Yüz əlli il əvvəl yadında varmı

yovşan qoxuyurdu o ot tayası

 

Payız şeiri

 

Yarpaqlar saraldı, soldu, bozardı...

Bir vaxt bu xəzəl bir laləzardı...

Payızlar gələndə şeir yazardım,

Ürəyim bomboşdu niyə - bilmirəm...

Daha payızları duya bilmirəm.

 

Yarpaqlar hər yandan yağır üstümə

O tək buludu da çağır üstümə...

Ağaclar əyilir cığır üstünə -

əyilir yarpağa, suya - bilmirəm

Daha payızları duya bilmirəm.

 

Öpür üz-gözümdən uçan yarpaqlar,

ağacdan inciyib qaçan yarpaqlar...

...Bəs fidan ümidlər haçan yarpaqlar,

haçan boylanarlar göyə - bilmirəm.

Daha payızları duya bilmirəm.

 

Bu payız heç kimin sözünə baxmır,

Yalanına baxmır, düzünə baxmır...

Bu payız mənim üzümə baxmır

Ha desəm payızdan doya bilmirəm...

Daha payızları duya bilmirəm...

 

Hər payız bir ömrə baş vurur yenə,

Eh, hələ qarşıda qış durur yenə...

Ömrün payızımı çaşdırır məni -

Etiraf eləyə, deyə bilmirəm...

Daha payızları duya bilmirəm...

 

Bu gecə

 

Yuxusuz şəhərdə yuxusuz külək

Gəzir küçələri veyillənərək...

Gəlin paltarının düymələritək

bu gecə dartınır səhərə doğru.

 

Yuxusuz adamlar gecəni yorur

Yuxusuz işıqlar küçəni yorur.

Qırmızı işıqda keçəni görüb

Bu gecə dartınır səhərə doğru.

 

Gecə var yüngüldü, quş kimi uçur

Gecə var gözünü zülümlə açır.

...Bir cüt əxlaqsızın əlindən qaçıb

bu gecə dartınır səhərə doğru.

 

O qədər yüklənib yük çəkə bilmir,

nəfəsi təngiyir, tək çəkə bilmir.

Minirlər, deyirlər çək, çəkə bilmir,

bu gecə dartınır səhərə doğru.

 

Bu gecə dartınır burax da getsin,

haqla gəlmişdi o haqla getsin...

...Oxunmuş kitabtək varaqla getsin -

bu gecə dartınır səhərə doğru.

 

Yadında varmı...

 

Düz əlli il əvvəl, ya yüz il əvvəl,

Yüz əlli il əvvəl, ya yüz il əvvəl

yadında varmı

bir kənd kənarında alçaqdan bir ev,

divarı samanlı palçıqdan bir ev

evin arxasında bir ot tayası...

 

O ot tayasında düz yüz il əvvəl

Sənin quzun üçün ot oğurladım.

(Sənin sözün üçün ot oğurladım,

sənin gözün üçün ot oğurladım,

gözünü, sözünü sevirdim çünki)

Elə o gündən yaman sevindim.

 

Elə o gündən də o ot tayası

döndü bizim üçün görüş yerinə -

tayanın altında yuvamız oldu.

Yuvamız da döndü döyüş yerinə

bir öpüş üstündə davamız oldu...

 

Yüz əlli il əvvəl yadında varmı

yovşan qoxuyurdu o ot tayası.

Biz göz-gözə durub sakit baxanda

Nəğmə oxuyurdu o ot tayası...

 

Düz əlli il əvvəl, ya yüz il əvvəl

yadında varmı

Gündoğanı vardı ot tayasının,

günbatanı vardı ot tayasının...

səni qarşılardım gündoğanında,

Səni ötürərdim günbatanında -

Səni axtarardı atan-anangil...

(Sənin o ananın, lap atanın da!..)

 

Yüz əlli il əvvəl yadında varmı

Taya azaldıqca quzu böyüdü.

Quzu böyüdükcə biz böyüdük.

