İyirmi ildir səhnədəyəm,

amma hələ də öyrənirəm...

 

"Dördüncü divar" layihəsinin qonağı Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru - maraqlı insan Elşən Hacıbabayevdir

 

- Aktyorluq sənətini seçməyiniz atanızın istəyi ilə olsa da, təsadüf də xeyli rol oynayıb...

- Əslində, mən zərgər olmaq istəyirdim. Böyüdüyüm mühit də bir az fərqli, incəsənət aləmindən uzaq idi. Yasamalda böyümüşdüm. 18 saylı məktəbdə oxumuşdum. Məktəbimizin arxa tərəfi Kubinka, qarşı tərəfi isə Sovetski məhləsi idi. Həm də mənim məktəb illərim 90-cı illərin ən qarışıq vaxtlarına düşmüşdü. Buna görə də oxumaq yox, sənət, peşə sahibi olmaq istəyirdim. Amma, nədənsə, atam istədi ki, diplomum olsun. Həm də incəsənət sahəsi üzrə. On dörd yaşım olanda o məni Mədəni Maarif Texnikumuna apardı. Orda da bizi rəhmətlik Mikayıl Mirzə qarşıladı. İmtahan verdim və qəbul olundum. Mikayıl Mirzə məni görəndə atama demişdi ki, bu oğlan mütləq aktyor olacaq. Təbii ki, ondan bu sözləri eşitmək mənə xoş təsir bağışlamışdı. Amma sonralar aktyorluq sənətinə qarşı müəyyən komplekslərim yaranmağa başladı.

- Aktyorluq sənətinin o qədər də asan olmadığını hiss etdiniz?

- Bəli, aktyorluq kənardan çox cəlbedici və maraqlı təsir bağışlayırdı. Amma işin içinə daxil olandan sonra gördüm ki, yox, yaman yerdə axşamlamışam (gülür). Başqa sənət belədir ki, hansı işlə məşğul olursan ol, bu, sırf hər bir fərdin özünə aiddir. Amma bizim sənət təqdim etmə, göstərmə sənəti olduğundan peşəmizin bütün xırdalıqları ilə daim göz önündə olurduq, olmağa da məcbur idik.

Mənim bəxtim onda gətirdi ki, yaxşı müəllimlərim oldu. Mədəni Maarif Texnikumunda Mikayıl Mirzə, Müşviq Hətəmov, Bəxtiyar Şərifzadə mənə dərs deyirdilər. İncəsənət Universitetində isə Cənnət Səlimovanın kursuna düşmüşdüm. Dörd il ərzində Cənnət xanımdan çox şeylər öyrəndim. Amma hələ texnikum illərindən mən Hüseynağa Atakişiyevin Gənclər Teatrına da gedirdim. Hüseynağa müəllimi də öz müəllimim hesab edirəm.

- Gənclər Teatrına həvəskar kimi gedirdinz?

- İki il həvəskar kimi gedib-gəldim, tamaşalarda rollar ifa etdim. Ordakı ilk rolum da "Tənbəl Əhməd" tamaşasındakı Əhməd rolu olub. Onda hələ texnikumda oxuyurdum. Yadıma gəlir ki, texnikumu bitirən ili Hüseynağa müəllim mənə dedi ki, sən universitetə qəbul olsan, mən səni teatrda işə götürəcəm. Bu şərt məndə müəyyən bir prinsipiallıq yaratdı və onun dediyini elədim.

- Hüseynağa müəllim bir çox aktyorların həyatında rol oynayıb. Gənclərə münasibətdə, onlarla iş prosesində necə insan idi?

- O, çox gözəl insan, əsl müəllim idi. Həm də biz onun, belə deyək də, ömrünün qürub vaxtına düşmüşdük. Buna baxmayaraq, onun çox gözəl tamaşa hazırlamaq metodları vardı ki, biz bunların canlı şahidi olmuşduq. Obrazları özünəməxsus, çox maraqlı şəkildə başa salırdı. Və onun izahı aktyorun yaddaşına həmişəlik həkk olunurdu. Hüseynağa müəllim insan kimi də çox rahat və gözəl insan idi. Hamını başa düşür, problemimiz olanda anlayış göstərməyi bacarırdı. Öz şəxsi problemlərini heç vaxt bildirməzdi. Mən onu çox istəyirdim. O da özünü sevdirməyi bacarırdı. Hüseynağa müəllimlə hardasa on il birlikdə işlədim.

