Gözlərin mənə deyir ki,

Sənsən o sirdən gələnim

 

Azərbaycan bayrağı

 

Bir baxın, səmaya necə yaraşır

Bayraqlar içində mənim bayrağım.

Qəlbim kainata köklənib hər vaxt,

Ulu tarixlərdən gəlir sorağım.

 

Ruhum türk ruhudur! - deyir bu bayraq,

Tarixin ən ulu memarı türkdü.

Hər vaxt ürəklərdə, bu yer üzündə

Ədalət, igidlik qalası tikdi.

 

Dövran mənim doğmam! - deyir bu bayraq,

Nurundan nur aldım, ona nur verdim.

Üstümə yol aldı naşı yağılar,

Qorxmam, hünərimlə qorunar yurdum!

 

Dinim islam dini! - deyir bu bayraq,

Nizama səsləyir o, yer üzünü,

Dərindən arasan, orda taparsan,

Hər işdə ən doğru yolun düzünü.

 

Gör necə möhtəşəm dayaqlarım var!

Xeyir-dua verir Ay ilə ulduz.

Ulduz səkkiz guşə - qeyb ilə yerin

Ahəngi rəmzidi, Ay - şərq, gülərüz.

 

Müqəddəs torpaqdı mənim torpağım,

Yer üzü bir varlıq, ürəyi burda.

Dil açıb danışır mənim bayrağım,

Sonsuz nurlu məna gizlənib orda.

 

Bir baxın, səmaya necə yaraşır

Bayraqlar içində mənim bayrağım.

Qəlbim kainata köklənib hər vaxt,

Ulu tarixlərdən gəlir sorağım.

 

Türklük

 

Türklük bir məfkurə, türklük bir ahəng,

Türklük qəlb işığı, haqdan rəngbərəng.

 

Gözələ türk deyib ulu babalar,

Türkün mənasında gözəl olmaq var.

 

Nizam, ahəng, gözəllikdir türk sözü,

Ululardan ulu, ilkdir türk özü.

 

Şumerdən, hunlardan üzü bu yana

Hər yanda izi var, getsək hayana.

 

Ən qədim sözlərdən türk ruhu axır,

Ən qədim izlərdən türk ruhu qalxır...

 

Türkdür yer üzünün ulu memarı,

Nuruyla dayanıb tarix divarı.

 

Eşqdən o yana

 

Eşqinlə eşqə çatdım, eşqi keçdim o yana...

Eşq bir göy üzüdü, yol aldım kəhkəşana...

 

İşıqlar vadisində həzin meh hardan əsir?

Elə bil sübh üzüdü, qəlbim hara tələsir?

 

Yaxında gülüstan var, qırxlar aləmi bura?

Nələrsə gah görünür, gah da qərq olur nura.

 

Uçur işıqlar hərdən, bir ayrı aləmlərə,

Ordan gələn işıqlar nizam verir nələrə?

 

Bütün bu aləmdən bal kimi eşq süzülür,

Bir damla kimə dəysə, yer üzündən üzülür.

 

Təkcə eşqdən danışma, axtar eşq yaradanı,

Zərrədən asimana sən o qüvvəni tanı...

 

Qəşəmoğlu, aləmin deyilsən sirr açanı,

Səntək sirr açanlar göydə ulduzlar sanı...

       

Adına yazılan qadın

 

Qadın anan kimi oxşasa səni,

Bir az öskürəndə, can desə sənə,

Ayağın büdrəsə, ürəyi əssə,

Uğurun üzünə fərəh gətirsə,

Səni öz arxası, dayağı bilsə,

İstəsə qüdrətli olasan hər vaxt,

Düşmənin önündə olasan sərvaxt,

vaxt dara düşsən yanında olsa,

Qəlbi, ürəyiylə ağrını alsa,

Ülvilikdən axsa sənə sevgisi,

Peşiman eyləsə hər vaxt iblisi,

Fəxr eləsə sənin təmiz adınla,

Sən onu heç vədə

Müqayisə eyləmə

Yer üzündəki ayrı-ayrı qadınla...

 

O qadın göy üzündən

Adına yazılan qadın...

Səni ürək dolu, qəlb dolu, ruh dolu

Sevən qadın...

O qadın tək qadın, tək... tək...

O qadından hər zaman

Üstünə nur töküləcək...

 

Nazını çək o qadının,

Qayğısına qal, qadasını al o qadının...

 

Arxayın ol o qadına,

Yer üzünün yaraşığıdı o qadın!

 

Sındı əlimdəki piyalə...

 

Bu da son...

sındı, səpələndi...

                        əlimdəki piyalə...

bir mələk qanadı sındırdı onu...

mənim qanadlarım vardı...

yanıma düşdü...

 

Sındı piyaləm...

hər parçasında əks olundu

qəlbimin telləri...

ömrüm dolaşdı

qəlbimin tellərində...

 

...Tanrım! Peyğəmbərlərin

gəldi, gəldi yer üzünə, qurtardı...

insanların günə düşüb?

