqlara söz verir, sağlıqlar deyilirdi. Bülbül, Qurban Pirimov, Eloğlu müşayiətçi qavalçalan, kamançaçı məclisə rövnəq verirdi" (F.Qurbansoy. "Lacivərd göylərin ətəklərində").

Həmin şeirin bu xudmani məclis ilə nə dərəcədə əlaqəsi var - indi bunu demək  çətindir...

Adından göründüyü kimi, şeir kişi, qadın və cocuq şərəfinə söylənmiş üç "sağlıq"dan (tostdan) ibarətdir.

 

Qopdu alqış, gurultu: - Yaşasın ərlər!

Biri gülərək dedi: - İndi içərlər!

Yaşasın sağlam ata, qüvvətli bağban!

Yaşasın dünyadakı solmaz gülüstan!

 

O biri sağlıq "ruhumuzu çiçəkləndirən" gözəl qadın şərəfinə deyilir. Sonuncu "sağlıq" isə uşaq haqqındadır:

 

Biz ayız, günəşiz, ulduzlar cocuq,

Yaşa bu dünyada bəxtiyar, cocuq!

Doyun, ey qüvvətli, nəşəli qəlbi

Yaşa günəş kibi, kainat kibi!

 

Poetik tostlar bütün ritual-magik janrlar kimi performativdir, yəni söz həmişə əmələ bərabərdir.

Amma, nədənsə, hər iki "sağlığ"ın ("Mən tələsmirəm" və "Üç sağlıq") əks magik effekti olur. S.Vurğun təkrar-təkrar "tələsmirəm" desə də, ömrü 50 yaşda tamamlayır.

 

Müşfiqin üç "sağlığı" fələyin qarğışına tuş gəlir...

1934-cü ildə dünyaya gələn Müşfiqin Yalçın adlı oğlu - "qönçə qoxulu" körpəsi cəmi iki ay yaşayır. Fələyin bu ağır zərbəsindən şair uzun müddət özünə gələ bilmir.

Müşfiqin və Dilbər xanımın taleyi hamıya bəlli...

 

Rüstəm Kamal

 

Ədəbiyyat qəzeti.- 2019.- 2 mart.- S.11.