Dünya dəyməz göz yaşına

 

Məşhur ingilis fiziki və yazıçısı Stiven Hokinq öz nəzəriyyələrini yaradanda, kitablarını yazanda nə nitqi var idi, nə də əl ayağını tərpədə bilirdi, o fikirlərini kompüter texnikasının köməyi ilə izhar eləyirdi. Rus-sovet yazıçısı Nikolay Ostrovski də məşhur "Polad necə bərkidi" romanını yazanda oxşar vəziyyətdə idi - əl-ayağı iflic, gözləri görməz vəziyyətdə romanını arvadına diktə edirdi. Yəni Allahın verdiyi istedad ən mümkünsüz görünən vəziyyətdə belə özünü ifadə etmək yollarını tapmağa qadirdi. Azərbaycanlı şair Nailə Şahverdinin istedadı da S.Hokinq və N.Ostrovskinin düşdüyü bir vəziyyətdə özünü ifadə eləyir. Özü də istedadla. Mən bu qeyri-adi qadının yaradıçılığı ilə təsadüfən tanış oldum və... heyrətləndim. Məni şeirlə heyrətləndirmək elə də asan məsələ deyil, xüsusən ədəbiyyatın bugünkü halında. Amma anadangəlmə nitqi və yerimək qabiliyyəti olmayan, yalnız sağ qolu qismən işləyən bir azərbaycanlı şair qadının Azərbaycan və rus dillərində yazdığı şeirləri oxuyanda həqiqətən heyrətləndim. Azərbaycan hamının yazıb-oxumağı bacardığı bir ölkədir, bizdə şeiryazarlar, nəsryazarlar lazım olandan da ardıqdır. Çoxsaylı nəşrlərdə, internet məkanında rast gəldiyin bir-birini təkrar edən saysız-hesabsız imzalar sənə yeni heç bir duyğu vermir. Bu yazılara baxanda isə gördüm ki, mən şeir oxuyuram - duyğular dünyasının sözlərə çevrilən halını. Mən toya gedirdim, amma şeirlər tutdu məni, doğuluşdan əlilliyin ən ağır əzablarını yaşayan bir qadının poetik dünyasının cazibəsinə düşdüm, bir xeyli müddət onlardan ayrıla bilmədim. Poeziyamızda geniş yayılan, sapsağlam adamların yazdığı yalançı ağlaşma şeirlərindən fərqli, incə bir qəlbin nikbinlik notları ilə yüklənmiş sözlərə çevrilən duyğuları idi bu şeirlər. Həm də onun ilham mələyi, yunanlar demiş, muzası iki dildə oxuyur - rus və Azərbaycan dillərində. O hər iki dildə uğurla yazır, amma, məncə, rusca yazdıqları daha mükəmməldir. Mənə çox qəribə gəldi belə duyğulu və fərqli şeirlər ədəbi mühitimizdə indiyədək diqqət cəlb etməyib.           

 

İnformatik düşüncə

 

Nailə Şahverdi. 17 oktyabr 1972-ci ildə Bakı şəhərində müəllim ailəsində dünyaya göz açıb. 1-ci dərəcəli əlil, fiziki məhdud imkanlı olduğuna görə 219 saylı ev məktəbi bitirərək, 1991-1997-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin qiyabi şöbəsində təhsil alıb. İlk şeirlərini məktəb illərində yazıb. Şeirləri "Mədəniyyət", "Bakinskiy Universitet", "Vışka" və s. qəzetlərdə çap olunub. "Ömür yolları" və "Ə ptiüeö leçu" ("Quş olub uçuram") adlı şeir kitablarının müəllifidir. Tanınmış müğənni Sərxan Sərxan bir sıra şeirlərinə musiqi bəstələyib və öz repertuarına daxil edib.

 

Hələlik onun ədəbi bioqrafiyası bu qədərdir, yəni istedadına mütənasib deyil. Buna görə mən onların evlərinə gedib öz qəribə daxili dünyasında yaşayan bu qeyri-adi şair qadınla tanış oldum. Məni ora bibisi qızı, gözəl şeir qiraətçisi Nailə Hüseyn apardı. Onların adları eyni olmaqla bərabər, həm də maraqlı iş birlikləri var - müxtəlif şairlərin kliplərini hazırlayırlar. Biri şeirləri oxuyur, digəri isə yarımişlək sol əli ilə onlara klip halında tərtibat verir. Bu kliplər Youtube də onlarladır. Bunun özü ədəbiyyatımıza böyük xidmətdir, özü də təmənnasız. Xüsusən İ.Nəsiminin "Sığmazam" qəzəlinin rusca səslənişi çox effektli alınıb. Xanım Nailələr "Nəsimi ili"nə də öz töhfələrini veriblər. Təəssüf ki, həm cəmiyyətimiz, həm də ədəbi cameə Nailə Şahverdidən öz töhfəsini hələlik əsirgəyib. Əlbəttə, dövlət ona əlillik təqaüdü verir, qohum-əqrəba iki kitabını da az sayda nəşr etdirib, bir də millət vəkili xanım Qənirə Paşayevanın köməyi sayəsində əlillik arabası alıb. Amma bu istedada, böylə daxili dünyaya, böylə çalışqanlığa malik bir insan daha artığına layiqdir. Xüsusən mədəniyyətə bu qədər diqqət ayıran Azərbaycan kimi bir ölkədə. Təqaüd, yardım Nailə Şahverdi kimi qeyri-adi adamlara verilməlidir ki, həvəslənsin yaratsın, çünki belə adamlar milli sərvətdir... Hələlik mənim əlimdən gələn odur ki, onun Azərbaycan dilində yazdığı şeirlərini ilk dəfə olaraq "Ədəbiyyat qəzeti"nə təqdim edirəm. Rus dilində şeirlərinin tərcüməsini isə bir ayrı zamanda təqdim edəcəyəm.

 

Nailə Şahverdi

Ömür yolu elə insanların özü kimi müxtəlifdir. Mən də dünyaya göz açandan hamı kimi öz yolumla gedirəm. Yolum o qədər hamar olmasa da, bununla belə məni ruhdan salmayan, yaşamağa, sabaha səsləyən "yol-yoldaşlarım" var. Həyat dediyim bu "yolda" fikirlərimin nəzmə düzülməsi isə məni sevindirməyə bilməz. Çünki şeir yeganə vasitədir ki, qəlbimdən keçənləri vərəqə ötürürəm. Hətta deyərdim, şeirlərim uca Yaradanla söhbətimdir.

 

 

Elxan Zal Qaraxanlı

Ədəbiyyat qəzeti.- 2019.- 16 noyabr. S. 8.