Daha peyğəmbər ola bilmir onlardan...

şairlərin qurtaracaqmı, Tanrım?

Düşdü üzü üstə...mən şairin ...

qəlbində həsrət...

 

Bir mələk üzümə məhv etdi məni...

günah onda yoxdu, günah mənimdi...

niyə belə oldu əzəldən Tanrım?

Mənim sevdalarım mənə qənimdi...

 

Mən ayrı aləmdə, insanlar ayrı?

Mən dedimsə , duyan olmadı...

yozdular tamamən ayrı tərəfə

daha heç kimsəyə ümid qalmadı...

 

Bunu doğru deyib, deyən o aqil...

ümidlər bitəndə ömür bitir...

Allahım, gözəllər, hər haylar, küylər

                        ötən nəğməymiş...

mənə dərgahının işıqlarından

ayrı sevda yetir,

                        bir ümid yetir...

 

sındı... səpələndi

əlimdəki piyalə...

 

Mənim ilanım

 

Yuxuda ilan xeyrə yozulur,

ilan olan ev, ocaq tanınır.

Ömrümə ilan gələndən bəri

qəlbim eşq oduyla alışıb yanır.

 

Mənim ilanım - bir qızılgül,

sanki, göy üzünün bir ilahisi,

getsəm yer üzünün hansı yanına,

mənim qulağımda tək onun səsi.

 

Mənim ilanım mehriban, gözəl,

məlakə ruhludu, ruhlar ruhudu.

heyif, aramızda bir çəpər var ki,

hər tikan qəlbimin min-min ahıdı.

 

Əsrlər keçəcək, mənim qəbrimin

yanına gələnlər bir ilanı

görərlər kədərin qəmin içində,

görərlər gözləri yaşla dolanı.

 

Sənsən o sirdən gələnim

 

Qırx məlakə məclisinin

Aləmindən nur alanım.

O nur ilə ürəyimdə

Bir yar, padişah olanım!

 

Qəlbim o nura bağlıdı,

Ömrüm ona soraqlıdı.

Könlüm tək qaldı, ağladı

Gəldin? Başına dolanım...

 

Qırxlar aləmi bilir ki,

Yer üzü deyil mənimki...

Gözlərin mənə deyir ki,

Sənsən o sirdən gələnim.

 

Pişvazın - şeir yağmurum,

Səndən necə ayrı durum?

Alışıram burum-burum

Halımı pünhan bilənim...

 

Eyvanında bir gül ək...

 

Eyvanında mənim adıma

bir gül əkərsən...

Mənə olan hikkəni, ya sevgini

onun üstə tökərsən...

 

O gül ağlaya-ağlaya tez-tez

səndən xəbər göndərəcək mənə...

bir ricam var dönə-dönə.

Qoy hərdən o gülün yarpaqları

astaca toxunsun əllərinə...

 

Gəl

 

Həsrət məni doğrayır,

Ağrını qovmağa gəl.

Gəl gör , gündəyəm

Halıma yanmağa gəl.

 

Məni dilə tutubdu

Günəşin şəfəqləri.

Dünya qalxıb üstümə,

Əlindən almağa gəl.

 

Huşum özümdə deyil,

Ayrı bir aləmdəyəm.

Hər şey dolaşıq düşüb

Qaydaya salmağa gəl.

 

Yağış, bəlkə, sən mənsən?

 

Xəbərin varmı, yağış,

ruhuma ruh olan kim?

Özü bir nur yağışı,

mənim qəlbimə hakim.

 

O sənin vurğunundu,

mənsə onun vurğunu.

Yağış, kim qurub belə

bu ilahi qurğunu?

 

Bəlkə, mən yağış olum?

Bir dəfə sən mən ol.

İndi o uzaqdadı,

həsrətə tapaq bir yol.

 

Ümidimə yağ, yağış,

ümidim pöhrələnsin.

Qəlbinə güman düşsün,

eşqimlə cilvələnsin.

 

Yağış, bəlkə , elə

sən elə mən özümsən?..

Yarın uzaqda hələ,

sən yazıq da dözmürsən...

 

Nur içində pərdə

 

Aşiq mənəm! - deyən gözəl

karıxdırma bu dünyanı...

Bir gör hələ, gündəyəm?

Eşqi həm məndə tanı.

 

Bax hər yandan yağan nura,

odlar alışıb odlara...

bu bir tilsim, ya haqq əmri?

Gör bir kimdi düşüb dara?

 

Qulaq asdın harayına?

Kainat hayandı ona.

o, göy üzünə köklənib,

insafsız, onu az qına.

 

Astaca tut əllərindən,

bil nələr axır qəlbindən.

Gör kövrək soruşacaq

ürəyini, tellərindən...

 

Eşq - ahəng olan yerdədi,

qəlb dindirən şeirdədi.

Mən kiməm? Gizli saxlayan

nur içində bir pərdədi.

 

Əhməd Qəşəmoğlu

 

Ədəbiyyat qəzeti.- 2019.- 2 mart.- S.26.