Afad Qurbanovun dilçilik dərsləri

 

Keçən əsrin ortalarından başlayaraq Azərbaycan dilçiliyinə, əsasən, akademik Məmmədağa Şirəliyev, akademik Əbdüləzəl Dəmirçizadə və professor Muxtar Hüseynzadənin yetirmələri (və davamçıları) olan ikinci nəsil gəldi ki, həmin nəslin ən görkəmli nümayəndələrindən biri akademik Afad Qurbanov idi.

Afad Qurbanov (1929-2009) ali məktəbi bitirəndən dərhal sonra əmək fəaliyyətinə doğma kəndlərindəki yeddiillik məktəbin direktoru (1945-1946) kimi başlamışdır. Və həyatının, yaradıcılığının, ümumən şəxsiyyətinin mahiyyətində dayanan müəllim-pedaqoq missiyası onu bütün ömrü boyu heç zaman tərk etməmiş, əksinə, yüksəldiyi ən uca məqamlarda da Afad Qurbanov öz müəllim adını şərəflə daşımışdır.

Əvvəl Tiflis Müəllimlər İnstitutunda (1946-1948), sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (1948-1951) təhsilini davam etdirən Afad Qurbanov Borçalının Hamamlı kəndində məktəb direktoru (1951-1955), Tiflis Müəllimlər İnstitutunda müəllim (1955-1956) işləmiş, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (sonralar Universitetində) isə 1956-cı ildən başlayaraq aspiranturadan rektorluğa qədər çox zəngin bir yüksəliş yolu keçmişdir. Və bu, heç şübhəsiz, nə qədər istedadlı olsa da, bir insanın şəxsi taleyi deyil, kökdən, nəsildən (genotipdən) gələn enerjidir ki, həmin kökə, nəslə məxsus hansısa bir insanın taleyində bütün gücü ilə təzahür edir.

Azərbaycan dilçiliyi tarixində həmişə nəinki tələbələrinə, hətta müəllimlərinə də xüsusi tələbkar münasibətilə xatırlanan professor Əbdüləzəl Dəmirçizadə Afad Qurbanovun aspiranturada saxlanılması üçün rektorluğa belə bir təqdimat yazmışdı:

"Afad Qurbanov oxuduğu müddətdə istər yazmış olduğu kurs işlərində, istərsə də tələbə elmi dərnəklərindəki çıxış və məruzələrində özünün dilçilik elminə həvəskar olduğunu göstərmişdir. O, bu sahədə işləyərsə, gələcəkdə yaxşı bir mütəxəssis ola biləcəyi ümidini verməkdədir".

Təqdimatın müəyyən qeyd-şərtlə yazılması, əlbəttə, gələcək elmi rəhbərin tamamilə "təbii" üslubu idi. Və bu son dərəcə qeyri-təbii üslubun bir əlaməti də o oldu ki, Əbdüləzəl müəllim öz aspirantına namizədlik işini gənclik illərində "patriarxallıq"da tənqid etdiyi Səməd Vurğunun "Vaqif" pyesinin dil-üslubundan yazmağı məsləhət bildi.

Böyük dilçi olduğu qədər də cəsarətli "eksperimentçi" olan Əbdüləzəl Dəmirçizadə hiss edəndə ki, N.Y.Marrı tənqid kampaniyasına başlamaq istəyirlər, "dahi dilçi"ni müdafiə etmək üçün Bakıda "yuxarılar"la məsləhətləşmədən birbaşa gedir Moskvaya... Orada köhnə "marrçılar" ona izah edirlər ki, mərdlik-namərdlik yeri deyil, fitva Stalindən gəlir, qayıt geri, görək, başımıza nə iş gələcək.

Əlbəttə, Səməd Vurğun öz keçmiş "tənqidçi"sinin dərin dilçilik təfəkkürünü layiqincə qiymətləndirməyə bilməzdi. Ancaq böyük şairin "Hər sadə, mürəkkəb cümləmizin də Əzəl mübtədası partiyamızdır" misralarındakı "Əzəl" sözündən həm əvvəl, həm də sonra vergül qoyub görkəmli alimə göndərirlərmiş ki, cümlədə mübtədanın baş üzv olmadığı barədəki fikrindən əl çəksin...

Məsələ burasındadır ki, böyük alimin istedadlı aspirantının Səməd Vurğunun şah əsərinin dilindən yazdığı dissertasiya o qədər uğurlu alınmışdı ki, müəllif bu problem üzərində araşdırmalarını həmişə davam etdirməyə ehtiyac duymalı olmuş, bədii mətnin linqvistik təhlilinə dair daha bir sıra dəyərli əsərlər yaratmışdır. Və özünün ilk şah əsəri olan "Müasir Azərbaycan ədəbi dili"nin xeyir-duasını da, heç şübhəsiz, böyük müəllimi vermişdi.

