AYB bir qrup şair və

yazıçını mükafatlandırdı

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda bir qrup şair və yazıçının mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə AYB rəhbərliyi, tanınmış qələm adamları, mükafatçılar və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin sədri, Xalq yazıçısı Anar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Prezidentin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 (səkkiz yüz) min manat ayırdığını xatırladaraq, vəsaitin texniki bazanın yaxşılaşdırılması, kitabların çapı və digər mühüm işlərə xərclənəcəyini deyib. Qeyd edib ki, eyni zamanda Birliyin Katibliyi həmin vəsaitdən bir qrup şair və yazıçını mükafatlandırmağı qərara alıb: "Yubileyləri bu il dövlət tərəfindən geniş qeyd olunan dörd klassikimizin - İmadəddin Nəsimi, Mirzə Cəlil Məmədquluzadə, Cəfər Cabbarlı və İsmayıl Şıxlının adlarına 12 mükafat ayrıldı. Bundan başqa, gənc yazarlar üçün nəzərdə tutulan "Uğur" mükafatı da təsis olundu ki, bu mükafata beş nəfər gənc yazar - Ümüd Abbas Nihani, Rəvan Cavid, İntiqam Yaşar, Sərdar Amin və Əliəsgər Əhməd layiq görülüblər. Bu mükafatlar əsərə, yaradıcılığa görə təqdim olunur. Mükafatçıların hər birini təbrik edir, daha böyük yaradıcılıq uğurları diləyirik".

Daha sonra mükafatlar sahiblərinə təqdim olunub.

Poeziya nominasiyası üzrə İmadəddin Nəsimi adına şeir mükafatlarına Musa Yaqub, Vaqif Bayatlı Odər və Firuzə Məmmədli layiq görülüblər.

Musa Yaquba mükafatının təqdimatıyla bağlı AYB-nin sədri deyib: "Musa Yaqub İsmayıllının Buynuz kəndində yaşadığından və səhhətində problem olduğundan, mükafatı ona təqdim etmək Birliyin "Sabir günləri" layihəsinin rəhbəri, yazıçı Əjdər Ola həvalə olundu. Bu münasibətlə şair və yazıçılarımızdan bir qrupu mayın 12-də İsmayıllının Buynuz kəndinə səfər etdilər və şairin mükafatını ona orada təqdim etdilər".

Vaqif Bayatlı Odərin də səhhətindəki problemlərlə əlaqədar olaraq, mükafat həyat yoldaşı Tamam xanıma təqdim edilib. Tamam xanım AYB-nin sədrinə və mükafatın təsisində zəhməti olan hər kəsə şairin salamını və təşəkkürünü çatdırıb.

Mirzə Cəlil Məmmədquluzadə adına nəsr mükafaları ilə Xalq yazıçısı Elçin Əfəndiyev, akademik Kamal Abdulla və Xalq şairi Sabir Rüstəmxanlı təltif ediliblər.

Cəfər Cabbarlı adına dramaturgiya mükafatları Firuz Mustafa, Vaqif Əlixanlı və Əjdər Ola təqdim olunub.

İsmayıl Şıxlı adına tənqid, ədəbiyyatşünaslıq və publisistika üzrə mükafatların laureatları professor Nizaməddin Şəmsizadə, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə və tədqiqatçı Gülxani Pənah olublar. Mükafatı Xalq yazıçısı Anar və İsmayıl Şıxlının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı birgə təqdim ediblər.

Sonra söz mükafatçılara verilib. Onlar yaradıcılıqlarına göstərilən diqqətə görə Yazıçılar Birliyinə təşəkkür ediblər.

 

Ədəbiyyat qəzeti.- 2019.- 25 may.- S.7.