Gözəl yaradılmışların vəsfi

 

Poeziyanı Allahın sirlər səltənətində hamı üçün daim açıq olan bir əzəmətli qapıya bənzətsək, şairi oradan içəri keçməyə qüdrəti çatan nadir insanlardan saymaq zərurəti yaranır. Şair buna öz ilhamı, poetik duyumu, dünyaya qeyri-adi baxışı ilə nail olur. Adilə Nəzərin yetkin poeziyası canlı və cansız aləmi əks etdirən mahiyyətin təsviridir. Onun hər bir şeirində ifadə orijinallığı və ya fəlsəfi təfəkkür dərinliyinin bizi heyrətləndirən təzahürləri ilə qarşılaşmaq mümkündür.

 

Yenə aldım əllərimə üzümü,

Fikrə getdim, əl boşaldı, üz qaldı.

Doğrudan da, torpaq imiş adamlar,

Dirildilər, dərildilər, toz qaldı.

 

Adilə ruhunun dərinliyində poetik mən belə itir, yalnız üz fəzada qalaraq yuxarıdan baxır yerdəki əsas mahiyyəti daha aydın görür:  "Doğrudan da, torpaq imiş adamlar, Dirildilər, dərildilər, toz qaldı". İnsanlar getdi, qalan  toz üz təkcə qafiyə deyil, həm biri digərinin içində yaşamağa məhkum varlıqların əzabının başlanğıcıdır. Vaxtında rəhmətlik bir az ayrı cür demişdi: "Baxmaqdan savayı gözə qaldı?". Adilədə özünüdərk sadəliyin müdrik ifadə lakonikliyi heç geri qalmır.

Şair üçün fənanın kəşfi yeni deyil, amma bunu dərk etmədən bəqa yoluna çıxmaq mümkün olmur. Klassik Şərq poeziyası sözün birbaşa mənasında bunun məktəbini yaratmışdı. Bizim müasir şairlər bu məktəbin həqiqətlərini qanunlarını min bir əziyyətlə, ciddi mütaliə, bəzən fəhmlə açmağa çalışırlar.

 

Mədəd, Ya Hu, üşüyürəm,

Ətək ver, büküm canımı.

Yalqızlıq oda bürüyür,

Tənhalıq sökür canımı.

 

Poeziya, əslində, büsbütün Allahın gözəl yaratdıqlarının vəsfidir. Təsadüfi deyil ki, Aristotel onu "ola biləcəyin ehtimalı kimi" bütün elmlərdən yüksəyə qoymaqla məchul qaranlıqlara şair fantaziyası ilə nüfuz etməyin əhəmiyyətini vurğulayırdı. O baxımdan daş kitabələrdən üzübəri yaranmış poetik irsdəkindən fərqli vəsf, əlbəttə, bu misralarda olduğu kimi, şairin böyük istedadından sənətkarlıq qüdrətindən xəbər verir. 

 

Mən cavanam, dünya qoca,

Ömür dar qəfəsdə baca.

Həyatın özü tapmaca

Fərqi yox - kül, gül qoxuyum.

 

Adilə Nəzərin şair olaraq nəfəs diapazonu genişdir. O baxdığı hər şeydə poetik bir cizgi olsa görə bilir. Onun poetik ilhamı təbiət təsvirlərində, vətənpərvərlik mövzularında belə, heç bir məhdudiyyət tanımır bəzən gündəmin ağrı-acılarına publisistik vətəndaş qayəsilə cavab verməyə tələsir. Ancaq Adilə Nəzərin lirikası haqqında danışmamaq ədalətsizlik olardı. Onun lirik şeirlərinin bir çoxu nəğməyə çevrilərək müğənnilərin repertuarında yaşayır.

Adilə xanımın "Sənin pəncərəndə mənim ümidim", "Mən hamı kimi adamam, amma", "Mənim ürəyim", "Anam yaşayan fanidir", "Lütf elə, Tanrım",  "Çətindir, Ya Hu"  başqa şeirləri poeziyanın gözəl nümunələri kimi özlərini çoxdan təsdiq edib.

 

köks ötürürəm, ah çəkirəm,

Sönür adımıza yandırdığım şam.

Sənin pəncərəndə mənim ümidim,

Edam kürsüsünə çıxır hər axşam.

 

Əlbəttə, poeziya heyrətdən doğur. Daim zənginləşən, püxtələşən şair təxəyyülü özündə bir uşaq sadəlövhlüyünü, təmizliyini paklığını yaşadır. Adilə Nəzər ətraf dünyanın sirli təzahürlərinə həm heyrətlənməkdən yorulmur, həm onların fiziki, fəlsəfi mahiyyətinə usta bir şair kimi nüfuz etməyə çalışır.            

 

Hələ uşaq vaxtı elə bilirdim,

zəlzələ dünyanın yelləncəyidir,

sən demə, insanların biri-birinə

"evin yıxılsın"ıymış...

Şəlaləyə təbiətin duşu deyirdim,

sən demə, suların intiharıymış.

Böyüdükcə yelləncəyi sevdim,

şəlaləni...

 

Nağıllar da onun xəyalında o heyrətin bir parçası kimi həmişə yaşayır qələmə aldığı mövzularla bilavasitə səsləşmədə mifoloji yeknəsəqliyin ağırlığı altından çıxa bilir. Eyni zamanda bu xəyal dünyası bəzən reallığın acı, sərt üzü ilə toqquşanda özünəməxsus kədər qüssə yaratmaqla poetik məntiqi nağıl təhkiyəsinə qarşı qoyaraq oxucu üçün fəlsəfi mahiyyətin görünməyən qatını açır.

 

Deyirəm ki, nağıllar da dəyişə,

Biri varsa, o biri var ola,

biri yoxsa, o biri yox ola...

 

Adilə xanım fiziki baxımdan ömrünün müdriklik yaşına yeni qədəm qoyur, ancaq onun poeziyası özündən xeyli irəlidə, qoca Şərqin dahiləri keçən tozlu-torpaqlı yollarla öz uca məqamına doğru durmadan irəliləməkdədir. Ona bu çətin missiyasında yeni uğurlar arzulayaq.

 

Səfər Alışarlı

 

Ədəbiyyat qəzeti.- 2019.- 18 may.- S.9.