saçlarını qələmlə yığan qızın önündə,

oğlanlar qələmin başını gəmirməklə dayanardı,

hələ məktəb vaxtlarında.

 

kitabın öyrətmədiyi həqiqətlər var axı, Günəş

lap Adəmin quş ovlamağı,

Həvvanın odu qorumağı kimi.

ovlamaq kişinin günahına,

od qadının silahına çevrildi.

sonra gördük ki,

xəyanətlə yekə-yekə xanlıqlar devrildi.

indi bütün dillərdə qadına xanım deyilir,

səncə təsadüfmü?

 

müəllimlər yemək yemirdi - deyib aldatmışdılar bizi,

sən demə,

müəllimlər ac da qala bilirmiş

kapitalizmin qucağında.

bundan böyük təəssüfmü?

bizə öyrətmişdilər ki,

quşların birini vuranda,

o birilər uçub gedirmiş ağacın budağından.

yəni,

bir adamı tərk etmək,

bütün bəşəriyyəti öldürməkdir.

 

o qoca Misir müəllim ,

dəmir xəttkeşini partaya vurmaqla

səs salmağın ən faciəli şey olduğunu deyirdi bizə,

birinci dəfəydi görürdüm

saçlarını qələmlə yığan qızın,

gözlərinin dolduğunu,

"müəllim,

o xəttkeşlə,

dünyada silah səsini kəsmək olar?"

- deyib ağlamışdı,

atasını Qarabağda itirən qız.

 

birinci dəfə idi,

o qoca Misirin dili-ağzı bağlanmışdı.

 

heç vaxt yoxlanışa gələn komissiyanı görmədik,

həmişə bizim başımızı belə aldatdılar.

ki, görmədiyimiz nələrdənsə

qorxmağı öyrənək.

gördük,

qardaşının ayaqqabısıyla,

                        köynəyiylə dərsə gələn qızdan

kişi kimi qadın olmağı,

Yusifin atasının önündə əyilən direktor

2-nin başı aşağı 5 olmasıydı.

yəni,

Günəş, dadı olmazdı həqiqətlər gizlin

olmasaydı.

 

zəng çalınır,

əvvəlcə hay-küy düşür,

sonra səssizlik.

, Günəş,

əvvəlcə sən batırsan,

sonra çökür sənsizlik.

dünyanın bombasını,

mərmisini,

səs-küyünü vaxtsa belə susduracaqlar.

 

İsa çarmıxa çəkilməsəydi,

bilməyəcəkdik,

biçarədi

mıxlanan qolları, ayaqları

Allahın hər yerdə olduğuna işarədi.

 

sonra Gün kimi batdı,

sonra bir doğulmadı İsa.

Musa gəlməsəydi,

bilməyəcəkdik,

Allahın çomağı var,

ayırır sevdiklərimizlə yollarımızı

dənizlər kimi.

 

Məhəmməd gəlməsəydi,

bilməyəcəkdik,

hörümçəklər tək adamların cangüdənidi,

Allah - Musanın çomağıdı,

Məhəmmədin hörümçəyidi,

İsanın bədənidi.

sonda

heç vaxt hörümçəkləri öldürməyən adam

çomağa söykənib

İsanı gözlədi.

 

sonra Gün kimi batdı,

sonra bir doğulmadı adam....

 

Gedənə əlvida demir ki, əllər

başını yelləyir etiraz kimi.

tənhayam, dadıma çatır, Günəşim,

indi göz yaşlarım dəstəmaz kimi.

 

çıxıb gedənlərin yox ayaq izi

harda gözləyəsən qayıtmağını?

təkliyin namazı qolları bağlı,

hər gün zikr edirəm unutmağını...

 

tənhayam domino daşıdır ömrüm,

əksi ağın biri daşına düşür.

zaman rəqs eləyir ömrümün üstdə

səsi mən yazığın başına düşür.

 

qurtar bu təklikdən ağın birini

hamının qəsdinə çıxart ağını.

mən şeir yazmıram, ağı deyirəm

gəl, mənim canımdan çıxart ağını.

 

sənsən on səkkiz min aləmdən biri,

əllərin çatmayan qatında, Günəş.

sənin ayaqların cənnət yuvası

ölüm ayağının altında, Günəş.

 

bu da bir ağıdır səni anmağa,

hər gün günahlara atıram lövbər.

bu olsun sonuncu xatırlamağım,

sonra sənə tövbə, tövbə, tövbə.

 

Eminquey

 

Ədəbiyyat qəzeti.- 2019.- 12 yanvar.- S. 25.