Afad Qurbanovun elmi tərcümeyi-halının, müasiri olduğu Nəsir Məmmədov, Əlövsət Abdullayev, Yusif Seyidov, Fərhad Zeynalov, Ağamusa Axundov, Rəhilə Məhərrəmova, Zərifə Budaqova, Musa Adilov, Zinyət Əlizadə, Tofiq Hacıyev... kimi görkəmli dilçilərdən bir mühüm fərqi də odur ki, Əbdüləzəl Dəmirçizadənin yetirməsi olmuşdur.

İkinci fərq daha dərin idi... Professor Muxtar Hüseynzadənin başçılıq etdiyi "Universitet dilçiləri" ilə professor (sonra akademik) Əbdüləzəl Dəmirçizadənin başçılıq etdiyi "APİ dilçiləri" arasında nə isə ciddi ixtilaflar, anlaşılmazlıqlar vardı...

Afad müəllim bu "baryer"i həm elmi, həm də böyük şəxsiyyətilə tədricən aradan qaldırmağa nail oldu. Rektor olduğu illərdə APİ-nin qapısını "Universitet dilçiləri" üçün o qədər geniş açdı ki, nəinki ixtilaflara, hər hansı anlaşılmazlığa da yer qalmadı.

Afad Qurbanovun müəllimliyi, xüsusilə dilçilik dərsləri Azərbaycan elm-təhsil tarixində ən böyük məktəblərdən biridir ki, ən azı aşağıdakı mühüm məziyyətlərilə seçilir:

1) etnoqrafik mükəmməllik;

2) yüksək vətənpərvərlik;

3) milli dövlətçilik təfəkkürü (və təəssübkeşliyi).

Afad müəllimin yetirmələrindən olan professor Sayalı Sadıqova yazır:

"Afad Qurbanov Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinin dekanı idi. İlk baxışda dərin gölləri xatırladan dumduru iri qara gözlərilə tələbələrə baxarkən çöhrəsinə ilıq, həlim, isti bir təbəssüm qonanda duyurdum ki, bütün varlığı ilə ziyalı-vətəndaşlıq yanğısı olan müdrik bir alimlə qarşı-qarşıya durmuşam. İlk növbədə, professor pak, səmimi bir insan idi, sonralar APİ-nin rektoru, Milli Məclisin üzvü olanda da dəyişmədi, həm bir insan, həm bir təşkilatçı alim kimi öz sadəliyində, təmkinində qaldı, həm də bu sadəlik və təmkin daha da dərinləşdi, daha da zənginləşdi.

Afad müəllim şəxsiyyətinin bir cəhətini xüsusi qeyd edim ki, o, əsl istedadın vurğunu və qayğıkeşi idi. Bu gün elmimizə, mədəniyyətimizə ləyaqətlə xidmət edən 70-dən artıq istedadlı alimin yetişməsində onun əvəzsiz xidmətləri olmuşdur".

Afad Qurbanovun dilçilik dərsləri bu gün də davam edir. Həm çoxsaylı yetirmələrinin elmi-pedaqoji fəaliyyətində, həm də xüsusilə heç zaman dəyərini itirməyəcək dərsliklərində... Həmin dərsliklər (və dərslər) Azərbaycan dilçiliyindən başlayaraq ümumi dilçiliyə qədər, demək olar ki, dil haqqındakı elmin bütün sahələrini əhatə etməklə dilçi-pedaqoqun maraq dairəsinin son dərəcə genişliyini göstərir.

Afad Qurbanov, ilk növbədə, Azərbaycan dilçiliyi mütəxəssisi olmuş, "Səməd Vurğunun "Vaqif" pyesinin dili və üslubu" mövzusundakı namizədlik (1962), "Müasir Azərbaycan ədəbi dili" mövzusundakı doktorluq (1968) dissertasiyalarını məhz ana dilinin ədəbi norma, funksional üslub xüsusiyyətlərinə həsr etmişdir. Bununla belə, onun yaradıcılığında dilçiliyin Azərbaycan elmi üçün səciyyəvi hər üç sahəsi - həm Azərbaycan dilçiliyi, həm ümumtürk dilçiliyi (türkologiya), həm də ümumi dilçilik tam miqyasda təmsil olunur. Və bu, ona Azərbaycan dilçiliyi tarixində heç bir dilçi ilə müqayisə edilməyəcək xüsusi üstünlük verir.

