"Torpaq ol, yaşa!"

 

"Ana torpaq" deyirik ona. Üstündə ilk addımlarımızı atandan son evimiz olana qədər bizi tək qoymur. Uğrunda qanlar tökülür, canlar fəda olur onun. Torpaq... Müqəddəs torpaq...

Knut Hamsunun "Torpağın bərəkəti" romanını oxuyanda özünü o yerlərdə - "Sellanro"da, "Ay işığı"nda hiss edirsən. İsakla İngerin torpağa məhəbbəti ona niyə "ana torpaq" deyildiyini bir daha izah edir... Bu insanların baxımsız torpaqda yaratdığı xariqələrin əsas səbəbi torpağa sevgi idi. Zəhmətkeş, torpaqda möcüzələr yaradan isaklar, ingerlər azdırmı? Azərbaycan elə yurdunu, torpağını sevənlərin ölkəsi deyilmi?.. Azərbaycan ədəbiyyatında torpağa, vətənə həsr olunmuş saysız-hesabsız bədii əsərlər, şeirlər var... Xalqımızın vətənə, torpağa bağlı olduğunu əsrlərdir yazılanlar, deyilənlər, qəhrəman oğul-qızlarımız da təsdiq edir... Həqiqətən igidlər, qəhrəmanlar öz xalqlarının qüruru, fəxridir...

Yurd-yuvasından didərgin düşənlərin doğulduqları torpağa qovuşmaq üçün necə həsrət çəkdiklərini, şəhid olan vətən övladlarının canlarını necə fəda etməsini görməmək olarmı?

Knut Hamsun "Torpağın bərəkəti" romanını yazmaqla sənayeləşmənin cəmiyyətə gətirdiyi yenilikləri qəbul etmədiyini bildirmişdi. Bu əsərlə Nobel mükafatına layiq görülən yazıçı torpağa sevgini bildirmişdi oxucuya. Bu sevgi rahatlığın, az zəhmətin qarantı olan texnologiyanın yox, insan əllərinin sayəsində yaranmışdı.

Gözlər doymayanda...

Tolstoyun "İnsana çoxmu torpaq lazımdır" hekayəsində kəndli Paxomun torpaqdan gözü doymur. Torpağını artırmaq, əkib-becərib pul qazanmaq üçün başqa bir şəhərə - başqırdların yanına gedir. Sövdələşmə zamanı başqırdların ağsaqqalı şərtlərini açıqlayır: bir günə qədər yeri dolaşıb gəzsən, sənindir, qiyməti isə min manatdır. Amma qədər dolaşsan da gün batanda burda olmalısan. Əks halda, pulun batacaq. Paxom sevinir səhər tezdən yola düşür. Daha çox torpağa sahib olmaq üçün xeyli məsafə qət edur. Gün batanda ağsaqqalın dediyi yerdə olmaq üçün tez-tez yeriyir, qaçır. Gün əyiləndə isə sözləşdikləri yerə qayıda bilir. Yorulub əldən düşən Paxom çatar-çatmaz yıxılır, ağzından qan gəlir ölür. Bir başqırd muzdur Paxom üçün boyu uzunluqda - üç arşın qəbir qazır onu basdırır...

Torpaqdan gözü doymayan bütün acgözləri gözləyən aqibəti yazır Tolstoy bu hekayəsində... Axırda onlara üç metr torpaq lazım olur.

Özgə torpaqlarında ölənlər...

"Torpaq, əgər uğrunda ölən varsa, vətəndir" sözləri vətənə, ana torpağa məhəbbəti, şəhidlərin müqəddəsliyini ehtiva edir. Doğulub boya-başa çatdığın vətəni sevməmək olarmı?

Erməni kimi bütün qəsbkarlar, başqasının torpağına göz dikənlər sonda onlara üç metr torpaq lazım olduğunu bilməmiş deyillər.

Erməni əsgərlərin, hərbçilərin qorxaq baxışları hər şeyi deyir: Bizi zorla döyüşməyə, ölməyə göndərirlər. Biz özgə torpağı uğrunda vuruşmaq, özgə torpaqlarında ölmək istəmirik!

Lələtəpə döyüşü zamanı erməni işğalçılarından geri alınmış torpaqlarımız dilə gəlsəydilər nələr deməzdilər bizə? "Nəfəsinizdən, əllərinizin zəhmətindən ötrü darıxmışıq" - deyərdilər. Neçə illik əsarətdən xilas olmalarının, yenidən əllərimizin toxunuşuyla gülüstana dönəcəklərinin sevincini bölüşərdilər bizimlə...

"Mənim sadiq yarım..."    

Oxuduğumuz kitabların, baxdığımız filmlərin əksəriyyətinin əsas mövzularından biridir torpaq sevgisi. Müharibəyə həsr olunmuş qədər roman, hekayə, şeir, poema var. Hər birini oxuduqda, o mövzuya həsr olunmuş filmlərə baxdıqda biz özümüzü, sanki həmin müharibələr gedən məkanlarda, təsvir olunan qəhrəmanların yerində, yaxud yanında hiss edirik. Onlarla birlikdə məğlubiyyət acısını, qələbə sevincini yaşayırıq, ölənlərin halına acıyırıq. Bütün bunlar oxucuda, tamaşaçıda intuitiv olaraq bir hiss oyadır: vətən torpaq sevgisi. Empati qururuq, oxuduqlarımızı, baxdıqlarımızı daha yaxşı anlayır, başa düşürük...

Torpaq haqda saysız-hesabsız şeirlərdən biri ömrümüzün sonda yenə ona həvalə edilməsini diktə edən Aşıq Veysəl Şatıroğlunun şeiridir:

 

Dost, dost deyə neçəsinə sarıldım,

Mənim sadiq yarim qara torpaqdır.

Bihudə dolandım boşa yoruldum,

Mənim sadiq yarim qara torpaqdır.

 

Şairlər torpağı unutmurlar, onun haqda yazmağı sevirlər. İnsanın doğulub boya-başa çatdığı müqəddəs torpaq haqda Zəlimxan Yaqub yazır:

 

Yaşat dünyanı,

Yaşat cahanı,

Yaşat insanı,

Torpaq ol yaşa!

 

Zəlimxan Yaqub da son evimizin torpaq olacağını bilməyinə baxmayaraq torpaq olub yaşamağı üstün tuturdu... Adətən, torpağın son evimiz olduğunu yazan söz adamlarından fərqli düşünür Z.Yaqub bu şeiri vasitəsilə.     

 

Demetra

 

Yunan mifologiyasında da torpaqla ana birlikdə ifadə olunur. Demetra - torpaq sözündəki meter ana deməkdir. Demetra yunan mifologiyasında əkinçilik bərəkət tanrıçasıdır. Əfsanəyə görə, Plutos onun İasiondan olan oğludur. Torpağın ana kimi müqəddəsliyini göstərən izahlardan biridir bu.

Hamımız sonda köçəcəyik bu dünyadan, son evimiz, məkanımız 3 metrlik torpaq olacaq. İstəməsək bu, belə olacaq. bunu hamımız bilirik. Bu həyatda alnıaçıq, üzüağ yaşayanlar da var çoxdurlar... Vay o dünyada yerləri cəhənnəm olacaq pislərin Paxomun taleyini yaşayanların halına...

 

Xuraman Hüseynzadə

Ədəbiyyat qəzeti.- 2019.- 5 oktyabr. S. 25.