- Zərgər olmaq istəsəniz də, aktyor oldunuz. Amma elə aktyorluq sənətini də bəzən cərrahlıqla, zərgərliklə eyniləşdirirlər. Aktyorluq sənətini necə ifadə edərsiniz?

- Aktyorluq elə zərgərlikdir. Xırdalıq, dərinlik tələb edən işdir. Yəni aktyorsansa, rol ifa edirsənsə, bunu yaxşı eləməlisən. Düzdür, rola qarşı da cərrah qədər məsuliyyətli olmaq lazımdır. Cərrahlıq, təbii ki, canlı insan üzərində aparılır, aktyorluq isə obraz üzərində. Həkimin bir səhvinə bir can gedə bilər. Mənim səhvim isə ən uzağı mənə ziyan vurar. Sadəcə, bizim həkimlərdən və digər peşə sahiblərindən bir fərqimiz var ki, onlar beş-altı il müəyyən biliyə sahiblənib mütəxəssis ola bilirlər. Bizim öyrənməyimiz isə bütün ömrümüz boyu davam edir. Mən iyirmi ildir aktyor işləyirəm, amma hələ də öyrənirəm.

- Həmkarınız və dostunuz Elnur Kərimovla söhbət edəndə belə bir fikir işlətdi ki, müəyyən yaşdan sonra rejissorlar daha cavan olan aktyorlarla işləməyə üstünlük verirlər. Sizin təcrübənizdə bu kimi hallar olur?

- Mənə elə gəlir bu elə belə də olmalıdır. Bilirsiniz, biz hamımız insan həyatını ifa edirik. Yaş artdıqca mən Məcnun rolunu ifa edə bilmərəm axı. Qırx yaşında Məcnun, Romeo, hətta Hamlet də ifa etmək olmaz. Bir çox aktyor elə bilir ki, Hamleti yetkin, müdrik yaşda ifa etmək lazımdır. Amma hər halda Hamlet yaşlı adam olmayıb. Cavan oğlan olub. Şekspir də pyesi yazanda Hamleti iyirmi yaşlı şahzadə kimi qeyd edib. Yaş ötdükcə insanın quruluşu, sifət cizgiləri dəyişir. 26 yaşlı Elşənlə, indiki Elşənin arasında görün nə qədər fərq var. Ən azından, çəki fərqi var. Və iyirmi yaşında cavan oğlanın etdiyini mən istəsəm də edə bilmərəm. Hər kəsin öz yaşına, fakturasına görə rolu var. Biz, sadəcə olaraq, qazandığımız təcrübədən gənclərə nələrsə öyrətməli, başa salmalıyıq. Ona görə də hər bir aktyor gənclik dövrünün bitməsi ilə razılaşmağı bacarmalıdır.

- Gənclərə kömək edirsiniz?

- Bizim teatrda gənc nəslə həmişə kömək olub. İstər səhnədə, istərsə də səhnə arxasında nə biliriksə mən, elə Elnur Kərimovun özü və digər aktyor dostlarımız köməklik edirlər. Amma bir məsələ var ki, həmin gənc gərək nankorluq etməsin. Aktyor tənqidi qəbul edəndə, orda qərəz axtarmayanda biz də ona dəstək olmağa çalışırq.

- Rol üzərində iş prosesiniz maraqlıdır. Dramatik, ağır rollar aktyor kimi sizi çətinə salır?

- Rolu təhvil alandan sonra hər şey asanlıqla əmələ gələ bilməz. Rol üzərində işləmək, əziyyət çəkmək lazımdır. İş zamanı geri çəkilsən, hər şey bitəcək. Ona görə də rol üzərində işi yarımçıq saxlamaq olmaz. Rejissorun fikirləri ilə razılaşmaq lazımdır. Həmçinin, aktyor da öz fikirlərini bildirməlidir. Yəni rol üzərində iş nə qədər fərdi olsa da, bir o qədər də müştərək və ağır prosesdir. Tamaşada iştirak edən bütün aktyorlar əsərin mahiyyətini, tamaşanın qurluşunu qavrasalar, bir-birlərini eşitsələr, bilsələr ki, əsərdə nə baş verir, o zaman tamaşa alınacaq. Bir də ki, rejissor lap ən savadız aktyora da nəyi diktə etsə, rolu necə görməsini dolğun ifadə edə bilsə, aktyor da onun istədiyini təqdim edəcək. Əsas odur ki, aktyor ansamblı gözəl olsun.

