"Yazıçılarımız romançılıqdan uzaq düşməyib..."

 

Ən çox romanın yazıldığı dövr Sovet dövrü olub. Müstəqillikdən sonra roman getdikcə aparıcı janr olmaqdan çıxdı. Daha çox şeir və hekayə janrına üz tutuldu. Bir ara "roman bumu" yaşansa da, bu çox qısa çəkdi. Hazırda da roman az yazılır. Üstəgəl, keyfiyyəti nəzərə alsaq, say daha da azalır. Siz necə düşünürsüz, dünyada aparıcı janr olan roman Azərbaycanda niyə ikinci dərəcəlidir? Romanın çox yazılması üçün nələr gərəklidir, şəraitmi, kapitalmı, kitab şəbəkələrimi? Sizcə, səbəblər nələrdir? Azərbaycan ədəbiyyatında roman janrının vəziyyəti necədir?

Yazıçı Səfər Alışarlı: Bir dostumun dediyi kimi, müasir roman intellektual Qərb hadisəsidir, açıq janrdır, özündə bütün başqa ədəbi janr törəmələrini yerləşdirib həzm etmək qüdrətinə malikdir. Bunu və həmin intellektual, mədəniyyətli, xalqa ruhən və fiziki tellərlə bağlı, onun tarixini, etnoqrafiyasını, milli mədəniyyətini, dilinidinini bilən nadir yazıçını yaxşı cəmiyyətlər öz bətnində yetişdirir.

Yazıçı Şərif Ağayar: Şeir və hekayə "Əşşi, oxumuşam dəə, nə yazacaq" əhvalında ola bilir, roman yox. Roman kitab olmağı bacaran yeganə janrdır. Qədimdə "Divan" edirdilər ki, vəziyyətdən çıxsınlar. Roman insanın çıxış yoludur. Günün ən ciddi sözüdür. İnanın, romandan başqa hər şey yalandır.

Yazıçı Varis Yolçuyev: Azərbaycan ədəbiyyatında roman janrının vəziyyəti elə də ümidverici deyil. Bu, ümumiyyətlə, lirik şeirdən başqa bütün digər ədəbi janrlara aiddir... Lirik şeir də yalnız populyar olan sosial mediada yayıla bilmək xüsusiyyətinə görə birtəhər gündəmdə qala bilir.

Hazırda tək kitaba deyil, bütün mənəvi xəzinələrə biganəlik hiss olunur.

Janrın lokal fəlakəti isə odur ki, həcmcə çox iri olduğu üçün bu janr yalnız kitabçıxarma formasında özünü ortaya qoya bilir. Kitabçılıq işində isə ölkədə nizamlı bir şey yoxdur. Əfsus ki, bu gün Azərbaycanda dünyada rast gəlinən nəşriyyat-yazar-oxucu münasibəti bərqərar deyil. Elektron kitabçılıq işi isə diletant səviyyədə qalmaqdadır.

Yazıçı Sahilə İbrahimova: Məncə, yazıçılarımız romançılıqdan uzaq düşməyib, sadəcə, müəlliflər bu işə daha məsuliyyətlə yanaşmağa başlayıblar. Keyfiyyətə fokuslanıblar. Araşdırmaya, redaktəyə daha çox vaxt ayrılır. Çapa tələsmirlər. Təki oxucu çoxalsın, roman yazan tapmaq asandı.

 

Oğuz Ayvaz

 

Ədəbiyyat qəzeti.- 2019.- 19 yanvar.- S.32.