Bir nöqtəlik qaranlıq belə yoxdu...

 

Ölənlərin yeri necədir,

yol gedirlərmi bizim kimi?

Bizim kimi danışırlarmı,

bizimkilərdən daha gerçəkmi sözləri

Axı kimdir onlar: yarpaqların ruhumu,

yarpaqların üzü yoxsa...

 

Simurq quşu onlar üçün qəsr tikibmi,

Masa açıbmı orda?

Hansısa ağacın alovunda

hansısa quşun çığırtısı -

Budurmu məkanları,

hara belə sıxışıblar?

Bəlkə, bu sarmaşıq yarpağındadı onlar,

Səsləri -

Gecənin düşdüyü

yarpaqlar arasındakı yarğanda.

 

Dua

 

Özünə gəlmək üçün

Çıxıb getmək insanlardan uzağa

Könül rahatlığı bulmaq

 

Nə ümid gərəkdi, nə təəssüf

Baş-başa qalmaq ürəyinlə

Nə bir səs, nə də hənir...

 

Sükutun dərsini dinləmək

Bundan sonra

Lal olmaq həmişəlik, danışmamaq...

 

Uşaq oyunu

 

Gölə baş vurur

Suları oyatmadan

Yay günəşi...

 

Yatmış gözəl

Çarpayıdan daha gözəl.

Qumun üstündə

 

Üzündə kitab

Burnu vərəq ayrıcında

Yuxunun tarixçəsi.

 

Eşq sözləri

 

Səninlə olanda sevincin işığı

Fişəng fitili kimiydi

Bizi ulduzlara aparardı.

 

Ruhun bir sakit dəniz

Kimsə bata bilməz,

dərinliyində.

 

Beləcə üzürəm qəlb dolusu səadətlə

Qorxmuram uçub gedərsən

Sevmək qanaddı çünki...

 

İyirmi il sonra

 

Zamanın keçməsinin

Sübutu odur ki,

Yaddaş sönür söndükcə...

 

Qat kəsmiş məktub

Bəzi sözlər unudulub

İlk məhəbbət.

Oda çınqı atdı

Tutaşdım,

Sonra külüm qaldı

Zərfin içində.

 

Sorğulayan təbəssüm

Küçədə döşək,

Keçib-gedənlərdən xəbərsiz

Yaşamaq üçün çox az.

Evsiz-eşiksiz bir qoca

Arıq, müqəvva kimi

Yaxşı geyinib amma.

 

Neynəyir, necə eləyir,

Ağzında dişi yoxdu,

Təbəssümü qırılır...

 

Əbədi dərd

 

Dərddən qaçmaq üçün

Dünyanı gəzib

Dolaşmaq lazım.

 

İşlətdiyimiz cinayətləri

Uc-uca calayıb

Qaranlığı ölçək.

 

Dal-dalı getsək

Görəcəksən ki, hər kəs

Ölümə doğru gedir...

Yoxsan...

 

Dərdli göy üzü

Bayramların ruhu

Noyabrdan belədi.

 

Onu düşünürəm,

Çıxıb gedəndən bəri

Bəlkə, ondan da qabaq.

 

Kəsmir, səngimir

Sülh vaxtında ölənlərin

Müharibəsi...

 

Hava pərisi

 

gördüm, tanıdım

Mən bir ətirəm

Yaşayan ölən

Küləyin içində.

 

gördüm, tanıdım

Təsadüf, ya göstərmə?

Güclə gəlib yetişdim...

 

oxudum, anladım?

Ən iti ağıllara

səhvlər vəd edilmişdi!

 

görünmüş, tanınmış,

Çılpaq sinənin zamanı

İki köynək arasında...

 

Sakitlik

 

Çıxıb getmişəm

Çox-çox uzaqlara

İtmişəm, yoxam artıq...

 

Gözlərindən iraq olmasın deyə

Bir kəpənək əlimdən tutub

Məni özümə aparır...

 

Gölün kənarında

Tilovuma balıqdan çox

Sükut ilişir...

 

Fevral

 

Qar günü

Soyuq ilham,

vərəq.

 

İki sükut arasında

Qış küləyi

Nəfəsimi kəsir, doğrayır.

Yeganə ümidim

Sinəmin altından çıxacaq

Günəşədir...

 

Günəş

 

Çox baxma ona

Zülmətə

Qərq olarsan...

 

Arxanı da çevirmə

Kölgəsində

İtərsən...

Ancaq üzündə onun

Bir nöqtəlik

Qaranlıq belə yoxdu...

 

Pişik günəş

 

Pişik gözlərini açdı

Günəş girdi içəri.

Pişik yumdu gözlərin

Günəş orada qaldı.

 

Buna görə axşam,

Pişik oyananda

Qaranlığın içində

İki parça günəş gördüm...

 

Stefen Moysanın

(Fransa, 1979)

Fransız dilindən tərcümə edəni:

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2019.- 26 yanvar.- S.18.