- Klounluq fəaliyyətiniz də olub. Tək bizdə yox, dünya praktikasında da kloun sənəti onu ifa edən aktyorda komik yox, daha çox dramatik əhval-ruhiyyə yaradıb. Kloun olmaq niyə bu qədər kədərlidir?

- Doğrusu, mən belə bir hiss yaşamamışam. Çünki klounluq da aktyorluğa yaxın sənətdir. Hətta klounluğun bəzi çətin məqamları da var. Bir var səhnədə uşaqlarla işləmək, bir də var canlı, üz-üzə ünsiyyət qurmaq. Sadəcə olaraq, bizdə klounluq restoran sistemində olduğuna görə bir az çətinlik yaradır.

- Klounluq aktyor sənəti üçün xaltura hesab oluna bilər?

- Əslində, heç nə xaltura deyil. Hər xalturadan da nə isə öyrənmək olar. Klounluq müşahidə üçün çox gözəl vasitədir. Çünki klounun qarşılaşdığı adamların içərisində sərxoş, nənə, baba kimi tipajlar var. Və onların hamısı da aktyor müşahidəsinin süzgəcindən keçib yaranan yeni obrazlardır. Sadəcə olaraq, həm yaş məsələsi, həm də restoran sistemində olduğuna görə klounluq etməkdən uzaqlaşdım.

- Amma qızınız üçün Şaxta baba olursunuz...

- Bəli, oluram (gülür). Ancaq bu il artıq o, başa düşdü ki, evlərinə gələn Şaxta baba onun atasıdır. Ona görə də bundan sonra daha Şaxta baba olmamağa qərar verdim (gülür). Bu il özü dedi ki, Yeni ili daha Şaxta baba ilə yox, atamla keçirmək istəyirəm. Çünki mən həmişə Şaxta Baba kimi gələndə o, soruşurdu ki, bəs atam hardadı? Ona müxtəlif yalanlar uydururduq. Ona görə də bu il artıq onunla bayramı ata kimi qeyd etdim.

- Qızınızı aktrisa olmağa qoyarsınız?

- Mən, ümumiyyətlə, onun sənət seçiminə qarışmamağa qərar vermişəm. Aktrisa olmaq istəsə də etiraz etmərəm. Çünki teatra da tez-tez gəlir, pərdə arxasındakı prosesləri də görür. Yəni işin içərisindədir. Amma özü son vaxtlar rəssamlığa meyil edir. Mənim üçün heç bir fərqi yoxdur. Peşə seçimi elədir ki, bu insanın öz qəlbindən gəlməlidir. İnsan özü onu seçməlidir.

- "Oğlan evi" filmindəki İsi obrazı ilə məşhurlaşdınız. Sizcə, bu obrazın tamaşaçı tərəfindən bu qədər sevilməsinin səbəbi nə oldu? Bakılı koloritinizin yüksək olması rol oynaya bilər?

- Bu faktın da rolu var. Həm də bilirsiniz, İsi axı pis oğru deyil. O, insanların cibinə girən, maaşını oğurlayıb onları zülmə salan oğru deyil. İsi Robin Qudun azərbaycanlı variantı idi. Pis vəziyyətdə qalan insanlara kömək etmək istəyən qəhrəman olduğuna görə də insanlar onu sevdilər.

- Son dövrlər kommersiya filmləri kinotənqidçilər tərəfindən tənqid olunur. Əsas iradlardan biri isə qurşaqdan aşağı zarafatların çox olması ilə bağlıdır. Tənqidi yazıları oxuyursunuz?

