Qanunun geriyə qüvvəsi yoxdur

 

Zaman başım üstdən keçir, ayağım altdan yer qaçır..,

 

Neylə, - yerə gir, göyə çıx, - neylirsən eylə, - gor açıq...

 

Tərs-məzhəb çərxi-fələk Yer hey fırlanıb yer açır, -

 

Zamanın geriyə qüvvəsi yoxdur!

 

 

Dünyanı dördəlli tutan, ikiəlli torpağı tut,

 

Dərd-sərin sər dərdi - torpaq, dərmanı hər dərdin - torpaq,

 

Arzular arzusu torpaq arzumuz çat-çatdır.., çat, çat!..

 

Arzunun geriyə qüvvəsi yoxdur!

 

 

Evləri göydələnlərim, bir son mənzil də var ancaq..,

 

Dünya səndən soyuyanda, sən dünyanı soyunanda

 

Yenə bizə qucaq açan sonunda torpaq olacaq...

 

Torpağın geriyə qüvvəsi yoxdur!..

 

 

Məzarın "Çənlibel"di

 

Vurğun Əyyubun xatirəsinə

 

Vurğun, bu vurğun olmuş

 

tifaqı qanlı eldi.

 

Tufarqanlı Abbasdan

 

dağ-daşlı, çənli eldi.

 

 

"Ruhani"cə, ruhunca..,

 

Dədə Qorqud boyunca...

 

Ah, Vurğuncan!.. Vurğunca

 

məzarın "Çənlibel"di!

 

 

 

Bir cür toydu bu yas da..,

 

Yasdan da toya səslə...

 

Şuşamsan, Araz üstə, -

 

Sənsiz də sənli eldi!..

 

 

Yağış

 

Yaz, ya payız-qış yağış

 

ehsandı Lənkəranda.

 

Bakıda yağış yağır,

 

Leysandı Lənkəranda.

 

 

Bu cür sərin duş olmaz,

 

Nə belə soyuq hamam...

 

Vay dədə, getdi göyün

 

üzünün suyu tamam!..

 

 

Göy bayılır, deyəsən,

 

Yer həzzində kefində.

 

Yağışın sözü budu:

 

"Qaxıl, otur evində!".

 

 

Adamın qulağına

 

ördək, qaz səsi gəlir..,

 

yağışdan tutub, göyə

 

çıxmaq həvəsi gəlir...

 

 

Az qalır yağış altda

 

havalanıb qalasan, -

 

Əlinə qaval alıb,

 

oxuyasan, çalasan!..

 

 

Boğulur, əl-qol atır

 

kollar, tağlar, budaqlar...

 

Yağış saman çöpündən

 

yapışıb, sanki rüzgar.

 

 

Bir ins-cins görünmür,

 

Bu millət harda qalıb?

 

Yerin öz işi yaşdı,

 

Göy quru yerdə qalıb.

 

 

Göyün qarnı min ilin

 

acıtək quruldayır.

 

Bu qədər yağıb, hələ

 

göy indi guruldayır...

 

 

Şaqqaşaq qoz sındırır

 

dağ başında ildırım.

 

Tarixdə görünməyib

 

belə dayandoldurum!..

 

 

Qardaşxan

Ədəbiyyat qəzeti.- 2019.- 19 oktyabr. S. 15.