İsinə bilmədi bir mənzilbaşı

Qaranquş yuvası, bənövşə ətri.

 

Bahar ovqatı

 

Günəş gülür, şaxta bitir nəhayət,

Ana torpaq uyumaqdan yorulur.

Başa vurur qış yuxusun təbiət,

Sellər axır, çaylar daşıb durulur.

 

Boş qalmışdı yol gözləyən yuvalar,

Qaranquşlar eyvanlara doluşur.

Bayramlığa çıxır yenə obalar,

Sevgililər bulaq üstdə görüşür.

 

Çərşənbələr sayalanıb seçilir,

Xatirələr çözələnir od üstə.

Sevgilərə necə andlar içilir,

Nişanlanır qızlar təmiz ad üstdə.

 

Tozlu yollar çaparların yüyürdür,

Atlarının yer görməyir quyruğu.

Vətən üçün nər oğullar böyüdür,

Anaların layla dilli yüyrüyü.

 

Günəş doğur, eşqə gülür hər könül,

Dua ilə dinir dillər, dodaqlar.

Qanımıza şirə qatır elə bil,

Saf suyundan içdiyimiz bulaqlar.

 

Qaranquş yuvası,

bənövşə ətri

 

Yaman soyuq keçdi bu ilin qışı,

Don vurdu ağacı, buz tutdu daşı.

İsinə bilmədi bir mənzilbaşı

Qaranquş yuvası, bənövşə ətri.

 

Yaza ümid etdi, yaz gecikirdi,

Gah qar ələyirdi, gah sel tökürdü.

Gözləyə-gözləyə həsrət çəkirdi

Qaranquş yuvası, bənövşə ətri.

 

Bir ümid doğurdu günəş hər səhər,

Keçinib gedirdi axşam birtəhər.

Boylanıb qalırdı içində qəhər

Qaranquş yuvası, bənövşə ətri.

 

Yuva boş qalmışdı, gül darıxırdı,

Bu bahar hələ gendən baxırdı.

Bir sevda eşqinə seyrə çıxırdı

Qaranquş yuvası, bənövşə ətri.

 

Yandı, arzuların günəşi yandı,

Yuva ətirləndi, gül yuvalandı.

Nəğməyə kökləndi, sözlərdə dindi

Qaranquş yuvası, bənövşə ətri.

 

Yağışam

 

Yağışam, sığmadım bulud gözünə,

Halallıq istəyib, göylərdən endim.

Sanki pöhrələnib bu yer üzünə,

İncə çiçəklərin gözündə döndüm.

 

Bəzədim xoş keçən ömrünü yazın,

Çaylara sovruldum, kəhrizə doldum.

Eşq ilə süslənən gözəl bir qızın,

Uzun kirpiyində damla yaş oldum.

 

Öpüldüm tellərdə mən narın-narın,

Torpağa vuruldu ətrimi duyan.

Süzüldüm sıldırım, sal qayaların,

Köpüklü şəlalə qanadlarından.

 

Tanrının izni ilə aldım ünvanı,

Hər damlam buluddan süzülməz əbəs.

Mənim əlimdədir torpağın canı,

Adıma bağlıdır aldığı nəfəs.

 

Qarışqa yuvası

 

Dolub qarışqayla evim-otağım,

Bahar çoxdan gəlib, siz gecikmisiz.

Kim sizə bir belə ixtiyar verib,

Evimin içində yuva tikmisiz?

 

Bu haray-həşir, eyib deyilmi?

Yenə çağrılmamış qonaq olmusuz.

Qanad çıxarmısız kəpənək kimi,

Bəlkə, gəlin gedir bir qarışqa-qız?

 

Bəlkə, sevgi kimi yoxdu yeriniz,

Beləmi bildirir hicran özünü?

Yenə at oynadır sürüləriniz,

Pəncərəm uzunu, pərdəm uzunu.

 

Yatmışam sizi verib yuxuya,

Bu gecə ovcuma dolmusuz nədən?

Bir eşqi-pünhanı sevmişəm deyə

Əlim bala batıb bəlkə, bilmədən?