- Oxuyuram, əlbəttə. Həzrət Əlinin bir hədisi var: "Doğulan hər bir uşaq valideynindən on il irəlidədir". Yəni mənim qızım üç yaşından bilir ki, internet, mobil telefon, planşet nədir. Onlardan istifadə qaydasını da məndən yaxşı mənimsəyib. Demək istədiyim odur ki, bugünkü kino da dünya ilə ayaqlaşmağı bacarmağa çalışır. Kinoya bu sənət filmidir, digəri isə kommersiya filmidir düşüncəsi ilə yanaşmaq doğru deyil. Bütün hallarda ortada kollektiv iş olur. İndi ola bilər ki, bir rejissor filmi pis çəksin, amma bu o demək deyil ki, bütün kommersiya filmləri pisdir. Qaldı ki, qurşaqdan aşağı zarafatlara. Mən elə filmlərə çəkilməmişəm. Əslində, heç bu cür zarafatlardan xoşum da gəlmir. Amma hər filmin öz janrı, hər rejissorun öz düşüncəsi var. Yetkinlik yaşında Hollivud filmlərinə baxırdıq orda da söyüşlər olurdu. Bəs niyə biz rusun, ingilisin söyüşünü qəbul edirik, amma özümüzünkülərə tənqidi yanaşırıq? Biz indi eksperimental prosesin içərisindəyik. Dram filmləri də çəkirlər. Amma bu günə qədər çəkilən dram filmlərinin heç biri alınmadı. Çünki dram filmlərində iştirak edən aktyorların özlərinə inamları yoxdur. Xarici filmlərə baxırıq. Aktyor pultun düyməsini basır və gələcəyə gedir. Biz ona inanırıq.

- Bəs bizdə niyə inandırıcı ifalar azdır?

- Çünki pultu basıb gələcəyə gedən adam özü də buna inanır. Amma ümumilikdə problemin kökünü mən də tapa bilmirəm. Əvvəllər çəkilən filmlərimiz çox böyük zəhmət hesabına başa gəlirdi. İndi isə hər şey, bütün texniki imkanlar var. Bir səhnəni lap yüz dəfə də çəkib sonra da baxa bilirlər. Sadəcə, maraqlıdır ki, niyə alınmır?

- Tarkovski deyirdi: "Avtomobilləri, qatarları, təyyarələri özümüz icad elədik ki, həyatı daha da asanlaşdıraq, zamanı sürətlə ötüb-keçək. Əvvəllər araba ilə üç günə getdiyimiz yolda təbiəti, insanların yaşantısını seyr edirdik və bu üç gündə xeyli həyat mənzərələrinin şahidi olurduq. Amma bütün bunların yox olmasına, sürətlənməsinə biz özümüz şərait yaratdıq". Bəlkə elə keçmişdəki iş prosesinin uzanması, orda çəkilən zəhmət zamanı baş verən proseslər aktyor yaşantısının da qalıcı olmasına, işin keyfiyyətinə təsir edirdi?

- Bəlkə də, elə o səbəbdəndir. Mənim özümü də həmişə bu fikir düşündürür ki, indi əlimizin altında bu qədər geniş imkanlar olsa da, niyə çəkilən filmlərin keyfiyyəti aşağıdır. İnsan zəhməti yenə də olduğu kimi qalır. Bir səhnəni çəkənə qədər saatlar, yuxusuz gecələr sərf olunur. Amma nəticəyə baxanda görürsən ki, yox, görmək istədiyin film deyil. Bəlkə də, keçid dövrü, kinoda olan durğunluq aradakı boşluqların yaranmasına və qalıcı olmasına səbəb oldu. Ola bilsin həmin boşluğun yaranmasında bizim də təqsirimiz oldu. Gərək buna imkan verməzdik. Yəni pis, yaxşı film də olsa, davamlı çəkmək lazım idi. Necə ki, Türkiyədə bir vaxtlar çəkilən və bizim lağa qoyub güldüyümüz filmlərin içərisindən sonra yaxşı filmləri çəkən adamlar yetişib çıxdılar.

- Elşən bəy, rolun boyüyü, kiçiyi var?

- Yoxdur. Bunu bütün səmimiyyətimlə deyirəm. Əliağa Ağayev iştirak etdiyi rolların əksəriyyəti kiçik rollar olub. Amma onun replikaları bu gün də insanların yadında qalıb. Mən kütləvi səhnələrə də çıxmışam, böyük rollar da ifa etmişəm və gəldiyim nəticə belədir ki, rolun böyüyü, kiçiyi yoxdur. Aktyorun rola münasibətinin böyüklüyü, kiçikliyi ola bilər. Elə baş rol ola bilər ki, onu ifa edən aktyor heç səhnədən görünməsin, amma yan-yörəsi görünsün, nəzərə çarpsın.