Sizdən bizə gələn iz də böyüdü,

bizdən sizə gedən iz də böyüdü...

Taya azaldıqca, iz böyüdükcə

söhbət böyüdü, söz də böyüdü...

 

Düz əlli il əvvəl, ya yüz il əvvəl

hayıf ki, o taya, o ot tayası,

o arzu tayası, murad tayası,

o yovşan qoxusu yaza qalmadı...

Yaza qaldısa yadımdan çıxıb,

yazda oldusa yadımdan çıxıb.

Düz əlli il əvvəl, ya yüz il əvvəl

az zaman deyil...

Bəs sənin, bəs sənin yadında varmı...

 

O sevgi bir şirin nağıldı...

 

Daha bu qapını döyənim gəlməz,

Boynuma sarılıb öyənim gəlməz.

Daha o nağılı deyənim gəlməz...

O sevgi bir şirin nağıldı qaldı...

 

Yazı gözləmədi, qış oldu getdi,

Uçdu əllərimdən quş oldu getdi...

Mən dedim bircəmsən, beş oldu getdi...

O sevgi bir şirin nağıldı qaldı...

 

İşıqlı yolumu duman eylədi,

Yaxşı deyə-deyə yaman eylədi.

Dedi neylədisə, zaman eylədi...

O sevgi bir şirin nağıldı qaldı...

 

Yaylaq ürəyimdə yayladı getdi,

Hissimlə-duyğumla oynadı getdi.

Mənə nağıllar söylədi getdi...

O sevgi bir şirin nağıldı qaldı...

 

Göydə göyüm vardı göyümdən oldum,

İlimdən gen düşdüm, ayımdan oldum.

Eh, daha fərqi nəyimdən oldum...

O sevgi bir şirin nağıldı qaldı...

 

...Bir az fikirliyəm, bir az da qəmli,

Bir az da gecələr gözləri nəmli...

Bir onu bilirəm, eh, o sənəmli

O sevgi bir şirin nağıldı qaldı...

 

Məktub

 

Əlim salam deyir bulud zülfünə,

Əlim salam deyir sinənə sənin;

Desəm o qızın unut zülfünü,

Desəm qoymaram dünənə səni...

 

Saçım əllərini soruşur hər gün

Gözüm gözlərinə salam göndərir.

Yoxluğun işimə qarışır hər gün,

Ümid bu yandan yalan göndərir.

 

Əlimi danlayıb deyirəm bəsdi,

O zülf o zamandan unudub səni;

Titrəyib gəzməyin saçları üstə

bir sərxoş əl kimi tanıdıb səni.

 

Bir əlim yerdədir, bir əlim göydə -

üstümə gəlmirlər qorxularından.

Sən saçlarına, zülfünə söylə

gəlməsin əlimin yuxularına...

 

birdən...

 

Daha cavan deyiləm

Gücüm yox uçmağa,

Tənhalıqdan qaçmağa...

Nola bir gün yenə

zəng eləyə çinarlar,

məktub yaza söyüdlər...

Birdən qapım döyülə

gedəm qapı açmağa

mən titrəyə-titrəyə,

mən əyilə-əyilə...

Birdən qapım döyülə

birdən...

sən gələsən!..

 

...Küləklər pəncərəmi

döyə-döyə qışqıra,

deyə-deyə qışqıra:

O qız burdan keçdi gəl!

Söyə-söyə qışqıra:

O qız bur-dan keç-di gəll!..

Əllərim əsə-əsə

            mən qapıya tələsəm

birdən...

sən gələsən!..

 

...Beləcə,

gündüz-gecə

aldadıram özümü.

Qapıdan, pəncərədən

Çəkəmmirəm gözümü...

Nola bir gün yenə

zəng eləyə çinarlar,

məktub yaza söyüdlər...

Birdən qapım döyülə

birdən...

eh, birdən...

 

Telman Nəzərli

 

Ədəbiyyat qəzeti.- 2019.- 4 may.- S.23.