Afad Qurbanovun doktorluq dissertasiyasının əsasını təşkil edən "Müasir Azərbaycan ədəbi dili" dərsliyi (1967) yarım əsrdən artıqdır ki, Azərbaycan ali məktəblərində uğurla istifadə olunmaqdadır. Həsr edildiyi sahənin ölkəmizdə ilk dərsliyi "Ümumi dilçilik"ə (1973) gəldikdə isə professor Nizami Xudiyevlə razılaşmaq lazım gəlir ki, "Afad Qurbanov Azərbaycanda ümumi dilçilik probleminə dair fundamental araşdırmalar aparan ilk alimlərdən biridir. Onun "Ümumi dilçilik" adlanan ikicildlik dərsliyi bu sahənin mütəxəssisləri tərəfindən həm ölkəmizdə, həm də xaricdə yüksək qiymətləndirilmişdir. Bu dərsliyin əsas məziyyəti odur ki, ümumbəşəri məzmun daşımasına baxmayaraq, milli ruhda və milli təfəkkür tərzində yazılmışdır".

Ümumiyyətlə, Afad Qurbanov o məhsuldar alimlərdən idi ki, əldə etdiyi nəticələrlə heç vaxt kifayətlənmir, elmin, təhsilin, cəmiyyətin inkişaf tələblərinə uyğun olaraq axtarışlar aparır, öz tədqiqatlarında "dünən"dən "sabah"a baxmağı bacarırdı. Dünyagörüşünün (və elmi maraq dairəsinin) genişliyi imkan verirdi ki, o, Azərbaycan dilinin və ya dilçiliyinin hər hansı probleminin təhlilini məhdud dairədə yox, lazımi miqyasda - türkologiya, yaxud ümumdilçilik kontekstində aparsın. Ali məktəblərdə dilçilik fənlərinin tədris planları hazırlananda da, Azərbaycan onomastikasının bütün yönləri ilə araşdırılması "hərəkatı"na rəhbərlik edərək beynəlxalq nüfuzlu məktəb yaradanda da, Milli Məclisdə Əlifba Komissiyasının sədri kimi bilavasitə müəllifi olduğu müasir Azərbaycan əlifbasını tərtib edəndə də Afad Qurbanov həmin prinsipə xüsusi diqqət yetirirdi. Və o, əmin idi ki, istər milli olanı beynəlmiləldən, istərsə də beynəlmiləl olanı millidən ayırmaqla nə elmdə, nə də həyatda hər hansı məqsədə çatmaq mümkün deyil.

1986-cı ildən 2009-cu ilə - ömrünün sonuna qədər Afad Qurbanovun rəhbərliyi ilə APİ-də (sonra isə ADPU-da) on beş beynəlxalq elmi-nəzəri konfrans keçirilmişdi ki, həmin illərdə, heç də təsadüfi deyildi ki, bunlar, sadəcə, "Afad Qurbanov konfransları" adlanırdı. Və o da təsadüfi deyildi ki, Azərbaycan dilçilərinin ağsaqqalı akademik Məmmədağa Şirəliyev bu işlərə böyük qiymət verir, Afad Qurbanovun "Azərbaycan dilinin onomalogiyası" əsərini dünya türkoloji dilçiliyinin böyük nailiyyəti kimi dəyərləndirirdi.

Xatırlamaq əhəmiyyətsiz olmazdı ki, böyük alim hələ gənclik illərində çap olunan ilk məqaləsini də şəxs adlarına həsr etmişdi. Və Azərbaycanın istiqlalı ərəfəsində xüsusi adların öyrənilməsinə xüsusi önəm verməsi də, ilk növbədə, ona görə səbəbsiz deyildi ki, min illər boyu həmin adlarda bilavasitə ifadə olunan tariximiz milli mənliyimizin ən parlaq göstəricisi idi.

Afad Qurbanovun dilçilik dərslərində dil haqqındakı elmin anlayışlarına xüsusi diqqət göstərilməklə yanaşı, dil hadisələrinə münasibətdə özünəməxsus təsnifat həssaslığı dərhal nəzəri cəlb edir. Və hər iki cəhət hind-Avropa mənşəli dilçiliyin milli elmi idrak texnologiyaları əsasında mənimsənilməsinə xidmət edir ki, bu, heç şübhəsiz, böyük alim-müəllimin Azərbaycan dilçilik elminin tarixi ideallarına sədaqətindən irəli gəlir.

 

Nizami CƏFƏROV

 

Ədəbiyyat qəzeti.- 2019.- 26 yanvar.- S.10.