 

Səndən danışar

 

Bu vərəqlər adam olsa,

Dil açsa, səndən danışar.

Qara daşlara gün doğsa,

Gül açsa səndən danışar.

 

Şərabı yox piyaləmin,

Dodağı qandı laləmin.

Əlimdən qaçsa qələmim,

El aşsa səndən danışar.

 

Payız gəldi, batma yasa,

Bir pillə var qışdan yaza.

Tanrı belə, aramıza

Yol açsa səndən danışar.

 

Şəklimi

 

Böyüdüb şəklimi asma divardan,

Sükutum kövrəlib ağlaya bilər.

Üzümdə cəm olan həsrət yükünü,

Çətin ki, divarlar saxlaya bilə.

 

Sən təkcə dünyama, özümə deyil,

Büsbütün ruhuma, qəlbimə yadsan.

Divarda olmasa rəsmim elə bil,

Məni yavaş-yavaş unudacaqsan.

 

Daha yolum üstə çıxmasan belə,

Dönüb gələcəksən sözümə hər gün.

Şəklimi silməyə ərinəcəksən,

Orda toz qonacaq üzümə hər gün.

 

fərqi, şəklimi asmısan hardan?

Şəkillər xatirə, bu can əmanət.

Böyüdüb şəklimi asma divardan,

Şəklimi asmağa yerlərmi qəhət?

 

Könül istəyim

 

Alsın qucağına göy çəmən məni,

Uyuyum ətrində gülün, çiçəyin.

Qısqansın çəmənə yasəmən məni,

Eh, hələ bitməyib könül istəyim.

 

Bulud arxasından göz vursun günəş,

Bir ağac kölgəsin üstümə sərsin.

Oyansın qəlbimdə qor tutan atəş,

İçimdə bir qərib sevgi göyərsin.

 

Ulduzlar səmanı bəzəsin yenə,

Zümzümə içində öpüşsün quşlar.

Süzülsün vüsaltək çölə-çəmənə,

Yusun nisgilimi yağan yağışlar.

 

Alsın qucağına göy çəmən məni,

Uyuyum ətrində gülün, çiçəyin.

Qısqansın çəmənə yasəmən məni,

Eh, hələ bitməyib könül istəyim.

 

Saçlarımı...

 

Əlinin oduyla qızınır saçım,

Gözündən təravət qazanır saçım.

Öpdüyün yerlərdən uzanır saçım,

Daha saçlarımı kəsdirməyəcəm...

 

Gah acı yel çırpar, gah yağış döyər,

Şövq ilə qucduğun belimə dəyər.

Kəsdirsəm qəlbim küsər, inciyər,

Daha saçlarımı kəsdirməyəcəm.

 

Bir atəş gizlənmiş bir ovuc külə,

Ümidlə tüstüsün gözlərəm hələ.

Dözməyib həsrətdən ağarsa belə,

Daha saçlarımı kəsdirməyəcəm.

 

Əhdim həmindir, saçım da həmin,

Qoy saçı kəsilsin kədərin, qəmin.

Kəssəm əhdini ümidlərimin,

Daha saçlarımı kəsdirməyəcəm.

 

Sənin kitabın

 

Təzə kitabın çıxıb,

çox gözəl deyilmi bu?

Çıxıb dünyanın

ən ilk

sevgi dolu kitabı...

Dünya "başbilənləri"

buna səssiz qalmasın.

Bu kitab bu dünyanın

ən bahalı almazı.

Bu kitab sondan bir ilk,

ilkdən sondu, deyərdim.

Şəxsiyyət vəsiqəndi,

pasportundu, deyərdim.

Yox, yox,

bunu deyiblər,

başqa cür, ayrı çapda...

Özəlliyi odur ki,

Sən varsan bu kitabda!

Sanma ki, həyatını

vərəqlərə bölürəm.

Gözüm axtarsa səni,

hara baxım, bilirəm...

 

Ay Bəniz ƏLİYAR

 

Ədəbiyyat qəzeti.- 2019.- 11 may.- S.21.