Böyük bəstəkar, böyük vətəndaş

 

Arif Məlikovun vəfatı çağdaş musiqi sənətimiz üçün ağır itkidir. Parlaq bəstəkarlar nəslinin sonuncu mogikanlarından birisi də dünyasını dəyişdi.

Ariflə çoxdan tanışdıq. 1987-ci ildə birlikdə ABŞ-da olmuşduq, dəfələrlə Türkiyədə birgə səfərlərə çıxmışıq. Deyirlər, insanı ən yaxından yolda tanıyırsan. Arifin çox yaxşı yol yoldaşlığı vardı və xarakterinin ən üstün cəhətləri bu səfərlərdə üzə çıxırdı. Amma mən bu böyük bəstəkarımızı daha yaxından 1989-1991-ci illərdə SSRİ xalq deputatı olduğumuz zaman tanıdım.

Bu illər xalqımızın taleyində ən çətin, ən ağır illər idi. Sovet parlamentinin İttifaqlar Şurasında Azərbaycanın iyirmidən artıq deputat yeri vardısa, Ariflə mənim üzvü olduğumuz Millətlər Sovetində respublikamızın yalnız beş yeri vardı. Bu beş Azərbaycan deputatından yalnız Ariflə mən rusca danışa bilirdik. Odur ki, bu palatada bütün ağırlıq bizim üstümüzə düşürdü. 1990-cı ilin Qara yanvarından sonra tətildən qayıtmış parlamentin elə ilk iclasında Ariflə mən dəfələrlə çıxış etdik, xalqımızın başına necə dəhşətli müsibət gətirdiklərini dedik.

Amma Arif Məlikov bu deputat fəaliyyətindən başqa, rus dilində "Ya obvinyayu" ("Mən ittiham edirəm") adlı kitab da yazdı. Bu kitab mənə Arifin daha bir cəhətini tanıtdı - qanlı hadisələrin obyektiv, ciddi, eyni zamanda hiddətli salnaməçisi olduğunu bildim.

Arif Məlikov ölkəmizin tarixində yalnız dünyanı gəzmiş baletiylə, sanballı simfoniyalarıyla, başqa dəyərli musiqi əsərləriylə deyil, həm də xalqın faciəsini sənədlər əsasında açıb göstərən vətəndaş yazar kimi qalacaq. Arif böyük bir ardıcıllıqla, dəqiqliklə Qara Yanvarda həlak olanların, yaralananların, zədə alanların adlarını bir-bir sadalamaqla, o günlərdə şəhərimizdə törədilən başqa vəhşilikləri göstərməklə bunları yaddaşlara əbədi həkk etdi. Belə bir kitabı bir qrup jurnalist, tarixçi alim hazırlaya bilərdi. Bu kitabı bir nəfər - bəstəkar Arif Məlikov hazırladı çap etdirdi. Rus dilində çıxan kitab mütləq azərbaycanca da nəşr olunmalı, başqa dillərə çevrilməlidir.

SSRİ Ali Sovetinin iclaslarında o vaxtkı müdafiə naziri Yazov Bakı qırğınını danmağa çalışdı. "Orda heç bir qoca, ya uşaq həlak olmayıb" deyəndə biz - Azərbaycan deputatları nümayişkaranə şəkildə salonu tərk etdik. Sonra Qanlı yanvarda şəhid olanların, o cümlədən qoca uşaqların siyahısını da Qorbaçova təqdim etdik. Yazovun bir yalanı da o idi ki, Bakıya hücüm axşam saat 12-də yox, gecə saat 4-də başlayıb, yəni sözünün məğzi bu idi ki, gecənin bu çağında küçələrdə qocalar, ya uşaqlar ola bilməzdi. Arif Məlikov bircə-bircə toplayıb nəşr etdiyi faktlarla gələcəkdə QKÇP avantürasının fəal iştirakçılarından olan marşal Yazovun  yalanlarını darmadağın edir. Bütün bunları biz Ali Sovetdə çıxışlarımızda da deyirdik, amma Qarabağla Qara Yanvarla bağlı məsələlər müzakirə olunanda, adətən, iclas translyasiya edilmirdi, TV kanallarında yer almırdı.

Arif Məlikov bu kitabının yaranma səbəbini izah edərək yazırdı: "Sual verilə bilər ki, nəyə görə bu işlərlə bəstəkar məşğul olur. Mən bu işi könüllü şəkildə boynuma götürdüm. İki ay yuxu nədir bilmədim. Bütün günü öz "Volqa" maşınımla şəhəri gəzib-dolaşırdım". Məhz bu fəaliyyətilə Arif Məlikov dürüst təkzibolunmaz faktlar əldə etmişdi. Amma SSRİ-nin o vaxtkı rəhbərliyi bu faktları vecinə almırdı. İnsan haqlarına guya ki, həssas yanaşan dünya ictimaiyyəti isə sanki kor kar olmuşdu.

O məşum günlərdə Arif həm vətəndaş, həm bəstəkar idi. Tez-tez o vaxtkı Şmidt, sonra Səttərxan adlanan zavodda görüşlər keçirirdi kimsə rişxəndlə "sizin royalınızı da zavod direktorunun otağına qoyaq" deyən yanılmırdı. Doğrudan da, ictimai fəaliyyətinin ən gərgin anlarında belə, Arif bəstəkar olduğunu unutmurdu, qəlbində yeni musiqi əsərinin ilk qığılcımları alışırdı. Qorbaçov yarı zarafat, yarı kinayəylə: "bəlkə, bu hadisələrlə bağlı bir simfoniya yazasınız" - deyəndə, bəstəkar "amma bu çox faciəvi simfoniya olacaq" cavabını verdi sözünə əməl etdi.

Hər xalqın həyatında elə zamanlar olur ki, hamı, ilk növbədə, siyasətçilərin deyil, sənətkarların sözünə ehtiyac duyur. Başqa daha dinc sakit zamanlarda sənətkarları unutmaq da olar, onlarla hesablaşmamaq da. Amma tarix gec-tez hər şeyi yerbəyer edir. Faciəvi hadisələr haqqında simfoniya, roman, ya poema yazmağa mənəvi haqqın olması üçün bu hadisələrin kənardan müşahidəçisi yox, onların içində yaşamalısan. Səhhətinin, sağlamlığının bahasına belə... Öz həyatını riskə atmalı olsan da.

Arif Məlikov bu haqqı həm ölməz musiqi əsərlərilə, həm fədakar vətəndaşlıq əməllərilə qazanmış insanlarımızdandır. Əsərləri daima bizimlə qalsa da, vətəndaş kimi, müəllim kimi, dost kimi yeri həmişə görünəcək.

Allah Arifə rəhmət eləsin!

 

9 may 2019

 

ANAR

 

Ədəbiyyat qəzeti.- 2019.- 11 may.- S.3.