- Yəni aktyor üçün bu gün uşaq tamaşasından çıxıb, sabah dramatik bir rol ifa etmək problem olmamalıdır?

- Aktyor üçün olmamalıdır. Bu bir mexanizmdir. İnsan bədəni, beyni də artıq buna öyrəşir. İllərin praktikası da bu öyrəşməyə xidmət edir. Uşaqlara tamaşa təqdim etmək, əslində, çox çətindir. İndiki uşaqlar internet vasitəsilə dünyaya çıxırlar. Bu qədər texnologiyanın içərisində onları bir neçə saat zalda əyləşdirmək və səhnədə baş verənlərə inandırmaq aktyorun kiçikliyi yox, böyüklüyüdür. Həm də teatrın başqa bir sehri var ki, tamaşaçını da, elə bizim özümüzü də inandırır ki, bura tamam başqa bir yerdir. Ancaq bütün hallarda tamaşa da bir yalandır. Nə film, nə də tamaşa həyat deyil. Lakin, nədənsə, hamı filmdəki qəhrəman kimi olmaq istəyir, tamaşadakı həyatda olmağa can atır. Reallıq isə tamam başqa şeydir. Biz real həyatla barışmalıyıq.

- Teatrın sehri, atmosferi nədədir ki, siz aktyorları və biz insanları bu qədər cəlb edir, özünə bağlayır?

- Əgər kimsə bunun sirrini bilirsə, məni də bu sirdən agah etsin (gülümsəyir). O qədər olub ki, mövsüm bağlananda demişəm, mən gələn ildən daha teatra gəlməyəcəm. Amma növbəti ilin yanvarında artıq ikinci tamaşanı vermişəm və yadıma düşüb ki, axı mən sentyabrda belə bir fikrə düşmüşdüm. Yəni teatrdan ayrılmağım, uzaqlaşmağım heç cür alınmayıb. Artıq bu, mümkün də deyil. Səhnənin tamam başqa bir aurası, gözəlliyi var. Hər bir aktyor da oranı bir cür qəbul edir.

- Atanız Atababa İsmayıloğlu teatrşünasdır. Teatrşünaslıq və aktyorluq bəzən bir-birinə zidd olan peşəyə çevrilir. Həm peşə, həm də ata-oğul münasibətləri baxımından ünsiyyətiniz maraqlıdır...

- Atamla bir çox məsələlərdə yola getmirik. O, sovet dövrünün adamıdır. Məktəbi də, universiteti də o dövrdə oxuyub, indiki zamanda baş verən bir çox məsələlərə öz mühitinin prinsipləri ilə yanaşır. Bizə qarşı o qədər də sərt olmayıb, amma misal üçün, qızıma qarşı sərtdir. Xüsusən oxumaq, məktəbə getmək üstündə bəzən baba-nəvə mübahisə edirlər. Hərdən tamaşalarım olanda ona xəbər etmədiyim üçün məndən inciyir. Amma o bilmir ki, mən də ondan inciyirəm. Mən onsuz da heç kimə tamaşalarım barədə xəbər vermirəm. Başa düşürəm atamdır, bir yerdə yaşayırıq, amma onun özünün də mənim sənətimə marağı olmalıdır. Bəzən deyir ki, vaxtım yoxdur, çatdırmıram. Sonra isə eşidirəm ki, başqa tamaşalara gedir. Mənim tamaşalarıma isə gəlmir.

- İnciyirsiniz?

- İnciyirəm. Mənə pis təsir edir. Mən istəmirəm o məni təbliğ etsin, ya haqqımda nəsə yazsın. Sadəcə olaraq, tamaşalarıma baxmasını arzulayıram. Olur ki, bəzən baxdığı hansısa tamaşa haqqında fikir bildirir. Amma niyəsə çox dərinə getmir. Bizim söhbətimiz çox dərinlərə getmir. Dərinə gedəndə də müəyyən sənət mübahisələrimiz yaranır.

 

Söhbətləşdi: Samirə Əşrəf

 

Ədəbiyyat qəzeti.- 2019.- 11 may.- S.18-19.